Hamıdan gizli cəhənnəm səfərim
Həyatımız boyu dəyərini vaxtında duymadığımız
xoşbəxtliklərdən biri, bəlkə lap birincisi sağlamlıqdır,
hansı ki, Allahdan nə borca götürmüşük,
nə də bahasına pul ödəmişik. Bizə təmənnasız verilən,
amma əslində
dünyanın bütün
maddi vəsaitləri ilə satın alına bilməyən sağlam bədən üzvlərinə
sahib olduğumuzun fərqində
deyilik. Bəlkə elə buna görə
əbədi, tükənməz
hesab edərək hara və necə
gəldi "xərcləyirik"!?.
İnsan
gözlənilməz nə
hadisələrdən, nə
də xəstəliklərdən
sığortalanmayıb, dərd-bəla
həmişə xəbərsiz
gəlir və az qala həyatının altını
üstünə çevirir.
Sabaha qurduğun planlar, nəzərdə tutduğun
işlər bir andaca toza çevrilib
uçur havaya. Bir özünə, bir də Allaha
məlum olan ağrılar alır səni cənginə, çəkir girdabına,
sən də köməksizcə ora-bura
əl-qol atıb, yapışmağa saman çöpü axtarırsan...
...Adi günlərdən birini yola salmışdım,
bir az
ev-eşik, bir az yaradıcılıq qayğıları, vəssalam.
Gecəni də öz
yuxu rejimimə uyğun qurmuş, insafən pis də yatmamışdım.
Səhər oyananda isə... Qış yuxusu şirin
olur, deyiblər, bu gün də
həftənin şənbə
günü idi, heç hara tələsmirdim, amma uzun illər vaxtında yataqdan qalxmağı vərdiş
etdiyimdən bu səhər də vaz keçmədim. Əfsus, ayağımı
döşəməyə qoyar-qoymaz
sanki ildırım vurmuş ağac kimi yerə çökdüm, ağrının
hardan qopduğunu anlamağa, nə və necə baş verməsini düşünməyə belə
imkan olmadı... Artıq bir dəqiqə sonra dəhşətli ağrı
ilə bərabər içimdən qopan fəryadıma evdə uşaqdan böyüyə
hamı oyanmışdı!..
Ağrı da hava, qoxu, fikir
kimi gözlə görünməyən, əllə
tutulmayan qeyri maddi hissdir, qədəri bilinməz, ölçüyə gəlməz,
çəkiyə girməz. Sən büzüşüb
yumağa dönərsən,
halını görənlərsə
susar. Can deyib qadanı almağa hazır olan əzizlərin
də üstündən
bir çimdik azalda bilməz. Ağrının dili acıdı,
ən şirin kəlmələri dodaqlarında
dondurar, ən şirin sözləri zəhərə döndərər.
Qaçıb canını
qurtarmaq dilərsən,
əl açarsan göylərə, yalvararsan
yerlərə, indiyədək
qapısını döymədiyin
müqəddəslərə elçi düşərsən,
fəqət səsin quyudan gələr...
Həkim olduğumdan evdə belə qərarları mən verirəm. İndi də özümün xəstə olduğuma baxmayaraq yenə hamı məni gözləyirdi. Mən isə
dözülməz ağrıların
cəngində çapalayırkən
ağlıma heç
nə gəlmirdi.
Nəhayət, ağrıkəsicinin
mütləqliyini düşünüb
lazımi dərmanların
adını yazıb aptekə adam
göndərirəm, amma
dalbadal vurulan iynələr də təsirsiz qalır... Şənbə və bazar günlərini
belə dəli ağrılarla keçirirəm,
nəhayət ağrıdan
şok ehtimalı olduğuna şübhəm
qalmır, birinci günə açılan
səhər tezdən
"təcili yardım"ı
yığmaqdan özgə
yol görmürəm.
Gələn həkim elə
öz çiyin yoldaşlarımdan biridir.
Vurulan dərmanları
görüb acizanə
üzümə baxır,
yenə onun köməyinə özüm
çatıram:
- Mənə Promedol,
ya da Morfi vurun, sonra MRT etmək üçün aparın xəstəxanaya. Həkimdə
Promedol var, vurur və təsir
vaxtını gözləyirik...
Rayon xəstəxanası COVİD-19 üçün regional fəaliyyətə
keçdiyindən, bir
çox tibbi xidmətlər də dayandırılıb, ona görə elə yolda ikən zəng edib MRT həkimindən təcili iş yerində olmasını xahiş edirik. O da məni diqqətlə aparat diaqnoztikasından keçirir,
mehribanlıqla yola salır, cavab isə düz bir saatdan sonra
hazır olacaq...
...Xəstəlik də Yaradanın insana bir sınağıdır,
eyni zamanda əzizlərinin, qohum və dostlarının da imtahana çəkildiyi məqamdır. Xəstəni yoluxmaq böyük
savablardan hesab edilir, tanrı tərəfindən bəyənilir
və orda olduğun müddəti ömrünə yazmaz deyirlər. Xəstəlik
insanı kövrək
edir, duyğulandrır,
daha artıq qayğı, diqqət umur adam.
İndi sənin diqqətə
ehtiyacın var və adi bir
telefon zəngi ilə mənən rahatlanar və ya əksinə göstərdiyin qayğı
buketləri qarşılığında
gördüyün etinasızlıq
ağrılarını artıra
bilər. Axı uman yerdən küsərlər... Amma mən
lap çoxdan heç
kimdən umub-küsmürəm,
yaxşılığı da təmənnasız edirəm
və unuduram. Axı onsuz da ən tez unudulan
şey elə yaxşılıq olur... Hərdən "Balığı
at dəryaya.." deyən babaları düşünürəm və
bir də təsdiq edirəm ki, ən böyük
yaxşılıq elə
bizi yaradanın xatirinə ediləndir.
...Xəstəlik də, ağrı da keçici hissdir, anam deyərdi
ki, Allah adamı təki dərmansız dərdə salmasın. “Qurani-Kərimdə” “min dərd verdik, min bir dərman" deyə xəbərdarlıq
edilir. Mən də həm İlahinin qüdrəti, həm doğmalarımın
sevgi və qayğısı, həm kompleks tibbi tədbirlər, həm də sehirli barmaqlarını onurğa
sütununda gəzdirərək
diaqnozu gözüyumulu
müəyyənləşdirib müalicə proseduru təyin edən sumqayıtlı loğman Xəyyam bəyin sayəsində artıq keçmiş sağlamlığıma
qovuşuram...
Siz xəstələnməyin, işdir
xəstələnsəniz bir
az səbirli
olun, etdiyiniz əməlləri düşünün,
səhv addımlarınızı
götür-qoy edin, qəlb qırmaqdan çəkinin, bilmədən
belə qəlbini qırdığınız kimsə
varsa, üzr diləyin... Ətrafınızda
olan insanlarla bol sevgi mübadiləsi
edin, sevgi elə bir hissdir
ki, onun artığı da ziyan gətirməz... Və əgər bir gün istiliyinə isinə biləcəyiniz bir dost, bir doğma
insan tapsanız, o, sizi qovsa da belə
yanından ayrılmayın...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2021.- 9 aprel.- S.13.