Xurşidbanu Natəvan və Xasay xan Usmiyev
1845-ci il mayın 14-də Qarabağ hakimi Mehdiqulu xan
Cavanşir (1772) ov zamanı atdan yıxılıb
öldü. Belçika əsilli macəraçı ispan
polkovniki, 1820-ci ildə Qafqaz ordusunda xidmət edən və
Mehdiqulu xanla Şahbulaqdakı mülkündə dəfələrlə
görüşən Xuan van Halenin Qafqaz qeydlərində
yazdığına görə, xanın hərəmində
ümumilikdə 23 qadın vardı.
Onlardan
dördü - Mehrəli bəy Cavanşirin qızı
Xanxanım ağa, Qaraçöp oymağından Əhməd
xanım qızı Saray xanım, Xoy hakimi Cəfərqulu xan
Dünbülünün qızı Mahişərəf
xanım və Gəncə xanı Cavad xanın nəvəsi
Bədircahan bəyim (1802-1861) qanuni zövcə statusuna malik
idilər. Amma ətrafında gözəl və sağlam
qadınların bolluğuna baxmayaraq, Mehdiqulu xanın ilk və
son övladı, rəsmi vərəsəsi - qızı
Xurşidbanu yalnız 50 yaşının tamamında - 1832-ci il avqustun 15-də doğulmuşdu. Xana ata xoşbəxtliyi, Qarabağ
xanlığına varis bəxş edən Bədircahan bəyim
idi.
Atası öləndə Xurşidbanunun hələ 13
yaşı tamam olmamışdı. Amma buna baxmayaraq, həm
Qarabağ elitası, həm də Qafqaz canişinliyi
qızcığaza fəal ər axtarışında idi.
Təbii ki, söhbət onun şəxsi
xoşbəxtliyindən deyil, Qafqazın zəngin və
gözəl guşəsinin - Qarabağ
xanlığının gələcək siyasi taleyindən
gedirdi.
Moskvalı
tarixçi Eldar İsmayılovun zəngin fakt və arxiv
materialları əsasında yazılmış "Knyaz Usmiyevlər Azərbaycanda"
adlı araşdırmasından da göründüyü kimi,
hələ Mehdiqulu xanın həyatda olduğu 1845-ci ilin əvvəlində
Qafqaz ordusu Baş Qərargah zabiti, kapitan Prujanovski Qafqazın
mülki hissə üzrə baş hakimi, general-adyudant
A.İ.Neydqarta xidməti qeydində xanın yeganə
qızının necə ərə verilməsi ilə
bağlı məsələyə toxunmuşdu:
"...Qarabağ bəyləri öz maraqlarını güdərək
Mehdiqulu xanın qızının gələcək
nikahında yaxından iştirak etmək istəyirlər. Mehdi xanın oğlu yoxdur. Yalnız
15 yaşında bir qızı var. İndiki halda həm xan
özü, həm də bütün bəylər bu
qızı hələ də İranda qalan xan ailəsi
üzvlərindən birinə ərə vermək haqda
düşünürlər. Amma bir şərtlə
ki, kürəkən həmişəlik Qarabağa
köçsün, qayınatasının yanında
yaşasın. Yalnız belə olduğu təqdirdə
xanın mülklərinin irsən qızına keçməsi
ilə bağlı hökumətin
razılığını almaq barədə məsələ
qaldırmaq mümkündür. Çünki Mehdiqulu xan
İrandan qayıdandan (1806-cı ildə, atası İbrahim Xəlil
xanın xaincəsinə qətlindən sonra Qarabağ
elatından 4 min ailə ilə birlikdə Azərbaycanın cənubuna
- Qaradağ mahalına köç etmiş Mehdiqulu xan
yalnız 1822-ci ildə, Qafqazın baş hakimi Yermolovla əldə
edilən razılıq əsasında geri dönmuşdü -
V.Q.) sonra mülkləri şəxs olaraq özünə
verilib, ölümündən sonra isə xəzinənin
ixtiyarına keçməlidir. Mehdiqulu xan
işi məhz belə həll edəcəyi ilə
bağlı bəylərin qarşısında and içib.
Onlar da sırf siyasi məqsədlərlə, gələcəyi
göz önünə alıb nikah məsələsinə
çox ciddi maraq göstərirlər. Məqsəd
ondan ibarətdir ki, sonuncu yerli xanın nəsli kəsilməsin.
Əgər oğlu yoxdursa, kürəkəninə,
yaxud nəvələrinə arxalanmaq mümkün olsun. Ən tədbirli Qarabağ bəyləri belə
fikirdədilər ki, daim özlərindən kimsə
onların başının üstündə olsun. Bu adamlara xanın İranda böyüyən,
Rusiyanın qüdrəti, yaxud rus himayəsi altında
olmağın faydası haqqındakı fikirlərə
şübhə ilə yanaşan qohumlardan bir varis
lazımdır. Rusların təsiri altında dəyişmiş, düşüncələrində
və adət-ənənələrə münasibətində
ruslara bənzəyən varis nə Mehdiqulu xanın
özünü, nə də Qarabağ bəylərini təmin
edir".
General
Neydqart bu xidməti qeydi 1845-ci il martın
17-də hərbi nazir A.İ.Çernışevə göndərmiş,
sonuncu isə aprelin 4-də imperator I Nikolaya təqdim
etmişdi. Beləcə, hələ uşaqlıq
aləmindən ayrılmayan Xurşidbanunun kiminlə ailə
qurması məsələsi imperiyanın birinci şəxsi səviyyəsində
müzakirə olunurdu.
Qarabağ xanlığında Rusiyanın mövqeyinin
daha da möhkəmləndirməyə xidmət edə biləcək
"rusların təsiri altında dəyişmiş" ən
uyğun kürəkən qumuq əsilzadələrindən
Xasay xan Usmiyevin (1808-1867) simasında tapılmışdı. Eldar
İsmayılovun ehtimalına görə, artıq kapitan
Prujanovskinin məktubu yazılanda, yəni hələ Mehdiqulu
xanın sağlığında qızının gələcək
əri kimi Xasay xanın namizədliyi ciddi şəkildə nəzərdən
keçirilirdi.
Amma bu, o qədər də inandırıcı
görünmür. Əvvəla 1845-ci ildə Xurşidbanunun
məktubda göstərildiyi kimi, 15 yox, 13 yaşı
vardı. Özlərini avropalı sayan rus
idarəçiləri digər millətdən də olsa, bu
yaşda bir qızın ərə verilməsinə müsbət
yanaşmazdılar. Amma təbii ki,
variantlar ətrafında müzakirə mümkün idi. Və belə bir müzakirə həqiqətən də
aparılırdı. Qafqazın yeni
canişini qraf M.S.Vorontsov (1782-1856) xan qızının və
xanlığın varisinin şəxsi həyatını
yoluna qoymaq məsələsində fəallıq göstərənlərdən
idi.
Qafqazın
şimalında və cənubunda yaşayan bu iki əsilzadə
türk ailəsinin qohum olmasının qəribə bir mistik pərdə
arxası da vardı. 1806-cı ilin iyulunda, Qarabağ
xanlığı ilə Rusiya arasında tarixi Kürəkçay
müqaviləsi imzalanandan az sonra qanlı
faciə yaşanmışdı. Qafqazdakı 17-ci yeger
alayının komandiri podpolkovnik D.T.Lisaneviçin (1778-1825) və
mayor Curayevin (erməni) komandası altındakı kazaklar 35 nəfər
kişi və qadın xidmətçisi, xanımlarından
biri və 3 azyaşlı uşağı ilə Xankəndi
yaxınlığında dincələn Qarabağ
hökmdarı, Xurşidbanunun babası İbrahim Xəlil
xanın düşərgəsini basıb qabaqlarına
çıxan silahsız xanı və adamlarından bir
neçə nəfəri öldürdülər. Çadırlarda olan hər şeyi
yağmaladılar. Ermənilərdən xanın guya
Qacarları Şuşaya dəvət etmək niyyəti barədə
donos alan Lisaneviç heç bir təhqiqat
aparmadan, işin əslini öyrənmədən onu cəzalandırmaq
qərarına gəlmişdi. Hadisəni araşdırmaq
üçün qəfildən Qarabağa göndərilən general
Nebolsin Qafqazın baş hakimi qraf Qudoviçə raportunda
xanın günahsız olduğunu, Lisaneviçin səlahiyyət
həddini aşdığını bildirmişdi. Amma hər şeyə rəğmən, qatil rus
zabitinə heç bir cəza verilməmişdi. Əslində, podpolkovnik Çarın general-leytenant
rütbəsi verdiyi bir əsilzadəyə əl
qaldırmışdı və çox sərt şəkildə
cəzalandırılmalı idi. Təəssüf, ikili
standart mənhus
rolunu oynamışdı...
Aradan
düz 19 il keçəndən sonra,
1825-ci ilin iyulunda artıq general-leytenant rütbəli qatil
Lisaneviç üsyançı qumuqları cəzalandırmaq
üçün Şimali Qafqazın Aksay kəndində idi. Qarabağda ikən Azərbaycan türkcəsini
öyrəndiyindən qumuqca danışmaqda çətinlik
çəkmirdi. Həmin gün
üç yüz nəfərdən çox kənd sakini
onun əmri ilə meydana yığılmışdı.
Lisaneviç azacıq şübhələndiyi
yerli sakinləri bir-bir qabağa çıxarır,
küçə söyüşləri ilə təhqir
edirdi. Təhqirə məruz qalanlardan
Oçar Hacı adlı bir nəfər rus zabitinin
qudurğanlığa dözməyib ona və yanındakı
general Qrekova xəncərlə ölümcül zərbələr
endirmiş, üstünə gələn qumuq baş
pristavı Filatovu ağır yaralamışdı. Bu zaman yaxınlıqda dayanmış başqa bir
pristav - qumuq əsilli mayor Musa Usmiyev qılıncını
çəkib soydaşını qətlə yetirmişdi.
Rus generallarının ikisi də
aldıqları yaradan ölmüşdü. Lisaneviç illər sonra Qarabağdakı cinayətinin
cəzasını Aksayda, bir qumuq türkündən
almışdı. Qarabağ xanının
qatilini öldürdüyü üçün soydaşı
Oçar Hacını qılıncdan keçirən və
ruslar qarşısındakı xidmətlərinə görə
gələcəkdə general-mayor rütbəsinə yüksələn
Musa Usmiyev (?-1843) sonralar İbrahim Xəlil xanın nəvəsi
şairə Natəvanla evlənən knyaz Xasay xan Usmiyevin
atası idi.
Yəqin,
Natəvanın taleyin bu qəribə gərdişindən
heç vaxt xəbəri olmamışdı...
Soy-kök
şəcərəsi ilə Qazıqumuq şamxalları nəslinə
mənsub olan Xasay xan 1808-ci il martın 22-də Qumuq əyalətinin
Köhnə Aksay kəndində, yuxarıda adı çəkilən
nüfuzlu qumuq knyazı, qumuqların baş pristavı
mənsəbinə yüksələn Musa Xasav Usmiyevin ailəsində
doğulmuşdu. Dağıstandakı müasir
Xasavyurt şəhəri də ata Usmiyevin adı ilə
bağlıdır. 1826-cı ildə
general Yermolovun əmri ilə çeçen yürüşlərinin
qarşısını almaq üçün qarnizon kimi
tikilmişdi.
Təlim-tərbiyəsini evdə, xüsusi dəvət
edilmiş müəllimlərdən almışdı. Onun nəticəsi,
Moskvada yaşamış memar Xasay Usmiyevlə (1906-1993) dostluq
edən Çingiz Hüseynovun sonuncunun dediklərinə əsaslanaraq
yazdığına görə, ulu babası Fransanın məşhur
Sen-Sir hərbi akademiyasını bitirmişdi. Amma
"Qumuq dairəsi Tersk vilayətinin qumuq knyazlarından Xasay
Musayev Usmiyevin" 31 avqust 1861-ci ildə tərtib edilən və
Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanan formulyar siyahısında bu barədə heç nə deyilmir. Təbii ki, əgər
həqiqətən də o, Fransada ali hərbi
təhsil almış olsaydı, həyatının son dərəcə
mühüm faktını vurğulamaq nə knyazın
özünün, nə də rəhbərliyin diqqətindən
yayına bilərdi. Əksinə, formulyar siyahıdan Xasay xan
Usmiyevin xaricə ilk dəfə 1859-cu ildə
yollandığı, həmin il aprelin 20-dən
noyabrın 25-nə qədər adı çəkilməyən
ölkədə, yaxud ölkələrdə yeddi aydan bir qədər
çox qaldığı bəlli olur.
Hərbi
xidmətə 17 yaşının tamamından bir neçə
gün sonra, 1825-ci il martın 27-də
43-cü yeger alayında yunker kimi başlamışdı. Həyatının bizi maraqlandıran dövründə
- 1845-ci ildə podpolkovnik rütbəsində Qafqaz ordusunda
xidmət edirdi. Həmin vaxta qədər
Qafqaz dağlılarına qarşı keçirilən bir
sıra hərbi əməliyyatlarda iştirak etmiş,
göstərdiyi igidlik və rəşadətə görə
Rusiya imperiyasının Müqəddəs Stanislav (4-cü dərəcə,
1836), Müqəddəs Anna (3-cü dərəcə, 1837),
Müqəddəs Vladimir (4-cü dərəcə, bantla,
1838) ordenlərinə layiq görülmüş,
"İgidliyə görə" yazılı Qızıl
qılıncla (1841) mükafatlandırılmışdı.
Formulyar siyahısından həm də
Çarın şəxsi təşəkkürlərini
aldığını öyrənirik.
Xurşidbanu ilə rəsmi ailə münasibətlərinə
gətirib çıxaran tanışlığı nə
zaman və harada baş tutmuşdu?
Burada artıq konkret rəsmi sənədlərə əsaslanmaq
imkan xaricindədir. Bəzi məlumatlara görə, ilk
tanışlıq Mehdiqulu xanın ölümündən
sonra mübahisəli mülk məsələlərini yoluna
qoymaq məqsədi ilə Xurşidbanu və anasının
Tiflisə səfəri zamanı baş tutmuşdu. Deyilənə görə, Qafqaz canişinliyində
geniş əlaqələrə malik olan Xasay xan Mehdiqulu
xanın dul qadını Bədircahan xanıma
qızını ona ərə verəcəyi təqdirdə məsələnin
həllinə kömək göstərəcəyini vəd
etmiş və gələcək nikah da bu razılıq əsasında
baş tutmuşdu. Digər versiya isə
qumuq əsilzadəsi ilə Qarabağın hakim ailəsi
arasında qohumluq münasibətlərinin yaranmasının
Qafqaz canişini Vorontsovun layihəsi olduğunu iddia edir.
Bu istiqamətdə "fəaliyyətin" hələ
Mehdiqulu xanın sağlığında
başlandığını nəzərə alsaq, versiyaya
inanmamaq üçün əlimizdə elə də ciddi əsaslar
yoxdur. Qarabağ xanlığının
yeganə varisinin həm atası, həm də özü rus
çarına sədaqətini dəfələrlə
döyüş meydanlarında sübuta yetirmiş bir şəxsə
ərə verilməsi bölgə üzərində nəzarətin
gücləndirilməsi, İrana meyilliliyin
qarşısının həmişəlik alınması
anlamına gəlirdi. Xasay xanın müsəlman və
türk əsilli olması da nikah məsələsində az rol oynamamışdı.
Yəni bu izdivac istənilən halda siyasi-inzibati xarakter
daşıyırdı və "könüllü-məcburi"
zəmində baş tutmuşdu. Həm də fikrimizcə,
təzyiqə daha çox məruz qalan tərəf köməksiz
xan qızı olmuşdu. Xurşidbanu ilə
Xasay xan arasında böyük eşq yaşanması
haqqında deyilənlər hadisəyə romantik-aşiqanə
çalar vermək arzusundan başqa bir şey deyildi.
İlkin mənbələrə dərin bələdliyi ilə
seçilən ədəbiyyatşünas Salman Mümtaz da
Əlyazmalar İnstitutunda saxlanan və ilk dəfə mənbəşünas
alimlər Ə.Tahirzadə və B.Hacılı tərəfindən
çapa hazırlanan "Xurşidbanu bəyim" adlı
bioqrarfik oçerkində açıq mətnlə
yazmışdı: "Xurşidbanu bəyim Xasay xanı istəmirmiş".
Nəhayət, hansı nəslə mənsubluğunu
və hansı imkanlara malik olduğunu yaxşı bilən gənc
qızın rus zabiti uniformasına, yaxud parıltılı
epoletlərə bayıldığını düşünmək
də sadəlövh görünür.
Təəssüf ki, nikahın dəqiq tarixi də bəlli
deyil. Əksər
qaynaqlar 1850-ci il üzərində israr
edir. Zaqafqaziya müftisi Hacı Həmid Əfəndinin
tərtib etdiyi və Qafqaz Arxeoqrafiya Komissiyasının
Aktlarında çap olunan şəcərə ağacında
isə xan qızı ilə Xasay xanın 1853-cü ildə
nikaha girdikləri göstərilir. Lakin bu
rəqəm bir sıra səbəblərdən
inandırıcı hesab oluna bilməz. Fikrimizcə,
nikah tarixinin 1847,
yaxud 1848-ci il olduğunu ehtimal edən Eldar
İsmayılovun mövqeyi daha əsaslıdır.
Çünki 1848-ci ildən başlayaraq knyaz Xasay xan Usmiyevin
adı Şuşa şəhərinin əsilzadə
sakinləri sırasında çəkilməyə
başlayır. Xasay xanın 1851-ci ilin yanvar
ayına qədər fəal hərbi əməliyyatlarda
iştirak etməməsi, müharibə meydanından uzaq
olması da bu versiyanın xeyrinə danışır. Hər halda bir çox mənbələrdə də
göstərildiyi kimi Xurşidbanu ilk övladının -
atası Mehdiqulu xanın adını daşıyan oğlunun
uzun müddətdən, həm də müəyyən
müalicə və nəzir-niyazdan sonra doğulduğunu nəzərə
alsaq, nikahın 1848-ci ildə bağlanması ehtimalı ilə
razılaşmaq mümkündür.
Mehdiqulu xanın qızına evlənməklə Xasay
xan həm də Qarabağın hakimi rəsmi tituluna sahib
olmuşdu. Bu da təbii ki, Qarabağ elitasının, ilk
növbədə isə Cavanşir ailəsi üzvlərinin
xoşuna gələ bilməzdi. Xüsusən
yaşlı nəslin nümayəndələri
narazılıqlarını aşkar büruzə verirdilər.
Xurşidbanunun yaxın qohumu şair Qasım bəy Zakirin
Xasay xana həsr olunmuş və aşağıda nəzərdən
keçirəcəyimiz məşhur həcvi də həmin
hisslərin təsiri altında meydana
çıxmışdı.
Xurşidbanu ailə qurduqdan sonra müxtəlif vaxtlarda
Şimali Qafqaza, Tiflisə, Bakıya qısa və uzun müddətli
səfərlər etsə də, əsas etibarı ilə
Şuşada yaşamağı üstün tutmuşdu. İlk
övladı Mehdiqulu (1855-1900), ardınca isə qızı
Bikə bəyim (1856-1924) burada doğulmuşdular.
Qarşılıqlı məhəbbətə əsaslanmayan
ailə həyatının ilk illərini övladsızlıq
dərdi daha da qaramsar etmişdi. Xurşidbanu bir
müddət Tiflisdə müalicə almışdı.
Sonra isə Bakının Şıx kəndinə,
məşhur Bibiheybət pirinə pənah
aparmışdı. 1858-ci ildə Bakı şəhər
rəisi Piqulevskinin evində "knyaginya Usmiyeva" ilə tanış olan məşhur fransız
yazıçısı və səyyah Aleksandr Düma (ata) bu
münasibətlə "Qafqaz" əsərində
yazmışdı: "Məscid (Bibiheybət nəzərdə
tutulur - V.Q) övladı olmayan qadınların ziyarət
yeridir. Onlar bura ayaqyalın gəlir, dua və nəzir-niyaz
edir, bir il ərzində arzularına
çatırlar. Birlikdə nahar etdiyimiz knyaginya
Usmiyeva da eyni vəziyyətdə olmuşdu. Sonra gəlib
müqəddəs məscidi ziyarət etmiş və elə həmin
il övladı doğulmuşdu. Göylərin bu hədiyyəsi müqabilində
knyaz öz hesabına Bakıdan məscidə qədər yol
çəkdirmişdi".
Yeri gəlmişkən,
Zakir görünür, hələ Mehdiqulu
doğulmamışdan əvvəl
qələmə aldığı "Knyaz Xasay Usmiyevi həcv"
adlı sərt ifadə və ittihamlarla dolu şeirində
sonsuzluğun günahını onda görərək acı istehza
ilə yazırdı:
Bir
ayğır tay bağırsaq olsa,
at ondan
qulun tutmaz,
Budur vəhmim
- bizim duxtər
gəzə daim subay, knyaz!
Şeir xan qızı Natəvanın
inanılmış adamı və şəxsi katibi olan
qarabağlı şair Rəhim bəy Fənaya müraciətlə
yazılmışdı və güman etmək olar ki,
Xurşidbanu özü də ondan xəbərsiz deyildi.
Lakin bir-b irinin ardınca iki övladlarının
doğulması da siyasi məramla qurulan ailə
ittifaqını möhkəmləndirə bilməmişdi. Çox güman ki,
Bakıda A.Düma ilə görüşdükləri 1858-ci il həm də onların ailə həyatının
son ili olmuşdu.
Şübhəsiz, burada günahın böyük hissəsi
Xasay xanın üzərinə düşürdü. O, təkcə Xurşidbanu
ilə deyil, onun yaxınları və doğmaları,
xüsusən də Qarabağ elitası ilə də dil tapa
bilməmişdi. Daha doğrusu, buna xüsusi səy
göstərməmişdi. Özünü
iddialı aparmış, ətrafdakılara yuxarıdan
aşağı baxmışdı. Digər
tərəfdən, Qarabağ xanlığının gəlirlərini
hər vasitə ilə xalqdan əsirgəmişdi. Xasay
xanın xarakter və rəftarında özünü göstərən
bu mənfi cəhətlər Qasım bəy Zakirin məlum həcvində
konkret əksini tapmışdı:
Səxavət
umma ondan,
harda
görmüş vermək, almağı
Onunku bir
odur ki, içsin buzə,
çalsın dalay knyaz!
Dedim ol mədəni-feyzə
bulunsun
canişin, ya rəb!
Bulundu,
heyf kim, bixeyrü xain,
süstrəy knyaz!
Yetirdi
haqq sənə bu dövləti birəncü bizəhmət,
Tikər
kor leyləyin həqqa,
yuvasın ol xuday, knyaz!
Xasay xanla Xurşidbanu ayrılandan sonra
övladlarının ikisi də anası ilə Şuşada
qalmışdı. Natəvan isə 1897-ci ildə vəfat edənə
qədər bütün rəsmi sənəd və
yazışmalarda "Knyaginya Usmiyeva", yaxud "Qarabağ
xanının qızı Usmiyeva" kimi qeyd olunmuşdu.
Məsələn, rəsmi sənədlərdən
birində 1888-ci ildə Qafqaza səyahətə
çıxan rus çarı III Aleksandrın böyük
lütfkarlıq göstərib "Xan qızı
Usmiyevaya" zərgərlik məmulatı hədiyyə
etdiyi göstərilirdi.
Ayrılandan sonra həm Xasay xan, həm də
Xurşidbanu yenidən ailə həyatı qurmuşdular. Həm də
Natəvan bu addımı yalnız birinci ərinin ölüm
xəbərini alandan sonra atmışdı. Xasay xan isə
az sonra Aksay kəndində yaşayan qumuq zadəganlarından
Kaplanovların (bu nəslin nümayəndələrindən
biri - Rəşid xan Kaplanov (1885-1937) Azərbaycan Cümhuriyyəti
hökumətində maarif və dini etiqadlar naziri olmuş,
Bakı Universitetinin təşkilində mühüm rol
oynamışdı) qızı knyaginya N.Kaplanova ilə evlənmiş
və 1859-cu ildə bu nikahdan Əzəmət Bikə adlı
qız övladı dünyaya gəlmişdi. Amma
nədənsə E.İsmayılov knyaginya Kaplanovanı Xasay
xanın birinci arvadı sayır.
Formulyar siyahıdan belə məlum olur ki, şəxsi həyatında
özünü xalis müsəlman kimi aparan knyaz Usmiyev
Qarabağda Xurşidbanu ilə evli olduğu müddətdə
vətənində də ailəsi varmış. Knyaginya Pahu
xanım Sudayxan qızı Həmzəyeva ilə nikahdan
1853-cü ildə qızı Reyhanat Bikə, 1859-cu ildə
qızı Sotixan Bikə, 1864 və 1866-cı illərdə
isə oğulları Musa və Sultan Murad doğulmuşdu.
Təbii ki, bu fakt Natəvana bəlli
olmamış deyildi.
Xurşidbanu
isə yuxarıda qeyd etdiyim kimi, yalnız Xasay xanın
ölüm xəbərini alandan sonra Şuşa
sakini Seyid Hüseyn Ağamirovla ailə qurmuşdu. Salman
Mümtaz izdivacın Xasay xanın ölümündən
üç il sonra baş tutduğunu
yazır. Amma Xan qızı ilə Seyid
Hüseynin ilk övladının - erkən yaşda itirdikləri
Mir Abbasın (1868-1885) doğum tarixi bu mülahizəyə
şübhə ilə yanaşmağa əsas verir. Mir
Abbasdan başqa ailədə daha iki oğlan - Mir Həsən
Ağa (1870-1903), Mir Cəfər Ağa (?-1914) və iki
qız - Sara Bəyim,
Həcər Bikə (1869-?) doğulmuşdu.
Nəticə etibarı ilə həm Xasay xanın, həm
də Xurşidbanu sonra həyatları faciəli olmuşdu. Knyaz Usmiyev
1862-ci ilin avqust ayında Qafqaz süvari qoşunlarında
saxlanmaqla general rütbəsinə yüksəlmişdi.
Bu, sədaqətlə xidmət etdiyi rus hakimiyyətindən
gördüyü son lütfkarlıq idi.
1866-cı ildə Xasay xan həmişəlik Osmanlı
imperiyasına köçmək fikrinə
düşmüşdü. Bu münasibətlə Qumuq dairəsi
rəisinin adına
ünvanladığı müraciətdə deyilirdi:
"Qafqaz ölkəsinin ümumən itaətə gətirilməsi
nəticəsində müsəlman əhali üçün
yeni dövr başlanmışdır. Bu dövr
mahiyyət etibarı ilə özündə yerli
ünsürlərlə hakim ünsürün
qaynayıb-qovuşmasını ehtiva edir. Təhsil
və nüfuzuma görə mən yaranmış vəziyyətdə
öhdəsindən yalnız şəxsimin gələ biləcəyi
mühüm rol oynamaq imkanına malikəm. Yəni bu iki ünsür arasında dayana bilərdim.
Lakin inanclarım mənə həmin rolu öz
üzərimə götürməyə imkan vermir. Bu inanclar təbiətimin bir hissəsi olduğundan və
onları dəyişməkdənsə yox etmək daha asan
göründüyündən elə vəziyyətdəyəm
ki, öz-özümə ziyan vururam, xalqa və hakimiyyətə
isə heç bir fayda vermirəm. Ona
görə də yeganə çıxış yolunu ölkəni
tərk etməkdə və müsəlman hökmdarın təbəəsi
olmaqda görürəm".
Rus hakimiyyəti qumuq əsilzadələrinin
tanınmış nümayəndəsinin Osmanlı
sultanına pənah aparmaqla imperiyanın müsəlman əhalisinə
"pis nümunə" göstərəcəyindən
qorxurdu. Knyaz Usmiyevin Türkiyəyə mühacirət etmək
arzusu Qafqaz canişini, Qafqaz ordusunun baş komandanı,
böyük knyaz Mixail Nikolayeviçin kəskin hiddətinə
səbəb oldu. O, dərhal Xasay xanın hərbi xidmətdən
azad olunub Rusiyaya göndərilməsi ilə bağlı qərar
qəbul etdi: "General-mayor knyaz Usmiyev Qroznı qalasına
çağırıldı. 1866-cı il
iyulun 20-də ona Stavropola gedib Qafqaz canişininin sonrakı sərəncamlarını
gözləmək əmri verildi. Eyni zamanda,
Stavropolun mülki qubernatoruna knyaz Usmiyevin üzərinə
"şəxsini nəzərəçarpacaq dərəcədə
sıxışdırmadan ciddi polis nəzarəti" qoymaq
tapşırıldı".
Qafqaz canişininin 4 avqust 1866-cı il tarixli əmri
ilə knyaz Usmiyev "qanunun verdiyi üstünlükləri
saxlanmaqla" hərbi xidmətdən tərxis edildi və
daimi yaşamaq üçün Voronej şəhərinə
göndərildi. Başqa sözlə desək, Qafqazdan
sürgün olundu. Burada, 1866-cı il sentyabrın 9-da o,
uğursuz intihar cəhdi etdi. Tapança ilə alnını
nişan alıb atsa da, sadəcə başıından
ağır yara aldı. Uzun sürən xəstəlikdən
sonra 1867-ci il aprelin 21-də dünyadan köçdü.
Natəvana gəldikdə isə bütün nəcibliyinə,
xeyirxahlığına, daim insanların köməyinə can
atmasına baxmayaraq, o da taleyin qəddar zərbələrindən
yayına bilmədi. Sevimli oğlu Mir Abbası 17
yaşında itirməsi bütün sonrakı həyatının
çəkilməz faciəsinə çevrildi və onu erkən
yaşda məzara sürüklədi. "Gözünün
ilk ovu" adlandırdığı, atasının
adını verdiyi böyük
oğlu Mehdiqulu xan da anasının həyatını cəhənnəmə
döndərməkdə az səy göstərmədi.
O, xan qızı Xurşidbanunun
qara camaatdan olan Seyid Hüseynlə izdivacından çox
narazı idi. İkinci mühüm məsələ isə
mülk davası idi Rus ordusunun podpolkovniki rütbəsinə
yüksələn, "Vəfa" təxəllüsü ilə
Azərbaycan türkcəsi və fars dillərində şeirlər
yazan Mehdiqulu xan Usmiyev özünü Qarabağ xanının
birbaşa varisi sayırdı. Odur ki, əcdadlarının
mal-mülkünün hətta kiçik bir hissəsinin də
hansısa Seyid Hüseynin övladlarına
çatmasını istəmirdi. Bu zəmində ana ilə
oğul arasında Natəvanı dərin sarsıntılara qərq
edən çoxsaylı mübahisə və münaqişələr
olmuşdu. Salman Mümtaz yazırdı: "İmperator tərəfindən
Xan qızına yetmiş iki kənd verilmişdi. Bunlardan
36-sı müdəmül-həyat özünə mütəəliq,
36-sı isə vərəsəlik olaraq övlad
üçün. Daimi irsi kəndləri
Mehdiqulu xan istədiyi üçün anası narazı olur və
buna görə də araları dəymişdi". Şairə
bir ara hətta oğlundan Qafqaz canişininə şikayət
etmək fikrinə düşmüş, lakin son anda qərarını
dəyişərək ərizəsini geri
götürmüşdü.
(davamı var)
Vilayət QULİYEV
525-ci qəzet.- 2021.- 10 aprel.-
S.10-11.