Sevdasının gözündə közərən abidə qadın

 

İnsan, xarakterində kök atmış bütün təzadlı xüsusiyyətləri - sadəliyi, sərtliyi, mülayimliyi, hay-harayı, qaradinməzliyi ilə Ana təbiətə bənzəyir.

Bəzən tutqun, bəzən kədərli, yüklü, qayğılı, qaynar, sakit, təlatümlü... Bəzən yarpaq-yarpaq, ləçək-ləçək açılır, ətrafa ətir saçır, xoş ovqat yaradırlar. Təbiət coşub-daşdığı kimi, insan da qəlbində tüğyan edən arzuları, istəkləri ilə məcrasına sığmır, Ana torpağın sinəsində hifz etdiyi canlı sərvəti, bitirdiyi gülü, çiçəyi, laləli düzləri, yaşıl ormanlarıtək sevgi-sevincindən aşıb-daşır. Bir vaxt da gəlir, Təbiət özünün yaratdıqlarına (ən çox da insana!) qarşı amansız, qəddar olur, ona elə qənim kəsilir ki... Uçurur, dağıdır, alt-üst edir taleyini, amma... bu qasırğalar çox zaman məhvə aparmır, sınaq kimi yazılır İnsanın ömrünə. Elə bütün bunlara görə həmişə düşünürük ki, Təbiət Tanrının yaratdığı möhtəşəm bir sənət əsəridir, İnsan bu əsərin ən böyük qəhrəmanı, əsrarəngiz obrazıdır. Təbiət özünün yaratdıqları ilə həmişə valehedicidir. İnsan da qurub-yaratdıqları ilə möhtəşəmdir, əzəmətlidir. Bunlar ilk yaranışdan təbiətlə insan arasında olan oxşarlıq, paralellik deyilmi...

Özünün təzadlı taleyi - sağlam ailə mühitinin içində pöhrə tutub yetişən uşaqlığı, yeniyetmə və gənclik çağlarının səhər şehitək paklığı, gözündə-könlündə şəfəq saçan, mayası ülvi sevgiylə yoğrulmuş, bəxtəvərliklə süslənmiş ailə səadəti içrə yaşadığı illər... və qəfil gələn qara yelin çiçəklərini soldurduğu ömür bağçası... təzadlıdır, deyilmi...

Zərif, gözəl bir xanımın yaşadığı ömür dastanı... Amma bu gerçək dastan qəhrəmanının zərifliyi ilə yanaşı, sədaqətində, dözümündə, qüdrətində bir qranit sərtliyi də var. Zaman-zaman taleyində qopan tufanlar belə onu yıxa bilmədi, yandırıcı günəşdən ərimədi, qurumadı, itmədi. Xoşbəxt çağlarının yasəmən ətirli şipşirin xatirələrindən aldığı mənəvi gücünə, dağ vüqarına söykəndi. Fəaliyyətində var oldu, şərəfli müəllim sənətində işgüzarlığı, qayğısı, zəhmətilə cəmiyyətə vətəndaş yetişdirmək missiyasının öhdəsindən layiqincə gəldi... və belə bir fərqli, nümunəvi yaşam tərzinə bu gündavam edir.

Kimdi bu zərif, qüdrətli varlıq? Malik olduğu özəllikləri ilə ictimai mühitdə ali ehtirama layiq, heyrət doğuran bir Tanrı bəndəsi! Müdrikliyi ilə mənəvi ağrılarına üstün gələn, mübarizliyi, sədaqəti, insanlara vəfası, yaxşılığı, nəcibliyi ilə yaşatmağa qadir olan Azərbaycanın dilbər sonalarından biri - Sona Çərkəz!  

Ziyalı cəmiyyətində çoxumuzun gerçəkdən bir abidə qadın kimi tanıdığımız ağıllı, təmkinli, cəfakeş xanımın uzun illərdən bəri gözlərinin dərinliyinə çökmüş tənhalığının üşəntisindən qiyam qoparan həsrət dolu baxışları yandırıb-yaxır məni. Hələ abidə qadın tituluna qədər Sona xanımın duyğular, hisslər içində yaşadığı həyat mahir bir rəssamın fırçasından çıxmış, gözə-könülə rahatlıq gətirən əlvan bir tablonu xatırladırdı. Ancaq bu həyat tablosu hələ yarımçıq idi, tamamlanmamışdı, o boşluqlar yaşandıqca rəssamın fırçası da öz qüdrətini göstərəcəkdi...

Sona Məmməd qızı Məmmədova dünyaya gələndə təbiət may günəşinin ilıq şəfəqlərilə cilvələnir, ətrafa gözəllik saçırdı. Boş çöllərdə, düz-düzəngahda boy atmış yaşıl otlar, rəngarəng çəmən çiçəkləri, bağçalarda yanağı çatlamış qızılgüllərlə nazlanan təbiət bir bəzəkli gəlinə bənzəyirdi. Bu hüsnündə təbiət özünün füsunkarlığı ilə insanı ilhamlandırır, yaşamaq eşqinə gəl-gəl deyirdi. Bütün bu gözəlliklər dünyaya təzəcə göz açmış qızcığazın ruhunda, gözündə özü ilə bərabər bir duyğusallıq, həyata bağlılıq da doğurmuşdu. May qızının insanlara sevgisi, sayğısı, təbiətin özü kimi əsrarəngizliyi vücudunda, gözündə könlündə cilvələnirdi.

Bəlkə də ailənin ilki olduğundan təkcə valideynləri deyil, qohum-əqraba, dost-tanışlar tərəfindən də çox sevildi, bəxtiyarlıq içində boy atdı, böyüdü. Orta məktəbdə elmin ilk pillələrini uğurla qalxdı, bundan sonra həyat dərslərini keçməkdən ötrü qarşısındakı enişli-yoxuşlu bir yola qədəm qoydu. Nə xoş ki bu yolda o, tək olmadı. Adil Allah ona bir yol yoldaşı, ömür ortağı yetirdi ki, cütlükdə çətinlikləri keçə bilsinlər. Hər yerdə hər zaman bir cüt göyərçin təki ötsünlər. Allah onu həyatda bir gerçək obraz kimi tamamlamaqdan ötrü yarlı-yaraşıqlı, uca boylu, ağıllı, dərrakəli filoloq Çərkəz Quliyevlə qoşalaşdırdı. Bu, necə baş verdi... Gənc bu yaraşıqlı, tər çiçəyə bənzəyən qızı gördüyü gündən ürəyinə xoş bir istək axdı, sakit, səssiz ötən günləri öz ahəngini dəyişdi. Ürəyində pöhrələnən sevgi anbaan böyüdü, kök atdı, gözəl Sona həyatının şahzadəsi oldu. Qıza məktublar yolladı. Bu şirin, ilıq istəkdən Sonanın da qəlbinə xəfif bir sevgi qığılcımı düşdü. Sona orta məktəbi bitirəndən sonra evləndilər.

Qız köklü-köməcli bir sevgi ağacı sandığı Çərkəzin qanadı altında bəxtəvər ömrünə başladı. Sona M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutun (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı fakültəsində (1968-1973) təhsil aldı. Əmək fəaliyyətinə Saatlı rayonunda orta məktəbdə rus dili müəllimi kimi başladı. 1970-ci ildən cütlük ömürlərinin Bakı həyatına qədəm qoydular.   

Hər ikisi də əmək fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirdi. Çərkəz müəllim elmi tədqiqatla məşğul oldu. Yeri gəlmişkən, Çərkəz Quliyev Universitetə gəldiyi ilk vaxtlarda ustad Mir Cəlal Paşayevin məsləhəti, xeyir-duası ilə "Süleyman Rəhimovun əsərlərində folklor" mövzusunda namizədlik işi götürərək illərlə üzərində mükəmməl işlədikdən sonra müvəffəqiyyətlə müdafiə etmişdi. Çərkəz Quliyevdən sonra Sona xanım onun elmi işini "Tükənməz mənbə"adı ilə nəşr etdirdi.

Sona xanım isə Universitetdə Humanitar fakültələr üzrə Rus dili kafedrasında çalışdı. Burada o, ilk vaxtlardan gələcəkdə sənətinin əsl xiridarı olmaqdan ötrü kafedranın iş prinsipinə, tələbələrlə ünsiyyətin qurulmasına, onların yetişməsində pedaqoq zəhmətinin çətinliklərinə bələd oldu, bir növ hazırlıq keçdi. Odur ki, 1991-ci ildə Sona Quliyevanı Humanitar fakültələr üzrə Rus dili kafedrasının müəllimi vəzifəsinə keçirəndə o, müəyyən müşahidə və təcrübəyə malik olduğundan işini qura bildi, tələbələri ilə tez dil tapdı. Onlarda tədris etdiyi fənnə böyük maraq oyatdı, vətəndaş cəmiyyətinin yaranmasında gənc qüvvələr kimi iştirakçı olmalarına, xalqına, vətəninə böyük sevgi, bağlılıq yarada bildi. Və bu gün də zəngin pedaqoji təcrübəsi, ziyalılığı, mənəvi keyfiyyətləri ilə doğma Universitetində fərqli və yeni düşüncəyə malik ümdə bir şəxsiyyət olduğundan onu çox sevirlər...

Sona xanımla Çərkəz müəllim çoxlarının qibtə etdiyi xoşbəxt bir ömür yaşayırdılar. Bəxtəvərdilər, ailədə iki oğul övladı dünyaya gəlmişdi. Hər yerdə - Universitetdə, ictimai yerlərdə, qohum-əqraba içində qoşa görünürdülər. Çərkəzin Sonası, Sonanın Çərkəzi... Onları belə nişan verirdilər... Universitetdə müəllimlər də, tələbələr də bu yaraşıqlı cütlüyə böyük hörmətlə, ehtiramla yanaşır, onları bir məhəbbət dastanının qəhrəmanları kimi görürdülər. Həyat cütlüyün gözündə ilin bütün fəsillərində bahar idi, yaz idi...

Sona Çərkəzin çap olunmuş kitablarında Çərkəz müəllimin ona yazdığı məktublarını, gündəliyini oxumuşam. hiss etmişəm ki, Sona xanım bu gündəliyi bəzi ixtisarlarla çap etdirib. Düz eliyib, axı sevgi məktubları yalnız aşiqlərin özünə məxsusdu... Amma oxuduqlarım da düşüncəmdə bu iki aşiqin, ömür-gün yoldaşının gül ətirli ömür yaşadıqlarını, uzaqdan-uzağa tanıdığım, amma ünsiyyətdə olmadığım Çərkəz müəllimin də mənəvi aləmini duymağa, bitkin obrazını təsəvvür etməyə yetdi...

Hiss edirəm ki, qələm özümdən ixtiyarsız qəhrəmanımın ömrünə nəqş olunmuş əlvan nağılından yazır. Bu, bəlkə indiyə qədər Sona xanım haqqında oxuduğum bir çox  yazıların ("Çərkəzin Sonası belə ola bilərdi", "Sözdür onun sirdaşı", "İydə çiçəyinə yazılan məktub", "Çərkəz müəllimin Sonası", "Bu da bir daş yazısıdır", "Dağ başı dolu gözlər", "Əfsanəvi qadın", "Yaşamaq yanmaqdır...") təsirindəndir. Yazı müəlliflərinin hamısı onun kədərli ovqatından, yarını itirdikdən sonra qurumayan göz yaşı, həsrət, yanğı içində keçən həyatından bəhs edir, qəm-qüssəsini vəsf etdiyi poetik yaradıcılığından danışır və Sona xanımı ən çox bu prizmadan tanıtmağa çalışırlar. Amma mənə görə Sona Çərkəz bütöv vətəndaşdı, onu bütöv şəkildə, mənəvi zənginliyi, əməli fəaliyyəti ilə təqdim etmək, tanıtmaq da qəhrəmanımızın obrazına bir tamlıq verər...

Sözümün bu yerində ordan davam edim ki, Universitet Sona müəllimdən ötrü bir məbədgahdı, həyat romanının - Çərkəzli-Çərkəzsiz günlərinin sevincli-kədərli xatirələrinin hafizəsini közərtdiyi, ruhunu alışdırdığı yuvası, doğmaca odasıdır. Taleyini Universitetlə bağlayan Sona müəllim həyat məktəbinin böyük hissəsini də burda keçib. Olmasaydı Universitet həyatı, Sona Çərkəz dərdini, kədərini müdrikcəsinə çəkəmməz, həm də nümunəvi pedaqoq kimi püxtələşə bilməzdi ki! Dərs dediyi, yetişdirdiyi tələbələrinin özlərinin də etiraf etdikləri kimi, Sona Çərkəz ilk növbədə onların həyat müəllimi oldu. Ən başlıcası, tələbələrinin mənəvi anası olmağı bacardı. Gənclərə böyük qayğısı, məhəbbəti də Sona müəllimi onların gözündə ucaltdı. Zatən balalarımızın sağlam ruhda böyüməsindən ötrü belə bir qayğı və doğmalıq çox vacibdir. Kollektivində hamıyla doğmalaşan Sona müəllim heç kəsin zəhmətini, əməyini itirmədi, unutmadı. Elə hər zaman da gözündə-könlündə əziz insanlar kimi xatırladığı bu şəxsiyyətlərin adları dilindən düşmür.

Sona xanım xatırlayır ki, universitetə gəldiyi ilk vaxtlardan Çərkəz müəllim mərhum professor Firidun Hüseynovla dostlaşdı, qardaş oldu. Eləcə də elmi-ədəbi əlaqələrində, pedaqoji fəaliyyətində həmfikir, məsləkdaş olduğu insanlar - yazıçı, tənqidçi, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev, akademik Nizami Cəfərov, professorlar Tofiq Hacıyev, Fəridə Əlixanova, Yəhya Seyidov, Azad Nəbiyev, İfrat Əliyeva... Çərkəz müəllimin elmi-ədəbi mühitdə, Universitet həyatında doğmalaşdığı, bölüşdüyü insanlar oldu. Çərkəz müəllimdən sonra bu böyük şəxsiyyətlər (həyatda olanlar) eyni isti münsibəti, doğmalıqları ilə Sona xanımın yanında oldular. Dostlar bu qadının simasında Çərkəzi gördülər, onun ikinci həyatının davamından bir mənəvi rahatlıq tapdılar.

Doğru deyirlər ki, dünya yaxşı adamlardan xali deyil. Sona Çərkəzi sevənlərin sırası belə insanların sayəsində heyrət doğuracaq qədər böyüyür, genişlənirdi. Bu vəfalı, sədaqətli, vüqarlı qadının saf təbiətinin, ülvi sevgisinin hərarəti ürəkləri nurlandırırdı. Onun Azərbaycan qadınına xas olan keyfiyyətlərini bir çox qələm adamları yazılarında vəsf edirdilər. Onların hər biri Sona xanıma öz baxış bucağından yanaşsalar da, həyatının ömür işığı Çərkəz müəllimdən sonra qadının yaratdığı Çərkəzli dünyasının cazibəsinə maraqlar daha böyük məna kəsb edirdi. Haqqında ilk yazını mərhum Xalq şairi Bəxtiyar Vahabzadə, ilk şeiri də professor Teymur Əhmədov yazdı. Bundan sonra Sona Çərkəz milli-mənəvi dəyərlərə söykənən həyatının ictimai əhəmiyyət kəsb etməsilə çoxlarının diqqətini cəlb etdi. Elə müəlliflər oldu ki, Sona xanımın həyatına bir neçə dəfə müraciət etdilər. İndi də bu yazıların sırasında Esmira Çərkəzqızı, Aynur Bəşirli, Əntiqə Qonaq və bu məqamda adlarını unutduğum bir çox söz xiridarlarının qələm məhsullarında bu mükəddər, həm də mükəmməl qadının obrazı əzəmətlə yaradılmışdı. Sona xanım dərdinin ürəyini basıb əzdiyi, hətta məhvə sarı sürüklədiyi vaxtlarda ona qayğı göstərən atasının dostu, milli mətbuatımızın tanınmış simalarından olan Rəşid Mahmudovu həmişə böyük ehtiramla xatırlayır. Rəşid müəllim onun dərdini, təəssübünü öz balası kimi çəkdi, Sonaya, qələmdən ayrılma, dedi. Onun bir kitabını çap etdirdi. Sona xanımın özü də dözümü, dəyanəti, qədirkeşliyi, xeyirxahlığı, nəcibliyi, səliqə-sahmanı, prinsipiallığı ilə yaddaşlara naxışlandı...

Sona Çərkəzlə onun Universitet həyatından çox danışmışıq. Belə məqamlarda onu həmişə diqqətlə, bir qədər də alüdəliklə dinləmiş, müsahibimin saflığına, qədirkeşliyinə, unutqan olmadığına qibtə etmişəm. Xəbər alanda ki, Universitet sizdən ötrü hansı maraqları kəsb edir... Həmin anda elə bil ayın qabağını almış buludlar pərən-pərən olur. Gözlərinin işığı üzünə təbəssüm kimi saçılır... Deyir, Universitet Çərkəzlə mənim ikinci evim olub. İllərlə onunla bu evin qapısından böyük sevinclə, ürək açıqlığı ilə keçib, həmin fərəhlə də öz yuvamıza qayıtmışıq. O, təkcə həyat yoldaşım deyil, dostum, həmkarım, dərddaşım, sirdaşım idi... O, gözlərini əbədi yuman günü 3 iyunda dolu yağdı. Yayın belə bir cırhacırında dolu Şuşada, Gəncədə yağar, Saatlıda yox ki. Həmin gün göydən dolu yox, sanki daş yağırdı... Onda düz 7 gün onu gözlədim, ölümünü qətiyyən qəbul etmirdim...

Çərkəzin ölümü bütün universitetdə, ələlxüsus da işlədiyi filologiya fakültəsində ağır qarşılandı. Ondan sonra Universitetə arxa qapıdan girib-çıxırdım, heç kəslə rastlaşmaq, ağır kədərimlə kimisə qəmləndirmək istəmirdim. Həmin vaxtlarda İfrat Əliyeva mənə çox dayaq oldu. Tofiq Hacıyev deyirdi ki, Sona dərdini də mədəni çəkir, heç kəsin qarşısında əyilmir. Ondan sonra düz 15 il mənə çox ağır oldu. Taleyimdən, doğma Universitetimdən küsdüm. Ədibə Paşayeva kafedramıza gələndə məni doğma Universitetimlə barışdırdı, yaşamağa, işləməyə, fəaliyyət göstərməyə, konfrans və simpoziumlarda iştirak etməyə ruhlandırdı. Ədibə xanım ürəyimin sınıqlığını bildiyi üçün həmişə mənə diqqət göstərib. Elə işlədiyim kafedranın əməkdaşları da mənə qarşı həmişə mehriban, həssas olublar. Hər zaman onlarla rahatca dərdləşir, bölüşürəm. Yadlar məndən yorulmadı, amma yaxınlarım bezdilər, usandılar. Bal arıları gülə qonan təki, onlar da eləcə qondular üstümə, güllər solan təki qaçıb getdilər...

Sona Quliyevanın tədqiqat sahəsi rus dilinin metodikasıdır. O, müxtəlif illərdə bir çox elmi məqalələrlə "Dil və ədəbiyyat", "Çağrı" folklor jurnalında çıxışlar etmişdir. Eyni zamanda, bir sıra elmi əsərlərin, o cümlədən, "Rus dilinin tədrisində tərcümənin rolu" (2003), "Milli auditoriyada rus dilinin tədrisi" (2004), "Rus dilinin intonasiyasının və ritmikasının üzərində iş" (2007), "Rus feillərinin tədrisi prosesi" (2008) kimi monoqrafik əsərlərin müəllifidir.

Sona Quliyeva müxtəlif vaxtlarda ölkəmizdə və qardaş Türkiyədə keçirilən konfrans, simpozium, kurslar, treninqlərə qatılıb. Bu məqamda onların sırasında bəzi mövzular diqqətimi cəlb edir: "Qloballaşma şəraitində müasir pedaqoji elmin aktual problemləri" adlı Beynəlxalq elmi-praktik konfrans (Bakı. 2010), "Gülsüm Çingizin şeirlərində bədii təsvir vasitələri" (V Beynəlxalq Uşaq və gənclik Ədəbiyyatı simpoziumu), "Uşaq yazarı Fatih Ərdoğanın "Onu sevirəm" əsərinin dil və üslub xüsusiyyətləri haqqında" (VII Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı simpoziumu (Türkiyə). Barəsində qardaş ölkənin mətbuatında geniş məqalələr dərc olunub. Özü də bir çox mövzularda qələmə aldığı bədii, publisistik əsərləri ilə Türkiyənin qəzet və dərgilərində bədii, publisistik yazılarla çıxışlar edib...

Sona Çərkəz Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətlərə malik bir şəxsiyyətdir. Fədakar ana, nümunəvi pedaqoq, sədaqətli, etibarılı dost, səmimi, qayğıkeş, mərhəmətli, duyğusal insandır. Bu kamil, mükəmməl şairin, publisistin bir çox əsərlərində gənclərə, vətən övladlarına öyüdü, nəsihəti, yaşadığı təzadlı ömrünün acılı-şirinli gün-güzarı real həyatdan aldığı böyük təcrübəyə söykənir. Elə bu səbəbdən də Sona Çərkəzin poetik təsvirləri oxucuya gerçək nağıl, dastan, roman təsiri bağışlayır. Bu yerdə fikirləşirəm ki, Sözün qüdrətini, onun təsirini, dəyərini Sözlə sirdaş olanlar, Sözlə həyatını yazanlar, Sözlə dərdini ovudanlar, Sözlə bütün acılara, ağrılara qalib gələn Sona Çərkəz timsallı insanlar bilər. Bir qədər əvvəldə dediyim kimi, mən Sona xanımı gerçəkdən abidə qadın kimi tanıdım... Bu nəcib xanım valideynlərinə, doğmalarına, onların da şəxsində yurduna, elinə bağlı bir övladdır, vətən aşiqidir. Ata-anaya əlahiddə bağlılıq, sədaqət, insanlara sevgi, ləyaqət, mərhəmət hissi ilə yaşayan, duyğusallıqla yazıb-yaradan ziyalı vətəndaşdır. Bunlar Sona Çərkəzin təbiətindən gələn doğallıqdır.

Sona Çərkəz bütün insanları xeyirxah, mərd, sözübütöv, sədaqətli görmək istəyir. Fəqət, həyat belə bir mükəmməlikdən uzaq olan insanlardan, etibarsız, vəfasız dostlardan da xali deyil, odur ki, özünün poetik düşüncəsində belələrini tənqid etməkdən də çəkinmir. Yazır ki: Həyat məktəbində öyrəndiklərim, Dünyanı gözümdən bir az da saldı... Evimin başına keçirdiklərim, Bir-bir dönük çıxıb uzaqda qaldı... Yəni mənfəətmiş həyatda hər şey? Mənim ağlım bunu hələ də kəsmir. Yanımdan yörəmdən çəkilməyənlər, İndi bir meh qədər qapımda əsmir...

Hərçənd, 15-dən çox şeir kitabının müəllifi olsa da, Sona Çərkəz özünü şair hesab etmir. Amma Bakı Dövlət Universitetində Humanitar fakültələr üzrə Rus dili kafedrasının baş müəllimi Sona Çərkəz şairdi, özü də dərd şairi. Xatırlatmaq istərdik ki, şeir yazmağı, şair dilində danışmağı xəyalından belə keçirməyən Sona müəllimin uzun illər bir cüt göyərçin kimi qoşa ötdükləri yarını, həyat yoldaşını zalım fələk qəflətən sovurub aparandan sonra ruhunu, qəlbini vəhylə gələn bir şairlik sardı. Sonanın yar itkisi, dost itkisi ürəyini, bütün varlığını sızım-sızım sızlatdı. Bu acılar, yanğılar söz-söz, misra-misra bir sevgi marşına çevrildi, onu oxuyanların, duyanların ruhunu inlətdi. Onsuz qaldığı həyatda adlarını cütləşdirdi, ədəbi mühitdə Sona Çərkəz kimi tanındı. Bir ömürdə iki ömrü yaşamaq Sona xanımın mənəvi amalına çevrildi.

Çərkəz müəllim Sonanın bütün poetik əsərlərinin qəhrəmanı, sevərək vəsf etdiyi ideal obrazı oldu. Belə düşünürəm ki, Sona Çərkəz, Füzulidən üzü bəri dərd şairlərinin poetik incilərindən dərs aldı, onların mənəvi övladlarından biri oldu. Bəxtiyar Vahabzadənin təbirincə desək, "Ədəbiyyatda əsas məsələ dərdin özündə deyil, dərdin ifadəsindədir". Şair poetik düşüncəsilə dərdin möhtəşəmliyini görün necə bir qüdrətlə təsvir edib: "Əgər olmasaydı dəryaca dərdim, Dərdin yoxluğunu mən dərd edərdim". Sona Çərkəz də dərdin insanın həyatında necə bir məna kəsb etdiyini bildiyindən şəxsi kədərini ictimai, mənəvi aspektdən ədəbiyyatın mövzusu edə bildi. Bu da onun yaradıcılığında özəlliklərin, milli-mənəvi dəyərlərin daşıyıcısı olduğunu deməyə əsas verir. Sona deyir ki: "Qınaqlara tuş gəldim, Dərdimdən yazdım deyə, Kəlmələrim sarsıldı, Döndü vergüllər neyə..." Sona Çərkəzi  çəkdiyi ağrıları, sarsıntıları ilə özünə həmdərd sayan Nəriman Həsənzadə onu böyük ehtiramla "dərd ortağım" adlandırıb. Əgər Sonanın poeziyasında kədər həyatın acı üzündən dərs alanların (ən çox da ədəbiyyat adamlarının) qəlbini ehtizaza gətirirsə, əsərləri necə ictimai əhəmiyyət kəsb etməyə bilər...

Mən burda hər iki ustad şairin adını təsadüfən çəkmədim. Sona Çərkəzin şəxsiyyəti və yaradıcılığı haqqında onların fikirləri, düşünürəm ki, ədəbi camedən ötrü də maraqlıdır. Sonanın ailə dəyərlərinə sədaqəti, etibarı Bəxtiyar Vahabzadəni məftun etməsəydi, yazmazdı ki: "Sona xanım, ay mənim millətimin müasir Burla Xatunu, Banuçiçəyi, Həcəri, Siz bu yazınızla məhəbbət və sədaqət rəmzinə çevrilib, öz kitabınızın qəhrəmanı oldunuz. Axı əsl türk Xatunu ömür-gün yoldaşına bəslədiyi böyük sevgisində və ona olan sonsuz sədaqətində həmişə qəhrəman səviyyəsinə yüksəlmişdir".

Sona xanım hələ İlk kitabı "Çərkəzli-Çərkəzsiz günlərim"lə Çərkəz müəllimi tanıyanları və tanımayanları çox duyğulandırdı. Bu kitab Çərkəzin vəfalı, etibarlı Sonasına böyük hüsn-rəğbət qazandırdı. Vaxtilə Nahid Hacızadə AZ.TV-də Çərkəzin ildönümü münasibətilə haqqında "Xatırlananlar" verilişini ərsəyə gətirdi. İldönümü Universitetdə, Filologiya fakültəsində qeyd olundu. Tədbirdə iştirak edənlər Çərkəzin bir alim, şəxsiyyət olaraq mənəvi ucalığından, Sona xanımın Çərkəzsiz günlərindən ürək yanğısı ilə çıxış ediblər. Çərkəz Quliyev özünün cismani yoxluğundan sonra yeni həyatına, mənəvi ömrünə başladı. Qadın ondan sonra fədakar bir ömür yaşadı. Bu ömürdə bir məhəbbət dastanı yaratdı... Qadın sevdisə, o, ürəyində göyərib kök atan bu eşqi çirkablardan qoruyaraq onu zirvədə saxlayır, yaşadır, yaşayır ali hissi.

Sona xanımla vaxtaşırı söhbətlərimizdə onun yaddaşından süzülən əsrarəngiz həyatı barədə hekayətləri məni çox duyğulandırır. Burda dostlarından birinin adını xüsusi məhəbbətlə çəkməsi də mənə xoş təsir bağışladı. Deyir, hazırda qardaş Türkiyə Universitetlərinin birində fəaliyyət göstərən, vaxtilə iş yoldaşı olmuş professor Tamella Abbasxanova-Əliyeva Çərkəz müəllimin az sayda həmkarlarındandır ki, onsuz yaşdığımız 25 ildə nə məni, nə Çərkəzi, nə də övladlarımızı unutmadı. Hər vəchlə ağrıyan həyatıma Sözün qüdrətilə dayaq olmağa çalışdı... Bəli, dostcanlı, etibarlı Tamella xanım Sona Çərkəzin yaradıcılıq istedadına bələd olduğundan onun Türkiyənin bir çox şəhərlərində olan tədbirlərə qatılmasına imkanlar açdı. Onu qardaş ölkədə tanıtdı. Bundan sonra Adana, Tokat, Niksar, Əskişəhərdə keçirilən konfrans, simpoziumlarda iştirakına dəvətlər gəldi. Sona Çərkəzin qatıldığı bütün tədbirlərdə türkçülük amallı çıxışları böyük coşquyla qarşılandı. İqdırda Xocalı faciəsi ilə əlaqədar "İqdır-Azərbaycan Cəmiyyəti"nin dəvəti ilə iştirak etdiyi anım tədbirində özünün ağrılı, həm də parlaq çıxışı, milli faciəmizə həsr etdiyi şeirləri bütün salonu ayağa qaldırdı... 2018-ci ilin iyulunda Türkiyənin Azərbaycandakı səfirliyinin Humanitar şöbəsinin rəhbəri Seyid Əhməd Arslan Sona Çərkəzin "Sözdür mənim sirdaşım" adlı kitabını çap etdirərək Azərbaycan Yazıçılar Birliyində ilk dəfə təqdimatını keçirmişdir. Çıxış edənlər (professorlar - Qəzənfər Paşayev, İfrat Əliyeva, Aysəba Əlizadə... ) kitab haqqında, Sona Çərkəzin yaradıcılığı, eləcə də onun əsl Azərbaycan xanımına xas olan ali keyfiyyətlərindən bəhs etmişlər. Bunlar onu deməyə imkan verir ki, Sona Çərkəz mükəmməl bir şəxsiyyət, pedaqoq, şair, fəal vətəndaş, torpağını sevən, milli ideallara bağlı olan azərbaycanlı kimi ictimai həyatımızda tanınınır və sevilir.

Qeyd etdiyimiz kimi, Sona Çərkəz Universitetə bir övlad məhəbbətilə bağlandı. Universitetbu nəcib, alicənab insanın, pedaqoqun əməyini yüksək dəyərləndirdi. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə "Yubiley medalı" ilə təltif olunanlar sırasında Sona Çərkəzin də adı vardı. Düşünürəm, bu mükafat onun üçün indiyə qədər aldığı "Fəxri Fərman"lardan, ödüllərdən daha əzizdir...

Onu da duyuram ki, Sona Çərkəzin taleyi ilə barışması, özünün özü ilə mübarizəsindən yarandı. Bu fədakar xanım bir daha dərk etdi ki, həyatda hər şey hərəkətdə olduğundan fəaliyyətə, qaynar işlərə ara vermək, adamı ətalətə sürükləyir. İnsan daim işləməyə, çalışmağa, yaşamağa və yaşatmağa borcludur. Həyatın mənası da məhz onun sirli, əsrarlı olmasındadır. Sevdasının gözündə közərən Sona Çərkəzin həyatı belə bir əsrarəngizliyin təcəssümüdür...

 

Şəfəq NASİR,

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 24 yanvar.- S.10.