Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsi yekunlaşıb
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) layihəsi
ilə ötən ilin fevral ayında
elan olunan "Azərbaycanın Qarabağ
diyarı rəssamların
gözü ilə"
adlı Azərbaycan-Özbəkistan
birgə rəsm müsabiqəsinə yekun
vurulub.
AZƏRTAC
xəbər verir ki, onlayn formatda
keçirilən yekun
tədbirdə hər
iki ölkənin mədəniyyət nazirliklərinin
rəsmi təmsilçiləri,
Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva, "Özbəkistan-Azərbaycan"
Dostluq Cəmiyyətinin
və Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi,
respublikamızın TÜRKSOY təşkilatındakı nümayəndəsi,
rəssamlar iştirak
ediblər.
AMM-in direktoru Samir Abbasov sərgi haqqında məlumat verərək müsabiqədə hər
iki ölkənin gənc rəssamlarının
Qarabağa dair duyğu və düşüncələri, Azərbaycan
mədəniyyətinin beşiyi
olan Qarabağda xalqımızın yaratdığı
zəngin mədəni
irs və
ədəbiyyat nümunələrinin
əks edildiyini bildirib.
S.Abbasov Şuşanın Azərbaycan
mədəniyyətinin paytaxtı
kimi tarixən türk dünyasına və bəşəriyyətə
verdiyi töhfələrdən
danışıb, dünyanın
heç bir şəhərinin bu qədər mədəniyyət,
sənət adamı yetişdirmədiyini, tarixi
abidələrə malik
olmadığını qeyd
edib. O, Şuşanın Azərbaycan
üçün əhəmiyyətini
vurğulayaraq, Prezident
İlham Əliyevdən
sitat gətirib: "Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir,
incəsənətdir, tarixdir".
Qənirə Paşayeva iki ölkə arasındakı
tarixi dostluqdan danışıb, AMM-in keçirdiyi
bu layihəni yüksək qiymətləndirib,
sərginin yalnız rəsm müsabiqəsindən
ibarət olmadığını,
xalqlarımız arasında
möhkəm dostluq əlaqələri və körpü yaratdığını
bildirib.
Azərbaycan Mədəniyyət Nazirliyinin
təmsilçisi, Dövlət
Rəsm Qalereyasının
direktoru Qalib Qasımov hər iki ölkənin gənc rəssamlarının
iştirak etdiyi müsabiqənin əhəmiyyətini
qeyd edərək, nümayiş olunan rəsmlərdə Azərbaycanın
Qarabağ bölgəsinin
qədim tarixi, zəngin mədəni irsi, yetişdirdiyi dahi şəxsiyyətlər,
gözəl təbiətinin
canlandırıldığını vurğulayıb.
Özbəkistan Mədəniyyət Nazirliyinin
təmsilçisi Marufjon
Yuldashev çoxəsrlik
Azərbaycan-Özbəkistan dostluğunun uğurla inkişaf etdiyini qeyd edərək, eyni soy-kök, mədəniyyət, adət-ənənələri
bölüşən xalqlarımızın
qardaş olduğunu söyləyib. O, yaradılmış
rəsm əsərlərində
Azərbaycanın incisi
olan, təkrarsız mədəniyyətə, təbiətə
malik Qarabağın türk dünyası üçün də əvəzolunmaz müqəddəs
bir məkan kimi əks olunduğunu
vurğulayıb.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı, Türkiyənin Özbəkistandakı
səfirliyinin Mədəniyyət-Mətbuat
məsələləri üzrə
müşaviri Alparslan
Akıncı, şair-publisist
Əkbər Qoşalı,
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Türk dünyası arasında birliyə xidmət edən layihəni yüksək qiymətləndirərək xalqlarımız
arasında bütün
sahələrdə əməkdaşlığın
uğurla inkişaf etdiyini bildiriblər.
Sonra S.Abbasov
rəsm müsabiqəsində
seçilən əsərləri
və qalibləri elan edib.
Müsabiqədə Azərbaycan tərəfdən gənc
rəssam Fərəh
Babayevanın qrafika üslubunda çəkdiyi
"Qarabağ musiqiçilər
məclisi" əsəri
birinci, Lalə Hüseynovanın yağlı
boya ilə Azərbaycan bayrağı
fonunda çəkdiyi
"Qarabağa qayıdış"
kompozisiyası ikinci, Gülşən Baxşəliyevanın
"Şuşanın panoraması"
əsəri isə üçüncü yerə
layiq görülüb.
S.Abbasov bildirib ki, ölkəmizdən Aytən Məmmədova,
Sara Qədimova, Arzu Abduləzizova, Türkan Babayeva xüsusi mükafata layiq görülüblər.
Özbəkistan tərəfdən gənc
rəssam Gulnoz Calalovanın çəkdiyi
"Qarabağ kəndi"
əsəri birinci, Husniya Azadovanın "Qarabağlı qadın"
obrazı ikinci, Abrorcan İzzatullayevin
"Qarabağ təbiəti:
kükrəyən dağ
çayı" əsəri
üçüncü yerə
layiq görülüb.
Özbəkistan tərəfindən Xudayar Atamuradova, İroda Xudayberqanova, Mircalol Xoliqova, Firangiz Komilcanova, İlgiz Hakimov mükafat alıblar.
Tədbirin yekununda müsabiqəyə
təqdim olunan əsərlərin əsasında
yaradılan videoçarx
Qarabağ şikəstəsinin
sədaları altında
nümayiş etdirilib.
525-ci qəzet.- 2021.- aprel.- S.12.