"Atam mənim qibləgahımdır"
- Sevinc Muğanna ilə müsahibə
XALQ YAZIÇISI
İSA MUĞANNANIN QIZI SEVİNC MUĞANNA: "ATAM
MƏNİM DÜNYAYA GƏLƏCƏYİMİ YUXUDA
GÖRÜBMÜŞ"
Bu
gün Xalq yazıçısı İsa Muğannanın
anım günüdür. Onu həyatda görüb tanımaq təbii ki, yaşımla əlaqədar mənə
nəsib olmayıb.
Bir oxucu kimi mən əvvəlcə
görkəmli yazıçımızın
əsərlərini tanımışam,
sonralar isə haqqında oxuduqlarıma, eşitdiklərimə əsasən
özünü. Nə əsərlərini oxumaqdan yorularam, nə də haqqında yeni nələrsə öyrənməkdən.
Bu dəfə bilmədiklərimi onu qızından öyrənməyə
çalışdım.
Xalq yazıçısı
İsa Muğannanın qızı
Sevinc Muğanna ilə söhbətimizi oxuculara təqdim edirəm.
***
- İsa Muğannanın qızı olmaq. Bu, necə bir hissdir?
- İsa Muğannanın qızı olmaq mənim üçün dünyanın ən böyük xəzinəsinə
sahib olmaq deməkdir. O, mənim
qibləgahımdır. Mən onu
dünyadan köçmüş
hesab eləmirəm.
O, mənim üçün
indinin özündə
də canlı bir əfsanədir. Onun varlığını
daima hiss edirəm.
- Bir dəfə oxumuşdum ki, siz doğulmazdan öncə ananızdan ayrılmasın deyə uşağın olmama səbəbini öz boynuna götürüb. Belə bir şey həqiqətən
olubmu?
- Bəli. On doqquz il atamla
anamın övladı
olmayıb. On doqquz ildən sonra mən dünyaya gəlmişəm.
Təbii ki, on doqquz il
az müddət deyil. Həmin müddət ərzində
anamdan ayrılmamaq şərtilə atamı
yenidən evləndirmək
istəyiblər. Deyirlərmiş ki, evlən, səndən sonra bir nişanə qalsın. Qohumlar kənddə artıq
atam üçün qız da tapıblarmış.
Onda atam deyib ki,
övladın olmamasının
səbəbi məndədir,
Firuzənin heç bir günahı yoxdur. Halbuki belə bir şey olmayıb. Uşağın olmama səbəbini
heç özləri
də bilməyiblər.
Bundan başqa, atam mənim doğulacağımı
yuxusunda görübmüş.
1968-ci ildə ziyalılardan
ibarət bir qrup İstanbula səfər edir. Danışdıqlarından yadımda qalanlar
görə, Qasım Qasımzadə xanımı
ilə, Məsud Əlizadə xanımı
ilə, Rəsul Rza xanımı ilə, atam da öz xanımı ilə bu səfərdə
iştirak edirmişlər.
Atam danışırdı ki,
səfər zamanı
bir gecə yuxuda gördüm, otağın küncündən
bir qız uşağı mənə
tərəf gəldi,
çarpayının kənarından
tutub çarpayıya
çıxdı, qucağımda
oturdu və üzünü söykədi
qoluma. Uşağın
hərarətini hiss edib
yuxudan ayıldım. Ayılan kimi Firuzə xanımı da oyatdım ki, "oyan, sənin bir qız övladın olacaq və adını Sevinc qoyacağıq". Bu sözləri eşidən
anam pis olub, hətta ağlayaraq deyib ki, sən mənim
yaramı niyə təzələyirsən? Mən artıq taleyimlə barışmışam. Bu
hadisənin üstündən
qısa müddət keçir və bəlli olur ki, anam hamilədir.
Mən doğulanda atamın bacanağı, həm də yaxın dostu olan Nəbi
Xəzri deyib ki, bu uşaq
bizim üçün
Allahın möcüzəsidir.
Gəlin
adını Möcüzə
qoyaq. Atam da cavabında deyib
ki, Nəbi incimə, ancaq mən bu uşağın
adını artıq Sevinc qoymuşam.
- İsa Muğanna öz
əsərləri içərisində
ən çox hansı əsərini sevirdi?
- Bir valideyn üçün
övladları arasında
fərq qoymaq nədirsə, bir yazıçı üçün
də əsərləri
arasında fərq qoymaq odur. Ancaq atam
"İdeal" əsəri ilə dünyaya yenidən doğuldu.
Danışdıqlarından hiss edirdim ki,
"İdeal" ın yeri onun üçün ayrıdır. Təbii ki, digər
əsərləri də
onun üçün doğma idi. Hətta bəyənmədiyi əsərlərini
belə yenidən qayıdıb işləmişdi.
- Atanız xasiyyətcə necə adam
idi? Məsələn, nələri sevərdi,
nələri sevməzdi?
- Atam sakit təbiətli
bir adam
idi, eyni zamanda da çox əsəbi idi. Ancaq onun əsəbi zahirən bilinməzdi. Əsəbi fırtına kimi
daxilən mövcud idi. O, nə işləyən vaxtı
problemlərindən, nə
də kiminləsə
arasında olan narazılıqlardan danışardı.
Biz onun daxilində
qopan firtınalardan xəbərsiz olardıq.
Dünyaya, insanlara çox
böyük məhəbbəti
vardı. Lakin elə bir məqam
ola bilərdi
ki, kimliyindən asılı olmayaraq atam bir insanı
silib ata bilərdi, xəyanəti bağışlamazdı. O, həmişə
nifrətini də, sevgisini də açıq şəkildə
bildirərdi. Uşaqları çox sevirdi, nəvələri ilə xeyli vaxt keçirirdi.
Musiqi dinləməyi sevirdi.
Xüsusilə də yaxşı estrada
mahnılarını. İlhamə Quliyevanın səsini çox bəyənirdi.
Klassik Avropa musiqilərini də sevirdi. Baxı, Bethoveni sevirdi. Aşıq musiqisi də öz yerində. Onun sazı da var idi. Sazla öz hisslərini
çatdırmağa çalışırdı.
Bir sözlə, musiqiyə bağlı adam idi.
- Ədəbi mühitdə
yaxın dostları kimlər idi?
- Nəbi Xəzri, Salam Qədirzadə. Cavanlığı onlarla keçmişdi.
Moskvada Maksim Qorki adına
Ədəbiyyat İnstitutunda
bir yerdə oxumuşdular, sonra da dost olmuşdular. Qabil, İsmayıl Şıxlı,
Nəriman Həsənzadə,
Hüseyn Arif, Zəlimxan Yaqub, Barat Vüsal onun yaxın dostları, bizim evimizin sevimli qonaqları idilər.
- Bəs ən sevimli yazıçıları
kimlər idi?
- Ən çox
sevdiyi yazıçılar
Tolstoy və Dostoyevski
idi.
- Atanızla bağlı ən sevimli xatirəniz hansıdır?
- O qədər əziz, maraqlı xatirəmiz var ki... Birini sizə
danışım. Atam uşaq
vaxtı mənə çoxlu nağıl danışırdı. Hər dəfə
nağıl danışanda
deyirdim ki, artıq bunu danışmısan, başqası
danış. Bir gün
atam başladı mənə Se nağılını
danışmağa. Se
də mən idim. Mənim dəcəlliklərimi mənə danışırdı.
Bir gün dedim ki, ata,
mən bilirəm bu Se kimdir, bu
Se mənəm.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 1 aprel.- S.11.