O qədər müqəddəssən ki...

 

Əziz Şuşa,

Gözlərimin getdiyi yolu

Ayaqlarım gedə bilsəydi,

İndi çoxdan sənin qoynunda idim.

 

Pəncərəmdəki çiçəklər inciyib məndən,

Onlara baxa-baxa xarıbülbülü düşünmüşəm deyə.

Günəşin qəlbi qırılıb

Sənsiz günlərdə istisində üşümüşəm deyə.

 

Şuşam, səni sevmək Tanrını sevmək kimidir.

Görmədən vurulmuşam hər qarışına,

Enişinə, yoxuşuna,

Çətir şəlalənin axışına...

 

Üzeyirin bəstəsini

Sənin qoynunda dinləmək var hələ,

Müqəddəs torpağında yumub gözlərimi

"Xudayar təsnifi"ndə itib batmaq...

Bilirəm, bu dəfə başqa cür danışacaq

Natəvanın qəzəlləri.

Canlanıb dilə gələcək

Vaqifin gözəlləri.

 

Gəlirik, Şuşam!

Sən həmişə bizimsən - bilirik, Şuşam!

Bilirik, altı qırmızı olan torpağın

Üstü həmişə yaşıl olar!

 

O qədər müqəddəssən ki,

Ayaqlarımı atıb bir tərəfə,

Ürəyimlə gəzmək istəyirəm torpaqlarında.

 

***

 

Səs səsə qarışıb,

Söz sözə qarışıb,

Qarışqalar fillərə, fillər aslanlara,

Balıqlar ağaclara, ağaclar da insanlara...

Bu dünyada hər şey bir-birinə qarışıb.

 

Göydələnlərlə uçuq-sökük xarabalar

Yanaşı dayanıb.

İçində gecə daşıyan adamla

Gündüz daşıyan adam qol-qola addımlayır.

Səhraların bəxtəvər başına,

Yağış ancaq dənizlərə damlayır!

 

Tanımıram, atam kimdir, anam kimdir!

Bütün insanlar bir-birinə bənzəyir

Çağasından qocasına kimi...

Alçağından ucasına kimi...

 

Misraların bəzəyi günəş,

Hamının səcdə etdiyi

O əbədi günəş

Torpağın altındakı qapqara zülmətə qarışıb.

Günəşə lənət olsun!

 

Evim hanı?

Evim yoxdur!

Ev var, amma evim yoxdur!

Hara ayaq basıram,

Ora mənə yad gəlir!

Hara ayaq basıram,

Qulağıma bir lal fəryad gəlir.

 

Eşq?

O, çox böyük, çox bənzərsiz idi, ?

Amma eşq nələrəsə qarışıb,

Hopub buludların, küləklərin canına!

 

İlahi, sən?

Səni görə bilmirəm,

Minlərin, milyonların içində, de, harada itib batmısan?

"Təzə gələr bazardan, köhnə düşər nəzərdən".

Yoxsa özünə təzə dünya yaradıb,

Bu qoca dünyanı atmısan?

Biləsən, bu dünyada hər şey

Bir-birinə qarışıb.

O nəhəng şəhərlər, böyük-böyük adamlar da

Bir qara kölgənin içinə sığıblar.

İlahi, gözümdə kiçilib dünya.

 

***

 

Gecələrin içindən gündüzlər keçməz,

Gündüzlərin içindən neçə-neçə gecə keçir.

Bu gecədir, Tanrı!

Yaratmısan da, sənə fərqi, necə keçir?

Yox, ağlamıram.

Göz yaşından bu tərəfə varsa, mənimdir.

İçimdə min illərin ağrısı var, ağrımıram,

Qucaqlayıb uyutmuşam

Qəlbimin ən uzaq soyuqluğunda.

 

İçimdəki keçəl uşaqla

Ağsaçlı qocanın arasındayam.

Güldanımda qərənfil var,

Təzəcə qönçələmiş piyalələr .

Gözlərimdə quraqlıq mövsümüdür,

Deyirlər, buralara yaz gəlib, gələr ...

 

Hisslərimə sonuncu daşı kim atdı,

Haçan atdı, bilmirəm.

Məni daş yuxumdan kim oyatdı,

Niyə oyatdı, bilmirəm.

 

... Kimə neyləmişdim?!

 

Həyat axır, mən dayanmışam,

Həyat axır, mən baxıram yuxulu-yuxulu.

Tanrıya fərqi, gəldi, verir.

Mənə fərqi yoxdur, gəlir, gəlsin.

Çox ola, nəfəsim qırılıb düşəcək çiyinlərimdən.

Düşsün , fərqi?

 

***

 

Mən yamyaşıl ağaclar əkmişdim,

Baltaladılar...

Ürəyimdə sevgidən evlər tikmişdim,

Taladılar...

Hara ki su tökmüşdüm,

Yenidən od qaladılar...

 

Elə dağınığam ki,

Saçımdan duyğularıma qədər,

Düşüncəmdən yuxularıma qədər...

 

Mən gedə bilərdim,

Getmirəm.

İlim-ilim, ölüm-ölüm

İtə bilərdim,

İtmirəm...

 

Çətini dayanmaqdır,

Yıxılmağa var?

Bir-bir toplayacağam parçalarımı,

Dağılmağa var?

 

Meşələrə ümid yoxdur.

Bundan sonra insansız,

Qupquru çöllərdən göyərəcək mənim ağaclarım.

 

 

Gülay TAHİRLİ

525-ci qəzet.- 2021.- 10 aprel.- S.23