Acı taleli qız
(Əvvəli ötən şənbə
sayımızda)
Biz niyə cahil mollaların primitiv moizələrinə
qulaq asıb, hər cür ağılsız uydurmalara baş əyib,
cəhalətə yuvarlanmalıyıq? XXI əsrdən VII əsrə
qayıtmaq istəyi hansı ağıldan, hansı uzaqgörənlikdən
xəbər verir? Dünya irəli getdiyi halda, biz xərçəng
kimi geriyə addımlamalıyıqmı? İslam dininin
mahiyyətini düzgün qiymətləndirməliyik, onu cəhalət mənbəyinə çevrilənlərə
qarşı mübarizə aparmalıyıq.
Südabə Səfərli yenilik, novatorluq
carçısı, müjdəçisi idi. Yarasa
yeməyə həşərat tapmayanda, baharın gəldiyini
bildirən qaranquşları yeməyə cəhd etdiyi kimi,
xurafat epidemiyasını yayan adamlar, istər professor, istər
tələbə olsun, Südabə xanıma qənim kəsilmək,
ən azı onu tərksilah etmək istəyirdilər.
Axır ki, öz iyrənc məqsədlərinə nail
oldular, onu qəbrə yola saldılar. Bu məsələdə
bizim də günahımız az deyildir, həyasızlıq
edənlərə qarşı çıxmaqdan çəkindik,
şəxsən özümüzü qorumağa
çalışdıqda, mövqe qalamıza edilən
ağır basqının baş tutmasına yol verdik.
Digər bir aspirant isə postunda Südabə Səfərlinin
elm və din arasındakı münasibətə nümunəvi
yanaşmasından söhbət açırdı və dəfələrlə
qeyd edirdi ki, onları bir-birinə qarşı qoymaq
düzgün deyilir. Böyük mütəfəkkir Tomas
Akvinas deyirdi ki, ağıl və ürək bir-birinə əks
çıxa bilməz, çünki hər ikisi eyni ilahi mənbədən
gəlir. Böyük islam alimi İbn Ruşd (Averroes) isə
qeyd edirdi ki, onu mövcud olan iki əks həqiqəti
özündə ehtiva edən "ikiqat həqiqəti"
müdafiə etməkdə ittiham edirlər. Birinə inanc
hakim kəsilir, digərini isə ağıl öyrədir. O
deyirdi ki, din və elmin fəaliyyət sahələri də
müxtəlifdir, din ürəyə, elm isə ağıla
müraciət edir.
Onlardan çox-çox əvvəl
Aristotel insanların sosial heyvan olması fikrini irəli
sürməklə yanaşı, onlara mənsub olan
üstünlüyü də görürdü. İnsan mənəvi
varlığa çevrildikdən sonra öz təbiətini dəyişir,
artıq filosofun özünün adlandırdığı
sosial heyvan olmasını da dayandırır. Ona görə də biz adamların, xüsusən gənclərin
mənəvi aləmə yiyələnməsinə
qayğı göstərməliyik, onların yenicə
şumlanmış torpağı andıran beyinlərinə
elm, bilik toxumları səpib, onların göyərməsinə,
böyüməsinə, məhsul verməsinə şərait
yaratmalıyıq. Professor Səfərli anaxronizmə,
geriliyə, cəhalətə qarşı amansız mübarizə
aparırdı. Onun belə dəlisovluğuna Siseronun
Kiçik Katon barədə dediyi sözlər uyğun gəlir:
"Katon Romulun əclaflarının vətənində
yaşadığını unudub, özünü Platonun ideal
dövlətində olan kimi aparır". Ona görə də
çoxları Katonu məhkum etməyə cəhd edirdi və
nəticədə onun ölümünə bais oldular.
Südabə xanım da mühitdən gələn etirazlara məhəl
qoymamaqla, səhvə yol verirdi və bu cığırı tərk
edə bilmədiyinə görə özünün məhvini
yaxınlaşdırmış oldu.
Bunları oxuduqdan sonra Ruhiyyə anladı ki, bu
qadın təkcə mənim hamim olmayıb, mənim kimi
çox sayda bədbəxt insanlara və ya onların
yaxınlarına öz himayə və qayğısını
əsirgəməmişdi. Həm də əhatəsində
olan hamıya, hər kəsə düzgün yol göstərirdi,
güclü vətəndaşlıq hissi təlqin edirdi. Deməli,
çoxlarına onun xatirəsi olduqca əzizdir, kütbeyinlərin
ittihamları isə heç də bu böyük insan
üçün cəza olmayıb, onun
mükafatlarının davamı sayılmalıdır.
Yusif müəllimlə yeni görüş
Ruhiyyə ağrısı başlayanda,
anası ilə birlikdə doğum evinə yollandı. Həkim
və tibb bacıları onların avtobusla gəldiklərindən
agah olduqda, onlara maraq göstərmədən
uzaqlaşdılar. Elə təsəvvür yaranırdı
ki, bu tibb müəssisəsinin təmiz dəhlizinə iki həşərat
daxil olmuşdur.
Nəhayət, onu dörd çarpayısı
olan palataya yerləşdirdilər. Oradakı digər
qadınlar da yaşına görə Ruhiyyəyə bənzəməsələr
də, kasıblıqlarına görə ondan fərqlənmirdilər.
Onlar burada özlərini hindlilərin "şudra"
kastasına məxsus olanlar kimi aparırdılar,
baxımsızlıqdan və xidmətin
yararsızlığından isə şikayət edə bilməzdilər.
Bir neçə gündən
sonra onu doğum otağına apardılar və Ruhiyyə
qapının üstündəki yazını görəndə
yenidən qorxuya düşdü, çünki ona demişdilər
ki, genikoloqların məsuliyyətsizliyi nəticəsində
doğulan uşaqlar travma alır, sonradan ömürlük əlillərə
çevrilirlər. Onun da uşağı belə
doğulsa, onun bətnini icarəyə götürənlər
uşağı ona qaytara bilərlər və o, ömrü
boyu əlil uşaq böyütməli olacaqdı. Bəs
aldığı pulu necə geri qaytaracaqdı? Yaxşı
deyirlər ki, bəla gəldisə, qapıları geniş
aç. Görən, bu otaqda da əməliyyat qaydasında
aparılacaqdımı?
Xoşbəxtlikdən, ölkə
rəhbərliyinin son vaxtlar həkimlərə, tibb
işçilərinə verdiyi yüksək qiymət və əlavə
maddi yardım onları çox ruhlandırmışdı.
İndi onlar xəstələrə daha yaxşı
qayğı göstərir, öz işlərinə fərqli
məsuliyyət bəslədiklərini nümayiş
etdirirdilər. Bunun müqabilində əhalinin onlara
münasibəti müsbət tərəfə dəyişmişdi.
Nəhayət, doğuş çətinliklərlə
müşayiət olunsa da, baş tutdu və dünyaya
sağlam, normal ölçülərdə olan bir oğlan
uşağı gəldi. Ruhiyyə bir ana kimi
çox sevinmişdi, hətta tezliklə öz doğma
balasından birdəfəlik ayrılacağını da yaddan
çıxarmışdı. Həkim otaqdan
çıxdı ki, yaxşı xəbər gözləyənləri
muştuluqlasın, onlar, yəqin ki, uşağın gələcək
valideynləri idi.
İki gündən sonra o,
doğum evini tərk etdi, qapıda uşağın bioloji atasının
Cipi dayanmışdı. Anası ilə birlikdə Ruhiyyəni
evlərinə gətirib qoydular, uşağı bələkdə
yeni anası öz qucağına götürdü və
Ruhiyyəyə xoş xəbər kimi onu da dedi ki, oğlumuzu
yeni mənzilimizə aparacağıq, köhnə mənzil
bizə düşməmişdi.
Ruhiyyənin qorxulu yuxuları
Ruhiyyə öz problemləri barədə təkcə
gün ərzində, ayıq olanda
düşünmürdü, başına gələnlər
yuxuda da onu rahat buraxmırdı, ondan hesab tələb edirdi. Axı o, özünün bataqlıqda
yaşadığı günlərdən bir ildən çox
idi ki, aralanmışdı, onları xatırlamaq belə istəmirdi,
onun havası ciyərlərini də elə bil ki, sıradan
çıxarmışdı. İndi də yuxular onun təmiz
hava almasına qısqanclıq edib, onu keçmişə
qaytarmaq, xatirələrinin dəhşətini
bir daha yada saldırmaq istəyirdi ki, sən özünü nə
qədər təmiz hesab etsən də, üstündəki
qalın qara ləkə hələ də qalmaqdadır, onu ən
iti şeylə qaşımaqla da yoxa çıxartmaq
mümkün deyildir. O ləkə qəbirə qədər
səni təqib edəcək, xoş günlərinə də
zəhər qatacaqdır. Ruhiyyə buna görə
də yuxuya getməkdən də qorxurdu. Çünki yuxuda
keçmişi ona daha amansız qaydada
xatırladılırdı, vaxtilə olmuş hadisələri
hətta bir qədər şişirdilmiş şəkildə
yada salırdı. Ümumiyyətlə, dərin, sağlam
yuxuya həsrət idi, əvvəlcə bunu hamiləliyi ilə,
ondan necə üzüləşəcəyi barədə
onu əzən düşüncələri ilə izah edirdi.
Artıq hamiləlik arxada qalmışdı, yuxu görmələr
isə onun rahatlığını tamamilə pozmuşdu. Nədənsə həyatında nadir hallarda da olsa
baş verən xoş dəqiqələrin heç biri
yuxusuna girmirdi, onun təhqir olunduğu, dəhşətlərlə
üzləşdiyi mənzərələr isə təkrar
olunmaqla, virtual qaydada daha sərt şəkildə cərəyan
edirdi. Yuxudan ayılanda o, qorxudan ölə bilərdi. Ona görə də qızın yuxusu qəhətə
çəkilmişdi, tez-tez oyanır və bu vaxt sakitləşmək
əvəzinə, yuxuda gördüklərinin davamı kimi
özünün və peşə yoldaşlarının
başına gələnlər və yuxuda cərəyan edən
daha eybəcər hadisələr sonrakı
düşüncələrində onu təqib etməyə
başlayırdı.
Son günlərdə gördüyü bir yuxu
gerçəklik kimi onu çox qorxutmuşdu. Bir
iri bədənli, bahalı geyimdə olan pəzəvəng
kişi ilə tanıdığı otellərin birinə gəlmişdi
və kişi əylənmək üçün orada otaq
götürdü. Deyəsən, o, kefli idi,
danışığında əlaqə yox idi, elə bir səbəb
olmadan tez-tez gülürdü. Ruhiyyə belə şeylərə
adət etmişdi, hər cür nakəs adamlarla da
görüşmüş, onlara ürəyində ikrah bəsləməsindən
asılı olmayaraq, öz peşə xidmətini göstərməyə
məcbur olmuşdu. Bu kişi harasa tələsirmiş kimi
onunla yaxınlıq etdi və hirsli qaydada
çarpayını tərk edib,
mızıldana-mızıldana paltarını geyinməyə
başladı. Ruhiyyə diqqət verib, onun sözlərini
anlamağa çalışdı. Kişi söylənirdi:
- Xərc çəkib, bahalı otaq
tutmuşam, kefimi açmaq istədiyim halda, bu səfeh qız
da məni əyləndirməyi bacarmadı. Özünü
elə aparır ki, guya mən bunun əriyəm,
yaxınlıq etdikdə ləzzətə-filana fikir vermirəm.
Sən öz peşənə də hörmət etmirsən,
sənətindən də başın çıxmır, səninlə
yaxınlıq məni qətiyyən qane etmədi, əksinə,
qanımı qaraltdı. Yaxşı, pornoqrafik internet
kanallarına baxmırsanmı? Niyə ləzzətli
priyomları öyrənmirsən? Heç olmasa
"Kamasutra"dan bəzi şeyləri öyrənə bilərdin.
O, sözünü kəsib, Ruhiyyədən
pozğun qaydaların birində yaxınlıq etməsini tələb
etdikdə, qız fağır-fağır dedi ki, mən elə
şeyləri bilmirəm, bacarmıram.
Kişi daha da hirsləndi:
- Bəs nəyi bacarırsan, sən
özünü kasıb evlərin döşəməsinə
sərilmiş həsir kimi aparırsan, nə ehtirasın hiss
olunur, nə də adamı coşduran bir hərəkət
edirsən. Sənin sifətinin cizgiləri bu əməliyyatdan
əvvəlki dövr üçün lazım idi, sonra isə
sənin peşə hazırlığın özünü
büruzə verməlidir. Bu yaxınlarda mən bir Çin
filminə tamaşa etdim, 1920-ci illərin Şanxayında
baş verən hadisələrdən bəhs edirdi. Orada
fahişəxanadakı qız elə oyunlar göstərirdi
ki, onu seks akrobatikası adlandırmaq olardı. Axı sizin
müştərilər xərc çəkmirlər ki, kobud
bir skamyanın üstündə otursunlar. Onsuz da nəyisə
demək artıqdır, ona görə də sənə
heç bir haqq düşmür, otağın pulunu əvvəlcədən
verdiyimə də heyifsilənirəm. Ömrümdə birinci
dəfədir ki, belə səfeh vəziyyətə
düşdüm. Bu da mənə bir dərs olar.
O, paltarlarını geyinib çıxıb
getdi. Otaqdan çıxmamışdan əvvəl
özünü ziyalı adam kimi göstərmək
üçün daha uca səslə dedi:
- Heç vaxt bilməməyini özünə
qalxan eləmə. Qədim romalıların yaxşı bir zərb-məsəli
var: "Ignoratia non est argumentum" - bizim dildə "Bilməmək
səbəb ola bilməz". Yoxsa qanmazlar dünyaya
ağalıq edərdi. Mənim kimilər buna heç vaxt
imkan verməyəcəkdir.
Ruhiyyə bu əclafın
kobudluğunun yaratdığı əsəbilikdən, heyrətə
gəlmişdi, hərəkət də edə bilmirdi, elə
bil ki, donmuşdu. Sutenyor ondan pul tələb edəcəkdi,
baş verənləri söyləsə də,
inanmayacaqdı. O, öz gününə, bu peşənin
yolçusu olduğuna hönkür-hönkür ağlayanda
yuxudan ayıldı. Onu soyuq tər basmışdı. O,
düşünməyə başladı ki, niyə belə
pis yuxular onu rahat buraxmaq istəmir, bəlkə, iyrənc
keçmişinə görə ondan qisas almağa
çalışır. Axı onlar müdafiəsiz məxluqlar
idi, ona görə də müştərinin hər cür
şıltaqlığına, kobudluğuna, təhqirlərinə
dözməli idilər. Məgər başqa qızların
başına belə işlər gəlmirmi?
Ruhiyyənin yadına bir çox
cavan tacik qızının başına gələn daha bir
müdhiş əhvalat düşdü. Sutenyor bu gözəl
qızı xarici əlaqələrindən istifadə edib,
Bakıya gətirmişdi və onun hesabına yaxşı pul
qazanacağına ümid bəsləyirdi. Müştərilərdən
birinə qızı göstərdikdə o, sevinclə təklifi
qəbul etdi və qızı özü il bahalı
maşınında apardı. Onlar kişinin
tanıdığı otelə gəldilər, o, bir butulka
fransız şampanı, bir qutu şokolad və meyvə
sifariş verdi. Otağa girəndə süfrə
yaxşı bəzənmişdi. Kişi ona müraciət edərək
soruşdu:
- Nədən başlayaq, əsas məsələdən,
yoxsa nəşələnmək üçün bir az
şampan içək.
Qız gözlərini döyüb, heç nə
demədi. Kişi bir qədər acıqlı şəkildə
təkrar etdi:
- Niyə cavab vermirsən, lalsan? Adın nədir?
- Bilmiram.
Qızın Azərbaycan dilində bildiyi
üç-dörd sözdən biri bu idi.
Müştəri dedi:
- İndi bilərsən.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2021.- 10 aprel.- S.22