Bədii sözün
unudulmaz təəssübkeşi
Görkəmli alim, şair, pedaqoq və ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq
Akademiyasının həqiqi
üzvü, İ.Çavçavadze
adına Tiflis Dövlət Universitetinin
tam professoru Valeh Hacılar (Valeh Alpaşa oğlu Hacıyev) 15 aprel 1951-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur.
Bakıda
ali filoloji
təhsil aldıqdan sonra vətəninə döndü, Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqının
zəmanətləri ilə
1973-cü ildən Tbilisi Dövlət
Pedaqoji İnstitutunda iş fəaliyyətinə
başladı. O, 1989-cu ildə
TDPİ-nin Azərbaycan
dili və ədəbiyyatı kafedrasının
müdiri seçilmiş
və 17 il
həmin kafedraya rəhbərlik etmişdi.
1984-cü ildə Azərbaycan
EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan
dilində şeir qoşan gürcü aşıqları" mövzusunda
namizədlik dissertasiyası,
1993-cü ildə isə
eyni institutda "Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri
(Gürcüstandakı türkdilli
folklor örnəkləri
əsasında)" mövzusunda
doktorluq dissertasiyasını
müdafiə edən
və həmin il müdiri olduğu kafedranın professoru seçilən V.Hacılar 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq
Elmləri Akademiyasının
gizli səsvermə yolu ilə seçimlərində
şərqşünaslıq üzrə akademiyanın həqiqi üzvü, akademiki seçildi.
V.Hacılar istər ədəbi
əlaqələr, özəlliklə
folklor əlaqələri,
Gürcüstanın türkdilli
folklor örnəklərinin
toplanması, tədqiqi,
nəşri, istərsə
də Gürcüstan
arxivlərindəki milli
folklor nümunələrimizin
aşkarlanması, gürcü
dilinə tərcüməsi
və nəşri məsələlərinin tədqiqi
sahəsində olduqca
geniş və məhsuldar işlər görmüş, folklorşünaslığımıza
əvəzolunmaz töhfələr
bəxş etmişdi.
O, dəfələrlə xarici
ölkələrdə keçirilən
mötəbər elmi
konfrans və simpoziumlarda Gürcüstan
azərbaycanlılarını ləyaqətlə təmsil
edib.
Valeh Hacılar
şair-tərcüməçi və azərbaycanca-gürcücə
ikidilli lüğətlərin
və danışıq
kitabçalarının ilk müəllifi kimi də tanınırdı.
Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunmuş,
gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı
tərcümələr etmişdi.
Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin
aşkar olunub üzə çıxarılmasında
müstəsna xidmətləri
olan V.Hacılar Borçalı əsilli əfsanəvi sərkərdə
Mehralı bəy və Borçalıda qaçaq hərəkatı
barədə mühüm
tarixi araşdırmalar
aparıb, bu mövzuda mükəmməl
monoqrafiyalar yazıb.
O, xalq ədəbiyyatına,
ədəbi əlaqələrə
dair, eləcə də tarixi-filoloji, leksikoqrafik və bədii səpkidə yazılmış 30-dan çox
kitabın müəllifidir.
Valeh Hacılar
eyni zamanda Gürcüstanda, Azərbaycanda
və Türkiyədə
tanınan fəal ictimai xadim idi. O, Azərbaycan
Yazıçılar Birliyinin,
Gürcüstan Prezidenti
yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının
üzvü, Gürcüstan
Azərbaycanlı Ziyalılar
Birliyinin ilk sədri (daha sonra fəxri
sədri), Tiflisdə
UNESCO xətti ilə nəşr olunan "Prometey" və "Qarapapaqlar", Bakıda
AMEA-nın Folklor İnstitutunun xətti ilə çap olunan "Dədə Qorqud", Türkiyədə
nəşr olunan
"Milli folklor",
"Türkiyə araşdırmaları",
"Atatürk Universitetinin Türkiyat araşdırmaları"
elmi jurnallarının
redaksiya heyətlərinin
üzvü, Gürcüstan
təmsilçisi idi.
V.Hacılar Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı-2001) Gürcüstan
nümayəndə heyətinin
rəhbəri kimi H.Əliyev adına
Respublika Sarayında çıxış etmiş,
Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının
və Əlaqələndirmə
Şurasının idarə
heyətinin üzvü
seçilmişdi.
V.Hacıların həyatı və çoxşaxəli fəaliyyəti
türkiyəli alimlərin
də diqqət mərkəzində olub,
Atatürk Universitetində S.Alyılmaz
tərəfindən bu
mövzuda doktorluq dissertasiyası yazılaraq
müdafiə edilib
(2002) və "Borçalılı
bilim adamı, eyitimçi, şair Valeh Hacılar" adlı irihəcmli monoqrafiya nəşr olunub (Ankara-2003).
Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin
inkişafındakı şəxsi
xidmətlərinə və
səmərəli elmi-pedaqoji
fəaliyyətinə görə
Valeh Hacılar 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən
"Şərəf" ordeni
ilə təltif edilmişdi. 23 yanvar
2010-cu ildə vəfat
edən V.Hacılar öz vəsiyyəti ilə doğma kəndində dəfn olunmuşdu.
Görkəmli alimin vəfatından sonra təsis olunmuş Valeh Hacılar Elmi-Mədəni
Araşdırmalar Vəqfi
2010-cu ildən etibarən
uğurla fəaliyyət
göstərməkdədir.
2012-ci ilin
12-16 aprel tarixlərində
İ.Cavaxişvili adına
Tiflis Dövlət Universitetində qeyd olunan universitetin, Azərbaycan Milli Elmlər Akademiyasının
Folklor İnstitutunun, Türkiyənin Ərdahan
Universitetinin, Suxum Dövlət Universitetinin və Valeh Hacılar
Elmi-Mədəni Araşdırmalar
Vəqfinin təşkilatçılığı
ilə Valeh Hacıların xatirəsinə həsr olunmuş "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası"
mövzusunda elmi simpozium keçirilib. Gürcüstanın
Bolnisi rayonunun Darvaz kəndinin Mədəniyyət Evi Valeh Hacıların adını daşıyır.
525-ci qəzet.- 2021.- 9 aprel.- S.16.