Nizami Gəncəvi irsinə dair vebinar təşkil edilib
DAHİ
ŞAİRİN YARADICILIĞI AZƏRBAYCANIN ƏQLİ
MÜLKİYYƏTİ VƏ
BƏŞƏRİYYƏTİN MƏNƏVİ
SƏRVƏTİ KİMİ TƏHLİL OLUNUB
Aprelin
5-də Azərbaycan Respublikası
Əqli Mülkiyyət
Agentliyinin, İqtisadi
İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun birgə təşkilatçılığı
ilə "Nizami Gəncəvi yaradıcılığı
Azərbaycanın əqli
mülkiyyəti və
bəşəriyyətin mədəni
sərvətidir" mövzusunda
vebinar keçirilib.
AZƏRTAC
xəbər verir ki, vebinar Prezident
İlham Əliyevin
2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasında
2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində
təşkil edilib.
Tədbiri açan Əqli
Mülkiyyət Agentliyinin
İdarə Heyətinin
sədri Kamran İmanov
"Nizami Gəncəvi
ili"nin elan edilməsinin dövlətimizin
və dövlətçilik
tariximizin şanlı
səhifəsi olan Vətən müharibəsindəki
parlaq Zəfərimizin
davamı olaraq hər bir azərbaycanlı
üçün çox
önəmli hadisəyə
çevrildiyini, eyni zamanda, klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin
həyat və yaradıcılığına ölkəmizdə
göstərilən diqqətin
və ardıcıl məqsədyönlü siyasətin
növbəti nümunəsi
olduğunu bildirib.
Agentliyin rəhbəri bildirib ki, Nizami yaradıcılığı
poeziyanın parlaq səhifələri olaraq,
zəngin dünyagörüşü
və biliklər zirvəsidir. O bildirib ki, məşhur rus filosofu Kedrovun
nöqteyi-nəzərincə, Nizami insan tarixinin
çox az
şəxsiyyətlərindən biridir ki, dünyanın
bütün yazılarından
- nəşrlərindən xəbəri olub və onları özününkü edərək,
yeni fikirlərə yol açıb.
K.İmanov şairin yaradıcılığı
yalnız gözəl
şeir misraları və mətnləri deyil, məşhur şərqşünas alim-Bertelsin
dediyi kimi, dərin bilik və çoxmənalılıq
nümayişi olduğunu
bildirərək, Qədim
Misir mifologiyası ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb.
Agentlik rəhbəri
dahi şairi doğma torpağından və millətindən ayırmağa çalışanların
da olduğunu vurğulayaraq
onların sırasında
erməni jurnalistlərin
xüsusi bədnamlıqla
seçildiyini deyib. K.İmanov
şairin Azərbaycana
bağlığı barədə
fikir söylərkən
nüfuzlu şərqşünas
alim Bertelsin qənaətinə istinad edib: "Söhbət təkcə şairin ərazi mənsubiyyətindən
yox, ilk növbədə,
Nizami yaradıcılığının
ruhunun Azərbaycanla dərin bağlılığından
gedir".
Vebinarda
çıxış edən
Mədəniyyət naziri
Anar Kərimov bildirib ki, 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə
Azərbaycan üçün
deyil, türk, Şərq və dünya ədəbiyyatı
ilə bağlı mühüm hadisədir.
Bu Sərəncam Azərbaycanın
ədəbi və bədii irsinə dövlətimizin ən ali formada
ehtiramının göstəricisidir.
Nazir deyib ki, Nizami Gəncəvi
öz irsi ilə Yaxın və Orta Şərq
xalqları ədəbiyyatının
minillik prioritet istiqamətlərini müəyyən
edib, onu yeni forma, dərin məzmun, mütərəqqi
ideyalarla zənginləşdirib,
orijinal düşüncə
və novator üslubu ilə nəhəng poeziya məktəbinin əsasını
qoyub: "Tərəddüdsüz
deyə bilərik ki, ötən minillik Yaxın və Orta Şərq
xalqları ədəbiyyatı
tarixinə Nizami erası, Nizami epoxası kimi daxil olub".
A.Kərimov deyib ki, Nizami
yaradıcılığının təsir dairəsi, nüfuz diapazonu yalnız Şərq xalqları ədəbiyyatı
ilə məhdudlaşmır. Dahi şair işğalçı
müharibələrə etiraz,
elmə-maarifə çağırış,
ədalətli cəmiyyət
quruculuğu, insan şəxsiyyətinin toxunulmazlığı,
azad və qarşılıqlı sevgi
əsasında qurulan bərabərhüquqlu ailə,
qadın hüququna hörmət kimi inqilabi ideyaları Avropa humanistlərini bir neçə əsr qabaqlayıb: "Nizami sufiyanə bir idrakla damlada
dəryanı görür
və dəryada damlanı axtarır. Dünyaya Azərbaycandan baxdığı kimi, Azərbaycana da dünyadan
baxır... Nizami nə qədər
Azərbaycandırsa, bir
o qədər də türkdür, şərqdir
və dünyadır.
Nə qədər dünya, Şərq və türkdürsə, bir o qədər də Azərbaycandır!"
Vebinarda çıxış edən
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Seragəldin
vurğulayıb ki, dahi söz ustadı
nəinki Azərbaycan
ədəbiyyatı və
tarixində, ümumiyyətlə
dünya mədəniyyətində
tanınır. Beynəlxalq Mərkəz onun
irsinin qorunması ilə yanaşı, şairin ideyalarını,
o cümlədən, açıqlıq,
tolerantlıq və sair keyfiyyətləri daima təbliğ edir.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun sədri Günay Əfəndiyeva vurğulayıb ki, Nizaminin əsərləri
hər zaman müasirdir. Bu gün
də nizamişünaslıqda
yeni fikirlər söylənilir, şairin
yaradıcılığı yeni estetik baxışlar
tələb edir.
Nizaminin yaradıcılığı bütün
türk dünyasının,
bütövlükdə bəşəriyyətin
sərvətidir. O, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu tərəfindən Nizami yaradıcılığına
həsr edilən layihələr həyata keçirildiyini bildirib.
ISESCO-nun sabiq baş
direktoru Əbdüləziz
Osman əl-Tuveycri 2021-ci ilin
Azərbaycanda "Nizami
Gəncəvi ili"
elan edilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə
minnətdarlığını bildirib. O vurğulayıb ki,
dahi şairin əsərlərində təbliğ
edilən tolerantlıq,
sülh, sevgi hər zaman aktualdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki,
Nizami Gəncəvi türk dünyasının
qürurudur. Hələ
1979-cu ildə Heydər
Əliyevin təşəbbüsü
ilə qəbul olunmuş "Azərbaycanın
böyük şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri
haqqında" qərar
Nizami yaradıcılığının
tədqiqi və təbliği üçün
yeni perspektivlər açıb: "Vətənə
və xalqa xidmət nümunələrini
Nizaminin əsərlərindən
öyrənmək olar.
Bu gün şairin
əsərlərindəki milli
və bəşəri
ideyalar öyrənilir
və öyrədilir".
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
diqqətə çatdırıb
ki, Nizami Gəncəvi Nizami humanizmi orta əsrlər Şərq və Qərb humanizminin zirvəsində
dayanıb. Azərbaycanın
dünya nizamişünaslığının
mərkəzi olduğunu
diqqətə çatdıran
akademik istər Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə
də Prezident İlham Əliyev tərəfindən ölkəmizdə
nizamişünaslığın inkişafı üçün
geniş şərait
yaradıldığını vurğulayıb. O, "Nizami
Gəncəvi Ensiklopediyası"
ilə bağlı görülən işlərdən
danışıb, payızda
beynəlxalq konfransın
keçiriləcəyini bildirib.
Xarici İşlər Nazirliyinin
xüsusi tapşırıqlar
üzrə səfiri,
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının baş
katibi Elnur Sultanov şairin irsinin təbliği istiqamətində görülən
işlərdən söz
açıb, Heydər
Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd edib.
Kembric Universitetinin
professoru xanım
Kristin van Ruymbeke videomüraciətində
belə tədbirlərin
keçirilməsini yüksək
qiymətləndirib.
İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin icraçı
direktoru Vüsal Qasımlı, akademik Teymur Kərimli, dosent Zəhra Allahverdiyeva çıxış
və məruzələrində
dahi şairin irsi barədə fikirlərini bölüşüblər.
Sonda Əqli
Mülkiyyət Agentliyinin
İdarə Heyətinin
sədri professor Kamran İmanovun "Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın
əqli mülkiyyəti
və bəşəriyyətin
mədəni sərvətidir"
mövzusunda məruzəsi
dinlənilib.
525-ci qəzet.- 7 aprel.-
2021.- S.13.