" Tarix danışan "Rənglər" - Pərvin Rəsul Rzanı anır

 

 

XALQ ŞAİRİ RƏSUL RZANIN VƏFATINDAN 40 İL ÖTÜR

 

Zaman həyatı solğunlaşdırmaqda... Mübarizə mənasızdı! Dirəniş əbəsdi. Ona görə keçmiş lap acı olsa belə, bir az daha rəngli, parlaq  gəlir... Hamının adından danışmaq niyyətim yoxdu! Amma neynim, gördüyüm budu ki, çox şey təravətini itirir. Bəlkə yola ertədən çıxmışıq ona görə. Birisi üçün başlanğıc olan və yeniliyi ilə cəlb edən başqasından ötrü sıradandı, hətta bir az da bitmiş, tükənmiş kimidi... Və peşəmizin diktəsi odur ki, yalnız yazılan, sənətə çevrilən qalır, təzəliyini, ilkin gözəlliyini itirmir.

 

Rəsul Rzanın "Rənglər"ini oxuyanda da bu ovqatın əksi diqqətimi çəkir. Şair deyir ki, "gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır". Bəlkə günahı zamanın üstünə atmağı da elə bir növ şakər eləmişik özümüzə... Axı "gördüyümüzdən artıq görmək" üçün zəhmət çəkmək lazımdı, ona görə - hər şey rəngsizdi - deyib ağız büzmək daha tez başa gəlir... Hələ göz önündə olanları sənət səviyyəsində, ayrı cür təqdim etmək də heç sadə məsələ deyil. "Rənglər"insə ecazkarlığı, qeyri-adiliyi stereotipləri dağıtmasındadır.

 

Təqvimdə 1960-cı ildi... Şairin həm "Sovetlər" deyilən ölkəsində, həm vətəni Azərbaycanda təzə bir ab-hava duyulmaqdadı. Və əlbəttə, bu qəribə atmosferi hər kəsdən çox hiss edən elə sənət adamlarıdı. Çoxdan yazanlar tərəddüd edir, təzə başlayanlar üçün fürsətdi, çərçivələri qırmaq, köhnə dünyanı və onun əyər-əskikliyini azacıq da olsa anlatmaq üçün imkandı... Elə bu təzadlı vəziyyətin özü də sənətin xeyrinədi. Şeirdə, nəsrdə, dramaturgiyada təzə bir istiqamət  üçün meydan açılıb və "Rənglər"in məhz belə bir vaxtda yazılması, poeziyamızda, ümumiyyətlə sənət tariximizdə hadisə olması təsadüfi deyil. Hər dəfə yeni ovqatla, başqa gözlə oxuduqca Rəsul Rzanın az qala bütün sənət növlərini sözə çevirməsinə, bu silsilədə birləşdirməsinə heyrət olursan. Şair elə "Uvertüra" hissəsində əsas niyyətini açır... Musiqi əsərlərinin müqəddiməsi - uvertüra adətən dinləyicini mövzu, üslubla tanış edir. Və şair də bu qaydaya uyğun olaraq əsərin eyniadlı parçasında başlıca ideyasını deyir, dünyanı rənglərlə ifadə etməkdə, yaxud rəngləri simvollaşdırmaqda səhvlərimizin varlığını göstərir:

 

Qara - matəm,

qırmızı - bayram,

sarı nifrət rəmzi imiş.

Kim bilir keyfinin nə vaxtında,

kim olmuş, rəngləri belə damğalayıb,

belə ayıran.

Qırmızı qan da ola bilər,

bahalı üzük qaşı da.

Qara matəm rəmzi də ola bilər,

məhəbbət rəmzi də,

nifrət rəmzi də.

Ağ gözümüzü nurdan sala bilər,

çiçək-çiçək bəzəyə bilər süfrəmizi də.

 

Beləliklə, elə ilk misralardan aydın olur ki, şair hamının gördüyü və necəsə mənalandırdığı rənglərin fərqli çalarlarını anlatmaq istəyir və bir neçə uğurlu priyomla oxucusunu sınağa da çəkir. Yəqin zamanında bu sınaqdan çıxa bilməyənlər idi ki, müəllifi "tapmaca" yazmaqda günahlandırırdılar. Çünki Rəsul Rza poeziyasını, ələxsus rəngləri anlamaq xüsusi hazırlıq, intellektual baza tələb edirdi. Nazım Hikmət yazırdı ki, "Rənglər" silsiləsində Rəsul Rza bir şair kimi özü-özünü ötüb keçib, qırx yaşına qədər o, sadəcə yaxşı şair idi, indi isə böyük şairdi.

 

Rəsul Rza: “mübarizə bu gün də var...” - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 

Şeiri "kvadrat", mənaları su üzündə istəyən adamlardan ötrü bu poetik nümunələrin anlaşılmaz olması təbiidir. Şairin dünyadan köçməsindən 40 il, "Rənglər"in qələmə alınmasından 60 il keçir. Daha çox intellektual poeziya nümunəsi hesab olunan bu silsilə aktuallığını qətiyyən itirməyib. Müəllif rəngləri müxtəlif üsullarla ifadə edir; bir tərəfdən artıq söylədiyim kimi - tarix, musiqi, ədəbiyyat, rəssamlıq və ümumiyyətlə sənət tarixi, digər tərəfdən şəxsən tanımadığımız, amma tez-tez qarşımıza çıxan insan taleləri, üstəgəl, şairin zəngin həyat təcrübəsi, xatirələri, ağrıları, düşüncələri, gözləntiləri...  Bu mənada "Rənglər"i poetik ensiklopediya da hesab etmək olar.

 

"Deqanın "Rəqqasələr"i" - mavi

 

"Taiti adasında

Qogenin lopirləri" - tünd qəhvəyi

 

"Van-Qoqun "Günəbaxanlar"ı". - qızılı

 

"Debüssinin "Kürən saçlar"ı". - sarı

 

"Cəfər Cabbarlının Bakısı". - firuzəyi

 

"Nazim Hikmət

onun ağrılı məhəbbəti". - saman sarısı

 

"Balzak haqqında xatirələr". - tünd qəhvəyi

 

"Səməd Mənsur haqqında xatirələr". - əl vurmayın rənglənib

 

 

 

Ayrı-ayrı bölümlərdən-rənglərdən gətirdiyim bu misralar həm bildiklərimizə, həm də bilmədiklərimizə işarə vurur. Çağdaş internet əsrində Klod Debüssinin "Saçları kətan rəngli qız"ına qulaq asmaq, yaxud fransız rəssamı Edqar Deqanın "Mavi rəqqasələr"ini, Pol Qoqenin ömrünün Taiti adası dövründə çəkdiyi rəsmləri tapıb baxmaq çətin deyil. Amma əsərin yazılma və tirajlanma vaxtını nəzərə alanda elə bir qapalı mühitdə bu cür yüksək sənətin təbliği misilsiz görünür. Bu adlar, onlara aid sənət əsərlərinin sadalanması ciddi və dərin informasiya verir. Misal üçün, böyük türk şairi Nazım Hikmət o zaman sadəcə Türkiyədən Sovet İttifaqına qaçan kommunist kimi tanınırdı. Onun şəxsi ağrısı, həyatı, şeirə çevrilən yaşantıları çox az adam üçün maraqlı və açıq idi. Amma dəfələrlə evində qonaqladığı Nazımı və onun "Saçları saman sarısı" deyə tərif elədiyi gənc xanımı Vera Tulyakovanı ayrıca bir bölümdə yazması ilə Rəsul Rza "plakat" yaratmırdı,   canlı insanı - şairi və onun həyatını, hisslərini oxucuya çatdırırdı.    

 

Ümumiyyətlə həyata da,  sənətə də ayrı yöndən baxan, dünyanı və onun rəngini başqa cür göstərməyə çalışan sənətkarın məhz rəssamlar tərəfindən necə qəbul edilməsi son dərəcə maraqlıdı. Narları (deməli, al-əlvanlığı) sənətin simvoluna çevirmiş Xalq rəssamımız Toğrul Nərimanbəyovun şərhi Rəsul Rzanın sözlə yeni bir dünya yaratmasını ifadə edir: "Onun həyata, ətraf aləmə baxışı, araşdırmaları, poetik nəticə çıxarması yenidir, orijinaldır. Bu səbəbdən də Rəsulun obrazlar aləmi belə güclü çıxır. İnsanı düşündürür, həyatın hələ məlum olmayan tərəflərini kəşf etməyə çağırır, istəklərə, arzulara qol-qanad verir. Poetik assosiasiya, hisslərin zənginliyi, əlvanlığı, təravəti, bu poeziyanın beynəlxalq aləmə çıxaran başlıca qüvvədir".

 

Həqiqətən "Rənglər" həm o vaxt, həm də elə günümüzdə ölkə hüdudlarından kənarda çox böyük maraqla qarşılanıb. Toğrul Nərimanbəyovun dəqiq fikirlərinin davamı kimi ağla gələn odur ki, qapılarını kip bağlamış və kənardan boz görünən ölkənin sənətkarının əsərlərinin bu qədər düşündürücü, yeni, al-əlvan olması da beynəlxalq aləm üçün cəlbedici idi. Və əlbəttə, qəliblərə sığmamaq, hər misrası ilə fərqli olmaq, sənətkarlıq xüsusiyyətləri və peşəkarlıq sarıdan heç kəsə bənzəməmək də uğurun digər tərəfidi.

 

 

 

Səttar Bəhlulzadə deyirdi: "R.Rzanın lirik qəhrəmanı heç vaxt özünü böyük dünyadan ayırmır. O, torpaqla, insanla vəhdətdir. Buna görə onun özü barədə "Mən - torpağam, mən - küləyəm, buludam, işığam, baharam" deməsi tamamilə təbii və poetikdi..."

 

Beləliklə, bir tərəfdən bakirə və toxunulmaz təbiət, digər yandan dünyanın özü qədər qədim sənəti ruhuna hopdurmaq, əyalətdən, şəhərdən, müharibədən keçən ömür və bütün bunları qəribə şəkildə təzə bir hava üstündə hiss edib, duyub, yazmaq...  Elə dahi bəstəkar Qara Qarayev də Rəsul Rza poeziyasının bu qeyri-adiliyinə öz sənətinə uyğun ad verirdi: "Rəsul Rza poeziyası sözün əsl mənasında yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır. Bu poeziya bütün elementləri, bütün nüansları ilə mənə yaxın və doğmadır".

 

Çoxçalarlılıq Rəsul Rza haqqında ən çox deyilən fikirdən  - onun novatorluğundan irəli gəlir. Və qəribədi ki, illər keçdikcə bu, zamanında yeni sayılanlar köhnəlmir, hələ də təzədi. Elə "Rənglər"in özündə bu günün gənclərini maraqlandıran, düşündürən, cəlb edən sənət elementləri o qədərdir ki...

 

"Soyuq tənhalıqdan

saçlarda qalmış gümüş.

Yetim bir qız uşağının

dəyişiksiz dizliyi". - boz

 

"Evi damanların

qəlbinə süzülən

göylərin maviliyi". - mavinin təsəlli çaları

 

"O gələndə ümid gedirdi.

Onu görüb yubandı.

Nəfəsi güzgünü belə

tərlətməyən xəstənin

damarına axanda qan,

Ümid qayıtdı geri". - qırmızı və qara

 

Yüzlərlə belə nümunə gətirmək olar... Çağdaş dünyada, dinamik zamanda  çox aktual olan və qısa hekayə, bir cümləlik nəsr, bir dəqiqəlik film - ideyalarını tam əks etdirir bunlar... E.Heminqueyin "Geyilməmiş uşaq ayaqqabıları", yaxud Tonino Querronun Fellini ilə mübahisə edib yazdığı qısa film ssenarisi bizi təəccübləndirir, heyrətə salır. Amma elə sadəcə "yetim bir qız uşağının dəyişiksiz dizliyi" bozdursa, bütöv bir tale, insan, mühit görünür gözə... Yaxud evi daman kasıbların sadəcə səmanı görməsi ilə təsəlli tapmasında bir hekayəlik ağrı var, dərinlik var...  Hətta Nazımın rəssam Abidin Dinoya sifariş etdiyi "Mutluluğun rəsmi" var.

 

 

 

Əslində, "Rənglər"dən danışdıqca, heç nə demədiyimin də fərqindəyəm. Şair öz xatirələrinin də, şəxsi ağrılarının da qapısını azca aralayır, amma bəzi misralar "nənənin dolaşıq kələfi" qədər çətin və açılmaz görünür... Misal üçün, axı niyə "səfəri mümkünsüz xatirələr ölkəsi" narıncı rəngdədi? Burdakı bir çox rənglərin folklordan gəldiyi də məlumdu - Xalq "gözləməkdən gözümün kökü saraldı" - deyirsə, şairin sarı rəngi həsrətlə bağlaması təbiidir... Bir də "Rənglər" oxucunun şeiridi, şairin yazdığı tamam başqadı məncə... Oxucunun ovqatı, qavramasıdı əsas olan. Və mən vəfatının 40-cı ildönümü, 1 aprel ərəfəsində məhz aşağıdakı misralara taxılıb qalıram:  

 

Həsrətli gözlər.

Pərişan saçlar.

Titrək dodaqlar.

 

Yüz gündən sonra Rəsul Rzanın xanımı, Xalq şairi Nigar Rəfibəylinin də dünyadan köçməsinin 40 ili tamam olacaq. Bir vaxt Nigar Rəfibəyli aid olduğu nəslə görə, "xalq düşməni" atasına görə təqib olunanda, sürgün qorxusu başının üstünü kəsdirəndə Rəsul Rza - Nigar getsə, mən də gedəcəm - deyirmiş. Şükürlər olsun ki, təhlükələr sovuşur. Amma Rəsul sözünün üstündə durur. Nigarın xəstəliyinin ciddiliyini eşidib, onun həmişəlik gedəcəyinə inandığı an dünyasını dəyişir... Görəsən, yer üzündə "sənsiz  ölərəm" - deyib arın-arxayın yaşayan nə qədər insan var?! Amma söz xatirinə danışmayan, bütün varlığı ilə dediyi sözə sahib çıxan Rəsul Rza da olub... Nigar xanımın son nəfəsinə kimi diri bildiyi, ölümündən xəbərsiz qaldığı Kişi!

 

 

Pərvin

 

525-ci qəzet.- 2021.- 1 aprel.- S.10.