"Quş dili"ni bilənlərin görüşü

 

YUĞ Dövlət Teatrının repertuarında, artıq iki ildən çoxdur ki, yer alan "Quş dili" tamaşasının simvolik mənasını, sufi, ekzotik fəlsəfəsinə varmaq insandan dəqiq müşahidə "quş dili" ifadəsinin alt-qatına enə bilmək bacarığı tələb edir. Bu tamaşaya bir tamaşaçı olaraq hazırlıqsız baxmaq anlamsızdır.

Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşa yazıçı Təranə Vahidin "Cənnətdən yuxarı" əsərinin səhnə versiyasıdır. Əsərdə aktyorlar Natəvan Qeybani, Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov Ləman Novruzova iştirak edirlər. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.

Əsər əvvəlcə çox adi şəkildə başlayır. Gözdən uzaq bir dağ kəndində hər kəsin tanıdığı bir nəfər ölüb. Onu basdırmaq lazımdır. Əzrayılın öz işinə bəndələrə laqeyd olmadığı bir zamanda insanların bir-birinə qarşı laqeydliyi üzə çıxır. Laqeydlik isə bəşəriyyətin ən böyük bəlası, ağrısıdır. Havadakı şaxta səbəbindən heç kim ölüyə qəbir qazmaq istəmir. Bu vaxtda qoca bağban (Qasım Nağı) bu ağır işi öz öhdəsinə götürür, yerdə qalmış ölüyə qəbir qazır, dəfn edir. Bu kiçik hərəkət onu kənd camaatından fərqləndirir. O, artıq Seçilmişdir. Seçilmişin isə sınaqları ağır olur. Bağban da həyatının ən ağır imtahanı ilə - ilk, məsum sevgisiylə sınanacaq...

Bağban o ölüyə qəbir qazmaqla ilk dəfədir ki, laqeydliyini yerə qoyub sanki. Onun əvvəlki həyatı laqeydliklə doludur. Əsas da özünün özünə olan laqeydliyi. O, sürətlə ötüb keçən zamanın axarında özünü, hisslərini, arzularını salıb itirib, onlardan işıq sürətiylə uzaqlaşıb. İndi isə geriyə dönmək, itirdiklərini zamanın çala-çıxırlı, daşlı-kəsəkli yollarından bir-bir yığmaq zamanıdır. Əlbəttə, onlar hələ sənin salıb itirdiyin yerdədilərsə.

Bağbanın qovuşa bilmədiyi bu sevgisi onun bağına, ağaclarına keçib. O, ağaclarını öz balaları kimi, ilk sevgisi kimi sevir. Ağaclar da onun bu sevgisinə qarşılıqsız deyillər, öz barları-bəhərləriylə bağbanı sevindirməkdə sanki bəhsə giriblər. Amma...

Bir gün meyvələri yığıb bazarda satmağa aparan oğlan bağbana pis xəbər verir. Sən demə, bütün kənddə, bazarda hər kəs bağbanın alma ağacının quruduğunu, onun artıq bəhər vermədiyini danışırmış. Bir bağban üçün bundan böyük təhqir ola bilər ki? O, təkcə alma ağacına deyil, bütün bağdan küsür, bütün ağacları kəsib-doğramaq üçün əlini baltaya atır. Əlbəttə, ilk ünvanı onu camaatın içində üzüqara eliyən alma ağacıdır. Bağban baltanı ağacın üzərinə qaldırsa da, kəsməyə ürəyi gəlmir. El inancına görə, bağban ağacı qorxudanda ağac yaxşı meyvə gətirərmiş. Amma ta belə yox da... Bağban ki ağaca balta qaldırdı, qar yağar... O qar yağır, özü təkcə göydən yerə deyil, bağbanın keçmişindən bu gününə, ilk məhəbbətindən indiki duyğularına...

Tamaşa başdan-sona suallardan ibarətdir. Bu sualların heç birinə cavab verilmir, hamısı açıq qalır. Sanki həm yazıçı, həm rejissor sualları cavablandırmaq öhdəliyini tamaşaçının çiyninə qoyurlar.

 

***

 

Tamaşada sanki dəniz suyunun rənglərinə boyanırıq. Gənc balıqçıdır (Elşən Əsgərov) qəhrəmanımız. Atası kimi ömrü dəniz dalğalarıyla mübarizədə keçən balıqçının xəyalları, arzuları bu dənizin hüdudlarından dəfələrlə uzaqdadır. yazıq ki, gecəsi-gündüzü qayığında, dənizin qoynunda keçən bu gənci bir sual maraqlandırır: "Nəyə görə bütün ömrünü dənizdə keçirən balıqçının öz qazanında iki-üç xırda, yöndəmsiz balıqlar qaynayır?"

Bu balıqçı gah gözəl bir dəniz qızıyla rastlaşır. Onun sevgiylə ilk tanışlığı da məhz bundan sonra başlayır. Amma bu, balıqçının yuxusudurmu, gerçəklikdirmir, bilinmir. Ümumiyyətlə, tamaşadakı hadisələr gerçəkliklə yuxu arasındakı incə bir sərhəddə baş verir sanki. Sonra balıqçı yuxuda qeybdən səslər eşidir. Bu səslər ona vergi verildiyini deyir. Beləliklə, bizim qəhrəmanımız ən xırda canlılar da daxil olmaqla bütün heyvanların, quşların dilini başa düşür. , artıq balıqçı da seçilmişlərdəndir. Bundan sonra başlayır onun sınağı...

Cəmiyyət Seçilmiş insanın düşmənidir. Xüsusən, kimi inandıra bilərsən ki, Süleyman peyğəmbərlə danışan o qarışqanı görmüsən, sən onunla danışmısan? Ya da o cırcırama sənə nələr deyib? O pişik səni necə çağırır?

Bir insanı quş dilini bilir deyə müstəntiqin qarşısına çıxarar, həbs edərlərmi? Edirlərmiş...

Nədir "quş dili"? Şərq Qərb fəlsəfəsində quş dili rəmzlərin, simvolların, işarələrin dilidir. Bu, peyğəmbərlərin dilidir. Quş dilini bilən Allahın dilini bilir. Yəni, quş dili insanlar arasındakı seçilmişlərin dilidir. Belə bir insanın şərə, böhtana, yalana, riyaya, saxtakarlığa yol verməsi mümkünsüzdür. Amma cəmiyyət onlara qarşıdır. özləri baş verənləri sağlam şəkildə qavraya bilirlər, təkbaşına cəmiyyətlə mübarizə apara. Bir gözünü açıb özünü dəlixananın həyətində illər əvvəl bu həyətdə doğulan burdan kənara çıxmayan pişik balasıyla söhbət edərkən tapır.

 

***

 

Təranə Vahidin yaradıcılığına bələd olan biri kimi onda əsasən sadəlik, həqiqi həyat hadisələrinin asan və anlaşıqlı dillə təhkiyəsi diqqətimi cəlb edib həmişə. Amma "Quş dili" tamaşasında rejissor Ə.Əliyev yazıçının demədiyi, fəqət alt qatda gizlədiyi bütün simvolları, işarələri mənalandıra bilir. Kiçik bir məkanda hadisələr o qədər sürətli cərəyan edir, metaforlar bir-birini elə sürətlə əvəz edir ki, bəzən bu, tamaşaçının fikirlərində qarışıqlıq yaradır, hardasa hadisələrin axarını itirir. Geri dönüş və yenidən hadisələrin içərisinə girmək isə vaxt tələb edir.

Məkan ağ-qara rənglərlə əhatələnib. Aktyorların geyimi də, səhnə tərtibatıdı da qaradır. Bu qaranın içərisində bircə isə bağbanın köynəyidir. Sonradan epizodlar dəyişdikcə geyimlər də, dekor da dəyişir. Ara-sıra okean suyunu ifadə edən parça da görünür. Qara necə sabit idisə, hər daim hərəkətdədir. Gah bir su kimi, gah da düşüncə, enerji axını kimi.

Əsərdə səhnələr elə qurulub ki, aktyorun mətnə söykənmək, ya da mətndə gizlənmək şansı yoxdur. Heç rejissor da buna cəhd etməyib. O, sufi fəlsəfəsi, Şərq və Qərb düşüncə tərzi və yenilikçi teatr qanunauyğunluqlarıyla əsərini zənginləşdirməyi, az qala hər işarəni, hər hərəkəti dilləndirməyi bacarıb. Tamaşanın əvvəlindən sonuna kimi romantik əhval-ruhiyyə heç səngimir, hərəkətlərlə, dinamizmlə zəngin səhnə əsərinin tempini normallaşdırmağa xidmət edir.

Tamaşa əvvəldən sona kimi izləyicisinə quş dilini öyrətməyə çalışır. Quş dili geniş mənada insanların həm qurtuluşu, həm də cəzasıdır...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 24 yanvar.- S.8.