Dağdağan ağacına bağlanmayan yaylıq...

 

Roman yazmaq, mənim nəzərimdə, şəhər salmaq, arxitektura kimi bir işdir, həm də elə işdir ki, həm fiziki, həm də mənəvi zəhmət tələb edir.

Mən "Qaraqaşlı" adlı yeni salınmış bir "şəhərin" tağlı, giriş qapısından içəri boylananda gördüm ki... "dağlardan əsən meh Dağdağan ağacının budaqlarına bağlanmış rəngli parçaları əsdirirdi. Kimin əli hansı budağa çatmışdı, paltarının ətəyindən, şalının yelənindən bir şivrim cırıb bağlamışdı, ağaca dil vermişdi". Bədii ədəbiyyatımızda hələm-hələm gözə dəyməyən bu iki kəlmə - "şalın yeləni" və "bir şivrim" sözləri fikrimi cəlb etdi və dil açan inanclı ağaca qulaq kəsilmək istəyi məni tərk etmədi. İstedadlı gənc yazıçı Vüsal Nurunun "Qaraqaşlı" adlı bu romanını oxuyub ("Azərbaycan" jurnalı, 11/12.2019) gördüm ki, doğrudan da "Müharibə siyasətçilərin oyunu, dövlətlərin qazancı, ailələrin faciəsidir".

Ermənilərin Azərbaycan türklərinə böyük xəyanətindən söz açan bu əsərdə hadisələr 1989-90-cı illərdən üzü bəri baş verən olayları əhatə edir. Dağlıq Qarabağda azərbaycanlı əhalidən öz milisimizin əliylə ov tüfənglərinin yığılmasından başlayır hər şey... Xocavəndli Mövsüm kişinin "Qaraqaşlı" adlı tüfəngi əlindən alınmışdır. Azərbaycan milisinin əliylə. Təsəvvür eləyin, sonra həmin tüfəng erməni Arakelin evindən çıxacaqdı!

Mövsüm kişinin o zamankı qonşuları "sən o millətdənsən, mən bu millətdənəm" sözlərinin nə olduğunu bilməzdilər. Soruşardılar: "Bu ayaqqabını kim tikib? Bizim Qarik, Sarımsaq turşusunu kimdən aldın? "Mane xaladan". "Bizim Arevik rəhmətə gedib", "Ara, Xasan evdə, mal-qarada sana amanat... qapıları bağlamırıx, biz getdik Yerevana..."

Bu kimi inam, etibar, mehribanlıqla dolu sözlərin altından sonra elə xəyanətlər üzə çıxır ki... hamısına bir-bir şahid olacaqsız.

Romanın əsas ağırlıq mərkəzində məhz elə bu məsələ dayanır: yaxın qonşunun və dostun xəyanəti!

Azərbaycan türkü, tarix müəllimi Sabir hadisələrin qızğın anında deyir: "Ay qonşular, bəli, Maykanuş erməni qızıdır. İndi bu müharibədə onun nə günahı var? O, axı kimə güllə atıb? Erməni qızı olanda nə olar?" Sonra elə həmin o erməni qızının, yəni Sabir müəllimin arvadı Maykanuşun qardaşı Tatos elə bir hiylə, elə bir biclik toru qurur ki, Sabirin oğlu Azər atasını öldürür. Ermənilərin hiylə və xəyanətlə dolu əməllərini müəllif yeri gəldikcə, necə olubsa eləcə, ustalıqla açır.

Bəli, tarix müəllimi Sabir doğma oğlunun əli ilə qətlə yetirilir. Özü də elə məqamda ki, Sabirin arvadı Azərin anası Maykanuş "Dağdan enən yelin gətirdiyi avtomatın kal qakkıltısını dinşəyir, həyətdə ulayan itə acıqlanıb susdurur, ürəyində bildiyi bütün müqəddəslərə yalvarır. Gah salavat çevirir, gah da xaç çəkir: "Sabiri qoru, Allah. Onu ölümdən xilas elə. Balalarım atasız qalmasın. Onu öldürsələr, mən Azərə, Azərinə nə deyərəm? Necə deyərəm ki, atanızı ermənilər öldürdülər? Yol aç, evimə getməyə yol ver mənə. Bu müharibə dayansın, yaylıq alıb Dağdağana bağlayım", - deyə yalvarır.

 

***

 

Albanlardan qalan qədim Amanas monastırında baş keşiş Mxitar Manukiyan həmin yerdə indi din pərdəsi altında insanlığa sığışmayan alçaq və vəhşi əməllərə imkan yaradır, ətraf kəndlərdən tutulub əsir gətirilən azərbaycanlı qız, gəlinləri həmin monastırda saxlayırlar, min cür işgəncə, əzab-əziyyət verirlər, hətta özlərinin hesab etdikləri bu monastırdan inqubatır kimi istifadə edirlər. Əsir qadınlardan doğulacaq uşaqları böyüdüb gələcəkdəki planları üçün Azərbaycan türklərinə qarşı qoymaq, ön cəbhələrdə onları qırğına vermək niyyətindədirlər.

Əsərdə yaddaqalan dolğun obrazlar çoxdur, onlardan əsas ikisi haqqında bir az geniş danışmağa dəyər. Dəyirmançı Mövsüm kişi və onun oğlu - igidlər igidi İbad! O İbad ki, açıq-aşkar deyir: "Fikirləşdikcə dəli oluram. Torpaq mənim, rayon mənim, amma idarələrin rəhbəri erməni. Bizi də terrorçu kimi axtaran, yoxlayan rus. Biz öz torpağımızda əsir düşmüşük, xəbərimiz yoxdu".

Xocavəndli Mövsüm kişinin həm özü, həm də peşəsi halallıqla yoğrulub. El-obasının, torpağının vurğunu, fədaisidir! İsti, bərəkətli ocağının yetirmələri, övladları da eləcə... "Hamı deyirdi ki, Mövsüm kişinin dəyirmanı bərəkətlidir. Ətraf kəndlərdə yaşayan ermənilərdə buğdasını bu dəyirmanda üyüdürdü. Bilirdilər ki, Mövsüm kişi işinə haram qatmaz. On çuvalın bir dənində də gözü olmaz". Belə bir alicənab kişi mərdlikdə, kişilikdə yetkin, ağsaqqal adamın ona babasından qalma "Qaraqaşlı" adlı tüfənginin adı romana sərlövhə kimi təsadüfən seçilməyib. "Qaraqaşlı" tüfəngi həm də simvolikadır. Kişinin atı, papağı, tüfəngi... Dədə, babalarımız tərəfindən bu üçlük həmişə konservativ məsələ sayılıb. Vüsal Nuru də əsərin əsas ülgüsündə bu məsələlərin təhlil və təsvirlərinə daha çox diqqət yetirmiş və dərin həssaslıqla yanaşmışdır. Ona görə oxucu müəllifə və müsbət obrazlara isinişə bilir.

 

***

 

... Elə bir vaxtdır ki, artıq Sovetlər Birliyi parçalanıb. Azərbaycan Moskvadan ayrılıb. Ermənilərin əlinə girəvə düşüb. Onlarda torpaq acgözlüyünə, hərisliyinə təzə təpər peyda olub. Yenə də köhnə, kirli niyyətlərini təzələmək, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq fikrinə düşüblər. Sovet əsgərləri də Xocavənddəki ən iri orta məktəbi hərbi qərərgaha çeviriblər. Xocavəndlilər isə İbad kimi qəhrəman oğulları başda olmaqla öz torpaqlarını qorumaq, əldən verməmək üçün ölüm, dirim vuruşlarında çarpışırlar. Yazıçı İbadın simasında, döyüşlər fonunda əsl vətənpərvər bir döyüşçü obrazını ərsəyə gətirmişdir. İbad ətrafına yığdığı həmkəndlilərindən ibarət kəşfiyyatçı dəstəsi yaratmışdır, uğurlu əməliyyatlara başçılıq edərək düşmənin silahlarını ələ keçirir, mərdliklə mübarizə aparır. Atası Mövsüm kişinin "Qaraqaşlı" adlı tüfənginin dalınca iki dəfə yüksək patetikalı hiyləgər düşmən olan Arakelin qapısına üz tutur, hərbi fəndlər işlədərək əvvəlcə xəbərdarlıq kimi onun qulağının məməsini kəsir, sonra bir müddət sonra yenə geri qayıdıb həmin tüfəngi geri alır! Özü də qoçaqlıqla, üzbəsurat... mərdyana....

Müəllif burada geri alınan "Qaraqaşlı" tüfənginin fonunda qaytarılacaq torpaqlarımızın işarəsini verir. Amma... biz uğur qazandıqca öz içimizdəki gizli xəyanət dalğaları qabarmağa başlayır. Sapı özümüzdən olan baltalar baş qaldırır. Müharibənin ağır, qıtlıq çağlarında bahalı "Marlboro" siqareti çəkən mayor Bayramovlar, Salmanovlar da üzə çıxır.

Əsəri oxuduqca ürəkdə ağrı doğuran romanın cövhərində azərbaycanlıların çörəyini yeyən, içdikləri suyun başını murdarlayan ermənilərin bədniyyətliyi ilə bağlı təsvirlərin, olayların miqyası böyüyür.

Vüsal Nuru bir yazıçı kimi öz müşahidələrinin, istedadının imkanlarından geniş istifadə edərək, əsərin ən təsirli tərəflərini oxucuya onu riqqətə gətirəcək dərəcədə çatdırır; erməni qardaşları Tatos və Suren bacısı Maykanuşgilə gəlirlər. Özü də elə bir vaxtda ki, artıq köhnə, qapıbir qonşular arasında indi postlar qurulub. Adamlar bir-birini öldürməyə müntəzirdilər. Belə bir məqamda Sabir müəllimin oğlu Azərin dayıları gəliblər bacıları Maykanuşun evinə... Burada dartışma, qan qoxuyan söz-söhbət, mübahizə getdikcə qızışır:

"Sabir müəllim: - Rədd olun evimdən! Çıxın! - yumruğunu düyünlüyüb bağırdı, - yoxsa...

Sabir nə edəcəyini bilmirdi. Maykanuş onun qarşısında dayanmışdı".

Situasiyanın ağrılığından oxucu da həyəcan içindədir, - iki silahlı erməni, iki qardaş - biri Suren, biri Tatos, bacıları Maykanuşun evində...

"Sabir əlindəki qoşalülə tüfəngi qayınlarına tuşlayır. Çaxmağı çəkib barmağını tətiyə qoyur:

- Çıxın evimdən! Nə təhər gəlmisiniz, elə də sürükün.

Tatosun üzü dəyişdi:

- Na qışqırırsan? Sandan qorxan var? Bura Mayanın evidir. Biz bacımızı qormağa galmişik, sana xoş deyil, get yat.

Mayqanuş Sabirin biləyindən yapışmışdı. Qorxurdu ki, qardaşlarına hücum edər. Əlbəyaxaya çıxarlar".

Erməni xislətinin naqisliyini bütün incəliklərinə qədər açan yazıçının romana gətirdiyi dialoqlara fikir verin. Həm də onlar - iki qardaş hər ikisi də silahlı, Sabir müəllim isə öz evində tək... Onun erməni arvadı yenə də nədənsə ərindən yox, qardaşlarından nigarandır. Qorxur ki, o (yəni əri Sabir ), qardaşlarına hücum edər.

- Niyə qulaq asmırsan Sabir? Bunlar bizə görə gəlib.

- Qardaşlarına denən onlara əlim-ayağım dəyməmiş getsinlər. Bir azdan səhər açılacaq.- Sabir onlara eşitdirdi. Kənd xəbər tutsa...

- Onlar bizi aparmağa gəliblər. Atam göndərib. Deyib ki, Sabir üçün də burda yaxşı olar".

Artıq bəzi gizlin mətləblər aydın olur, iliklərinə qədər hiylə hopmuş ermənilərin məkrli niyyətləri, qanlı planları üzə çıxır. Deməli, onlar azərbaycanlıların ev-eşiklərini, yurd-yuvalarını tar-mar edəcəklərmiş, adamları qətlə yetirəcək, onların torpaqlarına yiyə duracaqlarmış. Bu planı bilən Tatos və Suren öz bacılarının, onların övladlarının dalınca ona görə gəliblərmiş, getsə, hələ evin sahibi Sabir müəllimi də aparmaq fikirləri varmış. Ona görə də Suren xəbərdarlıq edir:

" - Yezna, yaşamaq istasan, galarsan - dedi. Man sani belə qarşılamaram".

Vüsal Nuru əslən Dağlıq Qarabağdan olduğu, həmin olayların içindən keçdiyi üçün bu lövhələri uğurla qələmə alır və oxucunu təsirləndirməyə müvəffəq olur.

Azərbaycan qadınlarının əsir düşərgəsindəki ağır halları da əsərdə təsirli dillə verilir. Ermənini təcavüz etmək istədiyi azərbaycanlı əsir qadın ovcunda gizlətdiyi şüşə qırığını düşmənin boğazına sancır! Həm dəhşətli, həm də qürurverici bir mənzərə! Əsir düşmüş Azərbaycan qadını ən ağır işgəncə məqamında belə öz namusunu həyatı bahasına qoruyur.

 

***

 

"O, sözünü yerə çəliklə möhürlədi", "Hər dəfə "Qaraqşlı" tüfəngi Mövsüm kişinin yadına düşəndə pərt olur, içinə çəkilirdi, bulana-bulana çıxıb gedirdi", "Bir də görürdün, lap uzaq kənddən at arabasında, eşşək daşqasında çuval-çuval buğda gəlir", "Ətrafa kəpənək tozuna qarışmış sükut çökdü", "Əbülfət hiss elədi ki, deyə bilmədiyi sözlər ağzını yandırır", "Hamının ağzında loxması böyüdü", "Sabir o baxışların səsini eşdirdi"... Romanda bu kimi xalq dilindən gələn, poetik, duyğulu cümlələrin sayını xeyli artırmaq da olar.

Əsərin rəvan dili, hər bir obrazın özünə məxsus danışıq üslubu, adamların həyəcan və təşvişləri təbiilik haləsi içində təsvir olunur. Yazıçı bəzən bir rəssam kimi ətrafı, təbiəti, öz rəngləri, boyaları ilə oxucunun gözləri önündə canlandırır. Vüsal Nuru oxucu ilə əsər arasında rahat bir ünsiyyət körpüsü qura bilir. Müəllif xalqımızın düşdüyü məşəqqətli hadisələri bir-bir açıb çözələyir, oxucusuna obyektiv və bədii cizgilərlə çatdırmaq istəyir. Yaratdığı əlvan təbiət lövhələri oxucunu bir az özünə gəlmək, dərindən nəfəs almaq imkanına da qovuşdurur. Bu məqamlarda istər-istəməz Nitsşenin bir sözü haraya yetir: "Sənət bizə həqiqətin yükü altında ölməmək üçün lazımdır". Ağır, kədərli olayların ətrafında əsrarəngiz təbiət təsvirlərinin poetik təsviri, Dağlıq Qarabağın mənzərələrinin sənətkarlıqla, orijinallıqla əsərdə şəkillənməsi oxucunun gözlərində, hafizəsində həm silinməz izlər qoyur, həm də qəlbini ovundurur. "Dağdağan ağacı budaqlarını qadınlara elə inamla, elə ümidlə əyirdi, medalını alan qalib kimi başını elə vüqarla dikəldib göyə baxırdı, deyirdin bəs, indi duam qəbul olundu. Qulağını gövdəsinə söykəsəydin, bəlkə də Dağdağan ağacının bu torpaqların dərin qatına uzanmış köklərindən gələn səsini eşidərdin"; "Qonşusunu qəribsəmiş iti onu görən kimi yalaqlandı, ayaqqabısını, şalvarının balağını iylədi. Şadlığından quyruğunu buladı. Mövsüm kişinin ayaqqabısından, balağından burnuna aldığı iyi aparıb yollara yayırdı, küçələri, döngələri Mövsüm kişiylə doldururdu"; "Perik düşmüş sərçələr dimdiklərində qurumuş ağacların ruhunu daşıyırdı..."; "Hər gün dəyirmanda dən verdiyi qaraquyruq göyərçinə dönmüşdü ahı, qanadlarını çırpıb üzü dağlara yön aldı... Üzüm bağlarını taxıl zəmilərinə caladı, meşələri çöllərə... Qəbiristanlıqdan keçib evlərin başına dolandı o qaraquyruq göyərçin, gəlib dəyirmanın başına oturdu". Bu bədii cümlələr dərin hissiyyat və təsirlə yüklü poetik təsvirlərin ifadəsidir.

Vüsal Nurunun "Qaraqaşlı" romanı ölkəmiz və xalqımız üçün çox kədərli və ağrılı dövrün bir çox gizlinlərini oxucuya bədii yolla bəyan edir, hadisələrin, obrazların energetikasında isə müvəqqəti itirilmiş torpaqlarımızın nisgilini, canımızdakı aqressiyasını daşıyır. "Qaraqaşlı" tüfənginin düşməndən geri alındığı romanın özü də bu gün torpaqlarımızın qaytarılması üçün gedən mübarizədə bizimlə birgə addımlayır!

 

Tahir TAİSOĞLU

 

525-ci qəzet.- 2020.- 24 yanvar.- S.14.