Ermənistanın yeni yaraları

 

Qonşu ölkənin bədbəxtliklər seriyasının araşdırılmasına həsr olunmuş bu yazı ona birbaşa aid olan başlıq altında olmalı idi, lakin erməni ədəbiyyatının klassiki Xaçatur Abovyanın "Ermənistan yaraları" adlı romanının təsiri ilə, ondakı süni pafosdan yayınmaqla, bu adı daşımalı oldu. Çünki son üç onillikdəki  öz düşmənçiliyi hesabına Ermənistana dəymiş yaralar daha ağır və daha təsirlidir.

 

Onun əsəri isə 1826-28-ci illərdəki rus-İran müharibəsində erməni xalqının mübarizəsinə həsr olunsa da, kitabda vətəni Ermənistan və doğma xalqı olduqca şişirdilmiş qaydada, tünd yağlı boyalarla təsvir edilmişdir. Hətta göydən enən minbaşlı əjdahanın Ermənistanın düşmənlərini məhv etməklə, ölkənin göz yaşlarını qurutduğunu xəyal edir, vaxtilə guya onun qızıl əsrlərinin, pəhləvanlarının, nəhənglər kütləsinin mövcud olduğunu kədərlə yada salır. Ermənilərin təxəyyüldə malik olduğu ləyaqətlərin şöhrətləndirilməli olduğunu vurğulamaqla yanaşı, təhqiramiz qaydada kürdlərin geridə qaldıqlarını da xüsusi qeyd etməyi unutmur.

 

Erməni dilinin itməsi təhlükəsindən qorxmaqla, öz xalqına türk dilinin xüsusən xoş gəldiyini, hətta erməni mahnılarının, nağıllarının, zərb-məsəllərinin həmin dildə olduğunu qeyd edir. Bu yol davam etsə, türk dilinin erməni dilini sıradan çıxaracağı ehtimalı xeyli böyüyəcəkdi. Yazıçı buna heyifsilənsə də, özü də ümumi təsirdən qaça bilmir, Aqasi adlı qəhrəmanının türk dilindən gələn "aslan balası" adlanmasını da göstərir. Hətta Persiya hökmdarı Ağaməhəmməd şah Qacarı da yenə həmin dildə məlum qüsuruna görə "Axta şah" adlandırıldığını qeyd edir. Həyəcanını gizlətməyərək, erməniləri öz dilində təmiz danışmağa səsləyir. Digərləri ilə yanaşı, bu dərdi də Ermənistanın yarası kimi qiymətləndirir.

 

Kitab yazıçının bədbəxt hesab etdiyi erməni xalqının bütövlükdə yaraları barədədir. Lakin azərbaycanlılara sataşmadan da keçinə bilmir. Böyük islam mücahidi imam Hüseynin qətlinə həsr olunmuş mərasimdə "şaxsey", "vaxsey" nidalarını, iştirakçıların döşlərinə, başlarına döydüyünü, saqqallarını yolduğunu, başlarını daşa vurduqlarını istehza ilə yada salır.

 

Ermənistanda bədii ədəbiyyatın artıq çoxdan millətçiliyin ruporuna çevrilməsi heç də təəccüb doğurmamalıdır. Yazıçılar, sadəcə olaraq, tarixçilərdən geridə qalmaq istəmirlər. Nəsrdə, poeziyada milli xüsusiyyətər göylərə qaldırılır, başqa xalqlara isə adətən nifrət hissləri aşılanır. Yazıçı Raffi qonşu xalqlara qarşı kini, nifrəti yaymaqda öz müəllimi Abovyanı da geridə qoyur. Belə əsərlərin bolluğu erməni bədii ədəbiyyatında millətçiliyin ayrıca janra çevrildiyini göstərir.

 

Sovet yazıçısı, Ermənistan Yazıçılar İttifaqının sədri işləmiş Vardges Petrosyan özünün "Erməni eskizləri" adlı əsərində millətini təbliğ etməklə yanaşı, onun qüsurlarını da qeyd etməkdən çəkinməmişdir. Bu məsələdə o, bir qədər Abovyanın başladığı yeni ədəbiyyatın məqsədlərinə bütünlüklə əməl etməklə, hadisələri daha geniş panoramada, bütün rakursları ilə verməyə cəhd edir. Çətin anda ermənilərin tərəddüdə yol vermələrini, geri çəkilmələrini, mübarizə dəstəsinə qoşulmamalarını və ya onu tərk etmələrini o, təəssüf hissi ilə təsvir edir. Müəllif böyük ağrı keçirməklə qeyd edir ki, hər bir erməni qəhrəmanının uyuduğu yerin yanında erməni xaininin qəbri yerləşir. Təəssüf hissi ilə etiraf edir ki, millətin tarixində xəyanət faktları da az olmamışdır. Aydın məsələdir ki, öz xalqına da xəyanət edən heç vaxt başqa xalqa həqiqi dost ola bilməz və ya belə "dostluqda" sədaqətdən söhbət də gedə bilməz və imkan düşən kimi elələrinin başqa xalqa qarşı xəyanətə, satqınlığa yol verməsi də təəccüb doğurmamalıdır. Onlar dünənə qədər qardaş adlandırdığına arxadan zərbə vurmaqdan da çəkinmirlər.

 

Erməni ziyalılarının və vəzifəli şəxslərinin bir hissəsi Birinci Dünya müharibəsi dövründə və SSRİ-nin dağılması ərəfəsində türklərlə və azərbaycanlılarla həmrəyliyi özünə təhqir hesab edərək, hər iki xalqa qarşı birbaşa xəyanət əməllərinə əl atmağa tələsmişdilər. Onlar üçün millətçilik ən yüksək mənəvi dəyər hesab olunur, ona xidmət naminə ən ülvi bəşəri dəyərlərdən və insani ləyaqətlərdən də imtina etmək, onları ayaqlar altına atmaq olar. Millətçilik ümumbəşəri dəyərlərə məhəl qoymamağı təlqin edir, onlar üçün üfüq milli sərhədlərdə başa çatır. Axı səma, üfüq də onlara lazım deyildir, onlar "sürünənlər uça bilməzlər" prinsipini özlərinin həyat kodeksinə çevrirlər. Öz millətini saxta qaydada, əyri yollarla yüksəltmək naminə hər cür cinayətlərə, xəyanət hərəkətlərinə də əl atmaq olar.

 

Kataklizmlər Ermənistanı təqib edir

 

Ermənistan son otuz üç ildə çox sayda kataklizmlərlə üzləşməli olmuşdur, onlardan yalnız biri təbii xarakter daşıdığı halda, digərləri öz liderləri, qatı millətçiləri tərəfindən törədilmişdir. İnsan ağlı və əməli yaratmaq, qurmaq əvəzinə dağıtmağa, məhv etməyə istiqamətlənmişdi. Allah İovu əzablara, xəstəliklərə düçar etməklə sınaqdan çıxardığı kimi, şeytan timsalında olan bir qrup adam öz xalqını dözülməz çətinliklərlə üzləşdirmək məqsədini güdmüşdü. Onlar bu fəlakətlərdən və faciələrdən sonra da öz təqsirlərini etiraf etməkdən uzaqdırlar, bunun əvəzində müxtəlif bəhanələrə əl atmaqla məsuliyyətdən qaçmağı da bacarırlar.

 

Onların ilk sınaq meydanı Dağlıq Qarabağ, daha dəqiq deyilsə, muxtar vilayətin paytaxtı Stepanakert oldu. Ermənistanın və özünün qatı millətçilərinin təhriki ilə burada separatizm hərəkatı başlandı. Yəqin ki, bu xəstəlik latent dövrünü keçirdikdən sonra simptomlarını açıq büruzə verməyə başladı. Kül altında közərən od imkan düşən kimi gur yanmağı vacib saydı. Lap benqal odu şəklindəki bir qığılcım lazım idi ki, separatizm hərəkatına start versin. Belə qığılcım rolunu Sovet iqtisadçı akademiki Abel Aqanbekyanın provokasiya xarakterli çıxışı oynadı. O, 1987-ci ildə Parisdəki bir tədbirdə oradakı erməni diasporasını da sevindirmək üçün, Dağlıq Qarabağın Azərbaycandan ayrılıb, Ermənistana birləşməsinin mümkünlüyü sözlərini dilə gətirdi. Bu siqnal 1988-ci ilin fevralında Stepanakertdə "birləşmə" sözünün ermənicə tələffüzü kimi "miatsum" şüarı altında gedən mitinqlərin başlanmasına səbəb oldu. Əslində, akademik Sovet qanunlarına hörmətsizlik edərək, bu ideyanı ortaya atmışdı. Qorbaçovun ölkəyə rəhbərlik etdiyi dövrdə qanunlara məhəl qoyulmaması heç də qəbahət sayılmırdı və separatizm sonralar Pribaltika respublikalarında və digər nisbətən sabit regionlarda da qanad açmağa başladı.

 

Bədnam siqnal öz işini gördü. Millətçilər barometrin havaların pisləşməsini göstərdiyini tutub, kütləvi hərəkata başlamağın vaxtının gəldiyini hiss etdilər, əsən küləyi sadəcə tufana çevirmək lazım idi. Vilayət paytaxtında keçirilən mitinqlər şəhərin normal həyatını iflic etmişdi, Moskva isə reaksiya vermək əvəzinə, Azərbaycan rəhbərliyini də tədbir görməkdən çəkindirirdi. Liderlər zərərsizləşdirilsəydi, ictimai asayişi pozanlar cəzalandırılsaydı, mitinq hərəkatı az sonra sönə bilərdi. Qorbaçovun üstüörtülü dəstəyini hiss edən mitinqçilər başlarının üstündə onun portretini gəzdirirdilər, bu, onların qanunsuz hərəkətlərinə də özlüyündə bir immunitet xidməti göstərirdi. Şəhəri əslində, hökumət orqanları deyil, qatı millətçilər idarə edirdi, onların nüfuzu rəhbərliyin səbatsızlığı nəticəsində xeyli yüksəlmişdi.

 

Vilayətin vəzifəli şəxsləri guya fiziki hücumlara məruz qalması qorxusundan, millətçilərin mövqeyinə keçir, bunu özlərini müdafiə xatirinə etdiklərini deyirdilər. Moskvanın amorf siyasəti isə separatçıları ilhamlandırır, onlara əlavə güc verirdi. Rəhbər işçilərdə bir süstlük, millətçilərdən qorxu əmələ gəlmişdi, vaxtilə qatı millətçilərə qarşı mübarizə aparan vilayət rəhbərliyi güc qarşısında ilbiz kimi qına çəkilmişdi.

 

Millətçilərin isə daha uzağa gedən planlarının konturları da özünü büruzə verirdi. Getdikcə aydın olurdu ki, mitinqlər yalnız daha təsirli əməliyyatlara keçmək üçün sadə bir prelyüdiya rolunu oynayır. Millətçilər ərazini Azərbaycandan ayırmaq üçün silahlı toqquşmalara keçməkdən də çəkinmirdilər, çünki məhz belə yol göstərilmişdi.

 

1890-cı ildə Tiflisdə erməni millətçi partiyası olan "Daşnaksütyun" yaradıldı. Onun sənədlərində bir sıra demokratik prinsiplərlə yanaşı, silahlı dəstələrin təşkili, onların ideoloji və praktiki cəhətdən hazırlanması, xalqı silahlandırmaq, terror tətbiq etmək, adamların və silahların göndərilməsi üçün yollar və vasitələr tapmaq vəzifəsi qoyulmuşdu. Əslində, separatçıların da silahlı mübarizəyə keçmələri üçün proqram mövcud idi və ondan istifadə etməklə qonşu xalqa qarşı qanlı müharibəyə də başlamaq olardı.

 

Erməni millətçiləri heç də bu bədnam ideyaların ilk yaradıcıları deyildilər, onlar militarizm yoluna bələdçilik edənlərdən yaxşı dərs almışdılar. Otuz il əvvəl, 1862-ci ildə XIX əsr Prussiya və sonralar alman militarizminin banisi kansler Otto fon Bismark öz çıxışında qeyd etmişdi ki, "Almaniya heç də Prussiya liberalizminə deyil, onun gücünə baxır (əslində, "baxır" sözü "vurulmuşdur" mənasını verir - müəllif), görür ki, çıxışlar və səs çoxluğu günün böyük məsələlərini həll etməyəcəkdir; keçən illərdə bu, buraxılmış bir səhv idi, onları yalnız qan və dəmir həll edəcəkdir". Erməni millətçiləri də bu nəhəng siyasətçinin nəsihəti ilə qana və dəmirə keçmək məsləhətinə sadiqlik göstərirdilər.

 

Ona görə də mitinq bir start növü kimi yaxşı vasitə olsa da, məqsədə yaxınlaşmağa əsaslı kömək edə bilməzdi. Bu vasitə yalnız millətçilərin xalqın dəstəkləməsindən ötəri fon rolunu oynamaqdan uzağa getməməli idi. Sonrakı mərhələdə silaha əl atmaq, qan tökmək lazım idi ki, Azərbaycandan ərazi qoparmaq mümkün olsun. Mitinq yalnız hay-küy, sonrakı ciddi vəzifələrə pərdə çəkmək üçün lazım idi, məsələni kardinal qaydada həll edən isə silahdır, onu işə salmadan çoxdan nəzərdə tutulan şər amala çatmaq mümkün olmayacaqdır.

 

Ona görə də 1990-cı illərin əvvəllərindən erməni millətçiləri geniş miqyasda qan tökmək vəzifəsinin həllinə girişdilər. M.S.Qorbaçovun demokratiya maskası altında onlara rəvac verməsinə arxalanır, onu özlərinin hamisi hesab edirdilər.

 

SSRİ dağıldıqdan sonra isə Ermənistan ordusu ağır hərbi texnikanın müşayiəti ilə Azərbaycan ərazisinə müdaxilə etdi. Onlar bunun həyata keçirilməsinə ciddi hazırlaşmışdılar. Onlara qarşı vuruşan könüllü batalyonların müqaviməti zəif idi və düşmən silahlı qüvvələri çətinlik çəkmədən işğal vəzifəsini həll edə bildi. Ermənistan rəhbərliyi ərazilərimizi işğal etməklə, əslində, Azərbaycana qarşı heç bir əsası olmayan xəyanətə yol vermiş, cinayət işlətmişdi. Sonralar Ermənistanda hakimiyyətə gələn, Dağlıq Qarabağ klanının üzvləri işğalın möhkəmlənməsi ilə yanaşı, şəhər və kəndlərimizin xaraba qoyulması göstərişini vermişdilər. Onların əlləri hələ Dağlıq Qarabağda olarkən azərbaycanlıların qanına batmış, onlar Xocalıdakı qətliamın təşkilatçıları olmuşdular. Azğınlaşaraq, vəhşiliklərini öz kitablarında hətta utanmadan "igidlik" kimi qələmə vermişdilər.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2021.- 6 aprel.- S.11.