AZƏRBAYCANIN
MƏDƏNİ-İCTİMAİ HƏYATINDA TATARLAR
Doğmalığa qayıdışın əzablı
və keşməkeşli
yüzillik tarixçəsi qısa xülasədə
Tatarların Azərbaycanla ədəbi-mədəni,
hərbi-siyasi əlaqələrinin yüz ildən artıq
tarixi var. Bu bağların yaranmasına həm ictimai-fəlsəfi
düşüncə sahibi olan ziyalıların ideoloji təbliğatı,
həm də şəxsi münasibətlər, sevgi, izdivac və
qohumluq əlaqələri təkan verib.
Hələ 1907-ci ildə təhsil
aldığı Odessa Universitetinin müvəqqəti
bağlanması üzündən Krımın
Bağçasaray şəhərinə
köçmüş, gələcəkdə Azərbaycan
cümhuriyyətinin qurucularından biri və ikinci baş
naziri olacaq Nəsib bəy Yusifbəyli burada məşhur Azərbaycan
dramaturqlarının əsərlərini tamaşaya
qoymaqla, İsmayıl bəy Qaspıralının redaktoru
olduğu "Tərcüman" qəzetinə məqalələr
yazmaqla tariximizə Azərbaycan-Krım mədəni əlaqələrinin
təməlini atanlardan biri kimi düşüb. Bu əlaqələr Nəsib bəyin şəxsi həyatına
da təsirsiz qalmayıb, o, yalnız Krım tatarlarının
yox, Rusiya imperiyasında yaşayan bütün türklərin
ideoloji rəhbərlərindən sayılan İsmayıl bəyin
böyük qızı Şəfiqə xanımla evlənib,
bu nikahdan onların Zöhrə və Niyazi adlı iki
övladı dünyaya gəlib.
Sonradan onların ailə
münasibəti pozulsa da, bu ayrılıq mənəvi-ideoloji
bağlılığa təsir göstərə bilməmişdi.
1914-cü ildə İsmayıl bəy Qaspıralı
ölüm yatağına düşdüyü zaman onun
baş ucunda duranlardan biri də Nəsib bəy olmuşdu,
İsmayıl bəy öz vəsiyyətlərini həm
də ona xitabən söyləmişdi. Bundan
başqa, belə bir fotoşəkil də var: yenicə
torpağa tapşırılmış İsmayıl bəyin
məzarı başında iki nəfər diz
çöküb - bunlardan biri mərhumun oğlu, bir müddət
"Tərcüman" qəzetinə redaktorluq etmiş
Rüfət bəy, ikincisi də Nəsib bəy Yusifbəylidir.
Nəsib bəy Azərbaycan Xalq Cümhuriyyətinin
əvvəlcə maarif naziri, sonra isə baş naziri
olduğu zamanlarda Şəfiqə xanıma məktublar
yazmaqla övladlarını da götürüb Bakıya gəlməsini
təkidlə ondan rica edirdi. Nəhayət, 1919-cu ilin
payızında Şəfiqə xanım övladları ilə
birlikdə Azərbaycan cümhuriyyətinin paytaxtına
yetişdi. Burada onların ailə münasibətləri
tam bərpa olunmadısa da, Şəfiqə xanım
atasının da, keçmiş ərinin də həyatını
həsr elədiyi milli-ideoloji mücadiləyə sadiq
qaldı. O, Azərbaycanda cümhuriyyət quruculuğuna
öz töhfəsini verməyə, bu məqsədlə
öz pedaqoji təcrübəsindən
yararlanmağa çalışırdı. Azərbaycanın
bolşeviklər tərəfindən işğal olunduğu,
Nəsib bəyin sirli bir şəkildə qətlə
yetirildiyi günlərə qədər Bakıda keçirdiyi
bir neçə ay içində Şəfiqə xanım
Maarif Nazirliyi yanında uşaq bağçaları
üçün tərbiyəçilər hazırlayan
kursların təşkilinə başlamışdı.
Sonradan övladlarını da
götürüb Türkiyəyə köçən Şəfiqə
xanım 1975-ci ildə orada dünyaya gözlərini yumdu.
İstanbul Universitetinin ədəbiyyat
fakültəsində təhsil almış qızı
Zöhrə isə əslən ata yurdu Gəncədən olan
aqronom Mirzə Göygöllə ailə qurdu.
***
Azərbaycanın sosial-siyasi, etnik-mədəni
tarixində dərin iz buraxmış tatar əsilli
xanımların sırası bununla bitmir. XX
yüzilin ilk onilliklərində öz inkişafının
zirvəsinə doğru irəliləyən Azərbaycan
teatrının problemlərindən biri də aktrisaların
azlığıyla bağlıydı. Çox zaman kişi
aktyorlar qadın rollarını oynamağa məcbur olurdular,
yaxud da qadın rollarını başqa millətdən
olan aktrisalara verirdilər. Səhnəyə
çıxmağa cəsarəti çatan türk-müsəlman
qızları barmaqla sayılacaq qədər azıydı.
Onlardan biri də 1901-ci ildə Rusiya imperiyasının Həştərxan
şəhərində doğulmuş tatar qızı Mərziyə
Yusif qızı Davudova idi.
Mərziyə Davudovanın
istedadını o zamanlar Azərbaycanın ən böyük
aktyoru və teatr rejissoru olmuş Hüseyn Ərəblinski kəşf
etmişdi. 1918-ci ildə Həştərxanda qastrolda olan
böyük sənətkar gənc qızın oyununu bəyənib,
onu Bakıya dəvət eləmişdi. Mərziyə
xanım taleyini əbədi olaraq Azərbaycan teatrı və
kinosuna bağlamaq üçün 1920-ci ildə Bakıya gələndə
Hüseyn Ərəblinski artıq həyatda deyildi, sənət
qənimləri onu qətlə yetirmişdilər. Burada Mərziyə
xanım başqa bir böyük aktyorla - Abbas Mirzə Şərifzadəylə
tanış oldu. Onlar illər boyu eyni səhnəni
bölüşdülər, dünya şöhrətli əsərlər
əsasında qoyulan tamaşalarda tərəf-müqabil
oldular. Bu ortaqlıq onların şəxsi həyatına da iz
saldı - ailə qurdular, Firəngiz adlı övladları
dünyaya gəldi. Abbas Mirzə ilə Mərziyə
xanım illər boyu Azərbaycan səhnəsində baş
rolları oynadılar, adları həyatda da, sənətdə
də qoşa çəkildi - Hamlet və Ofeliya, Otello və
Dezdemona, Karl Moor və Amaliya... Ömrünün faciəli
sonuna qədər Abbas Mirzə səhnənin kralı, Mərziyə
xanım isə kraliçası kimi qəbul olundu, Azərbaycan
teatrının səmasında onların ulduzu qoşa
parladı. 1936-cı ildə Sovet dövləti Mərziyə
Davudovaya Xalq artisti adı verdi.
1937-ci ilin Stalin repressiyaları teatr və kino
xadimlərindən də yan keçmədi: pantürkizmdə
suçlandırılan Abbas Mirzə Şərifzadə
1938-ci ildə qətlə yetirildi. Ailəsi isə bu faciədən
yalnız 17 il sonra xəbər tutdu. Həyat
yoldaşı sorğulandığı zaman Mərziyə
xanıma da çox mənəvi-psixoloji təzyiq göstərmişdilər
ki, bunlar da onun səhhətinə təsirsiz ötüşmədi
- görkəmli sənətkar 1962-ci ildə 61 yaşında
dünyadan köçdü. Ancaq iki böyük sənətkarın
Azərbaycan səhnəsində yaratdığı məktəb
on illər boyu yaşadı. Onu da xatırladaq ki, Mərziyə
Davudova 1956-cı ildən ömrünün sonuna qədər
Azərbaycan Teatr Cəmiyyətinə sədrlik eləmişdi.
Abbas Mirzə ilə Mərziyə xanımın tək
övladı Firəngiz Şərifova da Azərbaycan səhnəsində
və filmlərimizdə bir sıra unudulmaz obrazlar yaradıb.
***
Azərbaycanın iki böyük bəstəkarının
- Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin də
həyatında tatar əsilli xanımların mühüm rolu
olub. Onlar rus imperiyasının ayrı-ayrı
bölgələrində, ancaq bir ildə, bir gündə -
1885-ci ilin 18 sentyabrında doğulmuşdular: Üzeyir bəy
Qarabağda, Müslüm Maqomayev isə
Çeçenistanın paytaxtı Qroznıda. İllər
sonra, 1899-cu ildə hər ikisi Qori Müəllimlər
Seminariyasına təhsil almağa yollanmışdı.
Burada həm bir-biriylə, həm də onlarla bir sinifdə
oxuyan tatar oğlu Əli Terequlovla
dostlaşmışdılar. Terequlovlar ailəsi Tiflisdə
yaşayırdı. Əli bəzən bazar günləri
dostlarını qonaq çağırır, onlara Tiflisin gəzməli-görməli
yerlərini göstərir, birlikdə teatra gedirdilər. Gələcəyin
bəstəkarları Terequlovların qızlarını da elə
bu illərdə tanımışdılar.
1904-cü ildə seminariyanı bitirən
dostlar Azərbaycanın bir-birindən uzaq bölgələrində
çalışmağa başladılar. Bu müddətdə
həm bir-biriylə, həm də Terequlovlar ailəsiylə əlaqəni
kəsmədilər, dostluğu davam etdirdilər. Bir neçə
il sonra dostluq qohumluğa çevrildi, dostlar Əli Terequlovun
bacılarıyla ailə qurdular - Üzeyir bəy Məleykə
xanımla, Müslüm isə Badigülcamal xanımla. Bu iki ilham pərisinin sevgisi, mənəvi dəstəyi
sayəsində bir ilin bir günündə dünyaya göz
açmış bəstəkar dostlar, sonradan isə həm də
bacanaqlar sənət möcüzələri yaratdılar:
Şərqdə professional musiqinin, opera sənətinin təməlini
qoymuş Üzeyir bəy bir-birinin
ardınca bu gün də səhnədən düşməyən
sənət inciləri bəstələdi, dostunun
açdığı yolla gedən Müslüm də
bir-birindən dəyərli musiqi əsərləri, operalar
yaratdı. Bütün yaradıcı ömürləri boyu
dostlar Terequlov ailəsinin qızlarından həm
qayğı, həm mənəvi dəstək gördülər.
Məleykə xanımın xəstəliyi ucbatından
övladları olmadısa da, Üzeyir bəy
ömür-gün yoldaşını boşamaq təkliflərini
əsla qəbul eləmədi, 63 illik ömrünün sonuna
qədər Məleykə xanımla baş-başa, ürək-ürəyə
yaşadı.
***
Tatarların Azərbaycanın həyatında
iştirakı yalnız mədəni çərçivələrlə
məhdudlaşmır. Əslən Litva tatarlarından olan,
1865-ci ildə indiki Belarus respublikasının Qrodno vilayətində
doğulmuş, əsl adı Maçey olan general Süleyman
Sulkeviç 55 illik ömründə sanki üç
ömür yaşamışdı. Əvvəlcə
Çar ordusunda xidmət göstərən Sulkeviç bir
sıra savaşların, o cümlədən, rus-yapon
savaşının iştirakçısı olmuş, Birinci
Dünya müharibəsi illərində yaradılan ilk müsəlman
korpusuna komandanlıq etmiş, nümunəvi xidməti sayəsində
bir sıra orden-medallarla mükafatlandırılmış,
general-leytenant rütbəsinə qədər
ucalmışdı. Bu, general Maçey Sulkeviçin qısa
ömürlüyüdür.
Çar üsul-idarəsi devriləndən
sonra 1918-ci ildə Sulkeviç Krıma gedir, həmin ilin iyun
ayında burada formalaşdırılan Krım diyar hökumətinin
əvvəlcə baş naziri, ardınca daxili və hərbi
işlər naziri vəzifəsinə seçilir. Tatar
xalqının müstəqil həyata başlamasını
alqışlayan Ənvər Paşa (Osmanlı dövlətinin
hərbi naziri) ona bu məzmunda təbrik də göndərmişdi:
"Krım hökumətinin baş naziri general Süleyman bəy
Sulkeviçə. Cəfər bəylə birlikdə
Krımda hökumət qurduğunuza görə sizi təbrik
edirəm! Osmanlı dövləti sizə arxa olacaq və
yardım göstərəcəkdir". Alman qoşunları
Krımdan çəkiləndən sonra - 1918-ci ilin 15
noyabrında Sulkeviç hakimiyyəti Solomon Krıma təhvil
verdi. Bu da Süleyman paşanın qısa
ömürlüyüdür.
Sulkeviçin təşəbbüsüylə
Rusiyada Müsəlman Millətlərinin Müdafiə Cəmiyyəti
yaradılmışdı. Tatarlar həm buna, həm də
Krımdakı fəaliyyətinə görə onu
"Süleyman paşa" deyə çağırmağa
başlamışdılar. O zaman tatarlar
inanırdılar ki, nə vaxtsa şimal torpaqlarından bir
müsəlman oğlu gəlib rusların Krımdakı
ağalığına son qoyacaq, tatarları qanadının
altına alıb azadlığa qovuşduracaq, həm də o
qəhrəman oğulun adı "Süleyman paşa"
olacaq. Nağılın gerçəkləşdiyini
görüncə tatarlar Maçey Sulkeviçin elə həmin
əfsanəvi Süleyman paşa olduğu qənaətinə
gəlib onu bu adla çağırmağa başlamışdılar.
Qısa keçən üçüncü
ömründə isə general könüllü olaraq Məmməd
bəy adını qəbul etmişdi - Məmməd bəy
Sulkeviç. Hərbi Nazirliyin dəftərxanasına aid sənəddə
öz əliylə belə yazmışdı: "Dinim
müsəlman, adım Məmməd bəy, rütbəm
general-leytenantdır. Azərbaycan vətəndaşlığını
qəbul edirəm".
Məmməd bəy Sulkeviç
Azərbaycana 1918-ci ilin dekabr ayında gəlmişdi. 1919-cu
ilin mart ayına qədər Gəncədə yerləşən
Birinci Müsəlman Korpusunun komandanı olmuş, ardınca
Azərbaycan ordusunun baş qərargah rəisi vəzifəsinə
təyinat almışdı. Bundan sonra Azərbaycanın milli
qoşun hissələrinin
formalaşması işi sürətləndi, ordu birləşmələrində
çavuş məktəbləri yaradıldı,
döyüş hazırlığının proqram və cədvəlləri
tərtib olundu, kəşfiyyat işinin təşkilinə
diqqət artırıldı. Bunlarla yanaşı, orduda
intizamın gücləndirilməsi, səfərbərlik
planının hazırlanması, paytaxtın və digər
mühüm yaşayış məntəqələrinin, dəmir
yolu xətlərinin müdafiə sisteminin qurulması
yönündə də Sulkeviçin xidmətləri
olmuşdu. Bir ildən də az çəkən qərargah rəisliyi
dövründə general Sulkeviç o qədər işlər
görmüşdü ki, onların hamısını sadalamaq
çox vaxt aparar.
1920-ci ilin aprel işğalından sonra Məmməd
bəy Sulkeviç bolşeviklər tərəfindən həbs
olundu, 15 iyulda həbsxanada sorğu-sualsız güllələndi.
Şahidlərdən birinin sonradan dediyinə
görə, ölümə gedən generalın son
sözü bu olmuşdu: "Müsəlman ordusunun əsgəri
kimi öldüyüm üçün çox xoşbəxtəm.
Əlvida!"
Bu da general Sulkeviçin Məmməd bəy
adı altında keçmiş üçüncü
ömrünün tarixçəsi - qısa ömrün
müxtəsər ömürlüyü.
***
Sulkeviç bolşevik repressiyalarının
birinci dalğasında qətlə yetirilmişdi. Bilindiyi kimi, ötən əsrin 30-cu illərinin
ikinci yarısında bundan heç də az amansız olmayan
daha bir repressiya maşını işə salındı. Bu
dalğada otuz minə yaxın Azərbaycan insanı gedər-gəlməz
sürgünlərə göndərildi, qətlə yetirildi.
Bunların da əksəri ziyalılar idi. Repressiyaya
uğrayanlar arasında azərbaycanlılarla yanaşı,
ölkədə yaşayan qalan xalqların təmsilçiləri,
o cümlədən, tatarlar da vardı. Onlardan biri - professor Bəkir
Çobanzadənin adı üzərində ayrıca
durmamız lazımdır.
Bəkir Çobanzadə 1893-cü ildə
Krımda, Simferopol qəzasının Qarasubazar şəhərində
doğulmuşdu. İbtidai təhsilini öz yurdunda
almış, parlaq zəkasıyla diqqət çəkdiyinə
görə 14 yaşında Türkiyəyə oxumağa
göndərilmişdi. Burada ərəb, fars dillərini
mükəmməl öyrənmiş, müstəqil Krım
arzusuyla yaşayan tatar gənclərdən ibarət
Krım-tatar Tələbə Cəmiyyətinin
yaradıcılarından və rəhbərlərindən
olmuşdu. Sonra Budapeşt universitetinin tarix-filologiya fakültəsində
təhsilini davam etdirmiş, orada doktorluq dissertasiyası
müdafiə eləmişdi.
Vətənə dönəndən sonra
Krımda müxtəlif ictimai-siyasi işlərdə
çalışmış, eyni zamanda, elmi işlərlə
məşğul olmuş, çox keçmədən
Krım Universitetinin rektorluğuna qədər yüksəlmişdi.
Sovet Azərbaycanı rəhbərliyinin dəvətilə
respublikada yeni əlifba komitəsinin sədri, yeni türk əlifbası
Ümumittifaq Mərkəzi Komitəsinin
başçısı təyin olunmuşdu. Orta Asiyada,
Tatarıstanda, Başqırdıstanda, Krımda latın əlifbasına
keçidlə bağlı iş aparmış, eyni zamanda, Tavrida,
Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində
türkologiyanın problemlərinə dair mühazirələr
oxumuşdu (1920-1936). I Ümumittifaq Türkologiya
qurultayının təşkili yolunda çox zəhmət
çəkmiş, qurultayda iki məruzəylə
çıxış eləmişdi. Azərbaycanda terminologiya,
türkologiya və şərqşünaslıqla
bağlı bir neçə önəmli vəzifədə
çalışmışdı. Paris Dilçilik Cəmiyyətinin
üzvü olmuşdu. Bir sıra monoqrafik əsərlərlə
yanaşı, "Türk dilinin metodikası" (1932),
"Elmi qrammatikanın əsasları" (1932)
kitablarını digər alimlərlə ortaq şəkildə
tərtib eləmişdi. Bəkir Çobanzadə həm də
Azərbaycanda "Kitabi-Dədə Qorqud"un ilk
araşdırıcılarından biri olmuş, Nəvai, Xətai
və Füzuli poeziyasını linqvistik-poetik baxımdan incələmişdi.
Ensiklopedik biliklərlə yüklənmiş
bu parlaq zəkanın qarşısına da məşum 1937-ci
ilin 28 yanvarında sipər çəkildi - Kislovodsk kurort
şəhərində dincəldiyi vaxt alim həbs olunub, az
sonra Azərbaycana gətirildi. On beş dəqiqə sürən
bədnam məhkəmə 45 yaşlı professorun barəsində
ölüm hökmü çıxardı, elə ertəsi
gün hökm icra olundu. Harada dəfn olunduğu bu gün də
bəlli deyil. Bir çox əsəri itirilib, oğurlanıb,
yaxud da məhv edilib.
1919-cu ildə çapdan çıxmış
tatarca şeirlərindən ibarət kiçik kitabına
yazdığı ön sözdə Bəkir Çobanzadə
deyirdi: "Mənim yazılarım heç bir
şey göstərməsə də, qırılan,
çökən, darmadağınıq yaşayan, bəlkə
də bu gün-sabah öləcək, yox olub gedəcək
Krım tatarını, onun xətalarını,
qüsurlarını, kədərini, duyğularını
çox gözəl dilə gətitir. Bir gün tarix
Krıma yar olsa, Krım tatarı öz soydaşlarını
arasa, o zaman yazılarım ortaya çıxar. Amma belə
olmasa da, zərəri yox... Krım tatarının bunca
şanı, şöhrəti, bayrağı, torpağı
qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli
günüm itsə, nə dəyişəcək? Bu sətirləri
yazmağımın verdiyi zövq, bəxtəvərlik mənə
yetər. Tatarca bir kimsə danışmasa belə, bu dil yenə
mənim üçün böyük sevinc və zövq mənbəyi
kimi qalacaq. Çünki bu dildə qəhrəman
xalqımın sevincli-kədərli min illik tarixi yatır, məğrur
səsi eşidilir".
***
Bəkir Çobanzadədən
başqa, daha bir məşhur tatar alimi - Bakı Dövlət
Universitetinin müəllimi, tarixçi professor Əziz Saleh
oğlu Qubaydulin də pantürkizmdə, vahid türk-tatar
dövlətinin yaradılmasına çalışmaqda,
türk, alman və yapon kəşfiyyatlarına casusluq etməkdə
suçlandırılmaqla haqqında ölüm
hökmü çıxarılmışdı.
Daha bir tatar əsilli Azərbaycan
ziyalısı - 1901-ci ildə Krımda doğulmuş, Azərbaycan
Tibb İnstitutunun, "Azərnəşr"in və Azərbaycan
Sovet Ensiklopediyasının elmi işçisi Yaqub Zəki də
1937-ci ilin 13 iyununda həbs edilmiş, saxta ittihamlarla
ölümə məhkum olunmuşdu.
Keçən əsrin 60-70-ci illərində
Sovet Azərbaycanı hökumətinin tərkibində Ziya
Kurmakayev və Hamza Bareyev adlı iki tatar əsilli nazir fəaliyyət
göstərmişdi.
Ölkəmizdə ilk test imtahanlarının tətbiq
olunduğu il əllisi qaqauz, əllisi də Krım tatarı
olmaqla yüz türk gənci dövlət hesabına təhsil
almaq şərtilə ali məktəblərimizə qəbul
olunmuşdu.
Bu gün Azərbaycanda otuz mindən artıq
tatar yaşayır. Onların bir qismi "Tuğan tel"
Tatar Mədəniyyət Mərkəzi, "Yəşlek"
Gənclər Təşkilatı, Tatar Dini İcması kimi
qurumların ətrafında birləşib.
Fəxri Uğurlu
525-ci qəzet.- 2021.- 10 aprel.- S.14-15.