Ermənistanın yeni yaraları
Qonşu
ölkənin bədbəxtliklər seriyasının
araşdırılmasına həsr olunmuş bu yazı ona
birbaşa aid olan başlıq altında olmalı idi, lakin erməni
ədəbiyyatının klassiki Xaçatur Abovyanın
"Ermənistan yaraları" adlı romanının təsiri
ilə, ondakı süni pafosdan yayınmaqla, bu adı
daşımalı oldu. Çünki son üç onillikdəki öz düşmənçiliyi
hesabına Ermənistana dəymiş yaralar daha ağır və
daha təsirlidir.
Onun əsəri
isə 1826-28-ci illərdəki rus-İran müharibəsində
erməni xalqının mübarizəsinə həsr olunsa da,
kitabda vətəni Ermənistan və doğma xalqı olduqca
şişirdilmiş qaydada, tünd yağlı boyalarla təsvir
edilmişdir. Hətta göydən enən minbaşlı əjdahanın
Ermənistanın düşmənlərini məhv etməklə,
ölkənin göz yaşlarını qurutduğunu xəyal
edir, vaxtilə guya onun qızıl əsrlərinin, pəhləvanlarının,
nəhənglər kütləsinin mövcud olduğunu kədərlə
yada salır. Ermənilərin təxəyyüldə malik
olduğu ləyaqətlərin şöhrətləndirilməli
olduğunu vurğulamaqla yanaşı, təhqiramiz qaydada
kürdlərin geridə qaldıqlarını da xüsusi qeyd
etməyi unutmur.
Erməni
dilinin itməsi təhlükəsindən qorxmaqla, öz
xalqına türk dilinin xüsusən xoş gəldiyini, hətta
erməni mahnılarının, nağıllarının, zərb-məsəllərinin
həmin dildə olduğunu qeyd edir. Bu yol davam etsə,
türk dilinin erməni dilini sıradan
çıxaracağı ehtimalı xeyli böyüyəcəkdi.
Yazıçı buna heyifsilənsə də, özü də
ümumi təsirdən qaça bilmir, Aqasi adlı qəhrəmanının
türk dilindən gələn "aslan balası"
adlanmasını da göstərir. Hətta Persiya
hökmdarı Ağaməhəmməd şah Qacarı da yenə
həmin dildə məlum qüsuruna görə "Axta
şah" adlandırıldığını qeyd edir. Həyəcanını
gizlətməyərək, erməniləri öz dilində təmiz
danışmağa səsləyir. Digərləri ilə
yanaşı, bu dərdi də Ermənistanın yarası kimi
qiymətləndirir.
Kitab
yazıçının bədbəxt hesab etdiyi erməni
xalqının bütövlükdə yaraları barədədir.
Lakin azərbaycanlılara sataşmadan da keçinə bilmir.
Böyük islam mücahidi imam Hüseynin qətlinə həsr
olunmuş mərasimdə "şaxsey", "vaxsey"
nidalarını, iştirakçıların döşlərinə,
başlarına döydüyünü, saqqallarını yolduğunu,
başlarını daşa vurduqlarını istehza ilə yada
salır.
Ermənistanda
bədii ədəbiyyatın artıq çoxdan millətçiliyin
ruporuna çevrilməsi heç də təəccüb
doğurmamalıdır. Yazıçılar, sadəcə
olaraq, tarixçilərdən geridə qalmaq istəmirlər.
Nəsrdə, poeziyada milli xüsusiyyətər göylərə
qaldırılır, başqa xalqlara isə adətən nifrət
hissləri aşılanır. Yazıçı Raffi qonşu
xalqlara qarşı kini, nifrəti yaymaqda öz müəllimi
Abovyanı da geridə qoyur. Belə əsərlərin
bolluğu erməni bədii ədəbiyyatında millətçiliyin
ayrıca janra çevrildiyini göstərir.
Sovet
yazıçısı, Ermənistan Yazıçılar
İttifaqının sədri işləmiş Vardges Petrosyan
özünün "Erməni eskizləri" adlı əsərində
millətini təbliğ etməklə yanaşı, onun
qüsurlarını da qeyd etməkdən çəkinməmişdir.
Bu məsələdə o, bir qədər Abovyanın
başladığı yeni ədəbiyyatın məqsədlərinə
bütünlüklə əməl etməklə, hadisələri
daha geniş panoramada, bütün rakursları ilə verməyə
cəhd edir. Çətin anda ermənilərin tərəddüdə
yol vermələrini, geri çəkilmələrini,
mübarizə dəstəsinə qoşulmamalarını və
ya onu tərk etmələrini o, təəssüf hissi ilə
təsvir edir. Müəllif böyük ağrı
keçirməklə qeyd edir ki, hər bir erməni qəhrəmanının
uyuduğu yerin yanında erməni xaininin qəbri yerləşir.
Təəssüf hissi ilə etiraf edir ki, millətin tarixində
xəyanət faktları da az olmamışdır. Aydın məsələdir
ki, öz xalqına da xəyanət edən heç vaxt
başqa xalqa həqiqi dost ola bilməz və ya belə
"dostluqda" sədaqətdən söhbət də gedə
bilməz və imkan düşən kimi elələrinin
başqa xalqa qarşı xəyanətə,
satqınlığa yol verməsi də təəccüb doğurmamalıdır.
Onlar dünənə qədər qardaş
adlandırdığına arxadan zərbə vurmaqdan da
çəkinmirlər.
Erməni
ziyalılarının və vəzifəli şəxslərinin
bir hissəsi Birinci Dünya müharibəsi dövründə
və SSRİ-nin dağılması ərəfəsində
türklərlə və azərbaycanlılarla həmrəyliyi
özünə təhqir hesab edərək, hər iki xalqa
qarşı birbaşa xəyanət əməllərinə əl
atmağa tələsmişdilər. Onlar üçün millətçilik
ən yüksək mənəvi dəyər hesab olunur, ona
xidmət naminə ən ülvi bəşəri dəyərlərdən
və insani ləyaqətlərdən də imtina etmək,
onları ayaqlar altına atmaq olar. Millətçilik ümumbəşəri
dəyərlərə məhəl qoymamağı təlqin
edir, onlar üçün üfüq milli sərhədlərdə
başa çatır. Axı səma, üfüq də onlara
lazım deyildir, onlar "sürünənlər uça bilməzlər"
prinsipini özlərinin həyat kodeksinə çevrirlər.
Öz millətini saxta qaydada, əyri yollarla yüksəltmək
naminə hər cür cinayətlərə, xəyanət hərəkətlərinə
də əl atmaq olar.
Kataklizmlər
Ermənistanı təqib edir
Ermənistan
son otuz üç ildə çox sayda kataklizmlərlə
üzləşməli olmuşdur, onlardan yalnız biri təbii
xarakter daşıdığı halda, digərləri öz
liderləri, qatı millətçiləri tərəfindən
törədilmişdir. İnsan ağlı və əməli
yaratmaq, qurmaq əvəzinə dağıtmağa, məhv etməyə
istiqamətlənmişdi. Allah İovu əzablara, xəstəliklərə
düçar etməklə sınaqdan
çıxardığı kimi, şeytan timsalında olan bir
qrup adam öz xalqını dözülməz çətinliklərlə
üzləşdirmək məqsədini
güdmüşdü. Onlar bu fəlakətlərdən və
faciələrdən sonra da öz təqsirlərini etiraf etməkdən
uzaqdırlar, bunun əvəzində müxtəlif bəhanələrə
əl atmaqla məsuliyyətdən qaçmağı da
bacarırlar.
Onların
ilk sınaq meydanı Dağlıq Qarabağ, daha dəqiq
deyilsə, muxtar vilayətin paytaxtı Stepanakert oldu. Ermənistanın
və özünün qatı millətçilərinin təhriki
ilə burada separatizm hərəkatı başlandı. Yəqin
ki, bu xəstəlik latent dövrünü keçirdikdən
sonra simptomlarını açıq büruzə verməyə
başladı. Kül altında közərən od imkan
düşən kimi gur yanmağı vacib saydı. Lap benqal
odu şəklindəki bir qığılcım lazım idi
ki, separatizm hərəkatına start versin. Belə
qığılcım rolunu Sovet iqtisadçı akademiki Abel
Aqanbekyanın provokasiya xarakterli çıxışı
oynadı. O, 1987-ci ildə Parisdəki bir tədbirdə
oradakı erməni diasporasını da sevindirmək
üçün, Dağlıq Qarabağın Azərbaycandan
ayrılıb, Ermənistana birləşməsinin
mümkünlüyü sözlərini dilə gətirdi. Bu
siqnal 1988-ci ilin fevralında Stepanakertdə "birləşmə"
sözünün ermənicə tələffüzü kimi
"miatsum" şüarı altında gedən mitinqlərin
başlanmasına səbəb oldu. Əslində, akademik Sovet
qanunlarına hörmətsizlik edərək, bu ideyanı
ortaya atmışdı. Qorbaçovun ölkəyə rəhbərlik
etdiyi dövrdə qanunlara məhəl qoyulmaması heç də
qəbahət sayılmırdı və separatizm sonralar
Pribaltika respublikalarında və digər nisbətən sabit
regionlarda da qanad açmağa başladı.
Bədnam
siqnal öz işini gördü. Millətçilər
barometrin havaların pisləşməsini göstərdiyini
tutub, kütləvi hərəkata başlamağın
vaxtının gəldiyini hiss etdilər, əsən küləyi
sadəcə tufana çevirmək lazım idi. Vilayət
paytaxtında keçirilən mitinqlər şəhərin
normal həyatını iflic etmişdi, Moskva isə reaksiya
vermək əvəzinə, Azərbaycan rəhbərliyini də
tədbir görməkdən çəkindirirdi. Liderlər zərərsizləşdirilsəydi,
ictimai asayişi pozanlar cəzalandırılsaydı, mitinq hərəkatı
az sonra sönə bilərdi. Qorbaçovun
üstüörtülü dəstəyini hiss edən
mitinqçilər başlarının üstündə onun
portretini gəzdirirdilər, bu, onların qanunsuz hərəkətlərinə
də özlüyündə bir immunitet xidməti göstərirdi.
Şəhəri əslində, hökumət orqanları
deyil, qatı millətçilər idarə edirdi, onların
nüfuzu rəhbərliyin səbatsızlığı nəticəsində
xeyli yüksəlmişdi.
Vilayətin
vəzifəli şəxsləri guya fiziki hücumlara məruz
qalması qorxusundan, millətçilərin mövqeyinə
keçir, bunu özlərini müdafiə xatirinə etdiklərini
deyirdilər. Moskvanın amorf siyasəti isə
separatçıları ilhamlandırır, onlara əlavə
güc verirdi. Rəhbər işçilərdə bir
süstlük, millətçilərdən qorxu əmələ
gəlmişdi, vaxtilə qatı millətçilərə
qarşı mübarizə aparan vilayət rəhbərliyi
güc qarşısında ilbiz kimi qına çəkilmişdi.
Millətçilərin
isə daha uzağa gedən planlarının konturları da
özünü büruzə verirdi. Getdikcə aydın olurdu
ki, mitinqlər yalnız daha təsirli əməliyyatlara
keçmək üçün sadə bir prelyüdiya rolunu
oynayır. Millətçilər ərazini Azərbaycandan
ayırmaq üçün silahlı toqquşmalara keçməkdən
də çəkinmirdilər, çünki məhz belə
yol göstərilmişdi.
1890-cı
ildə Tiflisdə erməni millətçi partiyası olan
"Daşnaksütyun" yaradıldı. Onun sənədlərində
bir sıra demokratik prinsiplərlə yanaşı, silahlı
dəstələrin təşkili, onların ideoloji və
praktiki cəhətdən hazırlanması, xalqı
silahlandırmaq, terror tətbiq etmək, adamların və
silahların göndərilməsi üçün yollar və
vasitələr tapmaq vəzifəsi qoyulmuşdu. Əslində,
separatçıların da silahlı mübarizəyə
keçmələri üçün proqram mövcud idi və
ondan istifadə etməklə qonşu xalqa qarşı
qanlı müharibəyə də başlamaq olardı.
Erməni
millətçiləri heç də bu bədnam ideyaların
ilk yaradıcıları deyildilər, onlar militarizm yoluna bələdçilik
edənlərdən yaxşı dərs almışdılar.
Otuz il əvvəl, 1862-ci ildə XIX əsr Prussiya və
sonralar alman militarizminin banisi kansler Otto fon Bismark öz
çıxışında qeyd etmişdi ki, "Almaniya
heç də Prussiya liberalizminə deyil, onun gücünə
baxır (əslində, "baxır" sözü
"vurulmuşdur" mənasını verir - müəllif),
görür ki, çıxışlar və səs
çoxluğu günün böyük məsələlərini
həll etməyəcəkdir; keçən illərdə bu,
buraxılmış bir səhv idi, onları yalnız qan və
dəmir həll edəcəkdir". Erməni millətçiləri
də bu nəhəng siyasətçinin nəsihəti ilə
qana və dəmirə keçmək məsləhətinə
sadiqlik göstərirdilər.
Ona
görə də mitinq bir start növü kimi yaxşı
vasitə olsa da, məqsədə yaxınlaşmağa əsaslı
kömək edə bilməzdi. Bu vasitə yalnız millətçilərin
xalqın dəstəkləməsindən ötəri fon
rolunu oynamaqdan uzağa getməməli idi. Sonrakı mərhələdə
silaha əl atmaq, qan tökmək lazım idi ki, Azərbaycandan
ərazi qoparmaq mümkün olsun. Mitinq yalnız hay-küy,
sonrakı ciddi vəzifələrə pərdə çəkmək
üçün lazım idi, məsələni kardinal qaydada
həll edən isə silahdır, onu işə salmadan
çoxdan nəzərdə tutulan şər amala çatmaq
mümkün olmayacaqdır.
Ona
görə də 1990-cı illərin əvvəllərindən
erməni millətçiləri geniş miqyasda qan tökmək
vəzifəsinin həllinə girişdilər.
M.S.Qorbaçovun demokratiya maskası altında onlara rəvac
verməsinə arxalanır, onu özlərinin hamisi hesab
edirdilər.
SSRİ
dağıldıqdan sonra isə Ermənistan ordusu ağır
hərbi texnikanın müşayiəti ilə Azərbaycan ərazisinə
müdaxilə etdi. Onlar bunun həyata keçirilməsinə
ciddi hazırlaşmışdılar. Onlara qarşı
vuruşan könüllü batalyonların müqaviməti zəif
idi və düşmən silahlı qüvvələri
çətinlik çəkmədən işğal vəzifəsini
həll edə bildi. Ermənistan rəhbərliyi ərazilərimizi
işğal etməklə, əslində, Azərbaycana
qarşı heç bir əsası olmayan xəyanətə
yol vermiş, cinayət işlətmişdi. Sonralar Ermənistanda
hakimiyyətə gələn, Dağlıq Qarabağ
klanının üzvləri işğalın möhkəmlənməsi
ilə yanaşı, şəhər və kəndlərimizin
xaraba qoyulması göstərişini vermişdilər.
Onların əlləri hələ Dağlıq Qarabağda
olarkən azərbaycanlıların qanına batmış,
onlar Xocalıdakı qətliamın təşkilatçıları
olmuşdular. Azğınlaşaraq, vəhşiliklərini
öz kitablarında hətta utanmadan "igidlik" kimi qələmə
vermişdilər.
(Ardı var)
Telman ORUCOV
525-ci .-
2021.- 9 aprel.- S.10.