Cabbar Qaryağdıoğlu
yaradıcılığında innovasiya özəllikləri
Dünyada bir neçə şəhər var
ki, musiqi onun hər daşına, qalasına, ab-havasına
hopmuşdur. Belə şəhərlərdən Avstriyanın
Vyana, İtaliyanın Neapol, Azərbaycanın da
Qarabağının Şuşa şəhəridir.
Xalq
şairi Səməd Vurğun deyəndə ki, "Azərbaycanın
bütün məşhur oxuyanları və çalanları
Şuşada
doğulmuşlar" tamamilə haqlı idi. Əlbəttə,
bura məşhur bəstəkarlarımızın
adlarını da əlavə etmək vacibdir. Xalq
arasında belə deyim məşhurdur:
Şuşada doğulan körpələr "Segah
üstündə ağlar",
"Şahnaz"da gülərlər.
Şuşanı
Qafqazın Konservatoriyası adlandırırlar. Bu
Konservatoriyanın parlaq nümayəndələri
dünyanın bütün qitələrində Azərbaycan
musiqisini ləyaqətlə təmsil edərək ona
şöhrət gətirmişlər. Təəssüflər
olsun ki, Qarabağ və musiqimizin beşiyi olan Şuşa
çox illər idi ki, erməni qəsbkarlarının
tapdağı altında idi. Bəs necə olub ki, bu illər ərzində
bu yerlərdən bir nəfər də olsun məşhur erməni
musiqiçisi yetişməyib?
Çünki burada xalqın genetik kodunun əhəmiyyətli
rolu şübhəsizdir.
İkinci
Qarabağ müharibəsində 44 günlük şanlı qələbəmizdən
sonra erməni faşistlərinin xarabalığa döndərdikləri torpaqlarımız minalardan təmizlənib, abad olandan
sonra, buralarda həyat yenə qaynayacaq, öz axarına
düşəcək.
Prezidentimizin
fərmanı ilə Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı elan olunub, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Buralarda yeni Qarabağ bülbülləri cəh-cəh
vuracaq, yenidən "Qarabağ şikəstəsi" səslənəcək,
"Şuşanın dağları", "Qarabağda bir
dənəsən" və digər gözəl
mahnılarımız oxunacaq, hər
yerə səs salan xanəndələr və sazəndələr
dəstəsi və istedadlı bəstəkarlar ordusu
yetişəcək. Şuşanın ölməz xanəndələrindən
biri də ustad Cabbar Qaryağdıoğlu olmuşdur.
Cabbar
Qaryağdıoğlu Azərbaycan
musiqisinin tarixində və inkişafında təkrarsız
rol oynayan və qiymətli irs qoyan, Qarabağ muğam məktəbinin
ölməz ənənələrini davam etdirən
böyük sənətkar olmuşdur (1861-1944). O, ustad xanəndə,
istedadlı şair, bəstəkar, musiqişünas və
pedaqoq idi. Bu il onun anadan olmasının 160 illiyi tamam olur.
Cabbar
Qaryağdıoğlu Azərbaycan muğamının modelinə,
onun texnikasına, qanun-qaydalarına yaxşı bələd
olan, onu dərindən bilən muğam ustası idi. Qaryağdıoğlunun
güclü səsi, uzun nəfəsi, necə mərtəbəli,
müxtəlif formalarda gözəl, şaqraq və sürəkli
zəngulələri, bir muğamdan digərinə keçmək
üçün təsniflərdən məharətlə
istifadə etməsi, təkrarsız guşə və
xalları həmişə dinləyicinin böyük
marağına, sonsuz sevincinə, heyranlığına səbəb
olurdu və uzun sürəkli alqışlarla nəticələnirdi.
Cabbar Qaryağdıoğlunun tələbəsi Bülbül
onun səsini italiyalı Enriko
Karuzonun səsiylə müqayisə edib, onun səsinin fərqli
unikal imkanlara malik olduğunu qeyd edirdi. Xanəndənin gətirdiyi
yeniliklər Azərbaycan orijinal vokal üslubunun təşəkkülündə
və inkişafında böyük rol oynamışdır.
Cabbar Qaryağdıoğlunu Şərq musiqisinin böyük
reformatrı və novatoru adlandırırdılar. Onun
yaradıcılığının əsas innovasiyaları nədən
ibarət idi?
Ən əvvəl
Qaryağdıoğlunun ilk
muğam operası və ilk simfonik muğamların
yaranmasında fəal iştirakını və böyük
rolunu qeyd etmək lazımdır.
Görkəmli
ədib Əbdürəhim bəy Haqverdiyevin təşəbbüsü
ilə 1897-ci ildə Şuşada həvəskarlar tərəfindən Füzulinin "Leyli və Məcnun"
poemasından "Məcnun Leylinin məzarı üstündə"
müsiqili səhnəcik göstərildi. Bu ilk səhnənin
emosional cəhətdən tamaşaçılara təsir
gücü çox böyük idi.
Tamaşada
iştirak edən 13 yaşlı Üzeyir elə həyəcanlanmışdı
ki, bir neçə ildən sonra Bakıya gəlib həmin
mövzuda opera yazmaq qərarına gəlmişdi.
Həmin
tamaşada Əbdürəhim bəy məlahətli səsi
olan Üzeyiri "Şəbi-hicran" mahnısını
xorla oxumağa cəlb etmişdir.
1908-ci ildə
premyerası olan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"
operası nəinki Azərbaycanda, Şərqdə opera sənətinin
əsasını qoydu. Azərbaycanda opera janrının
yaranmasında Şuşada göstərilən səhnəciyin
əsaslı təsiri oldu, operanın yaranması
üçün təkan rolunu oynadı. Məcnun rolunun ilk
ifaçısı Cabbar Qaryağdıoğlu bu rolu
böyük məharətlə oynadı.
Görkəmli
bəstəkar, ilk simfonik muğamların müəllifi Fikrət Əmirov Cabbar
Qaryağdıoğlunu "xalq musiqisinin düşünən
beyni" adlandırmışdı. Və bu xasiyyətnamə Əmirov tərəfindən təsadüfi verilməmişdi.
Fikrət Əmirov simfonik muğamları yazarkən Cabbar
Qaryağdıoğluna məsləhət üçün müraciət etmiş və onun
ifasında bu muğamları dəfələrlə dinləmişdir.
Beləliklə, xanəndənin
yaradıcılığında ilk innovasiyalar onun musiqi tarixində
ilk dəfə muğam operasının və
ilk simfonik muğamın yaranmasında iştirakı və
rolu böyük olmuşdur.
1923-cü
ildə görkəmli rus bəstəkarı R.M.Qliyer opera
yazmaq üçün Bakıya dəvət edilir. O, xalq
dastanı "Aşıq Qərib"in əsasında "Şah Sənəm"
operası üzərində işləməyə
başlayanda Cabbar Qaryağdıoğlu ona böyük
yaradıcılıq köməyi göstərmişdir. Cabbar
Qaryağdıoğlu həm də gözəl
folklorşünas idi və 500-dən artıq xalq mahnısını hafizəsində,
yaddaşında saxlamış,
onlardan 300-dən çoxunu fonovala yazdırmışdır.
Təsadüfi deyil ki, Cabbar Qaryağdıoğlunu musiqi
folklorumuzun "canlı ensiklopediyası"
adlandırmışlar. Qaryağdıoğlunun musiqi
folklorundan oxuduğu fraqmentlər bəstəkar tərəfindən
ustalıqla işlənib "Şah Sənəm"
operasında istifadə edilmişdir.
Xüsusi
vurğulamaq istərdik ki, onun xalq mahnıları kimi
oxuduğu və sonralar bəstəkarlarımız tərəfindən
nota salıb işlədikləri mahnıların arasında
şəxsən Cabbar Qaryağdıoğlunun
özünün bəstələdiyi və sözlərini
qoşduğu mahnılar çoxdur.
Onlardan
"İrəvanda xal qalmadı", "Nə baxırsan
yanı-yanı", "Bu gələn yara bənzər",
"Qarabağda bir dənəsən", "Qalada
yatmış idim", "Tiflisin yolları",
"Bülbüllər oxur", "Yeri, dam üstə
yeri", "Naxçıvanın gədeyindən
aşaydım" və sairi göstərmək olar. Not
savadı olmadığına görə bu yolla o, öz
mahnılarını itib-batmaqdan xilas etmişdir. Adının
olub-olmaması isə onu narahat etmirdi.
XX əsrin
əvvəllərində Azərbaycan xanəndələrinin
təkrarsız səslərinin qrammofon vallarına yazılması
musiqimizin qorunması, hifz olunması, təbliği yolunda
müstəsna rol oynamışdır. 1906-cı ildə Riqada
özünün səsini ilk dəfə vala yazdıran məhz
Cabbar Qaryağdıoğlu
olmuşdu.
Varşavada
isə aksioner şirkəti "Sport rekord" onu yüksək,
peşəkar Avropa ansamblları ilə müqayisə olunan məşhur
triosu ilə vala yazmışdı. Bu trioya ustad tarzən
Qurban Pirimov daxil idi.
Cabbar
Qaryağdıoğlu əldə etdiyi innovasiyalardan biri də onun klassik
muğamlarımızın Azərbaycan ruhunda səslənməsinə
nail olmasıdır, onları ərəb-fars təsirlərindən
təmizləməsidir. O, qəzəllərin, təsniflərin
sırf ana dilində səslənməsinə
çalışırdı, bununla da muğamları xalqa daha
çox yaxınlaşdırırdı. O, bəzi şöbə, guşələri
ixtisar, bəzilərini isə əlavə etmişdir. O deyirdi
ki, sənətkar yaradıcı olmalıdır. O, bir
muğamı bir neçə formada, ruhda, yeni üsulda, yeni
xallar, yeni zəngulələr, guşələr vura-vura
oxuyardı, ona görə onun ifası dinləyicini heç
vaxt yormurdu.
Cabbar
Qaryağdıoğlunun
yaradıcılığının
innovasiyalarından biri də
muğamları xasiyyətinə görə differensasiya etməsi idi. O, ritmik,
major ruhda olan muğamları
daha çox sevirdi və onları xüsusi məharətlə
ifa edirdi.
Onun
"Heyratı"da, "Mənsuriyyə"də,
"Hasar"da, "Müxalif"də, Mahurun "Vilayəti"sində
vurduğu zəngulələri məşhur olub muğam
tarixinə daxil olmuşlar.
"Heyratı"nı
C.Qaryağdıoğlu marş adlandırırdı,
özü də onu mübariz ruhda, böyük vətənpərvərliklə,
sanki döyüşdə qələbə qazanmış
duyğularla ifa edərdi. Ritmik muğamlardan olan və nadir hallarda ifa edilən "Ovşarı"
muğamını Cabbar Qaryağdıoğlu ona xas olan
ustalıqla oxuyurdu. Ondan sonra bu muğamı demək olar ki,
heç bir xanəndə hünər edib
oxumamışdı. Məlumdur ki, "Cahargah"
muğamı ifa üçün mürəkkəb
muğamdır. Lakin C.Qaryağdıoğlu onu elə məharətlə,
yüngüllüklə, qeyri-adi yollarla gəzişərək
və yerli-yerində bir neçə mərtəbəli zəngulələr
vuraraq dinləyicinin diqqətinə çatdırırdı.
"Bayatı Qacar" muğamını sırf Azərbaycan
muğamının xüsusiyyətlərinə xas olan tərzdə
oxuyardı.
C.Qaryağdıoğlu
"Kürdü-Şahnaz"ı, "Dəşti"ni,
"Segah"ı son dərəcə lirik səpkidə
oxuyardı. Xatırladım ki,
"Kürdü-Şahnaz"ı o, hələ 16
yaşında ikən Şuşanın "Qurdlar" məhəlləsində
keçən toyda uğurla oxumuşdur. "Segah" kimi
lirik ruhda oxuduğu muğamlarda vurduğu zəngulələr
isə daha zərif tərzdə olardı.
Cabbar
Qaryağdıoğlu muğamın ifası vaxtı
ifaçılıq üsullarında çoxlu dəyişikliklər
edirdi, yeniliklər gətirirdi. İslahatlar aparırdı.
Lakin bunlar hansısa kitablarda, dərsliklərdə öz əksini
tapmamışdır. Ağızdan-ağıza, ifadan ifaya
keçmişdir.
Necə
ki, Azərbaycan xanəndəlik məktəbini C.Qaryağdıoğlusuz
təsəvvür etmək mümkün deyil, eləcə də
Qaryağdıoğlunu "Mənsuriyyə"siz
düşünmək qeyri-mümkündür. Məlumdur
ki, "Mənsuriyyə"
"Çahargah" muğamının bir hissəsidir. Bu
hissədən sonra onun zərbi və ən yüksək
şöbəsi "Üzzal" gəlir. Cabbar
Qaryağdıoğlu "Üzzal"da tarın son pərdələrini
elə yollar və üsullarla oxuyarmış ki, onu
müşayiət edən tarzənlər çaşıb
qalarmışlar, ona görə Cabbar Qaryağdıoğlu zildə
oxuduqları muğamları bəzən yalnız
kamançanın müşayiəti ilə oxuyarmış.
Bu da onun innovasiyalarından biridir. Onun böyük məharətlə,
coşğun zəngulələr "vurduğu" ritmik
muğamlar olan "Mənsuriyyə" və
"Heyratı"nı Cabbar kimi heç kim ifa edə bilməmişdir.
Cabbar
Qaryağdıoğlunun innovasiyalardan biri də onun
"Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim"
adlı əsəridir. Bu əsərə biz xatirələr
kimi yox, istedadlı folklorşünasın musiqimiz haqqında
qiymətli və sanballı tədqiqat əsəri kimi
yanaşırıq, onu dəyərləndiririk.
Bu əsər
muğamı öyrənənlər üçün,
xüsusilə də onu ifa edənlər üçün
çox qiymətli mənbə, qiymətli bir dərslikdir. Bu
üzdən onun çapı önəmlidir, çox vacibdir.
Cabbar
Qaryağdıoğlunun yaradıcılığının
digər innovasion cəhəti
onun böyük xanəndə məktəbi
yaratmasıdır. Ustadın tələbələrindən
görkəmli xanəndələr Seyid Şuşınski,
Bülbül, Davud Səfiyarov, Zülfi Adıgözəlov,
Xan Şuşınski, Cahan Talışinskaya, Yavər Kələntərli,
Mütəllim Mütəllimov və başqalarını
göstərmək olar. Həmçinin, Şəkili Ələskər,
Malıbəyli Həmid, Zabul Qasım, Məcid Behbudov, Seyid
Mirbabayev və başqaları ondan çox şey öyrənmişlər.
Cabbar Qaryağdıoğlunun
yaradıcılığının bir xüsusiyyəti də
onun heç vaxt milli çərçivə
hüdudlarında qalmamasıdır. Təsadüfi deyil ki, onu
"Şərq musiqisinin parlaq ulduzu"
adlandırırdılar.
Cabbar
Qaryağdıoğlu dəfələrlə İran
şahlarının, Türkiyə soltanlarının məclislərinə
dəvət olunmuşdu. Özünün gözəl
ifası ilə onları məftun etmiş və onlar tərəfindən
yüksək dəyərləndirilmişdir.
Tahirzadə,
Qəmər Mülük xanım, Dərviş xan, Əbül
Həsən xan, İqbal Soltan, Əsədulla xan onun xanəndəliyinə
heyran olmuşlar.
Cabbar
Qaryağdıoğlunun yaradıcılığını, sənətini
B.Asafyev, E.Braudo, R.Qliyer, G.Xubov, V.Vinoqradov, Palıaşvili,
M.İppolitov-İvanov kimi görkəmli sənətkarlar,
türk və İran musiqişünasları Rauf Yektabəy,
Ruhulla Xaleqi və başqaları yüksək qiymətləndirmişlər.
Rus
musiqişünası V.Krıvonosov hesab edirdi ki,
"Qaryağdıoğlunun repertuarını bilmədən Azərbaycan musiqi
tarixini öyrənmək mümkün deyil".
1924-cü
ildə Bakıya böyük rus şairi Sergey Yesenin gəlmişdi.
O, dəfələrlə müxtəlif məclislərdə
Cabbar Qaryağdıoğlunun füsunkar səsini dinləmiş
və ona valeh olduğunu bildirmişdir. Şairin şərəfinə
verilmiş ziyafətdə də
Cabbar Qaryağdıoğlu oxumuşdu (İştirak edənlər
arasında Ə.Qarayev, S.M.Kirov, S.Ağaməli oğlu,
R.Axundov və b. var idi). Bu ifa
Sergey Yeseninə o qədər təsir etmişdi ki, o, Cabbar
Qaryağdıoğluna həsr etdiyi şeiri oxumuş və
onu "Şərq musiqisinin peyğəmbəri"
adlandıraraq şeirini ona bağışlamışdır.
Bizim də
Cabbar Qaryağdıoğluya həsr edilmiş kitabımız
"Şərq musiqisinin
peyğəmbəri" adlanır. Kimdir Şərq
musiqisinin peyğəmbəri? Görəsən, bu sualla biz bu
gün gəncliyə müraciət etsək, Cabbar
Qaryağdıoğlunun adını çəkəcəklərmi?
Lakin əminik ki, yeni nəsil sabah və gələcəkdə
biləcəklər ki, "Şərq musiqisinin peyğəmbəri" Cabbar
Qaryağdıoğlu olmuşdur, çünki bu gün xanəndə
sənətinin sükanı Əlibaba Məmmədov, Arif
Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Canəli Əkbərov
kimi ustad xanəndələrimizin əlindədir və onlar bu
suala düzgün cavab verəcəklər: Şərq
musiqisinin peyğəmbəri Cabbar Qaryağdıoğlu
olmuşdur.
Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin
maliyyə dəstəyi ilə çap olunub
Zemfira SƏFƏROVA
525-ci qəzet.- 2021.- 17 aprel.- S.18;19.