Dünya
şöhrətli Azərbaycan alimi
Əsrlərdən
bəri özünün ulu loğmanları ilə məşhurlaşmış
Azərbaycan Kafiəddin Ömər ibn Osman, İsa Riqqinni,
Mahmud ibn İlyas və başqaları kimi tibb tariximizdə
mühüm rolu olan alimləri ilə bütün Şərqdə
tanınıb.
Tarixin demək olar ki, bütün dövrlərində
alimlərimiz tibbin ən parlaq, ən yaddaqalan səhifələrini
yazıblar.
Şərqin ən böyük alimləri Nəsrəddin
Tusi, Məhəmməd bin Yusif bin İlyas, Məhəmməd
bin Mahmudu-Şirvani və başqaları təbabətə dair
yazdıqları fundamental əsərləri ilə tibb elmimizi
daha da zənginləşdiriblər.
Tarixi qaynaqlardan aydın olur ki, Azərbaycanda tibb elmi əsrlər
boyu çox böyük inkişaf yolu keçib. Müasir
dövrdə də tibb elmi müvəffəqiyyətlə
inkişaf edib. Bəhs edilən dövrdə
Azərbaycanda peşəkar alimlər yetişib. Orta əsr
Azərbaycan alimlərinin davamçısı, o cümlədən,
müasir tibb elminin inkişafında mühüm rolu olan
görkəmli şəxsiyyətlərdən biri də akademik Cəmil
Əziz oğlu Əliyevdir.
Cəmil
Əliyev 1968-ci ildə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Ali məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun "Onkologiya" kafedrasında baş laborant
kimi əmək fəaliyyətinə başlayıb. O
dövrdə kafedraya görkəmli Azərbaycan onkoloqu, professor Arif Abbasov rəhbərlik edirdi. İlk günlərdən Cəmil Əliyev onkologiya
elminə xüsusi maraq göstərib və professor A.Abbasovun
rəhbərliyi altında elmi-tədqiqat işlərinə
başlayıb. 1973-cü ildə Cəmil
Əliyev "Onkologiya" ixtisası üzrə namizədlik
dissertasiyası müdafiə edib. Müvəffəqiyyətli
müdafiədən sonra gənc alimdə elmi tədqiqatlarını
müəyyən bir istiqamətdə davam etdirmək istəyi
yaranır və o, Moskvada SSRİ Tibb Elmləri
Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin
doktoranturasında təhsilini davam etdirmək qərarına gəlir.
1978-ci ildə o, burada
doktorluq dissertasiyasını müdafiə edir. 1978-ci ildə C.Əliyev Azərbaycan SSR Səhiyyə
Nazirliyinin Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya
İnstitutunun "Ümumi Onkologiya" (hazırda Milli Onkologiya
Mərkəzinin) şöbəsinə rəhbərlik edir.
1980-ci ildən 1990-cı ilə qədər eyni
institutda elmi işlər üzrə direktor müavini olur.
1990-cı ildən bu günə qədər Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin
Baş direktoru vəzifəsində çalışır.
1987-ci ildə SSRİ Ali Attestasiya Komissiyası
tərəfindən elmi kadrların hazırlanması sahəsində
xidmətlərinə görə ona Onkologiya ixtisası
üzrə professor elmi adı verilir. Professor C.Əliyev
1994-cü ildən indiyədək Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Onkologiya
kafedrasının müdiridir. Bu gün
C.Əliyev süd vəzilərinin, baş və boyun
yumşaq toxumalarının diaqnostikası və müalicəsi
üzrə Azərbaycanda aparıcı mütəxəssislərdən
biridir. O, Azərbaycanda müasir kliniki onkologiyanın və
süd vəzi xərçənginin diaqnozu və müalicəsi
üzrə elmi məktəbin banilərindəndir. Cəmil
Əliyev 2004-cü ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin imzaladığı "Onkoloji
yardım haqqında" qanunun və "Xərçəng
xəstələrini həyati şiş əleyhinə
preparatlarla təminatı üzrə Dövlət
Proqramı"nın hazırlanmasında
yaxından iştirak edib. Cəmil Əliyev Mərkəzin
yeni binalarının inşası məsələsinin həllinə
çox səy göstərib. Professor
C.Əliyev Bakıda və Moskvada nəşr olunmuş 17
monoqrafiyanın (onlardan biri ingilis dilində), tələbələr
üçün bir sıra dərsliklərin, həmçinin,
10 ixtiranın və 600-ə yaxın dərc olunmuş elmi
işin müəllifidir. Tədqiqatlarının nəticələri
barədə C.Əliyev dəfələrlə həm
respublikada, həm də xaricdə, xüsusən, Rusiya,
İngiltərə, Almaniya, Fransa, Avstriya, İtaliya, Türkiyə,
Yaponiya, ABŞ və Özbəkistanda keçirilən beynəlxalq
konqreslərdə, qurultay və konfranslarda
çıxış edib. Beynəlxalq elmi
ictimaiyyətin böyük forumlarında etdiyi elmi məruzələr
daim böyük marağa səbəb olub və xarici mütəxəssislər
tərəfindən dəstəklənib. Onun
elmi rəhbərliyi ilə tibb üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün 48, tibb elmləri
doktoru elmi dərəcəsi üçün 9 dissertasiya
müdafiə edilib. 1993-cü ildən bu
günə qədər C.Əliyev Milli Onkologiya Mərkəzində
Onkologiya, Şüa diaqnostikası və Şüa
terapiyası ixtisasları üzrə namizədlik
dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya
Şurasının sədridir. O, 1979-cu ildən bu
günə qədər Respublika Onkoloqlar Elmi-Tibbi Cəmiyyətinin,
1988-ci ildə "Həkimlər Nüvə Müharibəsinə
Qarşı" beynəlxalq təşkilatının Azərbaycan
Komitəsinin sədridir. 1991-ci ildən professor
C.Əliyev London Universiteti nəzdindəki Hammersmit
hospitalının fəxri professoru, 1995-ci ildən isə
Nyu-York Elmlər Akademiyasının həqiqi
üzvüdür. 1996-cı ildən onun
adı İngiltərənin Kembric Beynəlxalq Biblioqrafik Mərkəzinin
dünya intellektualları arasında "Kim kimdir"
biblioqrafik toplusuna daxil edilib. 1997-ci ildən
Cəmil Əliyev Avropa onkoloqları Cəmiyyətinin
üzvüdür, 1998-ci ildə isə o, Rusiya Təbiət
Elmləri Akademiyasının həqiqi üzvü
seçilib. 2010-cu ildə professor
C.Əliyev Avropa Təbiət Elmləri Akademiyasının həqiqi
üzvü, eləcə də Gürcüstan Milli Elmlər
Akademiyasının akademiki seçilib.
Professor
C.Əliyev dünyada onkologiya elminin müxtəlif sahələrinin
inkişafına töhfə verən alimlərdən biri kimi
tanınmaqla yanaşı, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan
Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Tibb Elmləri
Akademiyasının, Avropa Təbiət Elmləri
Akademiyasının, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının, Rusiya Təbiət Elmləri
Akademiyasının həqiqi üzvü, eləcə də
Onkoloji Elmi Birliyi və Onkoloji Elmi Cəmiyyəti kimi
dünyaca nüfuzlu qurumların üzvüdür. 2000-ci ildə
professor Cəmil Əliyev "Əməkdar elm xadimi" fəxri
adına layiq görülüb. 2001-ci ildə o, Azərbaycan Milli Elmlər
Akademiyasının, eyni zamanda, Rusiya Tibb Elmləri
Akademiyasının akademiki seçilib. Elə həmin il C.Əliyev Beynəlxalq Ekoenerji
Akademiyasının akademiki adına layiq görülüb. Onkologiya sahəsində yüksəkixtisaslı
mütəxəssis kimi akademik C.Əliyev təkcə ölkəmizdə
deyil, xaricdə də geniş tanınıb. Yenilikçi biliyi olan qabaqcıl onkoloq cərrah Cəmil
Əliyev süd vəzisi, dəri, baş və boyun
şişlərində mürəkkəb cərrahi əməliyyatlar
həyata keçirir.
Cəmil Əliyev süd vəzilərinin xərçəngi,
xüsusən də rezeksiyada və mastektomiyada müxtəlif
dəyişikliklər zamanı bu orqanın cərrahiyyə təcrübəsində
mühüm rol oynayan cərrahi müdaxilə təklifi irəli
sürüb.
Onun rəhbərliyi ilə Azərbaycanda süd
vəzi, dəri və digər orqanların şişlərinin
aradan qaldırılması üçün elmi tədqiqatlar
aparılmış və hazırda bu işlər uğurla
davam etdirilir. Cəmil Əliyev xəstələrdə
travmatik göstəricilərin məhdudlaşdırılmasına
imkan verən əməliyyatdan əvvəlki müalicənin
yeni metodlarını hazırlayıb və səhiyyə
praktikasında tətbiq edib. Nəticədə
orqansaxlayıcı cərrahi əməliyyatlar keçirmək
imkanları xeyli genişlənib. Döş
xərçənginin kompleks reabilitasiya-bərpa müalicəsində
istifadə olunan orijinal cihazların yaradılması əksər
xəstələrin tam həyata və ictimai faydalı işə
qayıtmasına imkan yaradıb. Akademik C.Əliyevin bu
prosesdə bilavasitə iştirakı sayəsində həyata
keçirilmiş aparıcı kompleks təcrübə tətbiq
olunduqdan sonra əlillərin sayı 2,5 dəfə
azalıb. Bundan əlavə, süd vəzisi xərçənginin
inkişaf mərhələlərinin Beynəlxalq Təsnifatına
edilən düzəlişlər bu xəstəlikdən əziyyət
çəkən xəstələrin müalicə
taktikasının dəyişdirilməsinə şərait
yaradıb.
Akademik C.Əliyevin apardığı tədqiqat işləri
eyni zamanda, bədxassəli və xoşxassəli süd vəzisi
xərçəngi olan xəstələrdə hepatit B və
C viruslarının yayılmasına da həsr olunub. İlk dəfə
bu tədqiqatlar sübut edib ki, süd vəzisi xərçənginin
müalicəsində hepatit B-nin gizli forması orqanizmin vəziyyətinə
son dərəcə mənfi təsir göstərir. Bu tədqiqatların nəticələri ilk dəfə
"Süd vəzisi və qaraciyər xərçənginin
funksional vəziyyəti" (1996) və "Onkoloji xəstəliklər
zamanı subklinik qaraciyər patologiyası" (2016) monoqrafiyalarında
nəşr olunub.
Professor Cəmil Əliyev bir sıra
ixtisaslaşmış jurnalların, xüsusən "Azərbaycan
Tibb Jurnalı" (1988-ci ildən), "Azərbaycan
Hematologiya və Onkologiya Jurnalı" (indiki Azərbaycan
Onkologiya Jurnalı - 1995-ci ildən bu günə qədər
baş redaktoru), "Sağlamlıq" (1995-ci ildən bu
günə qədər), "Biomedisina" (2003-cü ildən
bu günə qədər) jurnallarının redaksiya heyətlərinin
üzvüdür.
2006-cı
ildə akademik C.Əliyev "Şöhrət" ordeni,
"Səhiyyə əlaçısı" nişanı
(1984), akademik N.Petrov adına SSRİ Tibb Elmləri
Akademiyasının (1980), Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Y.Məmmədəliyev (1996) və
M.Topçubaşov (2003) adına mükafatları ilə təltif
edilib. Eyni zamanda, bir sıra nüfuzlu beynəlxalq
mükafatların sahibidir. O cümlədən, Cəmil
Əliyev Beynəlxalq Ekoenerji Akademiyasının böyük
qızıl medalı ilə təltif edilib (2011). O,
Dağıstan Respublikasının Əməkdar elm xadimidir
(2011). 2015-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyası C.Əliyevi akademik M.Mirqasımov mükafatı
ilə təltif edib. Elə həmin il
dünyanın ən məşhur cərrahlarına verilən
N.Piroqov ordeni və "Türk dünyasına xidmətə
görə" Beynəlxalq Böyük Qızıl medalla təltif
edilib. 2015-ci ildə Cəmil Əliyevə
"Avropanın fəxri alimi" adı və Vilhelm Leybnits
medalı verilib. 2016-cı ildə Cəmil Əliyev Nobel
mükafatı laureatı İ.Pavlov adına
Qızıl döş nişanı, Azərbaycan
Respublikasının "Şərəf" ordeni və
Dağıstan Respublikasının "Vətənə
sevgi" medalı ilə təltif edilib. Eləcə
də, elm və təhsil sahəsində uğurlarına
görə Beynəl-xalq "Sağlamlıq və Ekologiya"
Akademiyasının təklifinə əsasən, "Sərhədsiz
Elm" (WOS-KO) Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının
Qızıl medalı ilə təltif edilib. 2018-ci ildə
akademik C.Əliyev Birləşmiş Millətlər Təşkilatının
Beynəlxalq Mükafatlar Şurası tərəfindən
"Elm və Sülh Elçisi" adına
layiq görülüb. Bu günlərdə isə akademik Cəmil
Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə ölkə səhiyyəsinin inkişafında
uzunmüddətli səmərəli fəaliyyətinə
görə 1-ci dərəcəli "Vətənə xidmətə
görə" ordeni ilə təltif edilib.
Göründüyü kimi, tərəqqipərvər
ziyalımızın tibb elminin inkişafında böyük
xidmətləri olub. Dünya şöhrətli alimimizi yubileyi
münasibətilə ürəkdən təbrik edir və səmərəli
fəaliyyətində ona yeni-yeni uğurlar arzulayırıq.
Məryəm Seyidbəyli
525-ci qəzet.- 2021.- 3 aprel.- S.9.