Yer üzünün xəlifəsi və gizli yolçu

 

 

 

"Özünüzü tanıyın!"

 

Məhəmməd peyğəmbər

 

"Başqasından niyə bəhs edirsən ki? Halbuki səndən başqa bəhs ediləcək kimsə yox".

 

F.Əttar

 

"Bilmədin sən səni".

 

Y.İmrə

 

"İnsanı anlamaq üçün görmək lazım deyil. Çünki insan görünəndə daha anlaşılmaz olur".

 

Mişel Monten

 

"Oğlum, səni nə hala gətirdilər, xatırla kim olduğunu!"

 

Nayman Ana

 

İnsanın ilk anası Atadır! Yəqin deyəcəksiniz ki, bu, necə olur? Yer üzünün ilk qadını (anası) Həvvanın Adəmin sol qabırğasından yarandığını yada salaq. Onda görəcəyik ki, doğrudan da ilk ana Atadır. Yəni bəşəriyyətin həm atası, həm də anası Adəmdir?! Allahın yer üzündə xəlifə elan etdiyi  insanın bir adı da "Şahizəyivvül-həyat"dır. "Kainatın"yaranmasına 6 gün insanın yaranmasına 40 il sərf edilib" - (C.Rumi). Allah 18 min aləmi insandan ötrü, insanı özündən ötrü (ona ibadət etsin deyə) xəlq etmişdir. Şumer heroqlifi B-liu insan deməkmiş.

 

Qədimlərdə insana "20" də deyiblər (10 ayaq, 10 əl barmaqlarının sayına görə).

 

...İlk dəfə Allahın əmrini Şeytan, daha sonra Adəm və Həvva pozub, günaha batıb, deyirlər.

 

Əslində, bu, belədirmi?

 

Bir halda ki, keçmiş dini bilgilər və inanclarda hallandırılır ki, Allah əvvəllcə 3 mələyinə müxtəlif vaxtlarda "Yerə gedin, ordan torpaq gətirin," - dedi. Əvəzində Yer kurəsi Allahın əmrini pozdu, yəni insan düzəldilməsi üçün bir ovuc torpaq verməkdən imtina etdi. Ta 4-cü mələk Əzrayıl Yerə enənəcən və bir ovuc torpaqla dönənəcən...

 

Demək, Allah ilk dəfə Yerin tabe olmadığı, ilk günaha Yerin etdiyi ortaya çıxmırmı?! ...İnsanın idealı-bütün səhvlərdən və günahlardan xali hesab olunan Allahdır. Allahın da idealı insandır!

 

Kamil insan Allahın bütün xəlq etdiklərindən üstün olan, Yer üzünün əşrəfi deyilən varlıqdır. "Bismillah"la başlayan "Qurani-Kərim" "Nas" ("insanlar") surəsiylə sonuclanmırmı?!

 

***

 

 

Türk mifoloji baxışlarına görə ilk insan Targıtay olub. Skandinav mifologiyasında ilkin inək buzdan çıxıb və onu yalayaraq ilk insanı yaradıb. Amerikalı tədqiqatçı Con Motlokun yazdığı "Ey dünya insanları, "həpiniz Türksünüz" kitabından məlum olur ki, ilk dəfə 4 insan yaradılıbmış. Onlar qanad çıxarıb bir yerdən başqa yerə uçmağa, istədikləri kimi hərəkət etməyə başlamışlar. Allahı az qala saymağı yaddan çıxarmaq istəmişlər. Özlərini "Allah" kimi hiss etməyə cəhd ediblər. Allah həmin insanları cəzalandırıb, məhv edib. Nəhayət, yaradılışın Adəm dövrü gəlib. ...İnsanların daha bir allahlıq iddiası "Babil qülləsi"ni tikməkləriylə başladı. Bu iddiaya düşdükləri üçün isə dərhal yenə də cəzalandırıldılar. Yatıb qalxınca, əvvəl bir dildə danışdıqları halda, müxtəlif dillərdə danışmağa başladılar, bir-birilərini anlamadılar. Qüllə yarımçıq qaldı. ...İnsanlar öz əcdadlarını "yara" (yaradan) hesab edirdilər. Allahla, "yara"danla (əcdadla) insanın birliyi (vəhdəti-vücud) hələ qədim dövrlərdə insanlara məlum imiş. Məsələn, yəhudilər "Rəbb" (Allah-müəllim) sözüylə sıx bağlı olan "Rabbin" sözünü işlədirdilər ki, bu da onların dini ustadlarına - müəllimlərinə aid söz idi...

 

Azərbaycanda adam adlarında bu "yaxınlaşma"ya onlarca misal tapıb çəkmək olar: Allahverdi, Tanrıverdi, Allahqulu, Rəbiyət, Rəhman, Rəhim, Qadir, Əkbər, Kərim, Cəlal, Camal, Əhəd...

 

***

 

 

Çinlilərin 5 min ildən çox yaşı olan "Kei-Çink" kitabında fövqəlinsana məxsus xüsusi qabiliyyətlərə malik müdrik insanlardan da söhbət açılır. "Onlar vəhdət halında yaşamışlar. Bu dünyadan qoparaq dünyəvi işlərdən əl çəkmişlər. Enerjilərini qorumuş, ruhlarını isə olduğu kimi mühafizə etmişlər. Bütün kainatı gəzə və səyahət edə və ətrafı 8 fərqli yerdən görə və duya bilirmişlər. Onlar bu üsullarla güclənmiş və ilahi varlıqlara çevrilmişlər".

 

...İsa Muğannanın "Məhşər" romanında bir epizod var: Dərisi soyulduqdan sonra Nəsiminin Hələbin 8 darvazasından sağ-salamat (!) çıxıb getdiyini görüblər.

 

...Mayyalıların "Topal-Ruh" adlı müqəddəs kitabında isə ilk insanların tanrılaşma iddiasının səbəbi və sonu öz əksini belə tapmışdır. Onlara zəka bəxş olunmuşdu, baxırdılar, bir göz qırpımında uzaqları görə bilirdilər. Yaradan və Quran onlardan soruşdu: "Vəziyyətiniz haqda nə düşünürsünüz? Baxın! Dünyanı diqqətlə izləyin və görün!" Və onlar da birdən-birə yerdə nə varsa görməyə başladılar. Onlar hər şeyi bilirdilər və göyün əyriliklərini, 4 küncünü, 4 nöqtəsini və yerin yuvarlaq səthini araşdırırdılar. Lakin Yaradan və Quran bunları eşitdiyinə şad olmadı. Bizim yaratdıqlarımızın dedikləri xoş deyil. Onlar hər şeyi bilirlər". Məsləhətləşdilər: Onlara nə etməli? Elə edək ki, görmə bacarıqları yaxınlıqda olanları əhatə etsin, yer səthinin kiçik bir hissəsini görə bilsinlər. Onlar - bizim yaratdıqlarımız bəsit varlıqlar deyilmi? Tanrı olmaqları nəyə lazımdır? Bu gedişlə onlar uzaqları və hər şeyi görə bilən Bizlərə bərabər ola bilərmi!" Yaradan və Quran bunları dedi. Birdən-birə yaratdıqları insan adlı məxluqların təbiətini dəyişdirdilər...

 

Bir vaxtlar şimal qütbündə yaşayan hiperboriyalılar da bədənlərini istədikləri vaxt tərk edə, yerin hansı hissəsinə istəyirlərsə, səyahət edə bilirmişlər: XIX əsrdə yaşamış Aşıq Alı sanki onların yanında durub deyirdi bu sözləri... "Zahirdə bir nəfərəm, sanırlar, beş meydandayam!"

 

...Hind mifologiyasında Naqalar yarı tanrı varlıqlar idi. İlanı öz əcdadları bilirdilər. Yarıilan, yarıinsan şəklindəydilər... İstəyəndə ilana, istəyəndə insana çevrilə bilirdilər.

 

...Homerin əsərlərində bütün böyük kişilərin tanrının soyundan gəldikləri söylənir.

 

...Keçmişdəki fövqəladə insanla indikinin fərqi budur ki, indiki keçmişdəkinə nisbətən neandertal meymun səviyyəsindədir.

 

***

 

 

Con Motlonun yazdığı kitabda deyilənlərin hamısına inansaq, onda gərək buna da inanaq ki: "Adəmin Türk adı - Olmakdır" (Allahın "ol!" sözüylə necə də səsləşir!)

 

***

 

 

Altaylılara görə, İnsan kitabdan yaranıb.

 

Altay mifologiyasında deyilir ki, dünyanın sonu gələndə kişilər bir barmaq böyüklüyündə olacaq.

 

"Qabaxlar insannar çox yekəymişlər. Təkcə dizdən aşağı ayaxlarının uzunluğu 2 metr yarım imiş. Gör onda bədənlər nəqqədər olar?! Onlar min ildən çox yaşayırmışlar. Günlərin bir günü allahlıq sevdasına düşüllər. Allah da hirsdənib bınların ömrünü azaldır, özlərini də xırdaladıp bizim günümüzə salıb..."

 

"Qabaxlar uzuxlar olublar. Çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə də indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, Uzuxdu. Uzuxlar bizim əcdadlardan olublar. Özü də yaşarışlar yüz il, iki yüz il, üç yüz il. Günlərin bir günündə uzuxlardan biri meşədən odun qarmağa gedirmiş. Orada gözünə qəribə bir şey dəyir. Oycuna alıf öyə gətirir. Bütün uzuxlar da onun başına toplaşırlar. Başlayırlar bu əcayib şeyə baxmağa. Birdən bir ağsaqqal qabağa gəlif deyir:

 

- Bu əcayif şey deyil. İnsandı. Vaxt gələjəy bunnar yer üzünü götürəjəy. Bizi də əvəz eyləyəjəklər.

 

İnsanı tutub gətirən Uzux bərkdən gülür:

 

- Bu özü nə şeydi ki, bizi də əvəz edə bilsin. Boyu heç mənim qarışım qədər də deyil. Elə oycumu yumsam, əlimdəjə canı çıxar.

 

Qoja Uzux deyir:

 

- Yox, elə döyül. Bunnar bizdən çox-çox ağıllıdılar. Özü də vaxt gələjəy doğrudan da bizi əvəz edəjəylər.

 

İnsanı gətirən Uzux deyir:

 

- Yaxşı, indi ki, belə oldu, mən onu imtahan edərəm. Əgər sözümü yerinə yetirsə, inanaram, özü də buraxaram, gedər. Yox, əgər yerinə yetirməsə, onda çüj-müjdür. Ovucumu yumaram, əzilib ölər...

 

Uzuxun bir atı varmış. Dam boyda. Elə hündürüymüş ki, baxanda adamın papağı düşürmüş. Uzux töyləyə girib atı çəkə-çəkə gətirir insanın yanına. Sonra da bir torvaya bir az arpa tökür, deyir:

 

- Ey insan, bu torvada arpa var, keçir atın başına, qoy yesin.

 

İnsanın boyu ata çatamı bilərdi? Heç ayağının yarısı boyda da deyildi. Amma o torvanı baş tərəfindən başlayıb arpaya çatınca qattayır. Sonra da torvadakı arpanı ata göstərib yırğalayır, başlayır muşqurmağa. At səs eşidib aşağı baxır. Arpanı görən kimi başını torbaya salır, arpanı yeməyə girişir.

 

Bunu belə görən Uzux əlini əlinə vurub bərkdən gülür və deyir:

 

- Bir buna bax, bunun boyuna bax, gör torvanı atın boynuna necə keçirdi. Bir qarış boyu ilə torvanı dam boyda atın başına keçirdisə, deməli, bizi də əvəz eləyəjək". ("Azərbaycan mifoloji mətnləri" kitabından. Bakı. 1988),

 

***

 

 

Uzuxlar nəslinə oxşar nəhəng insanlar bizim Qazax-Tovuz tərəflərdə, Ceyrançöldə də yaşamışlar. Onlar haqda danışırlar ki,Kür çayından 20-30 km uzaqda olmasına baxmayaraq, birisi susuzlayanda, bir ayağını Sac dağına, o biri ayağını Çoban dağına qoyub əyilib Kürdən su içərmiş.

 

***

 

 

İnsan xəlq edildiyini, Allahın xəlifəsi olaraq yaradıldığını unutmasın gərək.

 

Özünü yalandan şişirdib dağın başına qoymaqdan, böyük olan Yaradandan böyük görülməyə cəhd göstərməkdən nə çıxar ki!

 

Böyüklük fiziki anlamda yox, mənəvi anlamda olmalıdır.

 

"Allahu Əkbər!" (Allah böyükdür) deyirsən, bəs niyə bu dərəcədə kiçilirsən insan! (İmam Qəzali).

 

Övliyalardan biri gözəl buyurub:

 

"İnsan nəslində hamıdan böyük o kəs olacaq ki, bütün keçilməz sınaqlardan üzüağ çıxıb, bütün şiddətli tamahlardan yan keçib Allaha sığınacaq. O kəsi heç zaman unutma!"

 

Allah özünü hər kəsə tanıtmır. Allah özünü onu sevənlərə tanıtdırır. "Kim ki, Allaha və onun Rəsuluna can atır, o kəsin yolu onu ona (Allaha) aparır (İbn Ərəbi).

 

***

 

 

Yer üzünün xəlifəsi İnsan, quşların xəlifəsi Simurq (Ənqa) quşudur. Xəlifənin digər adı belədir: "Gizli yolçu".

 

Adəmin hərfi mənası latınca "mən varam" deməkdir. Türkcə Adam (insan), Bibliya əfsanəsinə görə, Adəm adlanır.

 

A.Kamyu "Dünyanın insandan başqa anlamı yoxdur. Həyatı xilas etmək istəyirsənsə, insanı xilas etmək lazımdır" desə də, F.Kafka insanın dünyaya gəlməsini bir anlaşılmazlıq, bəlkə də günah hesab edib. Qayğısız Abdal isə hər adam cildində olanı adam saymayıb deyib:

 

Bu adam dedikləri

Əl-ayaqla baş deyil.

Adəm mənaya derlər,

Surət ilə qaş deyil.

 

***

 

Doğru deyirlər ki, "özünü dərk edən Allahı dərk edir". İmam Qəzali sanki bu fikrə qüvvət verirmiş kimi deyir: "Ey özünü dərk etməyə qabiliyyəti çatmayan kəs, Allahı necə dərk edə bilərsən?"

 

Biri deyir: "İnsan öz əvvəlki adıni itirmişdir" (O.Süleymanov), biri deyir: "İnsanı bərpa etmək lazımdır" (A.De Sent Ekzüperi), biri də deyir: "Mən bir də insan olmaram" (Xaqani).

 

Barat VÜSAL

525-ci qəzet.- 2021.- 14 aprel.- S.23