Rəsul Rzanın mənəvi hüzurunda
düşündüklərim və söylədiklərim
Hərdən
oturub fikirləşirəm: necə oldu ki, ədəbiyyata
sevgim yarandı. İlk mütaliəmi, ilk
şeir duyumumu xatırlamağa çalışıram.
Xatırlamağa
çalışdıqca uşaqlığım lent kimi
gözümün önündən keçir, hansısa hadisənin
içərisində itib-batıram, şeir sevgimin tarixinin
axtarışına yönələn düşüncələr
beləcə havada qalır. Bunun dərinliyinə
getmək çox çətindir. Genetik
faktor da bunda böyük rol oynayır. Bizim
nəsil sözə qiymət verən və bir o qədər
də söz pərgarı olub, əlamətdar günlərdə
xüsusi sağlıqlar deyilib ki, onları bir yerə
yığsalar, böyük xatirə kitabı alınar.
Keçmişə, duyğulara, hisslərə bağlı
insanlardır...
Yadımdadır ki, əlifbanı öyrənib bitirəndən
sonra müəllimimiz əzbərləmək
üçün şeirlər tapşırardı. Hər yeni
şeiri səbirsizliklə gözləyirdim ki, görəsən,
indi hansı olacaq, nə haqqında olacaq?! Gecə şeiri oxuyurdum, yadımda qalmırdı, səhər
ayılanda əzbər deyirdim. Bu, mənim
üçün xoş adətə çevrilmişdi.
İbtidai
sinifdə oxuyanda Səməd Vurğunun "Muğan"
poemasının birinci nəğməsi ("Ceyran") ev tapşırığımız idi. Mən o şeirə vurulmuşdum. Təkrar-təkrar
oxuyurdum və usanmırdım, Səməd Vurğunu da belə
sevmişdim...
Həmzə Babaşov küçəsindəki doqquzmərtəbədə
kirayə yaşayırdıq. Ev yiyəsinin bir balaca
şkafı var idi. Şkaf köhnə
kitablarla dolu idi. Kitabların hamısı
kiril əlifbasındaydı. 3 ya 4-cü
sinifdə oxuyurdum. Evdə dedim ki, mütləq mən bu
kiril hərflərini öyrənməliyəm. Babama
vərəq, qələm verdim ki, mənim üçün hərfləri
yaz. Xəstəliyinə görə
babamın yaddaşında problemlər var idi. Qələmi aldı əlinə, hərfləri
yadına sala bilmədi. Onun pərt
olmağı məni sındırdı. İndi də
yadıma düşəndə özümü
bağışlaya bilmirəm ki, niyə ona dedim,
hərfləri yaz. Bu hadisə də mənim
üçün bir ayrı travmadır. Nəysə...
Bir yol tapıb kiril qrafikasını öyrəndim və
həmin köhnə kitabların içərisindən Məmməd
Arazın kitabını tapdım. Elə 4-5 günün
içərisində şeirləri oxuyub bitirdim. Təbii ki, misraların dərinliyini illər
keçdikcə dərk elədim. Məmməd Arazı
da belə sevmişdim...
İbrahim
Əbilov adına mədəniyyət mərkəzinə
gedirdim - "Vurğun" poeziya dərnəyinə. Mədəniyyət mərkəzinin o vaxtki bədii
rəhbəri Mirəhməd Əsgərovun orada kiçik,
amma zəngin kitabxanası var idi. Rəfdən
Rəsul Rzanın, Nigar Rəfibəylinin, Əli Kərimin
kitablarını götürdüm. Oxudum, oxudum, oxudum...
Oxuduqca böyüdüm, dərk etdim,
yaşadım. Bu üç söz sənətkarını
da belə sevmişdim...
Bir gün Azərbaycan Televiziyasında gözəl sənətkar
Həsən Əblucun qiraətində Rəsul Rzanın
"Unutmayın" şeirini efirə verdilər. Bu şeiri
kitabdan oxumuşdum, eşidəndən sonra tapıb bir də
oxudum. Həsən Əblucun ifasını internetdə
tapdım və dəfələrlə qulaq asdım: möhtəşəm
səsləndirmə idi. Şeir əzbərimə
həkk olundu.
O
şeiri tez-tez sinifdə, tədbirlərdə deyirdim. Bir fizika müəllimimiz var idi. Çox
soyuqqanlı, son dərəcə ciddi adam
idi. Mən də fizikanı yaxşı
oxumurdum, məlum məsələdir ki, humanitar fənlərə
yönəlmişdim. Necə oldusa, bu fizika müəllimimiz
dedi ki, “Nadir, bir şeir de”. Rəsul Rzanın
"Unutmayın" şeirini dedim. Həcmcə
böyük və çox təsirli şeirdir. Deyib bitirəndən sonra gördüm ki, müəllimin
gözlərindən yaş gəlir. Bu
şeiri uşaqların arasında tez-tez deyirdim, amma bu dəfə
onlar da kövrəlmişdi.
Müəllim
dedi, “Nadir, nə qədər ki sizə dərs deyirəm, sənə
yalnız "əla" qiymət yazacam”. Rəsul
Rzanın bu şeiri məni aşağı qiymətdən
çox xilas edib, təkcə fizika deyildi. Məktəbdən məzun olanda son dəfə sinif
otağımıza yığışdıq. Sinif yoldaşlarım xahiş elədi ki, son dəfə
sinifdə o şeiri de. Dedim və bu dəfə
özüm də çox kövrəlmişdim...
Bu günlərdə sevimli şairim Rəsul Rzanın vəfatının
40 illiyi tamam olurdu. Aprelin 1-də səhər tezdən baş redaktorumuz Rəşad
Məcid mesaj yazdı ki, saat 11-də Fəxri Xiyabanda Xalq
şairi Rəsul Rzanı yad edəcəyik...
Gedib şəkillər çəkməli, xəbər
hazırlamalıydım. İki qızılgül alıb Fəxri
Xiyabana yollandım. Xalq yazıçısı Anar, Rəşad
Məcid, Azər Turan, Səlim Babullaoğlu, İlqar Fəhmi,
Sayman Aruz, Anar müəllimin nəvələri - Anar Rzayev, Rəsul
Rzayev orada idilər. Anı şəkillər
vasitəsi ilə əbədiləşdirirdim. Onu da qeyd edim ki, bir gün öncə "Rəsul
Rzaya ithaf" adlı şeirimi öz Feysbuk hesabımda
paylaşmışdım. Ani olaraq Rəşad müəllim
məni yaxına dəvət edib oradakılara tanıtdı və
dedi ki, Rəsul Rzadan bir şeir de, sonra öz şeirini də
deyərsən. Rəsul Rzanın həmin
"Unutmayın" şeirini əzbərdən dedim, ardınca öz şeirimi telefondan oxudum. Xoş reaksiyalar aldım.
No
description available.
"Nadir Rzalı üçün həmin günün
mahiyyəti hansı ölçüdə idi" sualı barədə
uzun-uzun fikirləşirəm. Amma sözə
sığdırmağa çətinlik çəkirəm.
Hətta elə sehirlənmişdim ki, yanlış
avtobusa minmişdim. Əslində, avtobusda olsam da, elə
bil orada qalmışdım - o məzarın yanında,
şeir dediyim yerdə...
Bəlkə də mənim dediklərim oradakı ədəbiyyat
adamları üçün heç də xüsusi bir
çıxış deyildi, nəzakətən,
könlümü xoş eləməkçün bir
ağızdan "sağ ol!" demişdilər.
Mənə çox vaxt deyirlər ki, sən
erkən böyümüsən, heç demək olmaz bu
yaşdasan, bu, mənim özümə də xoş gəlir.
Amma orada o şeiri deyəndə, elə bil,
balaca uşağa çevrildim. Həmin an
20 yaşında, özünü, mətnini təsdiqləməyə
çalışan gəncə qayıtdım, eqom sakitləşdi.
Birinci ona görə ki, orada olan qələm
adamlarının - Anar müəllimin, digər yazarların hər
birindən sevə-sevə oxuduğum bədii
yaradıcılıq nümunələri var. Yəni mətninə
sevgi ilə yanaşdığım insanların
qarşısında bu yaşımda şeir deyirdim. İkinci məsələ odur ki, Rəsul Rzaya olan
sevgim və onun şeirini məzarı önündə deməyim
mənə mənəvi dinclik bəxş elədi, sevindirdi.
Səmimi deyirəm ki, harada olmağıma baxmadan, mən
öz yazdığım nəyisə səsləndirəndə
xoşbəxt oluram. Bu, yaşca böyük yaradıcılara,
təbii ki, adi görünəcək, amma mən bu
yaşımda belə hiss edirəm, belə ab-havadayam.
Adamın ürəyinə özü qədər kim bələd ola bilər ki?! Bir az məsxərəylə yanaşanlar, yaxud
başqa mənfəətlərdən söhbət
açanlar da olacaq. Olsun, nə olacaq ki?!
Fikrət Qoca demiş:
"Dedilər:
Vəzni pozdu.
O, bir
şeir də yazdı.
Dedilər:
Şeirinin bəzəyi azdı,
O, bir
şeir də yazdı.
Dedilər:
Dayazdı.
O, bir
şeir də yazdı...
Yazdı, yazdı, yazdı.
Amma
öz aramızdı,
O vaxt
sözümüzə baxsaydı,
İndi Rəsul Rzamız olmazdı".
Ömür
vəfalı olsa, 30-40 il sonra bu xatirəni haradasa yenidən
çap elətdirəndə, yəqin ki, bu cümləni də
əlavə edəcəm: "Bu da bir xatirə idi,
yazmışdım ki, yazının yaddaşında
qalsın".
Rəsul
Rzanı - sevimli şairimi dərin hörmət və sevgi ilə
anıram.
***
Rəsul
RZA
UNUTMAYIN
Mən
güllü bir may səhəri doğulmuşam.
Bəlkə, getdim bir yanvar axşamı.
Tabutuma ipək
salmayın!
Dəfnimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə
qoyulan bir tablo olub,
nə
parıltısı diqqət çəkən üzük
qaşı.
Mənim
sevgim sevgi idi -
sadə,
yaxşı...
Mən
anamın südü kimi,
atamın
öyüdü kimi,
sevdim bu
torpağı.
Bir ovuc torpağı əsirgəməyin məndən.
Mən
ancaq onu
aparacağam,
nəsil-nəsil insanlara
çeşid-çeşid nemət verən
bu vətəndən.
Mən
öləndə ağlamayın!
Mən
öləndə gülməyin!
Yox, nəyə
gərəkdir!
Mən, sağlığımda çox
gülmüşəm.
çox
ağlamışam.
Ancaq o həzin
axşam,
məni
yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın,
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan.
Elə
çıxın ki, sükut oyanmasın
O səssiz,
o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin
ruhum da
Ümidimi,
arzumu,
sevincimi,
dərdimi
görmüş otağım da.
Ölülər
geri dönə bilsəydi,
mən
bu otağa gələrdim.
Burda uzun
bir dəqiqə
dincələrdim.
Cənnətdə işim yoxdur.
Getmərəm,
dəvət etsələr belə!
Cəhənnəmi
söndürüb,
bütün ölülər ora getsələr belə...
Mən
xoşbəxt olardım,
tabutumu
özüm apara bilsəm!
Adımı,
xatirəmi
yazılı nitqlərdən,
sərin
ahlardan qopara bilsəm...
Vətən
torpağı genişdir, qəlbim kimi
Demirəm,
Göyçayda basdırın məni,
Ancaq ki,
riyakar gözlərdən uzaq,
aparın,
bir çayda basdırın məni!
Tabutumu örtsün sərin sular.
Qəbrimi
görüb kədərlənməsin
sevinclilər, arzulular.
Qəbrimin üstündən sular çağlasın.
İnsanlar
sevinsin, gülsün
işıqlı gündüzlər.
Gecələr
də mənə,
yaşıl saçlarını
sulara
sallayan,
salxım
söyüdlər ağlasın...
1947
***
Nadir RZALI
RƏSUL
RZAYA İTHAF
Bir
çinar ömrü yaşadı -
minbudaq
çinar,
torpaqdan
yaranmış, qələmə bürünmüş,
çinarı qələmindən cücərmiş,
budağı sözüylə böyümüş.
Bir kişi ömrü yaşadı çinar kimi,
əyilməz, məğrur, bir az da həzin.
Kölgəsinə
yığıldı
bütün yaşıllıqlar
bütün təbiət...
Ləpiri
həkk oldu torpağa dərindən dərin...
Bir Nigar
ömrü yaşadı qoşa qanadlı,
şeirinin şəhdi, sözünün canı.
Doğulandan
taleyi bir yazılanlar
üçcə ay həsrət çəkdilər.
Bir məhəbbət
dastanı,
vəfa
borcu, sevgi məbədi...
İndi
ona salxım söyüdlər ağlar,
"Ana
qaz" ağı deyər,
indi
bütün rənglər dumanlanıbdı.
Şeirinin
oduna neçə sevgililər yanıbdı...
Hələ
köhnəlməyib
ədəbiyyatın düyünü-dağı,
şeirimizin yeni nəfəsi,
poeziyanın təzə çağı...
Nadir RZALI
525-ci qəzet.- 2021.- 10 aprel.- S.12,21