Xalq deyimləri Aşıq Ələsgər
poeziyasının qaynağı
kimi
Azərbaycan aşıq şeirinin
tanınmış siması,
ustad sənətkar Aşıq Ələsgər
ədəbiyyat tariximizdə
zəngin, maraqlı irsi, ibrətamiz fikirləri ilə yaşamaqdadır.
Onun irsini öyrənən
zaman görürük ki,
xalq içərisindən
çıxan ustad sənətkarın əsərlərində
xalq deyim və duyumları özünəməxsus ifadə
tərzi ilə diqqəti cəlb edir. "Aşıq Ələsgərin 200 illik
yubileyinin qeyd edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 18 fevral
2021-ci il tarixli və "Aşıq Ələsgərin 200 illik
yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında"
Naxçıvan Muxtar
Respublikası Ali Məclisi
Sədrinin Sərəncamları
da el sənətkarının irsinə göstərilən
hərtərəfli dövlət
qayğısının əyani
göstəricisidir.
1821-ci ildə Azərbaycanın Göyçə mahalının
Ağkilsə kəndində
sənətkar ailəsində
doğulan Aşıq
Ələsgər uşaq
yaşlarından xalq arasındakı nağıllar,
əhvalatlar, dini söhbətləri maraqla
dinləyir, güclü
yaddaşına köçürürdü.
Bütün bunlar isə onun gələcəkdə
qüdrətli söz
ustadı, xalq aşığı kimi formalaşmasına zəmin
hazırlamışdır. Ustad sənətkarının
müxtəlif məzmunlu
şeirlərində qarşımıza
çıxan xalq deyim və duyumları
öz zənginliyi ilə maraq doğurur. Təsadüfi deyil ki, Aşıq
Ələsgər yaradıcılığından
süzülüb gələn
bir çox ifadələr xalq arasında aforizmə, hikmətli deyimə çevrilməklə əsrlərdən
bəri yaşamaqda və istifadə edilməkdədir.
Öz xalqına, onun tarixinə, mədəniyyətinə,
ədəbiyyatına dərin
məhəbbətlə bağlı
olan Aşıq Ələsgər şeirlərində
xalqımızın ən
qədim tarixi və ədəbi-mədəni
abidələrindən olan
"Kitabi-Dədə Qorqud"
dastanları ilə səsləşən ibrətamiz
deyimlərin maraqlı
təzahürlərinə rast
gəlirik. Aşığın
"Üz ha üz"
cığalı təcnisindən
götürülmüş aşağıdakı parçaya
diqqət yetirək:
Mərifət bəhrində qəvvasam
deyən,
Gir dərin dəryaya,
çalxan, üz ha üz.
Mən aşığam üz
ha üz,
Sonam, göldə üz
ha üz,
Bivəfadan yar olmaz,
Ömür üzsən, üz,
ha üz.
Qarı düşmən bir
də gəlib dost olmaz,
Əlin tutub yalvarasan üz ha üz.
Nümunədə işlənən "Qarı düşmən bir də gəlib
dost olmaz" deyimi
"Kitbai-Dədə Qorqud"
dastanının müqəddiməsində
verilən "Qarı
düşmən dost olmaz"
qədim türk atalar sözünün obrazlı ifadə formasıdır. Məlumdur
ki, XIII əsrdə yaşayan tanınmış
xalq aşıqlarımızdan
olan olan Xəstə Qasımın
cığalı təcnislərindən
birində də eyni atalar sözünün
işlədilməsi ilə
qarşılaşırıq.
Həqiqət bəhrində qəvvasam
deyən,
Qəvvas isən gir dəryaya üz ha üz.
Aşıq deyər üz
ha üz,
Sonam, göldə üz
ha üz,
Qarı düşmən dost olmaz,
Yalvarsan da yüz ha yüz.
Bu nümunə
ilə tanışlıq
onu deməyə əsas verir ki, Aşıq Ələsgər özündən
əvvəl yaşamış
el sənətkarlarının irsinə dərindən bələd olmuş, onları öyrənmiş
və yeri gəldikcə onlardan bəhrələnmişdi.
Azərbaycan folklorunda igidlik,
mərdlik, ərlik, sözübütövlük kimi
anlayışları ifadə
edən xeyli sayda atalar sözü
və məsəllərimiz
vardır ki, onlar xalq ədəbiyyatımıza
yaxından bələd
olan aşığın
şeirlərində öz
əksini tapmışdır.
Belə ki, "İgid ölər adı qalar", "Mərd igid kəsdiyi çörəyi
basmaz" atalar sözlərimiz Aşıq
Ələsgər yaradıcılığında
özünəməxsus obrazlılıqla
ifadə edilmişdir.
Ələsgər də eşq içində qaladı,
Şirin canın ataşına
qaladı.
Ər iyidin canı getsə, qala adı,
Nakəslərin dəhr içində
nə də adı!
...Ələsgər,
dər bağdan yaxşıca nana,
Mərd iyid kəc baxmaz yaxşıca nana,
Yaxşı can yetişsə yaxşı
canana,
Həmi gün xoş keçər, həm ay-il eylə.
"Hər gecənin bir gündüzü var" xalq deyimi Aşıq Ələsgər poeziyasında
maraqlı şəkildə
öz əksini tapıb.
Ələsgər, axtarma qüdrətin
sirrin,
Zülmətdə işıq var,
acıda şirin.
Zikr eylə dilində mərdlərin pirin,
Qorxma dar günündə
yar olacaqdır.
Xalq arasında "Kişinin
sözü bir olar", "Kişi sözünə xilaf çıxmaz", "Söz
ağızdan çıxdı
qurtardı", "Kişi
gərək sözü
üzə deməyi bacarsın" kimi ibrətamiz deyimlər Aşıq Ələsgər
şeirlərində orijinal
bir dillə, maraqlı deyim tərzi ilə işlədilmişdir.
Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdana
yaxşıdı.
Kişi gərək dediyindən
dönməsin,
Biilqardan bir zənana yaxşıdı.
Azərbaycan folklorunda "Bədəsil
əvvəl vəfa göstərər, sonra cəfa", "Bədəsildən
əsil olmaz, boyunca qızıl qala", "Bədəsili
başa çəkərsən,
sürüşüb aşağı
düşər", "Bədəsilin
başmağını cütlərsən,
deyər geridə dur" kimi çoxlu sayda atalar sözləri vardır ki, onların da Aşıq Ələsgər yaradıcılığında
olduqca maraqlı ifadə formasına rast gəlirik.
Bədəsildən hərgiz olmaz heç əsil,
Lənət sana gəlsin, pis soy, pis nəsil!
Firib-fəsad ondan qalxar müttəsil,
Ölüncə tərgitməz öz
əməlini.
Bir qədər yuxarıda
qeyd etdik ki, xalqının tarixi keçmişinə,
ədəbiyyatına, mədəniyyətinə
dərindən yiyələn
görkəmli el sənətkarı
yaradıcılığında "Kitabi-Dədə Qorqdu"
dastanında işlənən
atalar sözlərinin
özünənməxsus obrazlı
deyim tərzinə rast gəlirik. Belə ki, "Kitabi-Dədə Qorqud"
dastanında "Qız
anadan görməyincə
öyüd almaz, oğul atadan görməyincə süfrə
salmaz" deyiminin ikinci hissəsinin Aşıq Ələsgər
şeirlərində aşağıdakı
kimi işləndiyinin
şahidi oluruq.
Kişi gərək zəhmət
çəksin, dər
salsın,
Süfrə açsın, ad qazansın,
dər salsın.
Dərsi azlar Ələsgərdən
dərs alsın,
Altı min altı yüz
ayə məndədi.
"Gədadan bəy olmaz" atalar sözü Azərbaycan folklorunda maraqlı ifadələrdən biridir.
Bu deyim Ələsgər
yaradıcılığında da maraqlı bir dillə ifadə edilmişdir.
Görməmişəm öküz yeriyə
yorğa.
Gədadan bəy olmaz, dəlidən darğa,
Suda çimmək ilə
sağsağan qarğa,
Göldə silkələnib qaz
olmaz, olmaz.
Aşıq Ələsgər şeirlərində
dostluqla bağlı nümunələrin sayı
olduqca çoxdur. Maraqlıdır ki, belə şeirlərində
el sənətkarı diqqəti
cəlb edən ifadələrdən çox
istifadə etmişdir.
...Dedim,
könül, içmə
eşqin camını,
İçsən, dünya sana dar olacaqdı.
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı.
Bu tip şeirlərində xalq sənətkarının bəzən
dostların vəfasızlığından
şikayətləndiyini də
görürük.
...On bir ayda mənim
üzüm gülmədi,
Qəza qəhri məndən
heç üzülmədi,
Yaxşı dostlar yaman gündə gəlmədi,
Dost sarıdan çox
mükəddər olmuşam.
Ümumiyyətlə, Aşıq Ələsgər
yaradıcılığı xalq deyimləri, atalar sözləri və məsəllərlə
zəngindir. Onun irsinin bu istiqamətdə
öyrənilməsi olduqca
maraqlıdır. Düşünürük
ki, el sənətkarının
200 illik yubileyinin qeyd edildiyi bu
ildə onun ədəbi irsinin daha dərin araşdırılması bir
çox yeni və orijinal faktların ortaya çıxarılmasına imkan
verəcəkdir.
Rəşad ZÜLFÜQAROV
Filologiya üzrə fəlsəfə doktoru
(AMEA Naxçıvan Bölməsi)
525-ci qəzet.- 2021.-15 aprel.- S.13