Ədəbi
düşüncədə milli özünüdərk problemləri
Bir əsrdə iki dəfə müstəqilliyini
qazanmış Azərbaycan xalqı buna qədər
böyük bir milli özünüdərk prosesindən
keçib.
Zaman-zaman xalq bu mərhələlərdən keçərək
milli özünüdərkin ən yüksək səviyyəsinə
çatıb və dövlətçiliyini
formalaşdırıb. XIX əsrin ortalarından xalqın ədəbi,
bədii, mədəni fəaliyyət potensialı artaraq milli
ideya ətrafında birləşib. Xalqın
milli ideya ətrafında keçdiyi özünüdərk
prosesi həm də ədəbi düşüncədə
öz əksini tapıb.
Poeziyada
milli ruh və istiqlalçılıq ideyasının tərənnümü
Milli özünüdərk Cümhuriyyət
dövründə özünün yeni mərhələsinə,
bəlkə də ən yüksək mərhələsinə
daxil oldu; bu mərhələni şərtləndirən amillərdən
biri özünüdərkin dövlətçiliklə birləşməsidir. Dövlətçilik
hər hansı bir xalq üçün siyasi təfəkkürün
ən yüksək mərhələsidir. Əsrə
qəzetsiz qədəm qoyan və adının belə
müzakirə mövzusu olan xalq qısa bir dönəmdə
siyasi təfəkkürünü nəinki formalaşdırdı,
hətta Şərqdə ilk müsəlman Cümhuriyyətini
qurdu. Yüz illik Çar rejiminin
istibdadından qurtularaq yeni bir demokratik cəmiyyət
quruculuğunda ədəbiyyatın, xüsusilə
poeziyanın öz yeri vardı.
Əslində, siyasi təfəkkürün Cümhuriyyət
quracaq qədər formalaşmasında əsrin əvvəllərindən
başlayan ictimai-siyasi proseslərlə yanaşı, ədəbiyyat
da öz sözünü deyirdi. Xalq bədii
düşüncədə ictimai həqiqətləri dərk
edir, yeni cəmiyyət, sonra isə dövlət quruculuğu
yolunda tərbiyə olunurdu. Yəni
Cümhuriyyət və müstəqillik ideyaları əvvəlcə
bədii təfəkkürdə hazırlanır, milli
şüurda, ideologiyada formalaşırdı. Azərbaycan öz müstəqilliyinə 1918-ci ildə
çatsa da, müstəqilliyə gələn yolda "Molla
Nəsrəddin" və "Füyuzat" ədəbi məktəblərinin
düşüncə sistemindən pərvazlanmış və
milli kimlik tərbiyəsi almışdı. C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi,
Ə.Hüseynzadə, Ə.Ağayev, A.Səhhət, M.Hadi,
A.Şaiq, N.Nərimanov, Z.Marağayi və b. onlarla
yazarların əsərlərində vətən, millət,
xalq, azadlıq, hürriyyət, bərabərlik, müstəqillik
mesajları verilir və ictimai şüur
formalaşdırılırdı. Bu cəhətdən
Cümhuriyyət ideyasının müəyyən mənada,
həm də ədəbi-bədii düşüncədə
formalaşdığını demək olar.
Romantiklərin
poeziyasında xalq, yurd, dövlət, türk, islam,
torpaq, vətən, Azərbaycan və s. anlayışların
tərənnümü gələcək Cümhuriyyət
ideyasının özül daşlarını təşkil
edirdi. Öncə xalqın tərbiyəsi,
yalnız bundan sonra siyasi təfəkkürün
formalaşdırılması məsələsi gəlirdi.
M.Ə.Rəsulzadə "Azərbaycan
Cümhuriyyəti" əsərində göstərirdi ki,
çarizm iki cəbhədən gəlirdi; birincisi,
mollaları öz kontrolunda tutur, ikincisi isə, milli tərbiyəyə
meydan vermirdi. Əslində, XIX əsrin
sonları XX əsrin əvvəllərində Qafqazda ermənilərin,
rusların, gürcülərin bir neçə qəzetlərinin
nəşr olunduğu bir dövrdə azərbaycanlılara qəzet
çıxarmağa imkan verilməməsinin də bir səbəbi
bu idi. Qəzetlə, mətbuatla xalq yenidən
tərbiyə olunur və özünü dərk edirdi.
Maraqlıdır ki, M.Ə.Rəsulzadə Azərbaycan
Cümhuriyyətinə gələn yolda milli şüurun
formalaşmasında rolu olan faktorlar içərisində
M.F.Axundzadə ilə başlayan, H.Zərdabi, N.Vəzirov, C.Məmmədquluzadə,
N.Nərimanov, Ə.Haqverdiyev, S.M.Qənizadə, Ü.Hacıbəyli
kimi yazarları, eləcə də xalqın milli
şüurunun formalaşmasında mühüm rol oynayan mətbuat
orqanlarını xüsusi vurğulayır və
azadlığı "Azərbaycan xalqının öz
ruhundan doğan bir ümummilli hərəkat, hadisə hesab
edirdi" (Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.
Bakı, Elm, 1990, s.18). Belə demək
mümkünsə, Azərbaycan istiqlalı müstəqilliyə
qədər müəyyən bir yol keçib gəlmişdi.
Bu yolda Azərbaycan bədii düşüncəsinin
özünəməxsus rolu vardı. Y.Qarayevin
yazdığı kimi: "Demokratik Cümhuriyyət-Azərbaycanda
humanitar milli ənənənin, ədəbi, hüquqi, fəlsəfi
fikrin, milli "Mən" və milli dövlət
şüurunun, bütövlükdə xalqın azadlıq hərəkatının
tarixən qanunauyğun və məntiqi yekunu kimi təşəkkül
tapmışdı". Bu mənada Cümhuriyyət dövrü Azərbaycan
ədəbiyyatını əvvəlki ədəbiyyatın
varisi hesab etmək olar; lakin əgər əvvəlcə ədəbiyyat
istiqlalı arzu edirdisə, indi mövcud istiqlalı tərənnüm
etməli, yaxud onun varlığını ictimai
düşüncəyə köçürməli idi. Buna görə də, Cümhuriyyət dövrü
poeziyasının milli şüurun formalaşmasındakı
rolunu ayrıca qeyd etmək lazım gəlir. Poeziya ona görə deyirik ki, hər hansı bir
ictimai-siyasi proseslərə ilk cavab verən poeziya olur. Poeziya bir janr kimi daha çevik olur və hadisələrə
münasibət ifadə edir. Bu
dövrü poeziyada istiqlalçılıq dövrü kimi də
adlandırmaq olar.
M.Hadi,
A.Şaiq, C.Cabbarlı, Ə.Cavad, Ə.Müznib, Məhəmməd
Ümid Gəncəli, Cəlal Sahir, Ə.Abid və b.
yaradıcılığında istiqlalçılıq və
milli ruh başlıca yer tuturdu. Müstəqilliyin
gətirdiyi azadlıq duyğuları bədii
yaradıcılığa da öz təsirini göstərir,
xalqın milli ruhu poetik təsvirin əsas ünvanlarından
biri olurdu. Bu şeirlərdə millətin
əməlləri, duyğuları, azadlıq eşqi tərənnüm
edilməklə yanaşı, işğalçıya və
düşmənə qarşı da nifrət hissi bəslənilirdi.
Qarabağda gedən müharibə, daxili və
xarici düşmənlərə qarşı mübarizə
xalqı səfərbərliyə çağırmağa
sövq edirdi. M.Hadinin əsrin əvvəllərindən
təsvir və tərənnüm etdiyi millət və vətən
sevgisi cümhuriyyətin ilk vaxtlarında yenidən vüsət
alır. Cümhuriyyətin ilk günlərində
onu müdafiə etmək üçün gənclərin
orduya getməsi və düşmənə qarşı
vuruşması şairi riqqətə gətirir və milli vətənpərvərlik
mövzusuna bir neçə şeir həsr edir. Əsgərlər hərbə gedərkən qələmə
aldığı "Ayrılıq dəqiqələri"
şeirində təsvir etdiyi mənzərə
bütünlüklə gəncləri vətəni müdafiə
etməyə səfərbər edirdi. Lakin burada bir qəm
də var; şairin gözünə "ağlayan gözlər,
ağlanan sima"lar gəlir, yaşlı
gözlərdə sanki bir həyəcan vardır. Lakin bu hərb vətəni müdafiə
üçündür və ona görə də şərəflidir,
hünər və qəhrəmanlıq yoludur.
M.Hadi yaradıcılığında milli ruh və
düşüncənin tərənnümü cümhuriyyət
boyu davam edir.
Bu şeirlərində istiqlal yolunda ilk
addımlarını atan cümhuriyyət və bu ideallar
uğrunda çarpışan əsgərlərin igidliyi, qəhrəmanlığı
tərənnüm edilirdi. Əgər
şair əvvəllər bunu arzu edirdisə, indi istiqlal
hissini içində yaşayaraq onu öyürdü.
"Qardaş sevgisi", "Əsgərlərimizə-könüllülərimizə",
"Zəfəri-nahiyəyə doğru",
"Aydınlıq bir gecədə təfəkkür dəqiqələri",
"Baharın ilhamları və ictimai rəmzlər",
"Kor soqqur", "Hərarətli şeir və yaxud
qızdırmalı halımda saçmalarım" və s.
şeirlərində cümhuriyyətin ağrısı,
sevgisi, çırpıntıları, gənclərin şəhidlik
və qəhrəmanlıq duyğuları əks olunur. Şair vətən
övladlarına heç nədən qorxmamağı
tövsiyə edir, məfkurə, ideal və vətən
yolunda şəhid olmağı şərəf bilir. Şair "Azərbaycan" qəzetində dərc
edilən "Zəfəri nahiyəyə" doğru
şeirində xalqın azad yaşamaq arzusunu tərənnüm
edir. O, həmin şeirdə millətinə böyük
sevgisini əks etdirir və qazanılmış istiqlaliyyətin
qorunmasını arzulayır. Şair əsgər
olmağı böyük şərəf bilir, ona görə
ki, əsgəri olmayan bir dövlət məhvə məhkumdur.
Vətənin, istiqlalın uğrunda can verməyi bacaran bir
ordu gərəkdir.
A.Şaiq də Cümhuriyyət dövründə vəsf
etdiyi idealları ilə gəncliyin mənəvi-əxlaqi
düşüncəsinin formalaşmasında mühüm rol
oynayır. Bu dövrdə yazdığı marşları ilə
milli, ictimai düşüncə orbitində yeni nəslə
vətən, hürriyyət, azadlıq
anlayışlarının poetik dərkini təlqin edir.
"Vətənin yanıq səsi",
"Marş", “Arazdan Turana" və b. şeirlərində
milli düşüncə dövlətçilik hissləri ilə
birləşir. Ədəbiyyatşünas A.Bayramoğlu
şairin təsvir etdiyi bu milli-mənəvi dəyərlər
barədə yazır: "A.Şaiqi bu milli-mənəvi ideal
və inam daim izləyir, onu tərk etmir. Həmin
nikbinlik şairi müharibə dövrünün ağır,
keşməkeşli mübarizə və
çarpışmalar dövründə də
işıqlı sabaha, bu xoş gələcək uğrunda
mübarizəyə səsləyir".
A.Şaiq
"Türk ədəmi mərkəziyyət-firqəsi"
(Müsavata ithaf)
şeirində vətən yolunda ölümə
getməyin, bu torpaqları onun vətəndaşlarının
qanı ilə boyamanın şərəfini vurğulayır.
"Vətənin yanıq səsi"
şeirində isə qədim türk yurdundan, türk ordusunun
şücaətindən danışılsa da,
üzünü çağdaşlarına tutur. Altun Elxan ordusunun qəhrəmanlığı sanki
bu gün baş verirdi. Ordu Şərqə,
Qərbə, Cənuba yol açaraq türklük
bayrağını hər yerdə
dalğalandırırdı. Hamı ordunu
hərbə yola salır, oğullar analara "Əmin ol!"
arxayınçılığı verirlər. Şeirin
sonluğu müəyyən qədər Dədə Qorqud
dualarına bənzəyir; oğullar anaları əmin edirlər
ki, bu vətənin dağlarında, daşlarında onu dardan
qurtara bilən oğullar az deyil. "Vətən" və "ölüm" deyə
onun uğrunda vuruşmağa hazır olduqlarını
bildirirlər.
Cümhuriyyət dövrünü vəsf edərək
yurddaşların qəlbində vətən sevgisi yaradan
şairlərdən biri Əhməd Cavadı həm də
Cümhuriyyət şairi adlandıra bilərik. Onun şeirləri
özünün mövzusu, sadəliyi və saf
duyğuları ilə seçilir, qəlbə tez yol tapır
və hələ zamanında dillər əzbəri olurdu.
Belə bir analogiyanı da qeyd etmək
lazımdır ki, 80-ci illərdə milli azadlıq hərəkatı
dalğası başlayanda bu dalğanın ən çox
müraciət etdiyi mənbə məhz Ə.Cavadın
yaradıcılığı oldu. Baxmayaraq
ki, onun cümhuriyyət dövründə yazdığı
şeirlər Sovet dövründə çap olunmamış
və işıq üzü görməmişdi. Bu da onu göstərir ki, şairin şeirləri
xalqın yaddaşında yeni nəsillərə gəlib
çatmış və həm cümhuriyyət dönəmində,
həm də ikinci cümhuriyyət ərəfəsində
xalqın milli azadlıq şüurunun formalaşmasında əvəzsiz
rol oynamışdır. Ə.Cavad
poeziyası üçrəngli bayrağı və onun rəmzlərini
milli yaddaşa elə həkk etmişdir ki, bir daha onu oradan
qoparıb atmaq mümkün olmamışdır. Milli hökumət, parlament və milli ordu onun
poeziyasında tərənnüm və təsvir edilmişdir.
Ə.Cavad poeziyası milli istiqlal
düşüncəsini bayrağın rəngi, türk
ordusu, Azərbaycan əsgəri kimi simvollarda yaşada
bilmişdir. Bayraq Cümhuriyyət
simvollarından biri kimi çox önəmlidir və bu fikir
onun poeziyasında da əsas obrazlardandır.
Ə.Cavad poeziyasında bayraq həm bir obraz, həm də
bir simvol olaraq işlənilir və onun
yaradıcılığının ana xəttini təşkil
edir. Bayraq getdikcə simvollaşır və müqəddəs
bir varlığa çevrilir. Bu
bayrağı qorumaq və hər zaman dalğalandırmaq
cümhuriyyətçilərin əxlaq və yaşam kodeksinə
çevrilir. Bu dövrdə
yazdığı "Azərbaycan bayrağına"
şeirində bayrağa canlı varlıq kimi müraciət
edir, ona üz tutaraq öz sözünü deyir. Türküstan elləri də milli bayrağa üz
tutaraq öz dərdini söyləyir. Şair
tarixə müraciət edərək Turana gedərkən
qarşısına çıxan bayrağa dərdini söyləyir,
sanki ondan nicat diləyir.
1918-ci ildə türk ordusunun Bakıya gələrək
paytaxtı bolşevik və erməni istilasından azad etməsi
şairi qürurlandırmış və türk ordusuna
şeirlər yazmışdır. "Bismillah"
şeirində türk ordusunun Bakının köməyinə
gəlməsi poetik dillə təsvir olunur. Atılan zəfər
topları şairin qəlbini riqqətə gətirir, dənizə
müraciət edərək türkə ram olmasını istəyir.
O, döyüşən qollara qüvvət diləyir və
inanır ki, zəfər çalınacaq, bu zəfərlə
şəhidlərin ruhu güləcəkdir.
Əvvəlki yaradıcılığında milli istiqlal
mövzusu və çarizm idarə üsulunun tənqidi
başlıca yer tutan Ə.Müznib Cümhuriyyət dönəmində
milli nəğmələr yazmaqda davam edir. Bu dönəmdə
"Milli nəğmələr", "Ordu
marşları" adlı kitabçalar
çıxırdı ki, burada da yeni yazılmış milli
şərqilər öz əksini tapmışdı. Ə.Müznibin
"Azərbaycan", "Mövlud",
"Öyüd", "Qazi Ənvər Paşa", "Əməlpərvəranə
bir xatirə", "Yuğ qığılcımı"
və s. şeirlərində milli düşüncə tərənnüm
edilirdi. "Azərbaycan" şeirində
şair bu diyarın keçmişinə üz tutaraq onu Cavad
xanlar, Bakıxanlar diyarı adlandırır. Lakin o
zamankı çətin məqamda şair üzünü
"moskovlular"a tutur, onların bu diyardan çəkilməsini
istəyir, Azərbaycanın adını və üçrəngli
bayrağını tərənnüm edirdi.
1919-cu ildə dərc edilən "Milli nəğmələr"
kitabında Ə.Müznibin bir neçə şeiri çap
olunub. Bu şeirlərdən biri "Öyüd"
adlanır. Şair burada millətin gənclərinə
üz tutaraq onlara öyüddə bulunur. Bu,
Ə.Müznibin cümhuriyyət gənclərini yeni milli tərbiyə
ruhunda böyütməsini göstərən şeirlərindən
biridir. Şair Cümhuriyyətlə yeni
bir dövrün gəldiyini və gənclərin məktəb,
elm, maarif yönündə yolunun açıq olduğunu
göstərirdi.
Milli istiqlal, vətənçilik, müstəqillik,
türklük motivləri gənc C.Cabbarlının
yaradıcılığında ayrıca bir mövzudur. C.Cabbarlı
xalqın istiqlal duyğularından vəcdə gələrək
istiqlalın ildönümü ərəfəsində
şeirlərini yazır. Onun şeirlərində
millətin müqəddəratının həll olunduğu
bir zamanda fəlakətləri yanıqlı bir dillə təsvir
olunsa da, vətəndaşlıq duyğusu ilə
yoğrulmuş olur, sabaha inamla baxır. "Türk
sağ ikən...", "Azərbaycan bayrağına",
"Sevdiyim", "Sevimli ölkəm",
"Yaşamaq", "Salam" və s. şeirlərində
bədii simvollarla istiqlalı, bayrağı tərənnüm
edir. "Azərbaycan bayrağına"
şeirində üç rəngli bayrağı özünəməxsus
epitet və ifadələrlə təsvir edərək, mələklərin
qanadı üzərinə kölgə saldığı
"şu sevimli üç boyalı, üç mənalı"
bayrağı oxşamağı özünə borc bilir və
simvolika ilə eşq elan etdiyi bayrağın rənglərinin
mənasını açır.
Bayraqdakı
rənglər, eləcə də buradakı obrazlar-ay, səkkizguşəli
ulduz və s. türk yurdu üçün dərin bir simvolika
təşkil edir. Şair bu simvolikanı
xalqın-türklüyün tarixinə apararaq "Od
yurdu" kimi mənalandırır:
Bu ay, yıldız boyaların qurultayı, nə demək?
Bizcə,
böylə söyləmək:
Bu göy
boya Göy Moğoldan qalmış bir türk nişanı,
- Bir
türk oğlu olmalı!
Yaşıl
boya islamlığın sarsılmayan imanı,
- Yürəklərə
dolmalı!
Şu al
boya azadlığın, təcəddüdün fərmanı,
- Mədəniyyət
bulmalı!
Səkkiz uclu şu yıldız da səkkiz hərfli
"Od yurdu".
Azərbaycan bayrağına çox şeirlər həsr
edilmişdir; bu şeirlərin hər birində bayraq vəsf
və tərənnüm edilir. Lakin
C.Cabbarlının bu şeiri məzmunu, rəngin mənalandırılması
və rənglərinin poetik dərk edilməsi
baxımından daha təsiredicidir. Bu mənada
cabbarlışünas alim Asif Rüstəmlinin bu fikri ilə
razılaşmamaq olmur: "Azərbaycan Cümhuriyyətinin
bu dövlət atributuna saysız-hesabsız şeirlər, nəğmələr
həsr olunsa da, üç boyalı, ay və səkkiz
guşə ulduzlu milli bayrağın simvolika
açımını ilk dəfə poeziyaya gətirən Cəfər
Cabbarlıdır. Onun "Azərbaycan
bayrağına" şeiri milli rəmzlərimizin ilk poetik əlifba
dərsliyidir".
Umgülsümün bu dövrdə yazdığı
şeirlər də başdan-başa gənc nəslin milli
ictimai şüurunun formalaşmasına yönəldilib. Gənc
şair 1917-ci ildən başlayaraq, "Açıq
söz" qəzetində dərc etdirdiyi şeirlərdə
üzünü gəncliyə tutaraq yeni dövrdə xoş
günlərin gələcəyini ifadə edirdi.
"Turan düdüyü", "Səs verəlim",
"Ey türk oğlu", "Çəkil, dəf ol",
"Əsgər anasına", "Yolunu bəklərdim",
"Yurdumun qəhrəmanlarına", "Builki
mayısda", "Bayrağım enərkən", "Bir
qız üçün", "Bən" və s.
şeirlərində milli istiqlal duyğularını,
bayrağı, xalqın milli hiss və düşüncələrini
vəsf edirdi. Bu şeirlərin bir çoxu
"Açıq söz" qəzetində dərc edilsə
də, bir neçəsi Sovet dövründə nəşr
edilmədiyindən yalnız ikinci müstəqillik dönəmindən
sonra üzə çıxmışdır. "Səs verəlim" şeirində üzünü
türk qızlarına tutaraq millətin istiqbalının
yaxın günlərdə gələcəyinə inam ifadə
edir və bu istiqbalın hər bir türkdən asılı
olduğu barədə poetik qənaətə gəlirdi.
Türk millətinin gələcəyi
üçün övladını milli hisslə
böyütməyi, millət üçün
hazırladığını qadınlığın əsas
vəzifəsi hesab edirdi. "Ey türk
oğlu" şeirində isə üzünü qəhrəmanlara
tutur; onun şanlı, yüksək babalarını yadına
salır və bu ülvi duyğularla Turan elinə tərəf
yol almaq istəyir. "Yüz
yıllarca" hıçqırtıdan sonra,
"hayqırmak" və "bağırmak" görəvi
olduğunu xatırladır və bu şərəfin,
şanın Qafqazlarda da türk bayrağının
dalğalanmasına imkan verəcəyini təlqin edir.
Umgülsüm
üzünü yalnız mərd, igid həmvətənlərinə
tutmur, həm də bu vətənin dar gününü
gözləyərək pusquda duran düşməni nişan verir, onu gənc nəslə
tanıdır və düşmənə qarşı nifrətini
ifadə edirdi. "Çəkil, dəf ol"
şeirində açıq mətnlə öz niyyətindən
əl çəkməsi üçün düşmənə
üz tutur. Bu müraciətdə öz
haqqını, istiqlalını qorumaq istəyən gəncliyin
bu yoldakı mübarizə əzmi və qərarlılığı
ifadə olunur.
İstiqlalı əldə etməklə yanaşı,
onu qoruyub saxlamaq ən müqəddəs və çətin
işlərdən biridir. Bunun məsuliyyətini dərk edən
gənc şairə "şəfqətli gözlərində
yaşlar parlayan", "atəşli köksündə
sönməz sevgi saxlayan" əsgər analarına üz
tutur, oğlunu dünyaya gətirdiyində həyatının
ən müqəddəs borcunu yerinə yetirdiyini
xatırladır. Onu çox çətinliklə
aslanlar kimi yetirdiyi, lakin günü gəldiyində hərbə
yola salmağa, vətəni qorumağa mane olmamağa
çağırır. Çünki o, vətənin
qoruyucusudur.
Bu mövzunu şair "Yurdumun qəhrəmanlarına"
şeirində də davam etdirir. Qəlbində yeni
duyğular daşıyan gənclərə üz tutan müəllif
ordumuzun igid, şanlı əsgərlərini vətən
üçün səadət arayanlar kimi görür, qəlbinin
onlarla fəxarət etdiyi qənaətinə gəlir və mərdlik,
zəfər yollarında yürümələrini istəyir.
Şeirin 1920-ci ildə yazılmasından və
məzmunundan aprel işğalından sonra
yazıldığı görünür. Bu
da onu göstərir ki, şairə vətənin müstəqilliyi
uğrunda öz şeirləri ilə gənc nəsildə
milli şüurun sönməyinə imkan verməmiş və
ümidini kəsməmişdir.
Umgülsümün 1920-ci ildə aprel
işğalından sonra yazdığı bir şeir
"Bayrağım enərkən" adlanır. Hələlik
bu şeir Azərbaycan bayrağının enməsi ilə
bağlı yazılmış ilk şeir olaraq məlumdur.
Beş il sonra isə M.Ə.Rəsulzadənin
"Bir dəfə yüksələn bayraq bir daha enməz!"
sözlərini epiqraf gətirdiyi "Bən" şeirini
yazır. Hər iki şeir ilk dəfə
İstanbulda çıxan "İstiqlal uğrunda" məcmuəsində
nəşr edilib. "Bayrağım enərkən"
şeirində aprel işğalı zamanı Azərbaycan
bayrağının endirilməsindən duyduğu
üzüntünü dilə gətirir, lakin eyni zamanda,
düşməni barmaqla göstərərək bunun uzun
sürməyəcəyini bəyan edirdi. "Sən,
Bayrağım! O yüksək şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini sezdim mən", - deyə
bayrağın enməsindən doğan hüznünü ifadə
edir.
Son olaraq vurğulayaq ki, Cümhuriyyət dövründə
yazılmış bu cür şeirlər yalnız poetik məna
cəhətdən əhəmiyyətli deyil, həm də yeni
nəslin formalaşmasında, özünü dərk etməsində
mühüm rol oynamışdır. Dövlət
atributlarına sevgi və sayğı gəncliyin maariflənməsində,
ictimai şüurunun formalaşmasında oynadığı
rol uzun müddət yaddaşlarda yaşamışdır.
Təsadüfi deyil ki, əgər Cümhuriyyətin
siyasi fəaliyyətinin qiyməti sənədlərdə,
tarix kitablarında verilirdisə, istiqlal duyğuları,
üç rəngli bayrağın dalğalanmasının
xalqa verdiyi coşğu poeziyada öz əksini tapır. Bu şeirlərdə Cümhuriyyətin insanların
şüurunda yaratdığı duyğu və
düşüncələr yüksək milli
düşüncə ilə ifadə olunur.
Timuçin
ƏFƏNDİYEV Bakı Xoreoqrafiya
Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor.
525-ci qəzet.-
2021.- 6 aprel.- S.12-13.