"Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı"

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Şifahi ənənəli Azərbaycan professional musiqisi onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya Akustika" elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn rejimdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı" mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

 

Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Elmi-praktiki konfransın moderatoru BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, ilk olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirib. Fərhad Bədəlbəyli "Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı" mövzusunda konfransın keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı apardıqları təcavüzkar siyasətlərinin kökü çox qədimlərə söykənir. Ermənilər məqsədyönlü şəkildə daima saxtakarlığa əl ataraq, musiqimizi özününküləşdirməyə cəhd etsələr , buna nail ola bilməmişlər, ona görə ki, Azərbaycanın dəyərli musiqişünas alimləri, elm xadimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək , Azərbaycan müəlliflərinin əsərlərinin folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparmışlar.

 

Tədbirdə "Xor dirijorluq" kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında, fortepiano fakültəsinin Musiqi müəllimliyi kafedrasının III kurs tələbələrinin ifasında "Laçın" xalq mahnısının videoroliki nümayiş etdirilib.

 

BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, mövzusunun xüsusi aktuallığını daha geniş müstəvidə müzakirə olunmasını, beynəlxalq səviyyədə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu söyləyib.

 

BMA-nın elm yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazədə konfransda təqdim olunan mövzunun xalqımız üçün ağrılı olduğunu, dönə-dönə bu mövzuya müraciət etməyimizə baxmayaraq hər dəfə yeni-yeni erməni saxtakarlığının inanılmaz faktları ilə qarşılaşdığımızı bildirib. Ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimaiyyətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdıran Gülnaz Abdullazadə bildirib ki, keçirilən konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır.

 

Hesabat xarakterli məruzə ilə çıxış edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə "Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı" mövzusunda elmi laboratoriyanın alimlərinin xüsusi əzmlə çalışdıqlarını əldə etdikləri elmi-nəzəri sübutların geniş ictimaiyyətə çatdırılmasının önəmliyini diqqətə çatdırıb.

 

Konfransda elmi məruzələr dinlənilib. Çıxış edən alimlər müxtəlif aspektlərdə maraqlı faktlar, sübutlar təqdim edərək Azərbaycan xalqının mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsini ifşa ediblər. Çıxışlararası səsləndirilən musiqi nömrələri konfrans iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

 

525-ci qəzet.- 2021.- 1 aprel.- S.9.