Xaqani Şirvani - Şərq intibahının görkəmli nümayəndəsi

 

 

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini

Böyük Azərbaycan şairi, Müsəlman Şərqi ölkələrində intibah ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Əfzələddin Xaqani Şirvani (1126-1199) həmişə tədqiqatçıların diqqətini keşməkeşli həyatı, məğrur şəxsiyyəti, qüdrətli ədəbi irsi, dərin ictimai-fəlsəfi fikirləri ilə cəlb etmişdir.

 

Ədəbiyyatşünaslar şairin həyat və yaradıcılığı barədə fikir söylərkən müxtəlif mənbələrə, ilk növbədə onun öz əsərlərinə müraciət edirlər. Bu yaxınlarda "Elm və təhsil" nəşriyyatında çapdan çıxan "Xaqani Şirvani. Həyatı və yaradıcılığı" kitabının müəllifləri də Xaqani barədə elmi fikir söyləyərkən daha çox şairin ədəbi irsinə müraciət etmişlər. Səbəb də odur ki, əvvəla, böyük sənətkarın yaşadığı zamandan keçən doqquz yüz ilə yaxın bir vaxt  ərzində onun həyat və yaradıcılığına dair az sayda mənbə qorunub saxlanmışdır, ikincisi, Əfzələddin Xaqani əsərlərində öz həyatı, yaxınları, valideynləri, tanıdığı şəxslər barədə bir sıra dəyərli məlumatlar vermişdir. Qeyd edək ki, haqqında danışdığımız kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdaq" (Sənətkarın elmi pasportu) layihəsi əsasında yazılmış monoqrafik tədqiqatdır. İnstitutun Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanan bu monoqrafiyada Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvaninin həyat və yaradıcılığı, sənətkarlığı və irsi ətraflı araşdırmışdır. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli ön sözdə zəmanəsindən, yaşadığı mühitdən, istedadının lazımınca dəyərləndirilməməsindən həmişə narazı olmuş Xaqaninin vətənsevərliyi barədə yazır: "Xaqani Şirvaninin iztirablarla dolu həyatı vətənpərvərlik üstündə köklənmişdir. O, saraylarda olduğu illərdə həmişə öz xalqını və qürbətdə olarkən Vətənini düşünmüş, bu böyük ideallara ürəkdən bağlı olmuşdur. Özünü "yoxsullar şairi Xəlqani" adlandırması da böyük sənətkarın millilik və vətənpərvərliyini, qürurunu və mərdanə simasını, xalqına bağlı olmasını aydın şəkildə ifadə edir. Ona görə də Xaqani Şirvani Azərbaycan ədəbiyyatının qürur və məğrurluq rəmzlərindən biri hesab olunur".

 

Filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun "Xaqani Şirvaninin dövrü, mühiti və həyatı" adlı məqaləsi faktiki materialın zənginliyi ilə diqqəti cəlb edir. Müəllif göstərir ki, Xaqaninin yaşadığı dövrdə, XII yüzillikdə Yaxın və Orta Şərqdə Səlcuqilər dövləti geniş bir ərazidə hökmranlıq edirdi. Bu zaman Azərbaycanda Şirvanşahlarla bərabər, Şəddadilər, Rəvvadilər, Şəmsəddin Eldəgizin (1137-1175) əsasını qoyduğu Atabəylər dövləti tərəfindən idarə edilirdi. Qonşu dövlətlərlə diplomatik əlaqələrin qurulmasına xüsusi fikir verən Şirvanşahların sarayında qaynar bir mədəni-ədəbi həyat cərəyan edirdi. Xaqaninin sarayı həyatı ilə bağlı olan Şirvanşahlar dövlətində III Mənuçehr (1120-1163) və Axistanın (1164-1196) dövründə sarayda onunla bərabər, Əbuləla Gəncəvi, Fələki Şirvani, İzzəddin Şirvani fəaliyyət göstərirdilər. Eldəgizlər sarayında Mücirəddin Beyləqani (1130-1194), Əsirəddin Əxsikəti (XII əsr) kimi şairlər yazıb-yaradırlar. Bu dövrdə saraylardan kənarda yaşayan Qivami Mütərrizi, Nizami Gəncəvi  həyatının son dönəmlərində Xaqaninin adlarını çəkmək olar. Əslində, bütün bu sənətkarlar Nizaminin yaşadığı ədəbi mühitin ayrılmaz tərkib hissələridir. Nizami Gəncəvinin dünya miqyaslı sənətkar kimi yetişməsində Xaqani irsinin də rolu olmuşdur. Bu iki böyük şairi yaxınlaşdıran və fərqləndirən cəhətlər kifayət qədərdir: Hər iki şair sadaladığımız digər müasirləri kimi əsərlərini fars dilində yazmışdır və İntibah ideyalarını təbliğ etmişdir. Nizaminin də Şirvanşahlar sarayı ilə müəyyən əlaqələri olub və o, Şirvanşah Axistanın sifarişi ilə "Leyli və Məcnun" məsnəvisini yazıb. Hər iki şair bölgədə "Azərbaycan üslubu" adı ilə tanınan üslubun nümayəndəsi olub. Bu sənətkarların təsirləndiyi ortaq şairlər də olmuşdur. Hər iki sənətkar universal zəka, ensiklopedik bilik sahibi olmuş, poeziyada bəşəriliyə, humanizmə, fikri yeni ifadə vasitələri ilə çatdırmağa üstünlük vermişlər. Fərq orasındadır ki, Nizami ömrü boyu vətənini tərk etmədiyi halda, Xaqani, sözün həqiqi, mənasında səyyah olmuşdur, iki dəfə Məkkəni ziyarət etmiş, Yaxın və Orta Şərqin bir sıra ölkələrini gəzmiş, bu barədə əsərlərində yazmışdır.  Çox yerlər gördüyündən, Xaqani, təbii ki, daha çox şəxslərlə tanış olmuşdur. Nizami yaradıcılığında məsnəvi şəklində dastanlar, poemalar yazmağa üstünlük verdiyi halda, Xaqani daha çox sayda poetik janrlarda qələmini sınamış, nəsr əsərləri, məktubları ilə tanınmışdır.

 

İ.Həmidov göstərir ki,  gənc Xaqaninin təhsil və tərbiyəsi ilə dövrünün savadlı şəxslərindən olan əmisi Kafiyəddin Ömər Osman oğlu və əmisi oğlu Vəhidəddin Osman Ömər oğlu məşğul olmuşlar. Tədqiqatçı yazır: "İlkin təhsildən sonra Kafiyəddin Ömər tələbəsinə ilahiyyat, nəhv (dilçilik), riyaziyyat, fəlsəfə, təfsir elmlərini öyrətmişdir. Əmisinin "adab" elmində ustadlığı gənc İbrahimin şairlik istedadının inkişafına da təsir etmişdir... Hər iki müəllim gənc Xaqanidə klassik Şərq və Qərq alim və ədibləri Boqrat (Hippokrat), Buzurqmehr, Kosta, Sabi, Xəlil Əruzi, Sipəveyh, ibn Miskəveyh, Cahiz, Buhtari, Mütənəbbi, Əbu Təmmam, İbn Sina, əl-Məərri dühasına maraq yaratmışlar". Bunlardan başqa, Xaqaninin görkəmli mütəsəvviflər Mühyəddin ibn əl-Ərəbi, Əbu Hamid əl-Qəzalinin, fars şairləri Rudəri, Ünsüri, Sənainin əsərləri ilə gənclik illərindən tanış olduğu bildirilir. Qeyd edək ki, adları çəkilən şair və mütəfəkkirlər Nizami Gəncəvinin də dünyagörüşünün formalaşmasında müəyyən rol oynamışlar.

 

Xaqani Şirvani — Vikipediya

 

Mərhum xaqanişünas alim Lalə Əlizadənin kitaba daxil edilmiş "Xaqani Şirvaninin qəsidələri" məqaləsi aparılan araşdırmanın əhatəliliyi ilə diqqəti cəlb edir. Alim haqlı olaraq göstərir ki, şairin divanındakı cəmi 1363 beytdən ibarət 130 qəsidəsi onun dövrünün aynası, həyatına dair məlumatların əsas mənbəyidir. Böyük şair və mütəfəkkirin dərin bilik və erudisiyası, istedadının lazımınca dəyərləndirilməsinə, dövrünün ədalətsizliklərinə qarşı etirazı bu qəsidələrdə əksini tapmışdır. Tədqiqatçi Xaqaninin şeirlərində özünə, sənətinə verdiyi yüksək qiymət məsələsinə münasibətini bildirmişdir: "Şairin qəsidələrində ifadə olunmuş özünəqiymət bəlkə də dövrünün üzdəniraq ziyalılarına, onun paxıllığını çəkən "sənət dostlarına cavab vermək zərurətindən meydana gəlmişdir. Təsadüfi deyildir ki, şairin obrazlı "mən"i ifadə olunan şeirlərin sərlövhələri də bu fikri təsdiqləyir: "Paxılları məzəmmət", "Həsəd aparanlardan şikayət" və s. Tədqiqatçı bu fikirdə olduğunu bildirir ki, Xaqaninin fəxriyyələri onun həyatını və yaradıcılıq aləmini daha yaxından nəzərdən keçirmək üçün böyük maraq doğurur.

 

Xaqani Şirvaninin 1157-ci ildə, birinci Məkkə səfərindən sonra yazdığı "Töhfətül-İraqeyn" əsəri yalnız Azərbaycan ədəbiyyatında deyil, Yaxın və Orta Şərq xalqları ədəbiyyatında orijinallığı ilə seçilən dəyərli sənət nümunəsidir. AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı kitaba daxil edilmiş məqalələrdən birində Azərbaycan ədəbiyyatında ilk mənzum səyahətnamə, memuar ədəbiyyatının ilk nümunəsi olan bu əsəri ətraflı tədqiqata cəlb etmişdir. Alim göstərir ki, XII əsr şeirimizin nadir incilərindən olan "Töhfətül-İraqeyn" özünün kompozisiyası, ideya istiqaməti və poetik özəllikləri ilə də orijinal olub hər şeydən əvvəl şairin azadlıq arzularının, mənəvi sərbəstlik istəyinin ifadəsi ilə seçilir.

 

Gənc tədqiqatçıların Xaqani Şirvani yaradıcılığının ən müxtəlif, mürəkkəb problemlərinin tədqiqi ilə məşğul olduğunu görmək sevindiricidir. Bu baxımdan, kitaba daxil edilmiş Könül Hacıyevanın "Xaqani Şirvaninin qəzəl və tərkibbəndlərinin poetik xüsusiyyətləri", "Xaqaninin əsərlərində təsəvvüf simvolikasının xüsusiyyətləri", Elnarə Zeynalovanın "Xaqaninin ərəbcə şeirləri", "Xaqani Şirvani əlyazmaları, nəşr olunmuş əsərləri və haqqında ədəbiyyat" adlı yazıları böyük maraq doğurur. K.Hacıyeva birinci məqaləsində Xaqani şeirlərinin poetik məziyyətlərini araşdırarkən qeyd edir ki, bu əsərlərin bədiiliyinin, obrazlılığının tədqiqi heç də dərin məzmunundan az əhəmiyyət kəsb etmir.

 

 

 

Farsdilli poeziyamızın qüdrətli nümayəndəsi olan X.Şirvaninin ərəbcə də əsərlər yazmışdır. E.Zeynalova haqlı olaraq göstərir ki, şairin bu şeirləri həmin dövrdə ərəb dilinin Azərbaycanda tutduğu mövqeyindən xəbər verir. E.Zeynalovanın tərtib etdiyi "Xaqani Şirvaninin əlyazmaları, nəşr olunmuş əsərləri və haqqında ədəbiyyat" başlıqlı biblioqrafiya şairin həyat və yaradıcılığının tədqiqatçıları üçün dəyərli bir köməkçi vasitədir.

 

Məmmədhəsən Qənbərlinin  "Xaqani Şirvani poeziyasında hikmət",  Baloğlan Şəfizadənin "Xaqani Şirvaninin dünyagörüşü", Xanəli Babayevin "Xaqani Şirvaninin yaradıcılığında dini-əsatiri obrazlar və islami-tarixi motivlər",  Nailə Tağıyevanın "Xaqaninin həyat və yaradıcılığının Azərbaycanda öyrənilməsi" və "Xaqani irsi rus alimlərinin tədqiqatlarında", Leyli Əliyevanın "Xaqani Şirvani ədəbi irsi ingilisdilli tədqiqatlarda" adlı məqalələri şairin həyatının və ədəbi irsinin müxtəlif baxımlardan araşdırılmasına həsr edilmişdir. Sonda Azərbaycan, ingilis, rus və fars dillərində xülasə, Xaqaniyə dair müxtəlif dillərdə ədəbiyyat siyahısı verilmişdir.

 

"Xaqani Şirvani. Həyatı və yaradıcılığı" monoqrafiyası göstərir ki, böyük Azərbaycan şairinin həyatı, farsdilli və ərəbdilli ədəbi irsi, dünyagörüşü, ictimai-fəlsəfi fikirləri, əsərlərinin mövzusu, strukturu, bədii keyfiyyətləri məsələlər barədə yeni elmi fikir söyləməyə geniş meydan vardır və ölkəmizdə bu məsələlər barədə ciddi fikir söyləməyə qadir olan tədqiqatçılar nəsli yetişib. Klassik ədəbiyyatımızın bu səviyyədə araşdırıldığını görərkən sevinməmək mümkün deyil.

 

Paşa ƏLİOĞLU

 525-ci qəzet.- 2021.- 10 aprel.- S.17.