Şuşa kurort və istirahət mərkəzi kimi

 

uşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır".

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

Təbii gözəllikləri ilə göz oxşayan Şuşa şəhəri milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daima yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.

 

Sovet hakimiyyəti illərində Şuşa həm də ittifaq miqyasında gözəl dağ-iqlim və balneoloji kurort zonası olub. Burada sanatoriyalar, pansionatlar və turist bazaları inşa edilib.

 

Bu yazıda məqsədimiz Şuşa haqqında dərc edilmiş çoxsaylı kitab, jurnal, məqalə və s. nəşrlərdə əksini tapan müxtəlif tarixi faktlara, Şuşanın mədəni həyatı, tanınmış şəxsiyyətləri haqqında olan məlumatlara bir yenilik gətirməkdən ibarət deyil. Sözsüz, Şuşamız bütün zamanlarda gözəllik və mədəniyyət təcəssümü olub. Şuşanın vaxtilə itirilməsi tək şuşalılara deyil, bütün Azərbaycan xalqı üçün ağır mənəvi zərbə idi.

 

Əsas məqsədimiz Azərbaycanın görkəmli dövlət xadimlərinin, bir sıra alimlərin tədqiqatlarına və analitik yazılarına, Şuşa rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən sənədlərə əsaslanaraq bu cənnət məkanın tarixi, həmçinin, onun kurort və istirahət zonası olması ilə bağlı bir sıra fakt və epizodlar haqqında söz açmaqla bəzi fikir və mülahizələrimi oxucularla bölüşməkdir.

 

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından əvəzolunmaz kurort şəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələri ilə məşhurdur.

 

Təəccüblü deyil ki, hətta ən uzaq keçmişdə müxtəlif xarici ölkələrdən ümumi zəiflik, qanazlığı, qapalı vərəm və digər xəstəlikləri olan insanlar müalicə üçün Şuşaya gəlirdilər. Burada bir-iki ay qalıb müalicə aldıqdan sonra sağalıb evlərinə qayıdırdılar.

 

XX əsrin ortalarına qədər Azərbaycan rəhbərliyi Şuşanın kurort şəhəri kimi inkişaf etdirilməsi ilə bağlı məsələni dəfələlərlə müzakirə etmişdi. Müzakirələrdə müvafiq nazirliklərin, Azərbaycan Tibb İnstitutunun və digər müəssisələrin nümayəndələri iştirak edirdilər. O vaxtki DQMV-nin rəhbərləri iclas iştirakçılarını inandırmağa çalışırdılar ki, Şuşanın ərazisinin məhdud olması səbəbindən burada iri kurort mərkəzinin yaradılması məqsədəuyğun deyil. Buna görə də daha yaxşı olardı ki, kurort mərkəzi muxtar vilayətin inzibati mərkəzi olan daha geniş əraziyə malik Xankəndidə planlaşdırılsın. Kurort mərkəzinin vilayət mərkəzində yaradılması barədə təklifin səsverməyə qoyulmasına hazırlaşanda o vaxtkı Tibb İnstitutunun rektoru, professor Bahadur Eyvazov ona söz verilməsini xahiş edir. B.Eyvazov həmin təklifin əleyhinə çıxaraq, istirahətin və kurort müalicəsinin bilavasitə saf su və saf hava ilə əlaqədar olduğunu, buna görə də kurort komplekslərinin ancaq və ancaq dünyada nadir təbiəti olan Şuşada yaradılmasının vacibliyini elmi dəlillərlə sübut edir. Daha sonra vurğulayır ki, o, uzun illər Şuşada iqlim amillərinin insan orqanizminə təsirinin öyrənilməsi üzrə tədqiqatlar aparıb və respublikanın bütün aparıcı alimləri də bu məsələdə tam yekdildirlər ki, Şuşanın havası insan orqanizminin müalicəsi və bərpasında əvəzolunmaz amildir. Çıxışında o, iştirakçıların diqqətini DQMV-nin rəhbərliyinin Şuşaya etinasız münasibətinə yönəldərək, qeyd edir ki, illərlə şəhərdə təmir-bərpa və abadlıq işləri görülmür. Bütün bunların nəticəsi olaraq kurort mərkəzinin Şuşada yaradılması barədə qərar qəbul edilir.

 

Hələ 1964-cü ildə SSRİ hökuməti Bakıda kurortoloq və fizioterapevtlərin ümumittifaq qurultayını keçirmişdi. Bu tədbirdə xarici ölkələrin və Sovet İttifaqının görkəmli alimləri iştirak etmişdilər. Azərbaycan alimlərinin Şuşa kurortu, xüsusən onun unikal iqlimi və müalicəvi havasının xüsusiyyətləri haqqında məruzələri qurultay iştirakçılarında böyük maraq doğurmuşdu. Qurultay işini başa çatdırandan sonra iştirakçılar üçün Şuşaya ekskursiya təşkil olunmuş, burada qonaqların iştirakı ilə havanın tərkibinin xüsusi analizi keçirilmişdi. Aydın olmuşdu ki, Şuşanın havası öz müalicəvi xüsusiyyətlərinə görə dünyaca məşhur olan Davos və Kislovodsk kimi kurort zonalarının havası ilə oxşardır, hətta onlardan daha üstündür.

 

No description available.

 

Mən özüm də uşaqlıq illərimi yayda atamın vətəni olan Şuşada keçirmişəm. Sonralar 1992-ci ilə qədər dəfələrlə Şuşaya getmişəm. 1970-ci ildən başlayaraq Almaniya, Polşa, Serbiya, Xorvatiya və Bolqarıstanın məşhur turizm mərkəzlərində olmuşam, göndərişlə Kislovodsk, Jeleznovodsk, Soçi, Yalta, Qaqrada müalicə almışam. Səmimi deyirəm, heç bir yerdə Şuşadakı kimi hava yoxdur. Bu hava daima təmiz, təzə və yüngüldür. Bu hava insanı çox rahatlaşdırır və xeyirxah düşüncələrə yönləndirir. Əminəm ki, Şuşanı bir dəfə ziyarət edənlər buraya dönə-dönə qayıtmaq istəyəcəklər.

 

1967-ci ilə qədər Şuşa yalnız klimatik mülicə kurortu hesab olunurdu. Həmin ildə Şirlan mənbəyindən Şuşaya mineral su xətti çəkiləndən sonra şəhər klimatik-balneoloji kurort statusu aldı. Şirlan mineral suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində geniş istifadə olunmağa başladı.

 

Eyni zamanda, qeyd etmək lazımdır ki, həmin dövrdə müalicəvi əhəmiyyətli suyun Şuşaya çəkilməsi məsələsinin çox böyük çətinliklər hesabına olsa da, dövlət planına daxil edilməsində, suyun çəkilməsinə vəsaitin ayrılmasında və tikinti işlərinin təşkilində də böyük ziyalılarımızdan olan, Şuşa şəhərində dünyaya göz açmış görkəmli dövlət xadimi Süleyman Vəzirovun və uzun müddət Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin rəhbəri vəzifəsində işləmiş Böyük Ağayevin xüsusi xidmətləri olub.

 

Böyük Ağayev öz xatirələrində bildirirdi ki, o dövrdə bu planın reallaşması ermənilərin ciddi etirazlarına səbəb olmuşdu. Onların təşkil etdikləri etiraz yığıncağında Turşsunun Xankəndinə çəkilməsi tələbi qoyulmuşdu. Lakin həmin yığıncağa gələn yüksək vəzifəli şəxslər, o cümlədən, B.Ağayev ermənilərə başa saldılar ki, bu suyu Xankəndinə gətirmək olar, lakin Şuşanın havasını buraya gətirmək olmaz.

 

Şuşa mənim öz elim,

öz obamdır,

Kimin buna sözü var?!.

 

Bununla belə, həyata keçirilən tədbirlər şəhərin kurort kimi inkişafını təmin edə bilmirdi. Şuşa şəhərində kurort kompleksinin davamlı inkişaf konsepsiyasının işlənib hazırlanmasına ehtiyac var idi. Yalnız 1969-cu ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublika hakimiyyətinə gəlişindən sonra şəhərdə həyat qaynamağa başladı. 1976-cı ilin 4 noyabr tarixində şəxsən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti  "Şuşa şəhərində kurort kompleksinin sonrakı inkişafı üzrə tədbirlər haqqında" qərar qəbul etdi. Qərarda Şuşanın abad şəhərə çevrilməsi, kurortlar üçün vacib olan müvafiq infrastrukturun yaradılması üzrə vəzifələr müəyyənləşdirildi.

 

No description available.

 

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun sözlərinə görə, "həmin qərara uyğun olaraq, şəhərdə, köhnə yöndəmsiz tikililər söküldü və çoxmərtəbəli yaşayış və inzibati binalar tikildi, sanatoriya və digər kurort müəssisələrinin korpusları ucaldıldı. Bundan sonra şəhərdə kurort təsərrüfatı inkişaf etməyə, kurort ticarəti idarəsi fəaliyyət göstərməyə başladı".

 

Bir sözlə, Şuşa şəhəri ümumittifaq əhəmiyyətli kurort kimi inkişaf etməyə başladı. Şəhərin ətrafında karbon turşulu-hidrokarbonatlı-natriumlu "Narzan" tipli çoxsaylı mineral su mənbələri aşkar edilmişdi. Bu müalicəvi sudan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulu zamanı müvəffəqiyyətlə istifadə olunurdu. Bu sular nəfəs yolu xəstəlikləri, həzm, sinir sisteminin pozulması, qanazlığı kimi xəstəliklərin müalicəsi zamanı çox xeyirli idi. Şəhərdə gözəl mineral su qalereyası inşa olundu. Buraya su şəhərdən 30 km kənarda yerləşən mənbədən boru vasitəsi ilə çəkilmişdi. Həmçinin, mineral su doldurulması zavodu da fəaliyyət göstərirdi.

 

Beləliklə, Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri, sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qanazlığı ilə yanaşı, mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olmuşdu. Ümumiyyətlə, Şuşa şəhərinin işğalı ərəfəsində Sanator-Kurort Birliyi binalarının sayı 18-ə çatmışdı. Burada 316 yerlik Şuşa istirahət evi və 1000 yerlik ümumittifaq əhəmiyyətli sanatoriyanın 6 yataq korpusu, müalicə korpusu, 400 yerlik yeməkxana və sairə fəaliyyət göstərirdi.

 

Şuşa şəhərində ixtisaslaşdırılmış respublika uşaq sanatoriyasının təməli 1939-cu ildə qoyulmuşdu. Orta illik çarpayılarının sayı 250 olsa da, yay mövsümündə əlavə çarpayılar qoyulur, yay yeməkxanası açılırdı. Bu müalicə ocağında hər il 800-1000 vərəmli uşaq müalicə alırdı.

 

No description available.

 

1977-ci ildə Nazirlər Soveti yenə də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edir. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülür. Tarixi abidələrin bərpası ilə bağlı öz məsləhət və göstərişlərini verən Heydər Əliyev bərpa edilmiş memarlıq abidələrinin hər birinin açılışında iştirak edirdi.

 

Ulu öndər 1982-ci ilin yanvarın 14-də Şuşaya səfər edir və səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin  türbəsinin açılışını edir. 1982-ci il iyul ayının 28-də Heydər Əliyev, onun həyat yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Zərifə xanım Əliyeva və Azərbaycanın indiki Prezidenti cənab İlham Əliyev, eləcə də ölkənin mədəniyyət və elm xadimlərinin bir qrupu Poeziya bayramının açılışına gəlmişdilər.

 

Həmin illər Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət  və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmış və ümumiyyətlə, son nəticədə şəhərdə 170 memarlıq və 160 incəsənət abidəsi rəsmən qeydə alınmışdı. Şəhər hər tərəfdən palıd, fıstıq, vələs meşələri, yaşıl yamaclar və meyvə bağları ilə əhatə olunurdu. Gözəl təbiət, tarixi abidələr, əlverişli iqlim burada turizmin inkişafına əlverişli şərait yaradırdı.

 

No description available.

 

Məşhur Şuşa kurortu eyni zamanda, müasir turizm mərkəzi kimi də tanınırdı. SSRİ vətəndaşları ilə yanaşı, həm də bütün digər sosialist ölkələrinin vətəndaşları da Şuşaya istirahətə gəlirdilər.

 

Cıdır düzünün panoraması

 

1930-cu ildə Şuşada istirahət evinin inşasına başlanılmış və 1936-cı ildə bu obyekt istifadəyə verilmişdi. 1970-ci ildən pansionat və 1972-ci ildən isə "Səfa" Turist bazası fəaliyyət göstərirdi.

 

Şuşa turist bazası 1970-ci ildə müstəqil fəaliyyətə başlamış, əsas korpusu 130 çarpayı olan "Şəfa" turist bazasına çevrilmişdi.

 

Əlavə 6 kottec quraşdırılmış, turist bazası əvvəllər il ərzində 6000 nəfər turist qəbul edirdisə, sonra turistlərin illik sayı 11-12 min nəfərə çatmışdı. 1990-cı ildə isə əlavə 200 yerlik korpus inşa edilmişdi. "Qonaq evi-mehmanxanası" tikilmişdi (Ulu öndər Heydər Əliyev 1982-ci ildə Şuşaya gələrkən orada qalmışdı).

 

1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar Bürosu fəaliyyətə başlamışdı. Ötən əsrin 70-80-ci illərdə Şuşada 100 yerlik 9 mərtəbəli "Qarabağ" mehmanxanası, 100 yerlik respublika meşə-sağlamlıq məktəbi inşa olunmuşdu. 1990-cı ildə isə Zamanpəyə kəndi yaxınlığında 8 kottecdən ibarət 120 nəfərlik "Soyuqbulaq" turist bazası açılmışdı.

 

Bütün bunlarla yanaşı, şəhərdə  məktəblilər üçün istirahət düşərgələri də fəaliyyətdə idi - ikisi 500 və 300 yerlik respublika səviyyəsində, digəri isə vilayət məktəblilərinə xidmət göstərirdi.

 

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmil bulağı, əfsanəvi Cıdır düzü yerli camaatın və oraya təşrif gətirən qonaqların ən sevimli yerləri idi.

 

Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km aralıda - Laçın yolunun üstündə yerləşirdi. Sol tərəfdən isə Daşaltı çayı axırdı. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

 

Xarı bülbül

 

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.

 

Sanatoriya və istirahət evlərində dincələn turistlər daima həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında "Xarı bülbül" mahnı festivalları keçirilirdi.

 

No description available.

 

Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül də var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə Xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib.

 

Bunlar Şuşanın bir kurort şəhəri və turist mərkəzi kimi inkişafı haqqında qısa məlumatlardır. Sevindirici haldır ki, bu mövzuda fundamental tədqiqatlar aparılıb, çoxsaylı məqalələr yazılıb. Ona görə də həmin materialları yenidən danışmağa və təhlil etməyə iddia etmirəm, sadəcə toxunulan mövzu haqqında öz fikirlərimi və arzularımı oxucularla bölüşmək istəyirdim.

 

Öncə xüsusi qeyd etməyi lazım bilirəm ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşada 25 məktəb, 31 kitabxana, 17 klub, 8 Mədəniyyət evi və İstirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, 4 texnikum, 2 institut filialı, 7 Uşaq bağçası, 4 kinoteatr, 5 Mədəniyyət parkı, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi və digər çoxsaylı obyektlər, binalar talan edilib, yandırılıb və dağıdılıb.

 

"Şuşa" sanatoriyasının dağıntıları

 

2020-ci ilin ilin 8 noyabr günü tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycan tarixinin və mədəniyyətinin baş tacı olan Şuşa şəhərini erməni işğalından azad etdi. Bu, 44 günlük Vətən müharibəsi günlərində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə idi.

 

2021-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşa şəhərinə səfərini xalqımız ölkəmizin hər yerində qürur hissi ilə izlədi. Səfər zamanı onlar Şuşadakı Yuxarı Gövhər ağa məscidində dua etdilər. Sonra Prezident Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın və xanəndə Bülbülün büstlərini ziyarət etdi. Sonra Cıdır düzü və Vaqifin dağıdılmış məqbərəsi də ziyarət olundu. Prezident həmçinin, Şuşadakı Qazançı kilsəsinə də baş çəkdi.

 

Həmin səfər zamanı Prezident İlham Əliyev qeyd etdi ki: "Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq". Prezident şəhərin ermənilər tərəfindən dağıdıldığını söyləyərək, yaxın zamanlarda Şuşanın bərpasının planlı şəkildə təmin ediləcəyini bildirdi.

 

İki aydan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Şuşaya gələrək Cıdır düzündə bayram tonqalı alovlandıraraq Novruz bayramını Cıdır düzündə qeyd etdilər. Söszüz, bu fakt Azərbaycanın tarixində silinməz iz buraxdı və əlamətdar hadisə kimi xalqımızın yaddaşına əbədi həkk olundu.

 

Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Şuşa şəhəri Azərbaycanın mədəni mərkəzidir. Artıq şəhərin bərpa edilməsi işlərinə başlanılıb, prosesə peşəkar mütəxəssislər qrupu cəlb olunub. İlk növbədə şəhərin mənzil fondunun, tarixi abidələrinin vəziyyətinin öyrənilməsinə, vurulan ziyanın miqdarının müəyyənləşdirilməsinə, bundan sonra isə şəhərin restavrasiyasına ehtiyac var.

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Şuşanın abad bir şəhərə çevrilməsi, kurort infrastrukturunun yaradılması, həmçinin, şəhərin turist mərkəzinə çevrilməsindəki böyük xidmətlərini nəzərə alaraq, bərpa edilən şəhərin baş küçəsini Heydər Əliyev prospekti adlandırılmasını arzu edirik. Eyni zamanda, şəhərdə Ulu öndərin abidəsinin ucaldılması, Heydər Əliyev adına Mədəniyyət və istirahət parkının yaradılması, həmçinin, Ümummilli liderin adını əbədiləşdirmək, əvəzsiz xidmətlərini təbliğ etmək, gələcək nəsillərə çatdırmaq məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzinin inşası və bu mərkəzdə dahi rəhbərin Şuşaya qayğı və diqqətini, eləcə də şəhər haqqında təəssüratlarını əks etdirən materialların toplanması da hamımızın ürəyincə olardı.

 

Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsinin müharibənin sonrakı gedişinə və Qarabağın taleyinə ciddi təsir göstərdiyini və qələbə - Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsini nəzərə alaraq, Şuşada Zəfər Meydanının yaradılması və burada əsgər-xilaskara abidə ucaldılması məsələsinə baxılması da önəmli olardı.

 

Burada vurğulamaq lazımdır ki, Şuşanın, eləcə də Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının yaşayış məntəqələrinin və digər işğaldan azad olunmuş ərazilərin bərpası Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə ən yaxşı xatirə abidəsi olacaq.

 

Bundan əlavə, Şuşanın bərpası üzrə işlərin həyata keçirilməsi ilə şəhərin yenidən klimatoloji və balneoloji kurorta çevrilməsi, həmçinin, turizm mərkəzi kimi fəaliyyət göstərməsi üçün kompleks tədbirlər proqramının hazırlanmasına da ehtiyac var. Yuxarıda Şuşanın havasının müalicəvi keyfiyyətlərinə görə dünyaca məşhur kurortların havası ilə oxşar olduğu, hətta onları üstələdiyi vurğulanmışdı. Fikrimizcə, bu sahədə təcrübə mübadiləsi aparmaq, xarici təcrübəni öyrənmək və sanatoriya-kurort sənayesinin idarə olunmasının yeni metodlarını tətbiq etmək məqsədilə yaxın gələcəkdə Şuşanın bu kurortlarla dostluq əlaqələrinin qurulması məsələsini nəzərdən keçirməyə də diqqət yetirilməlidir.

 

Şübhəsiz ki, tanınmış xarici kurortlarla iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığın təşkili Şuşanın dünya əhəmiyyətli bir kurort və turizm mərkəzi kimi inkişafına və fəaliyyətinə kömək edəcək. Bir sözlə, Şuşa yenidən dünyanın müxtəlif yerlərindən gələn turistlərin sevimli istirahət mərkəzinə çevriləcək.

 

Füzulidə beynəlxalq hava limanının tikintisinə başlandığını və yeni avtomobil yolunun çəkildiyini nəzərə alaraq, gələcəkdə Şuşada tanınmış xarici kurortların nümunəsində burada beynəlxalq işgüzar konfransların və musiqili festivalların təşkil edilməsi məsələsini də nəzərdən keçirmək mümkündür. İştirakçılar burada bilavasitə öz işləri ilə yanaşı, Azərbaycanın bu əsrarəngiz təbiətinin ecazkar gözəlliklərindən və rahat atmosferindən də zövq ala biləcəklər. Yeri gəlmişkən, belə beynəlxalq tədbirlərdən biri gələcəkdə Şuşada Bülbül adına Beynəlxalq vokalçılar müsabiqənin keçirilməsi və ya müsabiqə iştirakçılarının dahi sənətkarın vətəninə ekskursiyanın təşkil edilməsi ola bilər.

 

Burada qeyd etmək lazımdır ki, əvvəllər də Şuşada beynəlxalq müsabiqələr keçirilib. Məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən 1991-ci ilədək Şuşada "Xarı bülbül" Beynəlxalq Festivalı təşkil edilib. Festival hər ilin may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və SSRİ-nin iştirakı ilə keçirilir və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.  Sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə burada növbəti "Xarı bülbül" Beynəlxalq Festivalının keçirilməsi nəzərdə tutulur.

 

Eyni zamanda, Azərbaycan Milli Kulinariya Mərkəzinin verdiyi məlumata əsasən, 2021-ci ilin avqust ayında Şuşada Cıdır düzündə Beynəlxalq Kulinariya Festivalı keçiriləcək və artıq 15 ölkədən festivala qatılmaq üçün müraciətlər edilib. Bu festivalın keçirilməsi Dövlət Turizm Agentliyi, Müdafiə Nazirliyi, Şuşa rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənir.

 

Sözsüz ki, Beynəlxalq "Xarı bülbül" və "Vaqif Poeziya Günləri"nin, həmçinin, Kulinariya Festivallarının bu il Şuşada keçirilməsi şəhərin dirçəlişinə, onun Azərbaycanın turizm mərkəzi kimi təşəkkül tapmasına kömək edəcək.

 

Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir. Milli Azərbaycan Xalça Muzeyinin Şuşa filialının Qarabağda toxunan zərif xalçaları yenidən Şuşada, hənirtisinə həsrət qaldığı məkanda ekspozisiyasını bərpa edəcəyinə və tamaşaçılarını qarşılayacağına inanır və həmin günü səbirsizliklə gözləyirik.

 

Bununla belə, bu yazıda qaldırılan məsələlər müvafiq strukturlar tərəfindən diqqətlə öyrəniləcəyinə və hərtərəfli təhlil ediləcəyinə inanmaq istərdik. Düşünürük ki, bəyənilən bir sıra layihələrin və istəklərin reallaşdırılması üçün müəyyən vaxt tələb olunacaq. Qəbul olunan digər təkliflərin reallaşması isə müvafiq sosial infrastruktur obyektlərinin tikintisindən və yaradılmasından sonra mümkün ola bilər.

 

Bu gün həyat öz axarı ilə davam edir, artıq Şuşada yeni həyat başlanıb və uğurla davam edir. Əminliklə vurğulamaq istərdik ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir".

 

Rövşən AĞAYEV

 

525-ci qəzet.- 2021.- 3 aprel.- S.10-11.