Moskvada Polad Bülbüloğlunun 75 illiyi
qeyd olunub
Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli
bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik
yubileyi ərəfəsində
yanvarın 22-də Moskvada
"Dostlar məclisi"
("Veçer dlə
druzey") adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, Moskva
Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq
"Bakı" mahnısı
ilə açıb. Rusiyanın Xalq
artisti Sergey Skripkanın
rəhbərliyi altında
Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə
Polad Bülbüloğlunun
milyonların sevə-sevə
dinləndiyi mahnıları
səslənib. Yubilyarı təbrik
edənlər arasında
qızı Leyla, oğlu, gənc dirijor Murtuza, nəvəsi Anna da var idi.
Gecənin aparıcısı, Rusiya
Prezidentinin Beynəlxalq
mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy, TASS İnformasiya
Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman, kinorejissor Yuli Qusman, Rusiyanın
Xalq artisti Lev Leşenko, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və
başqaları çıxışlarında
Polad Bülbüloğlunu
sədaqətli dost, görkəmli
bəstəkar və müğənni, məharətli
diplomat, müdrik insan,
Azərbaycanı sonsuz
məhəbbətlə sevən
vətənpərvər kimi
səciyyələndiriblər. Çıxış edənlər onun
dahi Bülbülün
oğlu, böyük sənətkarlar Üzeyir
Hacıbəyli və
Dmitri Şastokoviçin tələbəsi
Qara Qarayevin yetirməsi olduğunu diqqətə çatdırıblar.
Səhnədə quraşdırılmış ekranda Polad Bülbüloğlunu
həyat yolunda müşayiət edən
insanlar - ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, sənət dostları və həmkarları canlanıb.
Polad Bülbüloğlu yubiley
konsertində iştirak
edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü
bildirərək deyib:
"Çox şadam
ki, bu konsert
baş tutdu. Çoxdandır ki, oxumurdum.
Axırıncı dəfə
beş il
bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Şadam ki, zal dolu idi, pərəstişkarlarım
gəlmişdi. Azərbaycan musiqisinin
Moskvanın mərkəzində
səslənməsi məni
qürurlandırır. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük
zövq aldım.
Yenidən səhnədə olmağıma çox şadam. Yaxın günlərdə Bakıda, Heydər Əliyev Sarayında da konsert verəcəyəm.
İndi ona hazırlaşırıq".
Gecənin qonaqları Polad
Bülbüloğlu haqqında
fikirlərini AZƏRTAC-ın
müxbiri ilə bölüşüblər:
Rusiya Federasiya Şurasının
sədri Valentina Matviyenko bildirib: "Söz tapa bilmirəm,
emosiyalarım aşıb-daşır.
Nostalji hislər keçirdim.
O, parlaq bəstəkar,
parlaq müğənnidir.
Onun hitə çevrilmiş bütün mahnılarını
özü ilə birlikdə oxumaq istəyirsən".
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu fikirləri önə çəkib: "Polad Bülbüloğlunun ifasını
Sovet İttifaqı kimi nəhəng bir ölkənin xalqı alqışlayırdı.
Elə indi də həm
Azərbaycanda, həm
də Rusiyada, MDB-nin digər ölkələrində milyonlar
onu sevməkdə, yaradıcılığını qiymətləndirməkdə davam
edir, çünki onun həyat və yaradıcılığı
musiqi mədəniyyətimizin
parlaq səhifəsidir".
Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov deyib: "Bu gün Moskvada yaşayıb, qəlbən hər zaman Bakı ilə olanlar üçün əlamətdar gündür. Bu gün sevimlimiz Polad Bülbüloğlunun 75 illik yubileyini qeyd edirik. O, hər cəhətdən unikal insandır. Mən onu həm dostluq, həm ifaçılıq sənəti, həm bəstəkarlıq sahəsində dünya çempionu adlandırardım. Şübhəsiz ki, o, həm də müasir dövrümüzün görkəmli diplomatıdır. Mənim əziz dostum Mixail Qusman da bu günlər yubileyini qeyd edir. Biz onunla 40 ildən artıqdır ki, tanışıq. Hələ sovet dövründə gənclər təşkilatında birgə işləmişik. Mən Rusiyada yaşayan bütün azərbaycanlıları bu iki yubiley münasibətilə təbrik edirəm".
Federasiya
Şurası Beynəlxalq məsələlər komitəsinin
sədri Konstantin Kosaçyov bildirib: "Polad
Bülbüloğlu şəxsiyyətinin
böyüklüyü mənim üçün onun
insanların qəlbində tutduğu yer ilə
ölçülür. Biz
hamımız onun mahnıları ilə böyümüşük. Onun
həyata, insanlara münasibəti bizim hamımız üçün
nümunə olub. Mən Polad
Bülbüloğlunu özümə
müəllim hesab edirəm. O, nə
yaradıcılığında, nə diplomatiyada,
nə də həyatında heç zaman xaric tonlara
yol verməyib. Polad Bülbüloğlu çətin missiya yerinə yetirir.
Ümumiyyətlə, onun heç
asan missiyası da
olmayıb. O, hər zaman yüksəklərdə
olub və mən ona bu səviyyəni hər zaman
qorumağı arzu edirəm".
"Soyuzmultfilm"
kinostudiyası İdarə Heyətinin sədri, M.Qorki
adına Kinostudiyanın direktoru Yuliana Slaşyova, NTV
telekanalı Baş direktorunun müavini Timur Vaynşteyn də
yubilyar haqqında yüksək fikirlər söyləyiblər.
525-ci qəzet.- 2020.- 24 yanvar.- S.8.