Vətən, Bayraq və Millət sevgisindən
yoğrulmuş poeziya toplusu
İyirminci
əsrin sonlarından yaşadığımız faciələr
- övladlarımızın qanı ilə imza
atdığımız müstəqilliyimiz və sonrakı
Qarabağ müharibəsi tariximizə qanlı səhifələrini
yazdı. Və bu da təbii olaraq ədəbiyyatımıza
öz təsirini göstərdi. Azərbaycan
poeziyasının daimi mövzusu olan Vətən, Bayraq və
Millət beləliklə daha da aktuallaşaraq, ədəbiyyatımızda
ön plana keçdi.
Yeni
çapdan çıxan bir toplu bunun bariz nümunəsidir.
Ön söz müəllifi Qənirə Paşayevanın və
"Regional hüquqi və iqtisadi maarifləndirmə"
İctimai Birliyinin sədri Arzu Bağırovanın rəhbərliyilə ərsəyə gələn bu
kitab xüsusi bir gündə - 31 dekabr Dünya Azərbaycanlarının
Həmrəylik Günü ərəfəsində çap
edilməsilə də diqqət mərkəzində oldu. Və
Qənirə xanımın yazdığı kimi, "Sevgilərin
ən alilərindən olan Vətən sevgisi hər bir şəxsə
kiçik yaşlarından aşılanmalı, kimliyi,
özünüdərki, dünyaya, olaylara, insanlığa
baxışı bu sevginin fonunda təcəlla etməli,
formalaşmalıdır".
Kitabda ilk
diqqətimi çəkən əsər Əhməd
Cavadın yazdığı Azərbaycan Himni oldu. Himnimiz
dövlətçiliyimizin və milli
varlığımızın ülvi təzahürüdür.
Topluda
Abbas Səhhətin "Vətən" şeirinin çap
olunması Vətən ifadəsinin ən gözəl tərifi
kimi insanı duyğulandırır. İllər əvvəl
qardaş Türkiyənin Kırıkkale şəhərində
bir konfransda "Poeziya savaşlarda mənəviyyət
faktoru" kimi mövzusunda bir çıxışımda
Abbas Səhhətin "Vətən " şeirini söyləmişdim.
Salondakılar ayağa qalxaraq bu müqəddəs şeirin təsirindən
vəcdə gəlmişdilər.
Daha sonra
Abdulla Şaiqin "Vətən", Əliağa Vahidin
"Vətəndir", Osman Sarıvəllinin "Vətən eşqinə",
Süleyman Rüstəmin "Vətənimdən", Səməd
Vurğunun "Vətən həsrəti", Rəsul
Rzanın "Vətən dedim", Əhməd Cəmilin
"Vətən", Qabilin "Vətən", Əliağa
Kürçaylının "Vətən" şeirləri
daha da müasir vətən başlıqlı nümunələrlə
birləşərək Azərbaycanının Vətən nəğmələri
ilə qovuşur. Cabir Novruzun "Vətən əbədi
qoruqdur" şeiri ilə son zamanlarda
yaşadığımız faciələr də göz
önünə gəlir. Son bənddə şeirin əsas
ideyası daha güclü təsir yaradır.
Bilir ərlər,
ərənlər,
Vətənə
tay olmayır,
Ömürdən
pay verərlər,
Vətəndən
pay olmayır.
90-cı
illərdən əvvəl Vətən mövzulu
yazıların çoxunda Vətənə sevgi, Vətən
gözəlliyinin təsviri verilirdisə, "Vətən nədir?"
suallarına cavab aranırdısa, torpaqlarımızın
itirilməsilə milli poeziyamıza ağrı və əzab
hakim oldu. Bu illərdə Məmməd
Araz, Nüsrət Kəsəmənli, İsa İsmayılzadə,
Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Odər, Məmməd
İlqar, Rüstəm Behrudi, Vaqif Bəhmənli, Əjdər
Ol, Ülvi Bünyadzadə və başqalarının
yaradıcılığında Vətənimizin müdafiəsinə
qalxmaq istəyi üstündür.
Zəlimxan
Yaqub qələmindən çıxan Vətən mövzulu
şeirlərdə cəsur bir hayqırış var.
İnamsız
bir qartalın qanadları gərilməz,
Döyüşsüz
azadlığın meyvələri dərilməz,
Şəhidsiz
bir millətin vətən ruhu dirilməz,
Oğullar
ola-ola, necə deyim mərdim yox.
Ordum varsa
, yurdum var,
Ordum
yoxsa, yurdum yox!
Sabir
Rüstəmxanlının şeirində keçmişimizə
dönərək vətənimizin vəsfini görmək
olur.
Bir əlçim
buluddu,
Bir
ömür umuddu,
Bir
içim sudu.
Yandıqca
odlanan ocaqdı
Daddıqca
dadlanan arzudu.
Bir dərə
bahar leysanıdı,
"21 Azər"in
qanıdı,
Cavad
xanın qətl yeridi,
Sabirin
"Fəxriyyə" şeiridi,
Dağları
dumandı itən -
Vətən...
Vətən!
Məmməd
İlqarın vətənlə söhbəti də
maraqlı, təsirli və
düşündürücüdür. Vətənin
başı qeylü-qallı olanda, onun övladlarının
şəhid olması təbiidir. "Qalanın sağ
olsun" deyən şair "çat verir, çatlayır
dözüm" ifadəsilə torpaqlarımızın
azadlığı üçün canımızdan keçməli
olduğumuzu da çatdırır. O, vətənin
başının uca tutmasını istəyir.
Vətən,
başa çox iş gələr,
Baş əymə,
başın sağ olsun.
Biz
ölməyə doğuluruq,
Torpağın,
daşın sağ olsun.
Vətənə
olan məhəbbət "Torpaq üzərində ölən
varsa Vətəndir" deyimi ilə qovuşur.
Ayaz
Arabaçının "Sənə and içirəm, Vətən
torpağı" şeirində isə "eşqi ürəyinin
qan-daman yeri" olan Vətəndən bəhs olunur. Vətənə
olan sevgi bütün sevgilərdən uca olduğunu şair
qürur hissi ilə dilə gətirir.
Topludakı
Alı Mustafayev və Ülvi Bünyadzadə şeirlərində
isə daha çox yanğı və sevgi görmək olur.
Alı Mustafayevin (oğlu Toğrula) etdiyi nəsihətdə
hikmət və vətənə sevgi hissi oxucuya təsir etməklə
yanaşı, gələcək nəsilə də bir
mesajdı. Oğlunun simasında vətənin insana ən
böyük köməyi olduğunu bütün gənclərə
tövsiyə edən şair, əbədi sevginin, əbədi
ümidin Vətən olduğu həqiqətini
çatdırır.
Bu otaq, bu
işıq, bu beşik, bu süd,
Anan
çəkən zəhmət, mən verən öyüd,
Bu əbədi
sevgi, əbədi ümid,
Dar
gündə köməyin-karındı, Vətən.
Hələ
orta məktədə oxuyarkən Vətən
üçün ölümü göz önünə alan gənc
şairin - Ülvi Bünyadzadənin şeirini həyəcansız
oxumaq olmur. Böyük ideyalarla yaşayan Ülvi Bünyadzadə
müstəqilliyimiz uğrunda şəhid olan gənclərimizdən
biri oldu.
Biz öz
ömür sazımızda,
"Dilqəmini
bilməliyik.
Leylimizin
ürəyini
Məcnun
kimi sevməliyik.
Bisutunu
biz də yaraq,
Çənsiz
Çənlibellər quraq.
Sazımızda
ağlayaraq
Biz həyatda
gülməliyik.
Döyüşlərdə
yoğrulmuşuq,
Gələcəyə
qaranquşuq.
Həyat
üçün doğulmuşuq,
Vətən
üçün ölməliyik!
Rəsmiyyə
Sabirin topluya daxil edilən şeiri sanki Ülvilərimizin
ruhuna ərmağanıdır.
Tarix
yazdın Vətəndə sən,
Gözəl
"ən"lərdən öndəsən,
Mənim
üçün Vətən də Sən,
Vətəni
qoruyan igid!
Qənirə
Paşayevanın şeiri isə ana-oğul sevgisindən,
ananın oğluna vətəni sevməyin nə olduğundan,
vətən sevgisinin ana sevgisindən üstün olduğundan
bəhs edir. Anasıyla vidalaşan əsgərin ən əsas
kəlməsi Vətəndir.
Vətən
üçün, torpaq üçün,
O müqəddəs
bayraq üçün
Ölüm
nə ki?!
Bu yurda
dönənlər üçün,
Bu yurdu
sevənlər üçün,
Ölüm
nə ki?!
Topluda
bayraq mövzusu Əhməd
Cavad şeiri ilə açılır:
Köksümdə
tufanlar gəldim irəli,
Öpüm
kölgən düşən mübarək yeri!
Allahın
yıldızı, o gözəl pəri,
Sığınmış
qoynunda aya, bayrağım!
Bayraq
anlayışının müqəddəsliyi Cəfər
Cabbarlının "Azərbaycan bayrağına"
şeiri ilə daha da aydınlanır. C.Cabbarlı
bayrağımızı "Mələklərin qanadından
düşən kölgə" kimi üzərinə
düşən bayrağın kölgəsində
görür. Bayrağımızın gözəlliyini
heç bir gözəlliklə qarşılaşdıra bilməyən
şair onu nə çiçəklərlə, nə
yaşıl otlarla müqayisə edə bilir.
Şu
görünüş bir ananın şəfqətinə
oxşuyor,
Düşündükcə
zövqlərimi, vicdanımı oxşuyor.
Bu ay,
yıldız, boyaların qurultayı nə demək?
Bizcə
böylə söyləmək!
Bu göy
boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir
türk oğlu olmalı!
Yaşıl
boya islamlığın sarsılmayan imanı,
Ürəklərə
dolmalı!
Şu al
boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət
bulmalı.
Azərbaycanın
azadlığı, bütövlüyü üçün
daima mübarizə aparan Bəxtiyar Vahabzadənin
"Bayraq" şeiri toplunun dəyərini daha da
artırır.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq
öz yurduma öz hakimliyim.
Daim
ucalasan! Savaş günündə
Əsgər
silahıyla səni tən görüm.
Yalnız
zəfər çalmış şəhid önündə
Səni
alqış üçün əyilən görüm.
Topluda
bayraq mövzusunda Xəlil Rza Ulutürkün də şeiri
yer alır. Şeirdə bayrağımızın müqəddəsliyi,
möhtəşəmliyi vurğulanır.
Rəşad
Məcidin "Bayrağım" şeirində isə
ümid, inam və qürur hissi daha çox diqqət çəkir.
"Hücumdan, həmlədən qorudum, tufandan, küləkdən
keçirdim, bir gün qaldırdım başımın
üstünə, saxladım, əymədim" - deyən
şair bayrağımız, müstəqilliyimiz uğrunda
mübarizəmizi gözlərimiz önündə
canlandırır. Bayrağımız üçün məqamı
gələrsə, ölümə gedəcəyimiz də
şeirdə poetik ifadəsini tapır.
Sənə təşnəyəm, acam -
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə,
Kimsə əyə.
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə!
Bu kitabda həmçinin, Vahid Əzizin,
Ağalar Mirzənin, Ramiz Qusarçaylının, Süleyman
Abdullanın, Əyyub Qiyasın, Afaq Şıxlının,
Gülsadə İbrahimlinin, Habil Rza Nurun bayraq mövzulu
şeirləri yer alıb.
Millət
mövzusunda Musa Yaqub poeziyasının qüdrəti bir daha
öz təntənəsinə qovuşub.
Bu kitabla tanış olarkən yalnız şeirlər toplusu kimi dəyərləndirmədim. Burada cəmlənən şeirlər bir böyük xalqın keçmişi ilə bu günü arasındakı körpünü xatırlatdı. Bir tədqiqatçı kimi fəxr hissi duydum. Toplunun dünya dillərinə tərcümə olunması və Azərbaycana qonaq olan hər ziyalıya ərmağan edilməsi gözəl bir töhfə olar. Çünki bu toplu, Azərbaycan xalqının milli ədəbiyyatının xəzinəsi və şairlərimizin Vətənə sevgilərinin əvəzsiz poetik ifadəsidir.
Mərziyyə NƏCƏFOVA
Filologiya elmləri
doktoru
525-ci qəzet.- 2020.- 24 yanvar.- S.13.