Qarabağ həsrətilə
əbədiyyətə qovuşan
ömür
Mərhum
yazıçı-publisist, Əməkdar jurnalist Ziyəddin Sultanov 1952-ci ildə Ağdam rayonunun Mollalar kəndində
anadan olmuşdu.
Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirən Z.Sultanov uzun illər "Xalq qəzeti"nin (Sovetlər birliyi dövründə "Kommunist"
qəzeti) Qarabağ bölgəsi üzrə xüsusi müxbir kimi fəaliyyət göstərmış, Azərbaycan
Respublikasının Əməkdar jurnalisti fəxri adına, "Qızıl qələm",
Zərdabi adına
"Dan ulduzu" , "Araz"
mükafatlarına layiq
görülmüşdü. Onun müxtəlif illərdə "Məni
də sevən var", "Ömür keçdi, gün keçdi",
"Qarabağ gündəliyi",
"Qarabağın qara
günləri", "Xocalı
faciəsi", "Ağdərədən
gələn var",
"Burdan bir atlı keçdi",
"Kəklik", "Bir
qonağam bu dünyada", "Əsirlər,
girovlar, itkilər",
"Qarabağ müharibəsi:
faktlar... hadisələr...
düşüncələr...", "Gəlin gedək Qarabağa", "Göylərdən
gələn gəlin"
adlı kitabları çap edilmişdi. Torpaqlarımızın bir gün mütləq işğaldan
azad ediləcəyinə
böyük ümidlər
bəsləyən Z.Sultanov
bu yolda yorulmadan öz qələmini süngüyə
çevirərək mübarizə
aparmış, Birinci Qarabağ savaşı dövründə yazıçı-jurnalist
kimi cəbhə bölgələrində, ön
sıralarda olmuşdu.
Lakin amansız ölüm Z.Sultanovun arzularını
yarımçıq qoydu.
Daima qəlbi doğma Azərbaycanımızla,
Qarabağımızla döyünən
Z.Sultanov 2020-ci il avqust ayının 11-də əbədiyyətə
qovuşdu.
Qarabağ müharibəsi Z.Sultanovun
yaradıcılığında həmişə xüsusi
yer tutub. Müəllifin
son dövrlərdə qələmə
aldığı "Gəlin
gedək Qarabağa"
əsəri bədii publisistikamızın çox
qiymətli nümunələrindəndir.
Sanki müəllifin ürəyinə danmışdı
ki, tezliklə doğma torpaqlarımız
işğaldan azad olunacaq, insanlar öz yurd-yuvasına qayıdacaqlar.
Mübariz vətən övladlarının
torpaqlarımızın azadlığı
uğrunda savaşa qoşulmaları, döyüşlərdə
qəhrəmancasına həlak
olan oğul və qızlarımızın
ibrətamiz ömür
yolu, ömrünün
ixtiyar çağında
elindən-obasından didərgin
düşüb çadır
şəhərciklərinə sığınan soydaşlarımızın
ürək göynədən
taleyi "Gəlin gedək Qarabağa" kitabında toplanmış
bədii-publisist yazıların
başlıca mövzusudur.
Kitabda toplanmış yazılar ağrılı-acılı günlərimizin
yaddaş salnaməsi kimi gələcək tədqiqatçılara, şair
və yazıçılara
zəngin faktlar verəcək.
Z.Sultanovun elə bir əsəri
yoxdur ki, orada bədiilik, obrazlılıq və sənətkarlıq aparıcı
mahiyyət daşımasın. Çağdaş bədii publisistika təkcə zamanın aktual problemlərini bədii həqiqətə
çevirməklə kifayətlənmir,
eyni zamanda, problematika zənginliyi ilə də seçilir, zamanın sosial, siyasi, əxlaqi-mənəvi və
fəlsəfi problemləri
janrın bədii təhlil predmeti olur. Özlüyündə aydındır ki,
nə mövzunun aktuallığı və
müasirliyi, nə də onun problematika
vüsəti bədiiliyin
həlledici meyarı sayıla bilər. Bütün bu keyfiyyətlər spesfik forma daxilində, mükəmməl kompozisiya
və süjetdə inikas predmetinə çevriləndə ədəbi
prosesdə yeri olan əsər yaranır. Z.Sultanovun
qələm adamı kimi üstünlüyü
odur ki, o, yazdığı bədii-publisistik
əsərlərdə təsvir
olunan hadisələri
bir povestə, romana yerləşdirməyin
mümkünsüzlüyünü bilib, yüzlərlə povest və roman mövzularını əhatə
edən və gələcəkdə Qarabağ
mövzusunda yaranacaq bədii əsərlərin
süjet xəttini müəyyənləşdirən yeni bir ədəbi
forma ("Cəbhə xatirələri
və gündəlikləri")
seçib. Bu da onun müəllifi olduğu əsərlərin
yeniliyini, bədiiliyini,
tarixiliyini və müasirliyini şərtləndirən
əsas cəhətlərdir.
Z.Sultanovun "Gəlin gedək Qarabağa" əsəri
müasir ədəbi
prosesdə janrın bu istiqamətdəki axtarışlarının nümunəsi
kimi diqqəti çəkir. Əsəri Qarabağ mövzusunda
yazılmış 143 gündəlik
kimi də oxumaq olar. Mürəkkəb konstruksiyalı
süjetlərin birləşərək
vahid bir süjet halında "Qarabağ hadisələrinin
tarixi və bədii əksi",
"Gəlin gedək
Qarabağa" əsərlərində
təcəssüm tapması
ənənəyə yaradıcı
münasibətin təzahürü
kimi də mənalandırıla bilər.
Gəlin
gedək Qarabağa” qələbəyə çağırış
kitabıdır
Hadisələri əvvəldən axıra
qədər xronoloji ardıcıllıqla verməyə
çalışan müəllifin
əsas amalı o olub ki, içindəki
ağrıları, özünün
və bütün şəhid valideynlərinin
yaşantılarını, onların faciəli həyatını oxuculara
çatdıra bilsin. Bu, əslində, onun vətəndaşlıq məsuliyyətindən
doğan narahatçılığının
ifadəsidir və 143
müxtəlif və müstəqil süjet xəttinə malik gündəlikləri, Qarabağ
faciəsi üzərinə
dönə-dönə qayıtması
bunun təzahürüdür.
Əsəri yazarkən müəllifin
üzərinə təkcə
özünün və
el-obasının yaşadığı
ağrıları deyil,
Azərbaycan xalqının və
dünya azərbaycanlılarının
"Qarabağ ağrısı"nı
ifadə etmək və erməni vəhşiliklərini bütün
bəşəriyyətə çatdırmaq missiyası
düşüb. Bu baxımdan Z.Sultanovun cəbhə gündəlikləri
mövzusunda qələmə
alınmış bu əsəri həm də tarixi həqiqətlərin bədii
əksinə çevriləcək
yeni-yeni tarixi və bədii əsərlərin, o cümlədən,
tarixi romanlarımızın
yaranması üçün
hazır material və
mənbədir.
Əsərin elmi əhəmiyyətini şərtləndirən əsas
cəhətlərdən biri
də vaxtilə işğal olunmuş ərazilərimizdəki toponimlərin
- yer adlarının, çaylarımızın, dağlarımızın,
bulaqlarımızın, yaylaqlarımızın,
şəhər və
kəndlərimizin adlarının
verilməsidir ki, bu da gələcək nəsillər üçün
əsas örnəkdir. Təbii ki,
erməni qəsbkarları
doğma yurdlarımızın
adlarını dəyişməyə
və özününküləşdirməyə
çalışmışlar. Kitabda yer alan
"Yelli gədik",
"Ala göllər",
"Sarıyer yaylağı",
"Zoğallı körpü",
"Zülfüqarlı kəndi",
"Bağlıpəyə", "Umudlu", "Taxta düzü", "Gəlin
qayası", "Ceyran
bulağı", "Dəlidağ",
"Nəsir düzü",
"Qiblə bulağı",
"Qoşabulaq", "Mənəş",
"Buzluq", "Qozlu
körpü" və
s. toponimlərimizin yazıya
alınıb gələcək
nəsillərə çatdırılması,
bu adların əbədiləşdirilib tarixə
salınması müəllifin
yaradıcılığının əsas məziyyətlərindəndir.
Müəllif Qarabağın hər
bir kəndi, dağı, dərəsi,
çayı, bulağı,
elat camaatının adət-ənənələri haqqında,
xüsusən təbiət
təsvirlərində canlı
lövhələr yaradıb:
"Elat dağlara qalxırdı. Buz bulaqların başında
alaçıqlar qurulurdu,
İstisuda, Turşsuda,
Dəlidağda, Gəlin
Qayasında, Minkənddə
insan əlindən tərpənmək olmurdu.
Saz havaları, qədim el mahnıları Tərtərin,
Həkərinin çoşğun
sularına qarışıb
başı qarlı dağlara yayılırdı.
Çoban qardaş bərəkətli
sürüləri dağların
döşünə yayırdı.
Alaçığın qabağında
tərəkəmə qadınları
nehrə çalxayır,
motal tutur, payız-qış mövsümünə
hazırlıq görərdilər".
Sözlər vasitəsilə canlı töhfə yaratmaq budur. Belə mətnlər tərəkəmə,
elat camaatının həyat tərzi, adət-ənənəsi, onlara
məxsus bütün
incəlikləri əks
etdirən orijinal bədii lövhələrdir.
Bədii
dildən səmərəli
istifadə və onu obrazlı ifadəyə çevirmək
bacarığı həm
də Z.Sultanovun dünyagörüşü, ictimai-estetik
məramı, xalq dilinə olan dərin məhəbbəti,
milli qeyrəti, zövqü və bütünlükdə sənətkarlıq
qüdrətilə bağlı
olan bir məsələdir.
Həyat lövhələrini, insanların
ömür yolunu, onların mənəvi dünyalarını, sevgilərini,
dərdlərini, ağrılarını,
psixologiyasını, xarakterini
bədii boyalarla əks etdirmək üçün sənətkar
müxtəlif təsvir
və ifadə vasitələrindən bəhrələnməlidir. Bu baxımdan
Z.Sultanovun yaradıcılığında bədii
təsvir və ifadə vasitələrindən,
xüsusən epitet, təşbeh, metafora və təzadlardan istifadə bədiiliyin və obrazlılığın
əsas elementləri kimi diqqəti cəlb edir.
Azərbaycan ədəbiyyatında dağ ən çox şair və yazıçılarımızın müraciət etdikləri və bədii obraz səviyyəsinə qaldırdıqları mövzulardan olub. Z.Sultanov da əsərlərində dağ mövzusuna daha geniş prizmadan yanaşıb və dağı bədii obraz səviyyəsinə qaldırıb. "Dağlara qış gəlir", "Sarıyerdə hadisə", "Yollar Murovun zirvəsindən keçir", "Duman gəl get bu dağlardan", "Dağlar dilə gəlir", "Dağlarda faciə", "Dəlidağın qoynunda", "Dağlar da narahatdır", "Üzü dağlara sarı", "Üzü bəri baxan dağlar" və s. kimi mövzuda yazılmış bədii-publisist əsərlər dediklərimizə əyani sübutdur.
... Təəssüf ki, Ziyəddin Sultanov bu gün aramızda yoxdur. Amma böyük bir təsəllimiz var ki, onun arzuları möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dəmir yumruğu, polad iradəsi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində həqiqətə çevrilib. Artıq haqqında həsrətlə, kədərlə yazdığınız Qarabağ işğaldan azad olunub. Qələmini bu yolda yorulmaq bilmədən süngüyə çevirib mübarizə aparan Ziyəddin Sultanov həmişə hörmətlə yad edilib qəlbimizdə yaşayacaq. İndi Ziyəddin müəllimin ruhu vaxtilə işlədiyi Xankəndidə, Şuşada, Ağdamda, Kəbəcərdə, Laçında və bütün işğaldan azad olunmuş torpaqlarımızda gəzir.
Məkanı cənnət,
ruhu şad olsun!
Vaqif ALLAHVERDİYEV
ADPU-nun Ağcabədi filialının dosenti
525-ci qəzet.- 2021.-8 aprel.- S.16.