"Mənim Füzulim"dəki Göylə
Yer harmoniyası
Poetik yaradıcılıq insan fəallığının
çox mürəkkəb və bəzən psixoloji izahı
çətin tapılan bir davranış tərzidir. İnsan təbiətinə
xas olan daxili azadlıq səviyyəsi və determinizm şəxsiyyətin
daxili təcrübəsinə əsaslanaraq onun dünya dərkini
koqnitiv stilini motivləşdirən, ziddiyyət təşkil
edən 9 cüt əksilikdən biridir. Daxilən
azad insan fikir və davranışlarında seçim
azadlığına və öz poetik davranışlarına
nəzarət edir. Azadlıq və
determinizm insan təbiətinin aksiomatik müddəasıdır,
yaradıcı fəallıqda (subyektivlik və obyektivlik əksilik
təşkil edən növbəti anlayışlardır)
azadlıq hisslərinin subyektiv təəssüratları
poetik təfəkkürün məhsullarında
şüurluluğun sərhədlərinin
aşdığını psixopoetik yanaşma nəticəsində
müəyyən etmək olar.
İnsanın şəxsiyyətə çevrilməsi
və ya özünü yaradıcı fəallıq nəticəsində
şəxsə çevrilmə proseslərinə şahidlik
etməsi (introspeksia) subyektiv azadlığın səviyyəsidir,
çünki yaradıcı fəallığın mədəniyyət
məhsullarına baxışa görə o, artıq
ölçüdən çıxıb, sanki ahəng,
harmoniya pozulub, yəni subyektivləşib. Bəlkə də
bu yaradıcı fəallığın məhsullarını
dekompozisiya edərkən ölçü hissəsinə biganəlik
və ya subyektiv azadlıq amilinin determinist kontiniumu ilə
bağlıdır. Yaradıcı fəallıq
məhsullarında determinist inikas mədəniyyət məhsulunun
aid olduğu dil materialının qanunauyğunluqlarını
və prinsiplərini ehtiva etməsindən asılıdır
(Məsələn, vəzn, bəhr).
Beləliklə,
poetik məhsulu şüurun prizmasından keçirən
oxucu iki prinsiplə üzləşir: a) insan təbiətinin
aksiomatik müddəası, b) dil materialının
qanunauyğunluqları - insan təfəkkürünün
azadlığı və real aləmin təəssüratları
nəticəsində formalaşmış dilin topoloji sistemləri,
qrammatikanın və ədəbiyyat nəzəriyyəsinin sərt
qanunları, birincisi çırpınaraq sahillərə
sığmayan, sərt qayaları hirslə döycələyən
azad düşüncə, ikincisi isə Seli çayın məcrasına
salıb ona, coşğun meyllərə laqeyd düzüm verən
sahildir - dilin qanunauyğunluqlarıdır.
Yaradıcı
fəallığa koqnitiv baxış belə deməyə əsas
verir ki, insan təbiətinin subyektiv azadlığı
linqvistik qaydalar toplusu ilə determinləşərək ona
harmoniya verir və bu harmoniya azadlığın daxili prinsiplərindən
irəli gəldiyini yaradıcılıq fəhmi ilə təhlil
edən Kamal Abdulla "Mənim Füzulim" əsərində
yaradıcılığın insani şəxsiyyətə
çevirməsində, natamamın tama gedişinin poetik
proseslərinin koqnitiv stili müəyyənləşdirmişdir.
Bu
nöqteyi-nəzərdən Kamal Abdulla
yaradıcılığında natamanın tamı
("Yarımçıq əlyazma"), sirrin
yaradıcılığı motivləşdirməsi
("Sirlərin sərgüzəşti") Füzuli
yaradıcılığında əksiliklərin vəhdəti
və harmoniya insani fəallığı təhrik edən,
onu yaradıcılığa stimullaşdıran və
vurğunlaşdıran "Deyildim mən sənə mail ...sən
etdin əqlimi zail" reallığı "Yerlə-Göy"
arasına sığışdırılır və şərhi
zamanın ixtiyarına verir, yaradıcılığın bu
hazırlıq səviyyəsi insani dəyərləri ehtiva
edib, yerdə insana, göydə allaha ismarlanır.
Sevgi üçün "əqli zail"
olmalıdırmı - Füzuli belə yazıb. K.Abdulla hesab
edir ki, əql zail olmazsa, eşqə duçar olmaq çətindir,
azadlığın istiqamət vektoru obyektdən subyektə
istiqamətlənib, ilkin nizam şəxsiyyətin təbiəti
haqqında psixologiyada mövcud olan 9 müddəadan 5-cisini
subyekt obyekt münasibətlərinə aiddir. Eşq, bu dünyanın həm maddi, həm də mənəvi
yaranışını motivləşdirən insani
davranış tərzidir. Meylin (mail)
özü ruhani biliyə əsaslanıb sevgiyə təhrik
edirsə, eşqi yaradan, əqli zail edən isə real və
ya semantizasiya olunmuş irreal koqnitiv məhsuldur. Sevgi, eşq münasibətlərində harmoniya
Füzulinin qəzəlində anlamlararası münasibətlərdə
aşkar olunmasının azadlıq və determinist kontekst səviyyəsində
şərhi və atlanması K.Abdullaya xasdır.
Füzulinin
şeir dünyasının mənalararası,
anlayışlararası münasibətlər səviyyəsində
dərki çətinlik yaratmır, amma o, Füzuli
dünyası deyil, Füzuli, K.Abdullaya görə, Qeysi
ağladıb öz körpəliyinə qaytardır,
özünə baxa bilir və etiraz adlı daxili azadlıq
davranışının poetik obrazını yaradır. Çağalıq və körpəlik yaş
dövrləri üçün qışqırmaq və
çığırmağın təbii və mənəvi
tələbatlara (hətta sosial tələbatlarda)
bağlı olması bəlli faktlardır. Psixoloqlar (L.S.Vıqotski) hesab edir ki, uşaq
qışqırığı ilkin səsli nitq davranışıdır
və Füzulinin Qeysi etirazla azadlığına yol
açıb. K.Abdullanın "Mənim
Füzulim" əsərində bu şərhin psixoloji,
obrazyaratmanın koqnitiv üslubi cəhətləri motivləşdirilmişdir.
K.Abdullaya görə, real dünyanın irreal
inikası azadlıq konseptinin zaman daxilində ifadəsinin
yaranmasının koqnitiv həllini tapmışdır.
K.Abdulla "Mənim Füzulim" əsərində
"Göy-Yer" münasibətlərinə psixopoetik
ölçü verərək onu anlamanın süzgəcindən
keçirib fikri proseslər kontekstində harmoniya verib ki, o
zaman və məkan daxilində koqnitiv məntiqi doğrultsun.
Poetik harmoniyaya gedən yol anlamadan başlanır və
bu, ruha rahatlıq və misralararası və misradaxilə
yumşaq keçid verir. Yumşaq keçid - şüurun dil
faktlarının nitq təfəkkürünə
transformasiyasının psixopoetik adıdır. Yumşaq keçid müəllifdən zəngin
leksikoqrafik bilik tələb edir, yoxsa belə psixopoetik
keçidlərin şahidi olmaq çətin olardı.
"Mənim Füzulim" əsərində zaman və
məkanın yaratdığı harmoniya kontekstlərini
başa düşmək üçün 3 situasiyanı qiymətləndirmək
yerinə düşərdi. Hərəkətin
situasiyasını anlamaq, zamanın situasiyasını
anlamaqdan fərqlidir, çünki onların
ölçüləri say etibarı ilə fərqlidir.
İntellekt bu müxtəlif ölçülərin
emalı zamanı, kontekstin dərinləşdirdiyi
situasiyanı konkret şəxsi məna müstəvisində
anlaya bilir, yaradıcı fəallıqda azadlıq determinləşərək
harmoniya vasitəsi ilə məkana
sığışdırılır, o, zamanın
ölçülərindən çıxdısa, onu anlamaq
çətinləşir və ya ona başqa yanaşma tələb
olunur. Digər şərh isə ondan ibarətdir
ki, elə dəyərlər var ki, onların bəşəri
xüsusiyyətləri daimidir (Məsələn, Füzulinin
eşq obrazı, Allaha məhəbbət).
Füzulinin eşq obrazı insan xoşbəxtliyinin
tamamlayıcı, idraki komponentidir. Lakin xoşbəxtliyin
tamlığının harmoniyasının insanda
çatışmadığını dərk edən
Füzuli onu öz poetik harmoniyası ilə tamamlamış və
şeiri vasitəsi ilə (K.Abdullanın baxışına
görə) insani xoşbəxt etmişdir, eşqə və
məhəbbətə sığınacaq
tapmışdır, ilahi eşq insani məhəbbəti
tamamlayıb onu şəxsiyyət səviyyəsinə
qaldırmışdır, çünki yaradıcı fəallığa
gedən yolu eşq motivləşdirir. Axı
harmoniya şəxsiyyətin tamını təşkil edən
hissələrin əndazəliliyidir, onun
tarazlığıdır. "Göyə
və Yerə" ismarlanmış eşq isə Füzuli
üçün tamamilə fərqli düşüncə tərzidir.
Eşq və məhəbbət sinonim olsalar da,
psixoloji obraz olaraq fərqli dünyanın predmetləridir.
Eşq yuxarı obrazlar sırasıdır,
ruhanidir və Allaha ismarlanıb. "Get, ey Leyli, sən
o Leyli deyilsən". Məhəbbət aşağı
sıra obrazlar sırasıdır və yerə ismarlanıb,
insana ünvanlanıb (Şekspirin "Romeo və Culyetta" əsəri
kimi), onda Füzuli məhəbbət vasitəsi ilə
harmoniyanı tamamlayıb ki, K.Abdullaya görə,
"Göylə Yer" harmoniyanın cövlan edə biləcəyi
məkana çevrilsin və zaman harmoniyası onun sərhəddi
olsun eşq, sevgi isə bu məkanda cövlan etsin. Və ya müəllifin şeirə idraki fəallığı
nəticəsində insan təbiətinə xas olan obyektiv
müddəanı (qəzəl vasitəsi ilə
özünü gerçəkləşdirən şairin)
subyektiv azadlıq hisslərinin cənginə verərək onu
fikirlərin harmoniyası şəklində dərk
etmişdir, müəllif şeirin metrikasının, fikri
determinləşdirməsini harmoniya davranışı kimi
qiymətləndirmişdir və nəticədə
yaradıcı fəallığın nəticəsi kimi
zamanın kiçik diskreditində şəxsiyyəti
tamamlamışdır. Natamamdan tama gedən
yol əksikliklərin vəhdəti ilə doludur. Onların bir-bir neytrallaşdırılması
insanın şəxsiyyətə çevrilməsində
zaman kəsiklərində baş verir. Lakin bu
tamlığa nail olmaq K.Abdullaya görə təkcə hərəkətlərin
zəngin hissi məlumatları ilə deyil, həm də
Füzulinin "Məcnunu dövranının"
ölçüsündən asılıdır.
Həyatda
kim xoşbəxt olmaq istəmir? Harmoniya xoşbəxtliyini
ölçüsüdürsə, fitnə-fəsad onu
pozmurmu? Fitnə münasibətləri
pozur və o, yeni ölçü tələb edir (Məgər
Nizaminin Fitnəsi Bəhram şahın sarayında
ölçünü pozmamışdırmı? Yeni ölçünün yaranması isə zamana
möhtacdır).
Füzuli
islam fəlsəfəsini yaxşı
bilirdi və Müqəddəs Kitabda fitnə-fəsadın,
ölçünü pozması haqqında ayədən xəbərdar
idi.
"...Çıxalım
aləmdən... özgə səfalər görəlim". Məkan dəyişən kimi şeylərin mahiyyəti
dəyişir, çünki məkan konteksti şeylərin
situativ anlanılmasını motivləşdirə bilir.
Hər məkanın, "qeyri-yerlərin" özgə
səfaləti var və bu yeni azadlıq və determiniz daxilində
bu səfalətə ölçü tapılmazsa, ona harmoniya
yaratmaq olmaz.
Qəzəlin daxili həyatı "azadələr"
könlünün məkanıdır və bu məkanda
yaradıcı azadlığın tüğyan edən Təki
yox, Cəmi harmoniyanın komponentidir.
Yaradıcı fəallığın azadlığı
- azadələr könlünə poetik keçid verən, mənadan
anlama yumşaq transformasiya psixopoetik davranışdır və
müəllifin idraki azadlığa olan münasibətidir. Qəzəldə
daxili "Mən"in tüğyan edən, qəzəlin vəznində,
ölçüsündə sabitləşənn
yaradıcı fəallıq, emosional qəlb, harmoniyanın
nizama dəvət etdiyi sərbəst düşüncə
azad könülü motivləşdirə bilmiş,
azadlıq subyektiv davranışı içərisində əritmişdir,
bəlkə də əksinə.
Harmoniya ruhun məkan və zaman daxilində harmoniyasıdır,
onu dəyişdirmək və ya ona şərt qoşmaq
tarazı pozar, başqa ölçü lazım olar, onda
poetik düşüncənin ahəngi dəyişər. Yerlər və
qeyri-yerlər müxtəlif ölçülər
üçün məkanlardır.
Qəzəli iki "hissəyə" bölən
müəllif harmoniyanın yaranmasında əksiliklərin vəhdətini
tarazlığın fenomen kimi qiymətləndirir. Maillik və
zaillik insana xas olan hisslərdir. Bu emosional
halətə uymaq əslinə qalsa, ruhun əndazəsini
gözləmək üçün psixikanın kompensasiya
imkanıdır, çünki "yoxdan var olan söz" mənaları
hafizədəki natamam yuvaları təfəkkürün
şeyləri tam görmək naminə doldura bilir.
Poetik
vasitə harmonizasiya üçün sadəcə olaraq şəxsiyyətin
özünüidarəsi və özünüqiymətləndirmə
aktıdır, əgər belə özünüaktuallaşdırma,
"Göy-Yer" istəyi olmazsa, eşqin Məcnunda,
K.Abdullaya görə, təcəllisi tamlaşmaz, natamamdan tama
getməz, böyük natamam kontekstində kiçik tam
müvəqqəti olaraq intellektual məkanda daşlaşmaz.
Şəxsiyyətin
harmoniyasına gedən yol psixoloji natamamlıq
paradiqmasının motivləşdirdiyi yaradıcı fəallıq
eşqlə tamamlanır, çünki o, ruhani dünyanın
tələbatıdır və insan fəaliyyətinin hərəkətverici
qüvvəsidir, tamlığın bir məqamıdır.
Misgər MƏMMƏDOV
525-ci qəzet.- 2021.- 14 aprel.- S.16.