Xocalı üçün
özünü fəda etməyə
hazır olan şuşalı
İyirminci əsrin sonlarında xalqımızın başına
gətirilmiş çoxsaylı
faciə və fəlakətlərdən birinin
- 20 Yanvar qırğınının
30 illiyini dərin bir kədər və böyük qürur hissi ilə yad etdik.
Xalqımız həm yanvarın
19-dan 20-nə keçən gecə - tank tırtılları
və gülləbaran
altında qalanda, həm də Sovet ordusunun silahlarının istənilən
azərbaycanlıya tuşlandığı
gün - yanvarın
22-də şəhidlərin milyonlarla insanın iştirakı ilə dəfni zamanı sübut etmişdi ki, bu millət
möhtəşəm birlik sərgiləmək
iqtidarındadır. Amma...
birləşmədən, fərd
olaraq da mükəmməl vətənpərvərlik
nümunəsi yaradan soydaşlarımız da az deyil.
Bu yazıda məhz
həmin insanlardan biri barədə söz açmaq istəyirik.
... 20 Yanvar faciəsinin ildönümündən 37 gün
sonra Xocalı soyqırımının növbəti
ildönümünü qeyd
edəcəyik. Nədənsə, hər dəfə Xocalı sözünü
eşidəndə mənim
yadıma düşən
ilk insan məhz Arif Abbasov olur.
Çünki o, Şuşada doğulub
böyüsə də,
Bakıda yaşayıb,
işləsə də,
Xocalını xocalılılardan
çox sevir və bu məkan
üçün fədakarlıq
edirdi. Çünki o, Şah İsmayıl
Xətainin tövsiyə
etdiyi dəyərlərin
- ana dilimizin, vicdanımızın, Vətənimizin
nə demək olduğunu çoxlarııdan
yaxşı bilən soydaşlarımızdan idi.
Doğrudur, Xocalı deyiləndə dərhal Əlif Hacıyevi, Səriyyə Müslümqızını,
fotoqraf Əliş kişini də xatırlayıram.
Çünki onların fədakarlığı
barədə də dəfələrlə yazmışam.
Söhbət Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun
- indiki Memarlıq və İnşaat Universitetinin dosenti, texnika elmləri namizədi Arif Abbasovdan gedir. Onu 1990-cı ilin payızından tanıyırdım. Həmin illərdə
mən "Bilik" Maarifçilik Cəmiyyətinin
orqanı olan "Dalğa" qəzetində
işləyirdim. Bir
gün baş redaktorumuz - mərhum yazıçı Nahid Hacızadə məni otağına çağırıb
dedi ki, Arif müəllimlə tanış ol və onun
danışdıqları əsasında
bir yazı hazırla. Hansısa texniki məsələ
ilə bağlı mövzu idi. Hazırladım. Sonra bir neçə
məqalə üzərində
birlikdə işlədik.
Ona qədər yazımız
qoşa imza ilə getdi.
Azərbaycan dövləti Xocalı rayonunu yaradanda və həmin rayon mərkəzinə şəhər
statusu verilməsi məsələsi ortaya çıxanda Arif müəllimin göstərdiyi
təəssübkeşliyi, təşəbbüskarlığı və yorulmazlığı
heç zaman unuda bilməyəcəyəm.
Yadımdadır, Xocalı şəhər xəstəxanasının tikintisində
iştirak edəcək
tələbə inşaat
dəstəsinin rəhbəri
vəzifəsini məhz
Arif müəllim öz üzərinə götürmüşdü. Tələbələr iki mövsüm Xocalıda həm güllə altında işlədilər, həm
də əlli yaşlı Arif müəllimin rəhbərliyi
altında. Amma Arif
müəllim təkcə
xəstəxana tikintisində
deyil, Xocalı həyatının bütün
sahələrində camaatın
arasında olurdu.
İndi mənim əlimdə Əliş kişinin çəkdiyi,
arxasında müxtəlif
qeydlər olan foto şəkillər var: "Tələbələr
xəstəxananın tikintisində",
"Xocalı Aeroportu
tikilir", "Buradan
yol çəkiləcək"
(qışda çəkilmiş
fotodur), "Arif Abbasov Xocalının vəzifəli şəxsləri
arasında", "Tələbələr
ot yığımında",
"Arif müəllim
ot "presi" daşıyır", "Məhəmməd
babanın özü və nəvələri ilə" və başqa fotolar sübut edir ki, Arif müəllim
yağı düşmənin
diş qıcartdığı
Xocalının dirçəldilməsi
üçün sözün
həqiqi mənasında
fədakarlıq etmişdir.
***
... Xocalının işğalından üç ay sonra Arif müəllimlə birlikdə Pirşağıda
- sanatoriyada məskunlaşmış
xocalılıların görüşünə
getmişdik. Xocalı camaatı
onu necə qarşıladı, ilahi?
Onunla necə görüşdülər,
qələmə almaq
mümkün deyildi.
Arif müəllim həmin adamların hamısını
adı ilə tanıyırdı. Şəhərin
işğal edilməsindən
üç il
sonra işğaldan qabaq nişanlanmış gəncəlin Bakıda keçirilən toyunda da birlikdə iştirak etmişdik. Bir gözü uşaqların xeyir işinə sevinsə də, bir gözü hələ də yaşlı olan toy sahibləri Arif müəllimi Xocalının
ağsaqqalı kimi qəbul etdilər və ... o, 3-4 saat davam edən toyda bir dəqiqə
də olsun, oturmadı. "Təki
toy yaxşı keçsin"
- deyə, əsl Qarabağ ağsaqqalı kimi bütün məsələlərlə, detallarla
maraqlanırdı ki,
problem olmasın. Olmadı. Anası ölmüşlər, o qədər
problem görmüşdülər ki, toyda da
qulaqları səsdə
idi.
***
Şəhərin işğalından sonrakı
ilin aprelində Arif müəllimi yenə də redaksiyamızda gördüm. Elə bil
ki, dindirən olsa, ağlayacaqdı.
Salamlaşdıq. Dedi: "Müəllim,
Xocalıda gilənarın
gül çağıdır".
Sonra heç nə danışmadı. O danışmasa
da, mən qəzetin növbəti sayına yazı verdim: "Xocalıda gilənarın gül çağıdır..." Arif müəllim
həmin yazını
Qarabağın ən
təəsübkeş oğullarından
olan, "Xocalının
səsi" qəzetinin
redaktoru, "Qızıl
qələm" mükafatı
laueratı Sərdar Mehdiyevə göndərdi.
***
Yadımdadır ki, qəzetimizin
16 iyul 1991-ci il tarixli (işğaldan 7-8
ay qabaq) nömrəsində
verilmiş "Xocalının
səsi" "Dalğa"
da təbriklərə
qoşulur" adlı
məqalə də məhz Arif Abbasovun təşəbbüsü
ilə hazırlanmışdı.
Həmin
yazıda bildirilirdi ki, yeni yaradılmış
Xocalı rayonunun orqanı olan "Xocalının səsi"
qəzeti nəşrə
başlayır. Həmin günlər
Xocalının səsinin
hər yerdə, xüsusən, Bakıda eşidilməsinə çox
böyük ehtiyac var idi.
***
Yeri gəlmişkən, Arif müəllimin Finlandiyada yaşayan oğlu, rəssam Çingiz Abbasov "Helsinki sonamat"
("Helsinki xəbərləri") qəzetinin 27 fevral 1992-ci il tarixli
nömrəsini də
bizə gətirmişdi.
Həmin qəzetdə
çöldə, yamacda,
qar üstündə səpələnmiş
insan meyitlərini göstərən foto verilmiş və yazılmışdı ki,
Xocalıda yüzlərlə
azərbaycanlı qətlə
yetirilib. Bizim informasiya vasitələrimiz
isə hələ martın ilk günlərində
də deyirdilər ki, Xocalıda iki azərbaycanlı öldürülüb. Arif
müəllimin xahişi
ilə mən finlandiyalı jurnalistin həmin məqaləsi barədə hazırladığım
materialı öz qəzetimizdən əlavə
"Xocalının səsi"
və "Səhər"
qəzetlərində də
verdim. Həm Sərdar Mehdiyev, həm də Məzahir Süleymanzadə
həmin yazıya görə mənə, Arif müəllimə və oğluna xüsusi minnətdarlıq
etdilər.
***
... Əlimdə
kiçik bir kitabça var. "İbn
Sina ilə Bəhmənyarın söhbəti"
adlı bu kitabçanın ərsəyə
gəlməsinin qəribə
bir tarixçəsi var idi. Belə ki, Nahid
müəllim bir dəfə mənə dedi ki, Arif
Abbasovun qəzetdə
vermək üçün
gətirdiyi məqaləni
oxuyub çapa hazırla. Əlavə etdi ki, məsuliyyətlə oxu.
Mən də məsuliyyətlə
oxudum və gördüm ki, xeyli düzəlişə
ehtiyac var. Yazını
hazırladım və
qəzetdə verilməsi
üçün təqdim
etdim. Materialın xeyli dəyişdiyini
görən Arif müəllim xahiş etdi ki, onu
qəzetdə verməyin,
kitab kimi çıxardım. Redaksiya rəhbərliyi
etiraz etmədi. Amma mən ürəyimdə etiraz edirdim. Çünki zəhmət çəkmişdim.
Bir neçə
ay sonra Arif müəllim həmin kitabçanı gətirdi. Müəlliflər
yerində Arif
Xanlaroğlu və İttifaq Mirzəbəyli
yazılmışdı. İnsan nə
qədər halallıqsevən
olarmış? Mənim zəhmətimi
qiymətləndirmək üçün
özünün hazırladığı
kitaba məni də müəllif kimi yazdırmışdı.
***
Arif müəllim rəhmətə gedəndə mən İranda olmuşdum. Ötən ilin dekabrında - anım günündə isə Tbilisidə - müalicədə idim. Yəni heç bir məclisində iştirak edə bilmədiyimə görə bu sətirləri qələmə aldım ki, ruhuna duaçı olduğumu bilsin. Allah rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.- 2020.- 24 yanvar.- S.12.