Azərbaycan alimləri
Əfqanıstanda Əlişir
Nəvai konfransında
iştirak ediblər
Əfqanıstanın
Herat şəhərində görkəmli özbək
şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi
münasibətilə beynəlxalq konfrans təşkil olunub.
Konfransda ölkəmizi
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor Almaz Ülvi Binnətova və Tarix İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru Mübariz Ağalarlı təmsil edib. Açılış mərasimində çıxış edən
alimlər Azərbaycan-əfqan
əlaqələrinin çoxəsrlik
tarixə malik olduğunu, bu gün də sıx şəkildə davam etdiyini xüsusilə qeyd edib, II Qarabağ savaşında dost ölkə olaraq Azərbaycana dəstək
verən Əfqanıstan
dövlətinə və
əfqan xalqına öz təşəkkürlərini bildiriblər.
Konfransda müxtəlif ölkələri
təmsil edən alimlər türk dünyasının görkəmli
şəxsiyyətlərindən biri olan Əlişir
Nəvainin həyatı,
yaradıcılığı, siyasi və idarəçilik fəaliyyəti
haqqında çoxsaylı
elmi məruzələr
ediblər. Nəvaişünas alim Almaz Ülvi
Binnətova məruzəsində
Əlişir Nəvainin
elmi-ədəbi irsinə
böyük qiymət
verərək, onun türk dünyasının
böyük ədəbi
şəxsiyyəti, müsəlman
dünyasında yüksəklərdə
dayanan irfan sahibi adlandırıb.
Böyük ədibin
elmi-ədəbi fəaliyyətinə
diqqət yetirən professor onu Nizami
Gəncəvi ədəbi
məktəbinin layiqli
davamçısı adlandırıb.
Mübariz Ağalarlı isə
öz çıxışında
Əlişir Nəvai
dövründə Azərbaycan
dövlətləri ilə
Teymurilər arasında
diplomatik-siyasi və mədəni əlaqələrin
inkişaf etdiyini, bu əlaqələrin möhkəmləndirilməsində özbək şairi Əmir Əlişir Nəvai, Azərbaycan ədibləri Kişvəri, Həbibi kimi şəxsiyyətlərin
böyük rolunun olduğunu qeyd edib. Tarixçi-alim xüsusilə qeyd
edib ki, Ağqoyunluların hakimiyyəti
dövründə Azərbaycan-Teymuri
münasibətləri yüksələn
xətlə inkişaf
edib, Azərbaycan hökmdarı Sultan Yaqub və Teymuri
sultanı Hüseyn Bayqara arasında siyasi-diplomatik və mədəni əlaqələr
əhəmiyyətli dərəcədə
yaxınlaşıb.
Konfrans çərçivəsində
Əfqanıstan Elmlər
Akademiyasının prezidenti,
professor Abdul Zahir Şakibin rəhbərlik etdiyi elmi heyətlə görüşən Azərbaycan
alimləri mövcud dövrdə Azərbaycanla
Əfqanıstan arasında
elmi əlaqələrin
inkişaf perspektivlərini
müzakirə edərək,
bu sahədə elmi əməkdaşlığın qurulması
arzusunu dilə gətiriblər. Professor Abdul Zahir Sakibi
Azərbaycan – Əfqanıstan
əlaqələrinin çoxəsirlik
tarixə malik olduğunu, hər iki xalq arasında
ortaq tarix, mədəniyyət və
mənəvi dəyərlərin
mövcud olduğunu vurğulayıb. Müzakirə zamanı Azərbaycan
alimləri hər iki dövlət arasında elmi əməkdaşlığın olduqca gərəkli olduğunu, elmi kadrların hazırlanması,
müştərək tədqiqatların
aparılması, arxiv
sənədlərin və
əlyazmaların mübadiləsinin
əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırıblar.
Herat şəhərində olarkən alimlərimiz Əfqansıtanın müxtəlif
bölgələrində yaşayan
Azərbaycan kökənli
Qızılbaş, Bayat,
Əfşar, Qacar, Mərvi, Türkmanların
nümayəndələri ilə
də görüşüb,
bu insanların uzun illər öncə Azərbaycanı
tərk edərək
bu bölgələrə
gəlməsinə baxmayaraq,
öz ana dillərini, mədəniyyət,
folklor nümunələrini
unutmadıqlarının şahidi
olublar. Orada yaşayan Azərbaycan
mənşəli soydaşlarımız,
hətta bu bölgələrə Azərbaycan
mənşəli toponimlərinin
adını verərək,
Əfqanıstan torpağında
Şəki, Bayat, Əfşar, Xocalı adlı qəsəbələr
də inşa ediblər.
Qeyd edək
ki, xüsusilə də son dövrlərdə
öz inkişafının
yüksəliş dövrünə
qədəm qoyan Azərbaycan – Əfqanıstan
əlaqələrində elmi
inteqrasiya olduqca əhəmiyyətli xarakter
daşıyır və
aktualdır.
525-ci qəzet.- 2021.- 15 aprel.- S.9.