Yarım əsrə
yaxın elm cəbhəsində
YAXUD 75 YAŞLI SƏNƏTŞÜNAS
ƏLİ QƏHRƏMANOVUN ÖMÜR PORTRETİ
Bu
günlərdə Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun Folklorşünaslıq
şöbəsində işə başlamağımın 14
ili tamam olur.
2007-ci ilin aprelində
yeni mühitə, həm də ziyalılarla zəngin elm aləminə qədəm
qoyanda bir çox təcrübəli
alimlərlə birlikdə
işləmə sevincini
yaşamağa başlamışdım. İlk günlərdən öz səmimi münasibəti,
təcrübəsindən doğan
istiqamət vermə cəhəti ilə diqqətimi cəlb edən kollektivimizin ağsaqqallarından biri də haqqında danışmaq istədiyim
Əli Qəhrəmanovdur.
Əvvəlcə Əli müəllimin
tərcümeyi-halı haqqında
qısa bir məlumat vermək istəyirəm: Əli Kətən oğlu Qəhrəmanov 6 aprel
1946-cı ildə Naxçıvan
Muxtar Respublikası Şahbuz rayonunun ən ucqar kəndlərindən
biri olan Biçənəkdə anadan
olub. İlk təhsilini
həmin kənddə
alıb və
1964-cü ildə Şahbuz
qəsəbə orta məktəbini bitirib.
1965-1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat
fakültəsində qiyabi
təhsil alıb.
İnstituta daxil olduğu
ildən Şahbuz rayonunun Ağbulaq kənd 8 illik orta məktəbində əmək fəaliyyətinə
başlayıb. Daha sonra
rayonun Aşağı
Qışlaq, Biçənək
kənd orta məktəblərində ədəbiyyat
fənnini tədris edib. 1970-71-ci illərdə hərbi xidmət keçdikdən
sonra yenidən doğulduğu kənddə
müəllimlik fəaliyyətini
davam etdirib.
1973-cü ildən isə
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzində
işə başlayıb. Kiçik elmi
işçi, elmi işçi, baş elmi işçi, ədəbiyyat və incəsənət şöbəsinin
müdiri vəzifələrində
çalışan Əli
müəllim 1987-ci ildə
Özbəkistanın Daşkənd
Sənətşünaslıq İnstitutunda "Naxçıvan
teatrının inkişaf
yolu və problemləri" mövzusunda
namizədlik (fəlsəfə
doktoru) dissertasiyası
müdafiə edərək
sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsini
alıb. 2003-cü ilin
yanvar ayından isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Musiqi və Teatr şöbəsində
baş elmi işçi, İnstitutun
elmi katibi kimi işləyib. 2005-ci ildən isə həmin şöbənin
müdiri vəzifəsində
çalışan alim
2011-ci ildə dosent elmi adına
layiq görülüb.
1982-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının
üzvüdür. 2006-cı
ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin, 2011-ci ildə
isə AMEA Naxçıvan
Bölməsinin Fəxri
Fərmanları ilə
təltif olunub. Ailəlidir,
4 övladı və
7 nəvəsi var.
Yığcam və qısa tərcümeyi-halını təqdim
etdiyim Əli müəllim daim öz üzərində işləyən ziyalıdır. Bunun nəticəsində
də onun fəaliyyəti dövründə
sanballı monoqrafiyaları,
kitabları nəşr
olunub, 160-dan çox elmi məqaləsi ölkəmizdə və xarici ölkələrin nüfuzlu jurnallarında elmi ictimaiyyətin ixtiyarına verilib. Əli müəllimin mətbuat orqanlarında da
Naxçıvan teatr tarixinin bütün dövrlərinə aid 200-ə yaxın publisist məqaləsi "Azərbaycan",
"525-ci qəzet", "Respublika", "Yeni Azərbaycan", "Şərq
qapısı", "Ədəbiyyat
qəzeti", "İki
sahil", "Elm", "Mədəniyyət" və
digər qəzetlərdə
oxuculara təqdim olunub.
Naxçıvan teatrının istər
tarixinin öyrənilməsində,
istər aktyor heyətinin təqdimatında,
istər rejissor sənətinin araşdırılmasında,
həmçinin, digər
sahələri ilə
bağlı ardıcıl
axtarışların ortaya
qoyulmasında Əli Qəhrəmanovun fədakar
xidmətləri var. Alimin
fəaliyyəti dövründə
"Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrı" (2004), "Naxçıvan teatrı:
intibah yollarında
(1883-1920)" (2008), "Naxçıvan teatrı müstəqillik
illərində - 1991-2008" (2008), "Naxçıvan teatrının
salnaməsi" (2008), "Hüseyn Cavid və Naxçıvan teatrı" (2017), "Naxçıvan
teatrına dair tədqiqlər" (2017), "Təbriz
teatrı və Böyükxan Naxçıvanski"
(2019), "Naxçıvan teatrında rejissor sənəti" (2020) monoqrafiya
və kitabları nəşr olunub.
Onu da qeyd edim ki
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrının 125 illik
yubileyinin Naxçıvan
Muxtar Respublikasında
keçirilməsi haqqında"
6 fevral 2008-ci il tarixli Sərəncamına
və bu sənəddən irəli
gələrək təsdiq
olunmuş "Tədbirlər
Planı"na uyğun
olaraq hazırlanmış
740 səhifəlik "Naxçıvan
teatrının salnaməsi"
adlı ensiklopedik nəşrin ərsəyə
gəlməsində Əli
müəllimin böyük
xidmətləri var.
Bütün bunlar öz yerində, amma etiraf etməliyəm ki, bir alimi,
ziyalını sevdirən
həm də onun xeyirxahlığı,
insanpərvərliyi, zəhmətkeşliyi,
gənclərə nümunə
olması və dəstək göstərməsidir. Bu baxımdan Əli müəllim Naxçıvan
Bölməsində istənilən
gəncin uğurlarına
həm sevinən, həm də bu uğurlarda üzərinə düşən
ən kiçik dəstəyi belə əsirgəməyən xarakterə
malikdir.
Bir insanı
tanımağın ən
asan yollarından biri də həmkarlarının
onun haqqında dedikləri fikirlərdir. Bu mənada
uzun illər eyni sahədə birlikdə çiyin-çiyinə
çalışdıqları teatrşünas Cəlil Vəzirov Əli müəllimi onun tanıyanların hər birinin qəbul edəcəyi aşağıdakı
fikirlərlə belə
səciyyələndirir: "Əli Qəhrəmanov sakit təbiətlidir, olduqca təmkinlidir, dosta qarşı diqqətcildir və ən ümdəsi işgüzarlığa can atandır.
Əgər belə olmasaydı, eyni təşkilatda fasiləsiz
olaraq bir qərinədən (yarım
əsrə yaxın -
E.Y.) artıq işləməzdi".
Onunla hər gün demək olar ki, söhbətləşirik. Hazırda kollektivimizin
ən yaşlı üzvü olmasına baxmayaraq, hamıdan birinci işə gəlir. Mən adətən 9-a 15 dəqiqə işləmiş
işə gəlirəm
və hər dəfə Əli müəllimi otağında
görürəm. Bu, çalışdığı sahəyə sevginin nəticəsi olmaqla yanaşı, gənclərə
də nümunədir.
O, bu nümunəni ağsaqqal öyüdü
ilə deməkdən
daha çox, əməli işi ilə göstərən ziyalıdır.
Aramızdakı 35 illik fərqə baxmayaraq, elə bilirəm ki, elə ən azı 35 ildir onunla dostluq edirəm. Kollektivin xeyirindən, şərindən
qalmayan, ictimai tədbirlərdə daim görünən Əli müəllimin səmimi sadəliyi hər kəsin sevimlisinə çevrilməsində də
az rol
oynamayıb.
Alim ömrü
Naxçıvan, Bakı,
Tiflis arxivlərində saralmış
kağızlar arasında
keçən 75 yaşlı
Əli Qəhrəmanovu
səmimi qəlbdən
təbrik edirəm. Dəyərli həmkarıma ilk öncə
möhkəm cansağlığı,
elmi yaradıcılığında
yeni uğurlar arzulayıram.
Əzizim Əli
müəllim, 75 yaşınız
mübarəkdir! 80 illiyinizdə,
90 illiyinizdə, 100 illiyinizdə
başda sizin əyləşəcəyiniz masa
ətrafında görüşmək
diləyilə!
Elxan YURDOĞLU
525-ci qəzet.- 2021.- 6 aprel.- S.15.