Azərbaycan-Pakistan ədəbi-mədəni
əlaqələri - İsa Həbibbəyli yazır
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik, Milli Məclisin deputatı
Pakistan İslam Respublikası - Cənubi Şərqi
Asiyada ən böyük müsəlman dövlətlərindən
biridir. Ümumiyyətlə, Hindistandakı çoxmilyonlu
müsəlman icması nəzərə alınmazsa, Pakistan
İslam Respublikası əhalisinin sayına görə
dünyada İndoneziyadan sonra ikinci müsəlman ölkəsi
hesab olunur.
Pakistanı dünya nəhəngləri sırasına
çıxaran başqa göstəricilər də vardır. Çoxmillətli
tolerant ölkə olması, atom silahı sahibi olmaq imkanı
qazanması, güclü və modern ordu yaratması,
qoşulmama hərəkatındakı xüsusi çəkisi
və mövqeyi, ərzaq məhsulları istehsalı sahəsindəki
rekord rəqəmlər bu Asiya dövlətinə beynəlxalq
aləmdə böyük nüfuz qazandırmışdır.
Çoxmillətli və qədim mədəniyyətə
malik olması, müxtəlif mədəniyyətlərin
qarşılıqlı əlaqə halında bir ölkə
daxilində dinc yanaşı yaşamasının təmin
edilməsi və inkişaf etdirilməsi də Pakistanın fərqli
simasını müəyyən edir. Pakistan İslam
Respublikası dünyada müxtəlif mədəniyyətləri
dövlət səviyyəsində birləşdirən az sayda olan ölkələrdən biridir. Urdu,
pəncab, sind, bəluc, puştu,
moltanı, kəşmiri dilləri və mədəniyyətləri
Pakistanda vahid ölkə mədəniyyətinin tərkib hissəsi
kimi yaşayır və inkişaf etdirilir. Bununla belə,
Pakistan dövlət səviyyəsində qədim urdu dilini və mədəniyyətini
yaşadan bir ölkə kimi qəbul olunur.
Pakistan Cənubi Şərqi Asiya ilə Orta Asiya
arasında spesifik bir mədəniyyət və ədəbiyyat
yaratmış ölkədir. Orta Asiya türk sivilizasiyası ilə
Cənub Şərqi Asiya müsəlman intibahının ən
mühüm ənənələrini yaradıcı şəkildə
sintez etmək və həmin mədəni dəyərlərin
ölkə daxilində mövcud olan xalqların mədəniyyətləri
ilə qaynayıb-qarışmasına nail olmaq vahid Pakistan mədəniyyətinin
mahiyyətini müəyyən edir. Daha
doğrusu, qədim və köklü ənənələrə
malik yerli mədəniyyətlərlə türk-islam
sivilizasiyasının inteqrasiyası bənzərsiz Pakistan mədəniyyətini
meydana çıxarmışdır. Bu mənada
Pakistan Anadolu və Qafqazdan Orta Asiya və Hindistana qədərki
mədəniyyətlər arasında möhkəm və
davamlı bir körpü funksiyasını şərəflə
və məsuliyyətlə yerinə yetirir.
Azərbaycan-Pakistan əlaqələrinin tarixində və
taleyində xalqlarımızın və ölkələrimizin
ortaq ictimai-siyasi və ədəbi-mədəni dəyərləri
mühüm rol oynayır. Pakistanda bu gün də
yaşamaqda davam edən şirvani, bektaşi, səfəvi-qızılbaş,
Təbrizi nəsilləri və ya tayfaları Azərbaycan
türk mədəniyyətinin vahid Pakistan müsəlman mədəniyyəti
içərisində fərqli bir keyfiyyət halında
yaşadığını aydın surətdə
nümayiş etdirir. Yaxud Azərbaycan
şifahi xalq ədəbiyyatında, nağıllarda və
dastanlarımızda Kəşmir şalından buta kimi
geniş söz açılması da Pakistana məxsus mədəniyyətin
Qafqazda zəruri faktorlardan birinə çevrildiyini göstərir.
Belə ki, Azərbaycan folklorunda aşiqin
sınağa çəkilməsi üçün onun öz
sevgilisinə Kəşmirdən şal gətirməyi
bacardıqdan sonra vüsala çata bilməsi motivi
özünəməxsus yer tutur. Müqayisə
üçün deyək ki, Azərbaycan şifahi xalq ədəbiyyatında
Kəşmirdən şal gətirmək motivi qəhrəmanın
Ağrı dağından və Qafqaz zirvəsindən qar gətirməsi
sınağına bərabər tutulur. "Kəşmir
şalı" motivinin buta kimi Azərbaycan folklor qəhrəmanının
sınaqdan çıxması və vüsala qovuşması
baxımından mühüm faktorlardan biri olaraq qəbul edilməsi
Azərbaycan-Pakistan ortaq mədəniyyətlərinin nə qədər
qədim tarixi köklərə malik olduğunu əyani şəkildə
nəzərə çarpdırır.
Orta əsrlər
müsəlman intibahı mədəniyyətində də Azərbaycan-Pakistan
ortaq dəyərlərinin iştirak etdiyini müşahidə
etmək mümkündür. Sufizm və
hürufizmin Azərbaycanda olduğu kimi, Pakistanda da Renessans mədəniyyətinin
inkişafında aparıcı mövqeyə malik olması mədəniyyətlərimizi
yaxınlaşdıran ortaq dəyərlərin
mövcudluğunu bir daha təsdiq edir. Xüsusən,
əsas yaranma mərkəzi Azərbaycan olan hürufiliyin
Pakistanda ədəbiyyatın və ictimai fikrin
inkişafında oynadığı rol milli mədəniyyətlərin
qarşılıqlı surətdə inkişaf etdirilməsi
prosesində ortaq dəyərlərin
formalaşdırılmasının zəruriliyini meydana qoyur.
Bundan başqa, əsasən Anadolu coğrafiyası və ədəbi-ictimai
fikri ilə bağlı olan Bektaşilik təriqətinin XIX əsrə
qədər Azərbaycanda və Pakistanda da geniş
yayılması, hətta bu gün də ölkələrimizdə
"Bektaşi" soyadı daşıyan nəsillərin
yaşaması ortaq mədəniyyətlərimizin əsrlərdən-əsrlərə
qədər böyük sınaqlardan çıxaraq
yaşamaqda, davam etməkdə olduğunu təsəvvür
etməyə imkan verir.
Bundan başqa, Türkiyədə inkişaf etmiş və
Azərbaycanda geniş yayılmış mövləvilik hərəkatının
tarixi köklərinin Pakistanla bağlı olması da
xalqlarımızın və ədəbiyyatlarımızın
hansı ortaq dayaqlar üzərində inkişaf etdiyini göz
önünə gətirir. Bu cəhətdən
Mövlanə Cəlaləddin Ruminin (1207-1273) məşhur məsnəviləri
Azərbaycan-Türkiyə və Pakistan üçün ortaq
türk-islam abidəsi də hesab edilə bilər. Eyni sözləri Azərbaycan və Türkiyədə
olduğu kimi, Pakistanda da müəyyən dərəcədə
yayılmış Şəms Təbrizi təlimi haqqında
da demək mümkündür. Türkiyənin Konya
şəhərində və İranın Xoy şəhərində
məzarları olan Şəms Təbrizinin adına
Pakistanda məqbərənin ucaldılması
xalqlarımız arasındakı ədəbi-mədəni əlaqə
faktından çox ortaq mədəniyyət faktorunun
mövcudluğunun göstəricisidir.
Məsafə etibarilə kifayət qədər
aralıda yerləşən Azərbaycanın və
Pakistanın XX əsrdə ən çətin məqamlarda
bir-birlərinə kömək əli uzatmasına dair ibrətamiz
faktlar indi də xalqlarımızın yaddaşında
yaşayır.
Məsələn, XX əsrin əvvəllərində məşhur
Azərbaycan milyonçusu və messenatı Hacı Zeynalabdin
Tağıyevin (1823-1924) Pakistanda baş vermiş yoluxucu taun xəstəliyinin
qarşısını almaq üçün dost ölkəyə
öz vəsaiti hesabına üç yüz min ampula vaksin
alıb göndərməsi sözün həqiqi mənasında
ölkəmizin bu Cənub-Şərqi Asiya xalqına bəslədiyi
əsl qardaşlıq münasibətinin əməli təzahürüdür.
Eyni zamanda, Pakistan İslam Respublikasının
12 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini
ilk tanıyan dövlətlərdən biri olması da ölkəmiz
üçün mühüm əhəmiyyətə malik olan
tarixi hadisədir. Bundan başqa, Pakistanın
işğalçılıq siyasətinə görə Ermənistanın
müstəqilliyini tanımaqdan imtina etməsi Azərbaycanın
ərazi bütövlüyü məsələsinə bu dost
və qardaş ölkənin hansı səviyyədə dəstək
verdiyini əyani surətdə nümayiş etdirir. Azərbaycan Respublikası üçün xüsusi
əhəmiyyətə malik olan Birinci və İkinci
Qarabağ müharibəsi zamanı Pakistan İslam
Respublikasının ölkəmizə göstərdiyi birmənalı
siyasi və mənəvi dəstək də heç nə ilə
əvəz edilməsi mümkün olmayan unudulmaz
faktlardandır. Tanınmış Azərbaycan ədəbiyyatşünas
alimi və şairi Abuzər Turanın Qarabağ-Vətən
müharibəsinə həsr olunmuş "Zəfər nəğməsi"
poemasındakı Pakistan İslam Respublikasının Baş
naziri İmran Xan Əhməd Niyaziyə müraciətlə
yazılmış "Əziz Vəziri-Əzəm" fəslində
dost ölkənin çətin sınaq günlərindəki
etibarına bəslənilən minnətdarlıq
duyğuları sənət əsərinin dili ilə obyektiv
şəkildə ifadə olunmuşdur.
Heç şübhəsiz, çoxəsrlik tarixi və
özünəməxsus ənənələri olan Azərbaycan-Pakistan
əlaqələri ölkəmiz dövlət müstəqilliyi
qazandıqdan sonra daha ardıcıl və sistemli şəkildə
inkişaf etməyə başlamışdır. Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, eyni zamanda,
Pakistan İslam Respublikasının dövlət rəhbərlərinin
qarşılıqlı surətdə ölkələrimizə
rəsmi səfərlərinin həyata keçirilməsi ən
müxtəlif sahələri əhatə edən
çoxsaylı razılaşma sənədlərinin
imzalanması, hər iki ölkə tərəfindən
atılmış əhəmiyyətli addımlar çoxcəhətli
əlaqələrimizin möhkəm təməllərini təşkil
edir və bütün sahələr üzrə dostluq və əməkdaşlığın
inkişaf etdirilməsinə tam təminat verir. Hazırda
Azərbaycan Respublikası ilə Pakistan İslam
Respublikası arasındakı münasibətlər bərabərhüquqlu
ölkələrin qarşılıqlı etimadı şəraitində
formalaşmış, çətin sınaqlardan
çıxmış və inkişaf etməkdə davam edən
əlaqələrin əsl nümunəsi hesab oluna bilər.
Elm və ədəbiyyat sahəsində də Azərbaycan-Pakistan
əlaqələri inkişaf etməkdədir. Bu cəhətdən
Azərbaycan ədəbiyyatının görkəmli
yaradıcılarının əsərlərinin Pakistanda,
qardaş ölkənin yazıçı və şairlərinin
əsərlərinin isə Azərbaycanda nəşr edilib
yayılması xüsusi əhəmiyyətə malik olan hadisədir.
Bu sahədə Azərbaycan
Respublikasının Pakistan
İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli
Səfirliyinin həyata keçirdiyi ədəbiyyat
yönlü uğurlu layihələrin böyük rolu və əhəmiyyəti
vardır. Görkəmli Azərbaycan yazıçısı
Cəlil Məmmədquluzadə (1869-1932) haqqında və əsərlərindən
seçilmiş örnəklərin pakistanlı oxuculara təqdim
edən kitabın İslamabadda nəşr edilməsi yeni
tarixi şəraitdə ədəbi-mədəni əlaqələrimizin
ilk və möhkəm təməllərinə
çevrilmişdir. mənim urdu və ingilis dillərində
geniş tanıtma məqaləm ilə 2004-cü ildə
Pakistanın paytaxtında ölkəmizin o zamankı səfiri
Eynulla Mədətlinin dəstəyi ilə urdu dilində
çap olunmuş "Görkəmli Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadə əsərləri
ilə" adlanan bu kitab Cənub Şərqi Asiya ölkəsi
ictimaiyyətinin Azərbaycan ədəbiyyatı ilə
tanış olması baxımından böyük maraq
doğurmuşdur. Cəlil Məmmədquluzadənin dahiyanə
əsərləri pakistanlı yazıçı-publisist Nəcimə
Rəfiqin tərcüməsində orijinala çox yaxın
şəkildə urdu dilinə
çevrilmiş və Pakistan ictimaiyyəti ölməz Azərbaycan
yazıçısının hekayələri və pyeslərini
sanki öz xalqlarının həyatına həsr olunmuş əsərlər
kimi böyük maraqla qarşılamışlar.
Bundan
başqa, mənim elmi təqdimatımda və Eynulla Mədətlinin
tərtibçiliyi ilə 2010-cu ildə İslamabada "Azərbaycan
poeziyası: dəryada damla" adlı şeir
antologiyasının ingilis dilində kitab halında nəşr
edilməsi Pakistanda Azərbaycan ədəbiyyatı ilə əsaslı
tanışlıq üçün daha geniş imkan
yaratmışdır. Antologiyada XII əsrdə
yaşayıb-yaratmış Nizami Gəncəvidən
başlamış XXI əsrdə fəaliyyət göstərən
Azərbaycan şairlərinin, hətta yeni nəsil ədəbi
qüvvələrin əsərlərindən seçilmiş
şeir nümunələrinin və həmin ədəbi
şəxsiyyətlər haqqında məlumatların Pakistan
oxucusuna çatdırılması dost ölkədə Azərbaycan
ədəbiyyatının çoxəsrlik inkişaf yolu və
görkəmli yaradıcılığı haqqında tam təsəvvür
yaratmağa uğurla xidmət edir.
Eyni
zamanda, mənim Hindistanda və Pakistanda müstəmləkəçiliyə
qarşı aparılan mübarizənin ana xətlərini əks
etdirən məqamlardan bəhs edən "Molla Nəsrəddin"
jurnalında "Mərkəzi Asiya" adlı məqaləmin
2007-ci ildə Pakistan İslam Respublikasının nüfuzlu
elmi jurnallarından olan "Mərkəzi Asiya tədqiqatları"
jurnalında (İslamabad, 2007, ¹1, səh. 21-24) çap edilməsi
ədəbiyyatşünaslıq elmi sahəsində əlaqələrin
ilk addımlarından biri idi. Son illərdə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə
Pakistan İslam Respublikasının elm və ali təhsil
müəssisələri arasında yaradılmış əlaqələr
ədəbiyyatşünas alimlərin
qarşılıqlı surətdə fikir mübadiləsinə,
bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinə
şərait yaradır. Ədəbiyyat
İnstitutunda 2016-cı ildə yaradılmış "Azərbaycan-Asiya
ədəbi əlaqələri" şöbəsində
Pakistan ədəbiyyatının araşdırılıb
öyrənilməsi və bu ölkənin elmi qurumları ilə
əlaqələrin formalaşdırılması müasir
inkişaf baxımından xüsusi əhəmiyyətə
malikdir. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsinin nəzdində 2019-cu ildə qurulmuş
"Pakistan Ədəbiyyatı Mərkəzi" ölkəmizdə
Pakistan ədəbiyyatını tədqiq və təbliğ
edən əsas elmi mərkəz funksiyasını həyata
keçirir. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda 21 iyun 2019-cu ildə
"Azərbaycan-Pakistan ədəbi əlaqələri"
mövzusunda keçirilmiş beynəlxalq elmi konfrans
qarşılıqlı ədəbi əlaqələrimizə
həsr edilmiş birinci elmi forum kimi yadda qalmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Azərbaycan-Pakistan
ədəbi əlaqələrinin tarixi və müasir
dövrdəki əhəmiyyəti haqqındakı giriş
nitqi ölkələrimiz arasındakı münasibətlərin
reallıqlarına və perspektivlərinə işıq
salmışdır. Eyni zamanda, beynəlxalq elmi konfransda
çıxış edən Pakistan Müslüm
İnstitutunun direktoru, professor Sultan Əhməd Əli Sahibzadə
də öz növbəsində qarşılıqlı elmi və
ədəbi əlaqələrin inkişaf etdirilməsinin hər
iki ölkə üçün əhəmiyyətindən
söz açmışdır. Azərbaycan Milli Elmlər
Akademiyası Fəlsəfə İnstitutunun direktor
müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin "Azərbaycan-Pakistan
əlaqələrinə dair", Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin
"Azərbaycan-Pakistan ədəbi əlaqələrinin
tarixində yeni mərhələ", filologiya elmləri
doktoru, dosent Bəsirə Əzizəliyevanın "Məhəmməd
İqbalın yaradıcılığında müsəlman
birliyi ideyası, ilahi eşq və milli düşüncə"
mövzularında etdikləri məruzələr ölkələrarası
elmi-ədəbi əlaqələrin ilk addımlarına
çevrilmişdir. Pakistan Müslüm İnstitutunun direktoru
Sultan Əhməd Əli Sahibzadənin 22 iyun 2019-cu il tarixdə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Şamaxı şəhərində keçirdiyi böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
yaradıcılığına həsr olunmuş elmi
konfransdakı çıxışı, təmsil etdiyi Cənubi-Şərqi
Asiya ölkəsində ədəbiyyatımızın
qüdrətli nümayəndəsinə bəslənilən
marağı və ehtiramı ifadə edən səmimi ürək
sözləri kimi qarşılanmışdır.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə
Pakistanın Müslüm İnstitutu arasında 21 iyun 2019-cu
il tarixdə imzalanmış əməkdaşlıq
müqaviləsi ölkələrimiz arasında ədəbiyyatşünaslıq
istiqamətində əməkdaşlığa dair birinci rəsmi
addım olmuşdur.
Hazırda
Azərbaycanda Pakistan ədəbiyyatı və mədəniyyətinin
araşdırılıb tədqiq olunması və
ayrı-ayrı yazıçıların əsərlərinin
dilimizə tərcümə olunaraq nəşr edilməsi sahəsində
geniş iş aparılır. Xüsusən,
Pakistan ədəbiyyatının görkəmli
yaradıcısı Məhəmməd İqbalın həyatı
və yaradıcılığının öyrənilməsinə
Azərbaycanda böyük maraq vardır. Fikrimcə,
bu, hər şeydən əvvəl, Pakistanın həm ədəbiyyatının
inkişafında, həm də tarixi taleyində Məhəmməd
İqbalın (1877-1938) oynadığı mühüm rol və
tutduğu yüksək mövqe ilə üzvü surətdə
əlaqədardır. Azərbaycan elmi Məhəmməd
İqbaldan ölməz əsərləri ilə müstəqil
Pakistan dövlətinin yaradılması yollarına
işıq salmış, dəstək vermiş qüdrətli
şair və böyük ictimai xadim kimi bəhs edir.
Buna görədir ki, Pakistan ədəbiyyatının görkəmli
klassiki Məhəmməd İqbalın həyatı,
yaradıcılığının tədqiqi işi ilə Azərbaycanın
ədəbiyyatşünas alimləri (filologiya elmləri
doktoru Bəsirə Əzizəliyeva) ilə yanaşı,
filosoflar (AMEA-nın müxbir üzvü Könül
Bünyadzadə) da məşğul olurlar. Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Könül
Bünyadzadənin Məhəmməd İqbalın ictimai-fəlsəfi
görüşlərinə həsr olunmuş
araşdırmaları, xüsusən onun bu mövzuda
Pakistanın Lahor Universitetində keçirilmiş beynəlxalq
elmi konfransdakı elmi məruzəsi bu böyük vətəndaş
şairin mütəfəkkir obrazının
canlandırılmasına xidmət edən tədqiqatdır.
Azərbaycanla yanaşı, Türkiyədə və Pakistanda
keçirilən beynəlxalq elmi konfranslarda Məhəmməd
İqbala həsr edilmiş elmi məruzələrlə
çıxış edən filologiya elmləri doktoru Bəsvirə
Əzizəliyevanın tədqiqatlarında isə Məhəmməd
İqbalın həyatı və
yaradıcılığından yeni Pakistan ədəbiyyatının
mübariz və qüdrətli yaradıcısı kimi ətraflı
şəkildə söz açılır.
Məhəmməd İqbalın
yaradıcılığına göstərilən
böyük marağın kökündə həm də bu
görkəmli Pakistan şairinin öz ölkəsinin müstəqilliyi
uğrunda mübarizə aparması sahəsindəki fəaliyyəti
də xüsusi əhəmiyyət kəsb edir. Məhəmməd
İqbalın əsərlərindəki milli-azadlıq
ideyaları, həmçinin, böyük vətəndaşlıq
mövqeyinin bədii ifadəsi Azərbaycan xalqının
dövlət müstəqilliyi uğrunda apardığı
mübarizə ilə üst-üstə düşür.
Bu mənada Məhəmməd İqbal yalnız
Pakistanın deyil, ümumiyyətlə, müstəqillik
uğrunda mübarizə aparan bütün xalqların milli
azadlıq hərəkatına işıq salan, təsir
göstərən görkəmli şair-vətəndaşdır.
Azərbaycan elmində də haqlı olaraq Məhəmməd
İqbaldan müstəqillik uğrunda mübarizənin
qüdrətli tərənnümçüsü kimi geniş
bəhs olunur.
Məlum olduğu kimi, Məhəmməd İqbal öz
ölkəsində islami dəyərlərin maarifçilik
ideyaları ilə uzlaşdırılması, fanatizmə
deyil, dini baxışların mənəvi mühitin dirçəldilməsinə
xidmət etməsi üçün islahatlar
aparılmasını zəruri hesab etmişdir. Məhəmməd
İqbal təkcə Pakistanın yox, geniş mənada Cənub
Şərqi Asiyanın cəmiyyət həyatının
müasirləşdirilməsi yollarında mübarizə
aparan böyük refarmatorudur. Avropada ali
təhsil almış Məhəmməd İqbal əsərlərində
Asiya mühitində süni şəkildə islam dini ilə əlaqələndirilən
itaətkarlıqdan, fanatizmdən xilas olmağa, zəhmət
çəkmək və maariflənmək yolu ilə
inkişaf etməyə çağırmış, milli-dini
birlik ideyasını irəli sürmüşdür. Məhəmməd
İqbalın cəmiyyətdəki müsəlmançılıq
baxışlarının müasirləşdirilməsi
üçün irəli sürdüyü ideyalar Azərbaycan
maarifçilərinin XIX əsrdən etibarən, xüsusən
Mirzə Fətəli Axundzadədən başlayaraq öz
xalqını fanatizmdən xilas edərək maarifləndirmək,
milli oyanışa çağırmaq yollarındakı
mübarizəsi ilə səsləşir. Məhəmməd
İqbal Hindistanda və Pakistanda Mirzə Fətəli Axundzadənin
(1812-1878) "Kəmalüddövlə məktubları"nda
irəli sürdüyü maarifçi ideyalara uyğun gələn
idealların həyata keçirilməsini cəmiyyətin diqqət
mərkəzinə çəkmişdir. Dini
ayinlərin maarifçilik ideyaları ilə
uzlaşdırılması cəhətdən isə Məhəmməd
İqbal görkəmli Azərbaycan yazıçısı və
mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin
(1838-1897) Qafqaz müsəlman cəmiyyətində həyata
keçirmək sahəsindəki islahatları ölkəsinin
reallıqlarına uyğun şəkildə Cənubi-Şərqi
Asiyada gerçəkləşdirmişdir. Şeirlərindəki
vətəndaşlıq mövqeyi və ümummilli
idealların tərənnümünə görə isə o,
Azərbaycan Mollanəsrəddinçilərinin və XX əsrin
əvvəllərində yaşayıb-yaratmış Məhəmməd
Hadinin (1879-1920) ədəbi taleyini Asiyada yaşamış sənətkar
kimi diqqəti cəlb edir. Məhəmməd
İqbal Şərqi Asiya ictimai fikrinin Şeyx Cəmaləddin
Əfqanisi və Pakistan ədəbiyyatının Məhəmməd
Hadisidir. Filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın
"Məhəmməd İqbalın həyatı və
yaradıcılığı" monoqrafiyası (2021) dost və
qardaş Pakistan xalqının milli iftixarı olan Məhəmməd
İqbala Azərbaycan xalqının yüksək
ehtiramının elmi ifadəsidir. Bəsirə Əzizəliyeva
Məhəmməd İqbala və onun ölkəsinin ədəbiyyatına
həsr edilmiş sanballı tədqiqatları ilə Azərbaycanda
Pakistan ədəbiyyatının səlahiyyətli səfiri
olmaq missiyasını ləyaqətlə həyata
keçirir.
Azərbaycan Yazıçılar Birliyinin ölkəmizdə
Pakistan ədəbiyyatını tərcümə və təbliğ
etmək sahəsində apardığı işlər və
atdığı addımlar ölkələrarası
münasibətlərin daha da möhkəmləndirilməsinə
xidmət edir.
Azərbaycan Yazıçılar Birliyi Beynəlxalq Əlaqələr
və Bədii Tərcümə Mərkəzinin
hazırlayıb nəşr etdirdiyi "Dünya ədəbiyyatı"
jurnalının Pakistan sayı ölkəmizdə dost və
qardaş Pakistan ədəbiyyatını geniş oxucu
auditoriyasına təqdim edən mənalı və əhəmiyyətli
bir ədəbiyyat platformasıdır. Bu, Azərbaycan
ədəbi-ictimai mühitində Pakistan ədəbiyyatına
həsr olunmuş ilk toplu kimi də əhəmiyyətlidir.
"Dünya ədəbiyyatı" jurnalının
Pakistan sayı Azərbaycan oxucusuna ünvanlanmış qiymətli
bir Pakistan ədəbiyyatı ərmağanıdır. Bu, Azərbaycanda Pakistan ədəbiyyatının
görkəmli yaradıcıları və əsas ədəbi
simaları ilə küll halında yaxından tanış
olmağa imkan yaradan zəngin ədəbiyyat toplusudur.
"Dünya ədəbiyyatı" jurnalının
Pakistan ədəbiyyatı sayı Azərbaycan-Pakistan ədəbi
əlaqələrinin artıq yeni tarixi mərhələyə
qədəm qoyduğunu göstərir. Bu, yeni mərhələ
Pakistan ədəbiyyatını daha geniş miqyasda tərcümə
edib Azərbaycanda, ölkəmizin yazıçı və
şairlərinin əsərlərinin isə Pakistanda
tanıtmaqla yanaşı, həm də dərindən və əsaslı
şəkildə araşdırıb tədqiq etmək vəzifəsini
də qarşıya qoyur. Azərbaycan və
Pakistan ədəbiyyatları müqayisəli ədəbiyyatşünaslıq
baxımından zəngin material verir. Məhz
ciddi axtarışların nəticəsində meydana
çıxacaq elmi tədqiqat əsərlərinin
yaradılması ilə xalqlarımızı və ölkələrimizi
daha yaxından tanımaq və tanıtmaq mümkündür.
Bu cəhətdən "Dünya ədəbiyyatı"
jurnalının Pakistan ədəbiyyatı sayı qardaş
ölkənin ədəbiyyatını tədqiq etmək
üçün hələlik ən mötəbər mənbədir.
Qarşılıqlı surətdə Azərbaycan
və Pakistan ədəbiyyatını hər iki ölkədə
ətraflı və sistemli şəkildə tədqiq etmək
üçün daha geniş əməkdaşlığa
ehtiyac vardır.
Bu cəhətdən
hər iki ölkənin Yazıçılar Birlikləri ilə
yanaşı, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyasının
elmi əlaqələrinin yaradılması, birgə əməkdaşlıq
yolu ilə fəaliyyət göstərməsi, ortaq layihələr
üzərində çalışmaları səmərəli
ola bilər. Azərbaycan Respublikası ilə Pakistan İslam
Respublikası arasındakı qarşılıqlı və
möhkəm etimada əsaslanan çoxcəhətli əlaqələrin
əhəmiyyətini və mahiyyətini dərindən
başa düşərək və yüksək qiymətləndirərək,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
qarşılıqlı əməkdaşlıq məsələlərini
müzakirə etmək üçün 22 aprel 2021-ci il tarixdə
Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor
Muhamməd Yusuf Huşka göndərilmiş müraciətin
aşağıdakı mətnini bu yazıya daxil etməklə
məqaləni bitirmək istəyirəm:
Pakistan
İslam Respublikası Ədəbiyyat Akademiyasının
prezidenti, professor Məhəmməd Yusuf
Huşka
Hörmətli
həmkarım,
Azərbaycan və Pakistan arasında XX əsrin əvvəllərindən
mövcud olan dostluq və qardaşlıq münasibətləri
bu gün də uğurla davam etdirilir. Ölkələrimiz
siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə
qarşılıqlı əməkdaşlığın əsl
nümunəsini göstərirlər.
Pakistan Azərbaycanın müstəqilliyini tanıyan
ilk dövlətlərdən biri olaraq, Dağlıq Qarabağ
məsələsində ölkəmizin haqlı mübarizəsinə
daim dəstək vermişdir.
İki dövlət arasında Ədəbiyyat sahəsində
də əlaqələr inkişaf edir. Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda hazırda "Azərbaycan-Asiya ədəbi
əlaqələri" şöbəsi fəaliyyət
göstərir. İnstitutda Pakistan ədəbiyyatının
tarixi, inkişaf istiqamətləri, Pakistan şair və
yazıçılarının həyatı və
yaradıcılıqları ilə əlaqədar araşdırmalar
aparılır.
Azərbaycanla
Pakistan arasındakı uğurlu qarşılıqlı
münasibətlərin nəticəsidir ki, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı
Mərkəzi yaradılmış və "Azərbaycan-Asiya
ədəbi əlaqələri" mövzusunda Beynəlxalq
elmi konfrans keçirilmişdir.
Elmi və ədəbi əlaqələrin geniş və
sistemli şəkildə davam və inkişaf etdirilməsi
ölkələrimiz arasındakı münasibətlərin
daha da inkişaf etdirilməsinə layiqli töhfələr
verə bilər.
Ədəbi-mədəni əlaqələrimizin
genişləndirilməsi istiqamətində AMEA-nın Ədəbiyyat
İnstitutu olaraq Pakistan Ədəbiyyat Akademiyası ilə əməkdaşlıq
etmək arzusunda olduğumuzu diqqətinizə
çatdırmaqdan şərəf duyuruq.
Qarşııqlı elmi və
ədəbi əlaqələr ilə bağlı məsələləri
müzakirə etmək və əməkdaşlıq
müqaviləsi imzalamaq üçün Sizi uyğun
gördüyünüz bir vaxtda Azərbaycanda, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutuna dəvət edirəm.
İsa HƏBİBBƏYLİ
525-ci qəzet.-2021.- 6 aprel.- S.10-11.