Müharibə kabusuna qalib gələn Nizami dühası

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" adlandırması olduqca mühüm hadisədir.

 

Böyük Nizaminin 880 illik yubileyi ərəfəsində belə bir Sərəncamın imzalanması bir daha göstərir ki, cənab Prezident ən gərgin şəraitində də xalqımızın ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində böyük xidmətləri olan görkəmli övladlarının ehtiramla yad olunmasının, onların irsinin geniş təbliğ edilməsinin qayğısına qalır.

 

880 il bundan əvvəl dünyaya gələn Nizami Gəncəvi ömrünün axırına kimi qədim Gəncə şəhərində yaşamış, burada boya-başa çatmış, bu doğma şəhərdə təhsil almışdı. Nizami elmə, sənətə olan hədsiz marağı nəticəsində, müstəqil mütaliə yolu ilə müxtəlif elm sahələrinə (fəlsəfə, astronomiya, tibb, həndəsə və s.) dərindən bələd olmuş, dünya mədəniyyətinin, xüsusilə, yunan, ərəb, fars, Qafqaz xalqlarının tarixi ilə maraqlanmış, onların tarixini, folklorunu dərindən öyrənmişdi. O, doğma Azərbaycan dilindən başqa, ərəb, fars dillərini də mükəmməl bilmiş və yunan, eləcə də bir sıra başqa dillərə də bələd olmuşdu. Nizami dühasının məhsulu olan misilsiz əsərlər dünya ədəbiyyatının ən parlaq inciləri sırasındadır.

 

Tale elə gətirib ki, dahi Nizaminin 800 illik yubileyi də müharibə dövrünə düşüb. İndi isə onun 880 illiyi Vətən müharibəmizdən qısa bir müddət sonra qeyd edilir. Qarabağ torpaqları azad edildikdən sonra ərazilərimizin bərpası üçün qarşıda çox sayda mühüm və vacib vəzifələr dayansa belə, dövlət başçımızın iradəsi sayəsində Nizaminin yubileyi diqqətdən kənarda qalmadı, indi şairin 880 illiyinə böyük hazırlıq işləri aparılır.

 

Bütün bu məsələlərlə bərabər, məni hədsiz qürurlandıran, duyğularımı qanadlandıran bir hadisə barədə düşüncələrimi möhtərəm oxucularla bölüşməyi özümə borc bilirəm. Bu həyəcanlı hadisə 1941-ci ilin 17 oktyabrında Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin alman faşistləri tərəfindən blokadada olduğu bir vaxtda baş verib.

 

Böyük Nizaminin 800 illik yubileyinin İttifaqın hər yerində keçirilməsinə qərar verilmişdi. Lakin gözlənilmədən Böyük Vətən müharibəsinin başlaması buna mane oldu, yubileyin keçirilməsi təxirə salındı. Blokadada qalan Leninqradda isə bu təxir qərarı icra olunmadı və yubiley burada keçirildi.

 

Gorkəmli rus şairi Nikolay Tixonov Azərbaycanın görkəmli şairi Nəriman Həsənzadəyə yazdığı məktubda bu maraqlı hadisəni çox təsirli dillə ifadə etmişdi. N.Tixonovun "Bir həyəcanlı hadisənin tarixi" adlı xatirəsində oxuyuruq: "Böyük məsul ictimai işlər indiyədək mənə imkan vermirdi ki, sizi maraqlandıran məsələ barədə yazım. İndi mən məzuniyyətə çıxmışam, oturub sizə məktub yazıram ki, sonraya qalmasın.

 

Siz Böyük Vətən müharibəsinə həsr olunmuş epik poema üzərində işləyirsiniz və istəyirsiniz ki, mühasirəyə alınmış Leninqradda Nizaminin xatirəsinə həsr edilmiş yubiley gecəsini hansı vəziyyətdə keçirdiyimizi mən təzədən xatırlayım və sizə yazım.

 

1941-ci ilin payızı idi, mən Leninqrad cəbhəsindəki siyasi idarənin nəzdində fəaliyyət göstərən yazıçılar qrupunun rəhbəri idim. O zamankı ən dəhşətli döyüşlər zamanı bizim şəhər faşist təyyarələrinin arasıkəsilməz, həm də çox ağır hücumlarına məruz qalırdı. Xüsusi və ən ciddi əmr verilmişdi. Bu əmrə görə Smolnı binasında olan komandirlər - cəbhə qərargahı və hərbi şura da bu binada yerləşirdi - hava həyəcanları zamanı bir itki olmasın deyə sığınacaqlara düşməli idilər. Orada yerin altında mənzillər hazırlanmışdı. Hava hücumları zamanı yarımçıq qalan işlərimizi orada davam etdirirdik. Telefon da var idi ki, əlaqə heç vaxt kəsilməsin. Smolnıda hava həyəcanları zamanı mülki paltar geyən adamları da məcbur edirdilər ki, oraya düşsünlər. Bax, belə bir kədərli günlərin birində sığınacağın dəhlizində mən ahıl bir adamla qarşılaşdım... Onun gözlərində gənclik odu yanırdı, səsi gur, aydın və hərarətli idi. Bu ciddi insan - alim Ermitajdakı ən qiymətli şəkilləri, heykəlləri, skif qızıllarını və başqa var-dövləti qəhrəmancasına ən uzaq arxa cəbhəyə vaxtında köçürə bilmişdi. Bu adam İosif Akbarovic Orbeli idi. Biz yaxından tanış idik. Məni görən kimi əlini havada yelləyib ucadan dedi:

 

- Elə siz mənə lazım idiniz...

 

- Buyurun, nə olub?

 

- Məsələ belədir ki, biz böyük bir yubiley keçirməliyik, Nizaminin 800 illiyini. Siz bunu unutmamısınız ki?

 

- Mən unutmamışam, ancaq bilirsinizmi bütün ətraf...

 

Qulağımıza uzaqda partlayan təyyarə bombasının səsi gəldi, topların şaqqıltısı eşidilirdi. Bizim ətrafımızda düşmən üçün ölümcül olan müdafiə xətti yaradılmışdı (İndi hər nə danışıramsa, əlbəttə, hamısı pərakəndə xatirələrdir. Vaxtilə bunların hamısını olduğu kimi yazmışam və hekayə "İzvestiya"da çap olunub. Gərək ki, 1964-cü ildə idi, tarixinin düzlüyünə cavabdeh ola bilmərəm. İndi o mətni axtarıb tapmaq çətindir).

 

 

 

O vaxt Orbeli ehtiras və həyəcanla dedi ki, bütün Sovet İttifaqı bu bayramı qeyd edəcək, amma biz yox. Bu, biabrçılıqdır. Şəhər ölüm və həyat uğrunda vuruşduğu bir vaxtda da Leninqradda bu iş olmalıdır.

 

O, yubiley gecəsini keçirmək barədə öz planlarını danışmağa başladı. Elə inandırıcı danışırdı ki, onu siyasi idarənin rəisinin yanına apardım, daha doğrusu, özüm də onunla getdim. Onu təqdim edərək, istəyi barədə izahat verdim. Sərt hərbi qayda-qanun görmüş rəis birdən-birə başa düşə bilmədi ki, sinəsi ilham dolu bu qocanın alimləri, yazıçıları, artistləri bir yerə yığıb böyük şairin yubileyini keçirməkdə məqsədi nədir?

 

- Bəlkə birdən həmin vaxt Ermitaja bomba düşdü, siz bunu təsəvvür edə bilirsinizmi? Leninqrad ziyalılarının nə qədər gözəl nümayəndələri qırıla bilər! - Rəis bütün sərtliyi ilə dedi.

 

Ancaq Orbeli hirsli-hirsli cavab verdi:

 

- Mən almanların bombalamaq üsulunu öyrənmişəm. Onlar eyni saatda bombalayırlar. Biz iclasımızı bu hücumların arasında keçirəcəyik. Bizdə o zamankı incəsənət kolleksiyalarından bəziləri qalıb - tunc silahlar... Elə edərik ki, Nizami dövrü hiss olunar. Ancaq siz cəbhədən məruzəçini buraxdırmalısınız.

 

- O, indi hardadır ki?

 

- Hardasa Psko

 

v ərtafında. Onlardan biri olmasa, yəni əsas məruzəçi kapitan Dyakonovsuz keçinə bilmərik. Mən - o, özünü göstərdi - alimlər adından giriş sözü deyərəm, bu - məni göstərdi - yazıçılar adından bir neçə söz deyər. Sonrası öz-özünə gedəcək.

 

...Yubiley baş tutdu. 1941-ci il oktyabrın 17-də Ermitajın salonlarının birinin mühafizəçisi olan Mixail Mixailovic Dyakonov səngərdən gəlib məruzə oxudu. Orbeli elə bir nitq söylədi ki, onu sürəkli alqışlarla qarşıladılar. Mən də danışdım. Sonralar "Leninqrad hekayələri"nə daxil etdiyim "Nizami" hekayəsini yazdım. Hər şey təntənəli və həyəcanlı keçdi, çünki Orbeli ilə mənim qulağım səsdə idi ki, görəsən, növbəti hücum nə vaxt başlayacaq? Ermitajın hərbi paltar geymiş işçiləri tərəfindən, Nizaminin tərcümə olunmuş şeirləri oxunub qurtaran kimi Orbeli işarə verdi ki, iclası bağlayaq. Biz sahilə o vaxt çıxdıq ki, artıq hərbi gəmilərdəki toplar öz lülələrini göyə qaldırmışdı. Sonra heç on addım getməmişdik ki, həyəcan səsi eşitdik və ilk atəş açıldı. Orbeli, doğrudan da, vaxtı düz hesablayıbmış. Biz bu böyük şəhərdə Azərbaycan xalqının dahi oğlunun 800 illik yubileyini belə qeyd etdik. Sonra mən Orbeli ilə görüşdüm və öz xəbərimlə onu heyrətləndirmək üçün dedim ki, bilirsiniz, əziz İosif Akbarovic, Sovet İttifaqında Nizaminin yubileyi təxirə salınıb. Siz qorxurdunuz ki, hamı bayram edəcək, biz yox, ancaq elə bircə biz bayram etdik...

 

İosif Akbaroviç başını yuxarı qaldırıb böyük məmnuniyyət hissi ilə cavab verdi ki, bu, lap yaxşı olub! Həm də mühasirə edilmiş şəhərdə mədəniyyəti məhv edən, bəşəriyyətin qənimi olan düşmənin acığına biz Nizamini bayram etdik. Biz düşmənə zərbə vurduq, biz onun bombalarına və hücumlarına istehza elədik. Biz öz sözümüzü dedik. O söz bütün dünyaya məlum olacaq. Bizim xələflərimiz öz sələflərinin bu qəhrəmanlıqları ilə fəxr edəcəklər. Dayan bir, biz hələ Nəvainin də yubileyini bayram edəcəyik... Amma bir az sonra.

 

Onu məhv etmək üçün düz Leninqrada qədər gəlmiş düşmənlə ölüm-dirim vuruşunda qalib gəlmiş saqqallı maqlar kimi o, öz əzəmətli və inamlı addımları ilə uzaqlaşıb getdi.

 

 

 

Biz bilirdik ki, saysız-hesabsız Sovet ordusunda bütün Sovet İttifaqı xalqlarının oğulları, o cümlədən, Azərbaycanın mərd oğulları da vuruşurlar" (N.Tixonov, "Azərbaycan dəftəri" kitabı, səhifə 99-104, Yazıçı, Bakı 1979).

 

Nikolay Tixonovun çox böyük sevgi hissi ilə yazdığı bu xatirəni oxuyub qurtarandan sonra düşünür, xəyallara dalıram. Düz 80 il bundan əvvəl dəhşətli müharibə şəraitində belə, əsl qəhrəmanlıq nümayiş etdirərək Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin 800 illik yubileyini hörmət və məhəbbətlə, təntənəli şəkildə qeyd edən fədakar insanların ruhu qarşısında baş əymək istəyirəm. Onlar həmin yubileyi Ermitajın dəhlizində keçirəndə bilirdilər ki, bu risk Leninqradın böyük ziyalı ordusunun məhvi ilə nəticələnə bilər. Onu da bilirdilər ki, həyatları bahasına başa gələcək bu yubileyi sonrakı nəsillər heç vaxt unutmayacaq. Qədirbilən xalqımız da bu tarixi günü heç vaxt yaddan çıxarmamalı, təkrar-təkrar xatırlamalıdır.

 

Respublikamızda, xüsusilə şairin doğma vətəni Gəncə şəhərində bu möhtəşəm yubiley təntənəsinə çox ciddi hazırlıq işləri görülür. Şairin məqbərəsi yenidən təmir olunub, ətrafı yaşıllaşdırılıb və abadlaşdırılıb. Neftçala təhsil muzeyi də öz növbəsində yubileyi qeyd edib, dahi şairin yaradıcılığına geniş nəzər salınıb. Arzu edirik ki, rayonumuzun məktəblərində, mədəniyyət müəssisələrində də Nizaminin yubileyi onun adına layiq keçirilsin.

 

Fikir və düşüncələrimi, professor Y.E.Bertelsin böyük Azərbaycan şairi Nizaminin dünya ədəbiyyatında mövqeyi haqqında fikirlərilə yekunlaşdırıram: "Nizami yaradıcılığı bizim üçün heç cürə izah edilə bilməyən bir möcüzədir. Hər bir fikir onun qələminə öz poetik və bədii ifadə formasında hazır gəlmişdir. Hər halda dünya ədəbiyyatında belə bir hadisəylə yanaşı qoymaq üçün ikinci bir insan tapmaqda mən çətinlik çəkirəm. Nizami üçün heç bir miqyas yoxdur, onu yalnız öz miqyası və öz yaradıcılıq meyarı ilə ölçmək olar". Bəli, budur Nizami böyüklüyü, Nizami dühası!

 

Tədbir MAHMUDOV

 

 525- ci qəzet 2021.- 2 aprel.- S.11.