"... Min bir məlhəm vuralar, yarandan şeir çıxa...
AY Bəniz ƏLİYAR
Şairə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
İndi
sən orda tənha,
tək, qadınsız,
buz kimi.
söyürsən öz-özünə
bəxtə, uğursuz
kimi.
Böyrün ağrıyır yenə,
kir tutubdu divanın.
xəyallarda gəzməkdən
yırtılıbdı dabanın.
Zamandan da yeyindi,
sənin həsrətin,
yeyin.
dovşan qorxaqlığı
var,
tülkü hiyləgərliyi...
Açırsan telefonu,
kimə mesaj yazasan?
sən bugünki xətakar,
sən dünənki qəzasan.
Qapın
nə yaxşı yoxdu,
əlin də yox açası.
qurumlayıbdı çoxdan
gözlərinin bacası.
İndi
sən orda tənha,
kim açacaq buzunu?
unutduğun qadınla
dondurmusan özünü.
lll
Biri üçün nur idin,
biri üçün
qaranlıq.
Biri üçün xaniman,
biri üçün
viranlıq.
Sevdin, qalib sayıldın,
sevildin, yenə uddun.
Dünyanı alta-üstə
çevirdin, yenə
uddun.
Səadətdə dilin yox,
xoşbəxtlikdə səbəbin.
Sevgin daha güclüdür
məlhəmindən təbibin.
Hardasa qız cocuğu,
hardasa qadın idin.
Bir köynək doğmaların,
bir köynək yadın idin.
Yox, sən belə deyildin...
yox, s ən elə beləydin.
Nə dünyaya gələydin,
nə dünyadan gedəydin.
Səni
bir ömür adlı
dərdlə tanışdırdılar.
Danışdırdın, susdular,
susdun, danışdırdılar.
Sən mələk olmalıydın,
mələk qala bilərdin.
Mələk olmasan da lap,
çiçək ola bilərdin...
lll
Yağış yağdı,
dünyanı
ağ yudu, qara sərdi.
Gün qurudur, deyirlər,
qurumur - hara sərdim.
Yağış yağdı,
göyərtdi
dərdlərimi yenə
də.
Gözdə sel oldu,
amma
söz lilləndi sinədə.
Nə ürəyim dözəndi,
nə ağıla gəlmirəm.
Bu yağışın əlindən
hara qaçım, bilmirəm.
Bu yağışın üzündə
nə qəm desən yeri var.
Dənə-dənə ağrıdı,
damla-damla intizar.
Addım-addım gedirəm,
bulud tutub hər qarış.
Çətir tutan qadının
nəyin sevsin bu yağış?
lll
Canın
elə ağrıyar,
Yer gəzərsən
qoymağa.
Bir sevda bəs eyləməz
Bu həyatdan doymağa.
Fikrin bitməz, tükənməz,
Çəkərsən min bir qaba.
Poçt
qutusu gəzərsən
Əlindəki məktuba...
Bir çiçək kimi
solar,
Ümidlərin tükənib.
Əlin
ətrinə batar,
Ayağına tikanı...
Gedən
heç nə aparmaz,
Nə qalar xatirində?
Qızdırmalı xəstətək
Üşüyər xatirən də.
Canın
elə ağrıyar,
İşləyər iliyinə.
Göz yaşların sığınar
Köhnə gündəliyinə.
lll
Dünya
düşsün ayağıma,
Yenə gözündə cəm olum.
Sözə dəymə, balamdı
o,
Balama qurban mən olum.
Tale oynasın min oyun,
Ömür ləzzətindən doyum.
Yenə
kədərlə qolboyun,
Yenə
sevincdən gen olum.
Düşüm yolların ucuna,
Görüş yazılıb haçana?
Əllərim yetmir saçına,
Dönüm saçında dən olum.
Ən doğmam ol, ən əzizim,
Ən safım
ol, ən təmizim.
Ay mənim "ən"tək
ləzizim,
Belə "ən"lərə tən
olum.
lll
Bir ev tiksəm
özümə,
ipək pərdəsi AYlı.
Qapısı qoşma olsa,
pəncərəsi gəraylı.
Ev tiksəm,
ev,
hər bənddə
gen olsa kef-damağı...
Müqəddiməsi olsa:
"Xoş gəlmisən,
qonağım!"
Ev tiksəm sətir-sətir,
görən tapılar
tayı?
Əruzdan çıraq olsa,
qəsidədən çarpayı.
Vərəq-vərəq tikilsə,
misra-misra ucalsa.
Gələcək günlərimdən
mündəricatı olsa.
Ağ şeir kimi axıb,
dönsə işıq
selinə.
Xoş nəğmə kimi qonsa
adamların dilinə.
Süfrəsini hər sabah
bayatıyla bəzərəm.
Sevərəm balam kimi,
laylay deyib gəzərəm.
lll
Yenə
ad günümdü, yenə
şad günüm,
Adımın gününü qeyd eləyirəm.
Yenə
gözləyirəm yolunu
sənin,
Yenə yoxluğunu dərd eləyirəm.
Sən mənim qəlbimi fəth eləməkçün,
Göydən ulduzları dərib qopardın.
Daha bilmədin ki, bu zavallının
Sənin
ürəyində nə
işi vardı...
Kim çəkə bilər
ki ürək çəkəni?
Özü öz yükünü çəkir, deyərdim.
Bağban
ediblər ki, bu ömrə məni,
Hər yaşın
üstündən bir
yaş göyərdim.
Bu gün də gəlmədin, nə deyim sənə,
Özümlə bitirdim sorğu-sualı.
Sən məni bir eşqin
boş badəsinə
Doldura bilmirsən,
yarımçıq qalır.
Necə
gəlib keçir illər üst-üstdən,
Yaşın artımını hiss etmir ürək?
Səninlə yenidən doğulmuşam
mən,
Doğum günümü də dəyişəm gərək.
lll
Ürək sevməyəndə çox
çətin olur,
Ən gözəl
hisslər də düşür pis günə.
Adi gülüşü də,
şirin sözü də
Bəxş edə bilmirsən səni sevənə.
Hisslər qarşılıqsız, sənə kar etmir,
Bu eşqin ömrünü
qısa bilirsən.
O sevir, sevginin gözləri görmür,
Sənsə görə-görə susa bilirsən.
Ürək sevməyəndə çox
çətin olur,
Günü yola verib ötüşdürürük.
Bir qəlbin ölümü baş verir, amma
Nə gözdə
yaş olur, nə beyində yük.
Bu, çarəsizliyin başqa
bir adı,
Heç sən də olmursan elə sən kimi.
Bu ağrı-əzabın dadı
başqadı,
Elə acı oluuuur, deməyən kimi.
Ağacı sevməsən küsmür,
ağacdı,
Yolları sevməsən küsmür,
yox canı.
Axı əzab çəkir adam sevəndə,
Necə anlamasın insan insanı?!
lll
Şeirlərim qız qarıdı,
Yazdılar adıma mənim.
Nə ürək, nə göz yarıdı,
Kim çatsın dadıma
mənim?
Biri ad qoydu "boş həvəs",
Biri söylədi, həzdi, həzz...
Bu ömür deyildimi bəs
Yeyilən "şotuma" mənim?!
Bu şeir qızmı,
qarımı?
Yoxdu yozumu, yorumu.
Götürün kitablarımı
Yandırın oduma mənim.
Şairlik - bu da bir baxtdı,
Qəlblərdə qurulur taxtı.
Dönəcəm, dönməli vaxtda,
Salarsan yadıma
mənim.
***
Hələ də xoş səsin gəlir,
Gəlir, qovuşa bilmirəm.
Səsin
tər yovşan ətridir,
Hələ yovuşa bilmirəm.
Gözlərin qəm iyi verir,
Yaman diridi, dipdiri...
Əllərin yuxuma girir,
Tutub yapışa
bilmirəm.
Bu dünya olum-ölümdə,
Nə var sıxmışam əlimdə.
Elə bir sirr var
dilimdə,
Dinib-danışa bilmirəm.
***
Qaz, qaz, quyu deyil
haa,
dərindən şeir
çıxa.
Siləsən göz yaşını,
yerindən şeir
çıxa.
Ən dərin söz yaralar...
Sözə divan quralar...
Min bir məlhəm vuralar,
yarandan şeir çıxa.
Hər hissdə
hər söz təzə.
Sevib girəsən
gözə.
Tor atasan hər sözə,
torundan şeir çıxa.
Əcəl gələ... sönəsən...
Əcəli də yenəsən.
İstəyəndə
dönəsən,
gorundan şeir çıxa.
***
Kim idi başını qatan,
kim idi haqqını yeyən,
Kim idi əlindən tutan,
kim idi dizinə döyən,
bilmirsən ki?
Kimin ocağına düşdün,
kimin körpüsündən
keçdin,
kimin ayağına düşdün,
kimin başına and
içdin,
bilmirsən ki?
Kimə yanaraq ağladın,
kimə ovunub toxdadın,
kimə ümidi bağladın,
kimə söykənib yoxladın,
bilmirsən ki?
Kimi çağırdın gəlmədi,
kimi başına tac etdin,
kimi öldürdün ölmədi,
kimi bağışladın,
getdi,
bilmirsən ki?
Kimdə
yandı qaranlıqlar,
kimdə işıqlar
çəkildi,
kimdə düşdü
viranlıqlar,
kimdə yarpaqlar
töküldü,
bilmirsən ki?
Kimdən
üzdün əllərini,
kimdən gözlərini
çəkdin,
kimdən aldın
yollarını,
kimdən? kimdən???
...biləcəkdin,
bilmirsən ki?
Bilmirsən...
525-ci qəzet.- 2020.- 25 yanvar.- S.23.