Yazıçının tarixi böyüklüyü

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi geniş qeyd edildi.

 

Mən də yaradıcılığını və şəxsiyyətini çox sevdiyim Əbdürrəhim bəyin yubileyinə töhfə olaraq onun haqqında yazılmış xatirə və məqalələrdən ibarət albom-kitab tərtib etmişəm.

 

Tərtib etdiyim bu kitabda, şair, ədəbiyyatşünas, professor Mikayıl Rəfilinin 22 dekabr 1943-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin vəfatının 10 illiyi münasibətilə "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi, ilk sərlövhəsi "Böyük sənətkar" olan məqalə də yer alıb.

 

 

"525-ci qəzet"in oxucularına təqdim etdiyim bu məqalə, yazıldığı vaxtdan 78 ilə yaxın vaxt keçməsinə baxmayaraq, öz ədəbi-bədii dəyərini bu gün də itirməyib.

 

Mustafa Çəmənli yeni kitabını imzaladı » Manera.Az

 

Mustafa Çəmənli

 

***

 

Mikayıl RƏFİLİ

 

XX əsr ədəbiyyatımızın gərgin və mürəkkəb tarixinin ən mühüm səhifələrindən birini təşkil edən, heç şübhəsiz, Əbdürrəhim bəy Haqverdiyevin ədəbi irsidir. Onun tarixi böyüklüyü bundadır ki, yüksək və qiymətli bir sənətkar olmaqla bərabər, Azərbaycan ədəbiyyatının 40-50 illik bir dövrünü öz parlaq simasında bir ayna kimi əks etdirmiş, xalqın həyatının mühüm bir mərhələsini öz ölməz əsərlərində əbədiləşdirmişdir.

 

Haqverdiyev, Bakının yüksəlməyə başladığı, neft sənayesinin sürətli addımlarla inkişafa qədəm basdığı 70-ci illərdə dünyaya gəlmiş, inqilab dalğasının yüksəldiyi və çarizmin yeni-yeni sarsıldığı zamanlarda Peterburqun mədəniyyət ocaqlarında təhsil və tərbiyə almış, bir sənətkar kimi yetişmiş, əsrin sonunda isə yenə vətəninə qayıdaraq, birinci rus inqilabı ərəfəsində ədəbiyyat, sənət, teatr və ictimai həyat meydanına yüksək arzular və xəyallar, dərin bir vətən məhəbbətilə atılmış, bütün həyatını xalqının tərəqqisinə və yüksəlişinə sərf etmiş idi. Haqverdiyev yaradıcılığı dörd böyük inqilablar dövrünü əhatə etmişdi: 1905-ci il, fevral inqilabı, Oktyabr sosialist inqilabı, Azərbaycanın sovetləşməsi. 1905-ci ildən bəri artıq mədəniyyət və ədəbiyyatın keşməkeşli və coşqun mübarizələrinə atılan Haqverdiyev sosializm qələbələrinin yüksək nəticələr verməyə başladığı illərə qədər yaşamış, böyük, alicənab, faydalı və unudulmaz bir həyat sürmüş idi.

 

Bir neçə gün əvvəl onun ölümündən 10 il keçdiyini qeyd etdik. Yenə ürəyimizdə Haqverdiyevin əsərlərini yenidən oxumaq, onları dərindən düşünmək, əsl qiymətini tapmaq arzuları çırpındı. Onun "Bəxtsiz cavan"ını, "Ağa Məhəmməd şah Qacar"ını, "Dağılan tifaq"ını, yenidən məchul və sirli bir aləm kimi vərəqləməyə başlayırsan. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban" kimi ədəbiyyat xariqələrinin şəşəəsi (parlaq - M.Ç.) qarşısında heyran kimi düşünürsən. Gözlərinin qarşısında ağ saçlı, uca boylu, vüqarlı bir qoca canlanır. Bu qoca ömrünün son günlərinə kimi, gənc nəsillərlə çiyin-çiyinə yerimək, onlarla birlikdə bir canla, bir başla çalışmaq, son nəfəsinə qədər dərindən sevdiyi xalqına xidmət etmək iştiyaqilə çırpınan böyük bir insan idi. Böyük, alicənab, vüqarlı bir insan, yüksək qələmli həqiqət sevən, gözəl və azad həyat, nəcib və azad sevgi, namus və şərəf, vətənpərvərlik hisslərini alovlu sözlər, ağıllı təsvirlərlə tərənnüm edən bir sənətkar idi.

 

Biz Haqverdiyevə qiymət verərkən, çox zaman uşaqlıq və gənclik təəssürlərimizdən qurtula bilmirik. Bu təəssürlər, bugün belə, onun əsl qiymətini tapmaqda bizə istər-istəməz mane olmaqdadır. Bəzən biz öz klassiklərimizi, öz dramaturgiyamızı və nəsrimizi də qiymətləndirmirik. Bu, öz qüvvəmizə lazımınca əmin olmadığımızdan, xalqımızın keçmiş tarixini yaxşı bilmədiyimizdən irəli gəlir. Odur ki, Nizamini dünya ədəbiyyatı ilə, Füzulini Qöte ilə, Axundovu Molyerlə, Molla Nəsrəddini Qoqol və Şedrinlə müqayisə bəzi adamları heyrətləndirir. Halbuki Azərbaycan xalqının dünya ədəbiyyatı qarşısında fəxr etdiyi elə böyük simaları vardır ki, hər bir xalq bunları öz doğma oğlu saymaqla özünü xoşbəxt sayardı.

 

Haqverdiyev də bu cür böyük simalardandır. Onun zəngin və realist yaradıcılığından yalnız üç dramını götürək. Haqverdiyev yalnız bunları yazsaydı belə, yenə də Azərbaycan xalqının klassik yazıçıları pleyadasında ən parlaq yerlərdən birini tutmuş olardı.

 

Sovet hökumətinin yanlış təqdim etdiyi Haqverdiyev

 

"Dağılan tifaq" əsərini götürək. Zahirən, bu əsərdə ömrünü içki və qumara sərf edən bir mülkədarın acı və dəhşətli bir faciəsi təsvir olunmaqdadır. Biz əsərin məğzini, dəyərini bu bəsit qiymətdə görərdik. Bəzən bu tərifə, Haqverdiyevin mülkədar sinfinin ölümə məhkum olduğunu göstərdiyini də əlavə edərdik. Ancaq biz, əsərdə əks etdirilən geniş tarixi həyat səhnəsini, iztirab çəkən, döyüşən, xilas yolu axtaran insanları: həris bir acgozlülüklə qənimət axtaran, mülkədarların yerini tutan yırtıcıları unudardıq. Halbuki "Dağılan tifaq", "Ölülər" bərabərində, Çexovun "Gilənar bağı" mislində, yüksək tragik motivlərlə çırpınan bir sənət əsərdir. Əsərin ictimai, tarixi qiyməti bundadır ki, Haqverdiyev mülkədarlığın ölümünü yalnız içkidə, qumarda görmürdü. Belə olsaydı, əsər məişət problemasından kənara çıxa bilməz, məişət faciəsi olaraq qalardı. Haqverdiyev, Nəcəf bəylərin fəlakətinə dərin düşüncəli, ictimai ideyalarla silahlanan, inqilab dövrünün ruhunu mənimsəyən bir rəssam, bir psixoloq, bir hökm- verici kimi yanaşırdı. O, həqiqət sevən həkim bir sənətkar kimi həyatı və insanları təsvir edirdi. Əsərin sonunda Nəcəf bəy artıq uçuruma yuvarlandığını sezdiyi zaman qumardan, içkidən bəhs etmirdi, çünki Haqverdiyev onun başına gələn fəlakət və müsibətin səbəbini ictimai həyatın üzündə deyil, dərinliklərində axtarmaqda idi. Dinləyiniz, mülkədar Nəcəf bəy öz talesizliyini nə ilə izah etməkdədir: "O adamlar ki, mənəm-mənəm dedilər, hamısının axırı belə oldu... Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşlarını tökdürmüşəm, övrətlər başı açıq, ayaq yalın müsəllaya çıxıb həqqi çəkib, üstümə nalə töküblər, heç birinə qulaq verməmişəm, demişəm mənim keyfim kök olsun, istər aləm tufana getsin. Bizim hamımız beləyik. Cəmi insan tayfası belədir" ("Seçilmiş əsərləri", 1936-cı il, Bakı, səh. 86-87). Bəli, mülkədarlığı əzən, köhnə həyata məzar qazan məişətin çirkin adətləri deyil, zülm, viran olan evlər, dəhşətli xərabələr, yetim uşaqların göz yaşları, ayaq yalın, başı açıq qadınların nalələri, yer üzündə mülkədarların etdikləri haqsızlıq, ədalətsizlik, rəhmsizlik və müsibətlər idi. Mülkədarlıq öz asayişini göz yaşları və insan ələmləri üzərində qurduğu üçün ölümə məhkum olmalı idi.

 

Buna görədi ki, "Dağılan tifaq" dərin mənalı və qüdrətli ictimai bir dramdır, elə bir dram ki, yer üzündə cəlladların törətdiyi zülmlər qurtarmayıncaya qədər öz aktuallığını və nüfuzlu bədii təsirini itirməyəcəkdir.

 

Eyni ictimai faciənin gərgin və matəmli bir mənzərəsini "Bəxtsiz cavan"da görməkdəyik. Çünki Fərhadın faciəsi onun zorla evləndirilməsindən irəli gəlmirdi. Onu məhv edən, şəxsi talesizliyi deyil, xalqına, vətəninə xidmət edə bilmək iqtidarından məhrum edilməsi idi. Fərhad ölü və sərgərdan, insanlıq üçün mənfəətsiz adam olmaq istəmirdi. O, haqlı olaraq deyirdi: "Ölü o adamdır ki, mənim kimi camaat arasında müttəhim ola... Görəndə üzlərini divara çevirələr. Dünyada sərgərdan qalan o adamdır ki, həmişə düz-düzə gəzib nə millətə nəfi var, nə camaata. Heç kəs ondan zərrəcə xeyir görməyir. Həmişə öz nəfsinin xeyrinə camaatının xeyrini satır. Diri o şəxslərdir ki, həmişə camaata nəsihət eləyirlər; düz yollar göstərirlər və bu barədə gözəl-gözəl kitablar yazırlar" (səh. 145).

 

Haqverdiyevin bu cazibədar və inamlı gənc qəhrəmanı da xalqına xidmət, yüksək ictimai ideallarla yaşamaq həsrətində idi. O, insan qəlblərini işıqlandırmaq, "əba, qəba altında gizlənən məkr və hiylə ilə dolu" ürəklərə günəş saçaraq ictimai haqsızlığı yox etmək xülyası ilə son nəfəsinə qədər çarpışmış idi. Bu çarpıntılar, bu vətənpərvərlik xülyaları - dövrün yalnız sədası, tribunası deyil idi, bu həyatdan doğan bir tərəb, faciədə göstərilən həyatın məntiqi bir nəticəsi idi. "Bəxtsiz cavan"lar fədakar, vətənpərvər Azərbaycan ziyalılarının "bəxtsiz cavanları" idi.

 

"Ağa Məhəmməd şah Qacar"da, Haqverdiyevin misilsiz realist sənətkarlığı bir almaz parçası kimi parlamış idi.

 

Bu əsər Haqverdiyev yaradıcılığının zinəti, zirvəsi, xariqəsi sayılmalıdır. Böyük sənətkar tipik tarixi şəraitdə, tipik insan xarakterləri yaratmaqla, bəlkə də Şekspir qələminə layiq ola biləcək fövqəladə tarixi bir faciə meydana çıxarmışdı. Bu əsərin dərin qiyməti hələ düşünüldükcə böyüyəcəkdir.

 

Haqverdiyev XX əsr Azərbaycan ədəbiyyatının qocaman və böyük bir nümayəndəsidir. Rus və qərb mədəniyyətinin dərin qaynaqlarından sənət öyrənən, xalqının yeni və mədəni həyatı uğrunda qələmilə çarpışan, keçmişin mənfur səhnələrini, iyrənc adətlərini, amansız qanunlarını təsvir etməklə gələcəyə doğru can atan bu böyük sənətkar XX əsr ədəbiyyatında sosialist epoxamıza ən yaxın olan yazıçılardan biridir. Xalqımız da onunla hər zaman fəxr etmiş və fəxr edəcək, vətən müharibəsinin bu ciddi günlərində belə dərin və səmimi bir hörmətlə onun əziz xatirəsini yad edəcəkdir.

 

“Ədəbiyyat qəzeti”. 22 dekabr 1943

 

525-ci qəzet.- 2021.- 10 aprel.- S.20