Qarabağa üzeyirlərin qayıdır,
Vətən!
Xəyal Rzanın
yaradıcılığı barədə düşüncələr
Zamanın gərdişi, dövranın hökmü ilə
taleyimizə həkk olunan dərdlərimizdən yazmaq elə
də asan deyil. Bu çətin yolu intixab edən qələm
adamları sırasında istedadlı
şair-publisist, nasir, Azərbaycan Yazıçılar
Birliyinin Mətbuat katibi, yeddi kitab müəllifi, əsərləri
müxtəlif dillərə tərcümə olunmuş Xəyal
Rzanın yeri və mövqeyi həmişə aydın
görünüb. Ərsəyə gətirdiyi
mənalı, dəyərli nəzm və nəsr nümunələri
ilə. Xoş ovqatlı, həm də
kövrək, həzin məhəbbət şeirləri ilə
də tanınır Xəyal Rza. Şairin
misralardan ilmə vurduğu, toxuduğu naxışlı
söz "xalı"sında bəzən tünd rənglər
də nəzərə çarpır. Birinci Qarabağ
savaşından üzü bəri artan, çoxalan dərdlərimiz
kimi:
Dərd
qalaq-qalaq,
Batman-batman...
Yığılıb
bir-birinin üstünə,
Aşıb
keçməyə oğul istəyir!?
deyən
Xəyalın poetik ovqatının tərcümanı olan
neçə-neçə şeiri kədərin içindən
boylanır, illər boyu qəlbimizi didib-parçalayan
Qarabağ dərdimizdən, bədnam qonşunun xəyanəti
ilə köksümüzə sancılan xəncər
yarasından, haqq savaşımızda qardaşını, ərini,
oğlunu itirən, hətta şirin-şəkər körpəsi
düşmən gülləsinə tuş gələn
analarımızın qurumayan göz yaşlarından söz
açır. Şairin "Zəhra"
şeiri fikrimizə sübutdur.
Füzuli rayonunun Alxanlı kəndi 2017-ci ilin iyulunda
yenidən öz xəbis, yaramaz xislətini göstərən
Ermənistan silahlı qüvvələri tərəfindən
hücuma məruz qalarkən dinc sakinlərin - Sahibə
Quliyeva və azyaşlı nəvəsi Zəhranın qətlə
yetirilməsi hər birimizi sarsıtmışdı. "Qanım
türkün qanıdır" söyləyən, bu gərgin
günlərdə qələmə sarılan Xəyal Rza
balaca Zəhraya həsr etdiyi hüzn dolu şeirini elə onun
adıyla adlandırmışdı. İnsanlığa
sığmayan bu terror hadisəsi ilə bağlı ədəbiyyatımızda
yaradılmış bədii nümunələr arasında
daha çox diqqəti çəkən "Zəhra"
şeirində müəllif çox mətləblərə
aydınlıq gətirir, bu vəhşilik, barbarlıq hərəkətini
göz önündə canlandırır:
Üzündə
qan ləkəsi - Zəhra...
Dərdlərin
ən yekəsi - Zəhra...
deyir
şair. Günahsız çağalara belə rəhm etməyən,
öz murdar niyyətlərini həyata keçirmək
üçün yüz cür fitnə-fəsada əl atan erməni
millətçilərini lənətləyir:
Körpələr
mələkdilər, Zəhra...
Sənə
silah çəkdilər, Zəhra...
Mələyə
qıyılarmı, Zəhra...
Göz
yaşım quruyarmı, Zəhra...
Müəllif
zərif qanadlı, mələk misallı körpə Zəhranın
ruhunun göylərdə pərvaz etdiyini, doğma yurdun isə
yaşamaq hüququndan məhrum edilmişlərin
yasını saxlayıb fəryad etdiyini dilə gətirir:
Uçub
getdin göylərə, Zəhra...
Yerim fəryad
eyləyər, Zəhra...
Şair Qarabağ müharibəsi qurbanlarına abidə
olan bu şeirində həyatına, gələcək xoş
günlərinə, səadətinə qurşunlar
yağdırılan zəhraların ömrünün
çox qısa, onların uşaq məzarları
böyüklüyündə olduğunu qəlb
yanğısı, qüssə-kədərlə
vurğulayır. Müəllif, kiçicik ürəyi boyda kəfəni
olan iki yaşlı Zəhra balamızı Vətənin
timsalı kimi görür:
Dünya
göz yaşı boyda, Zəhra...
Ömür
başdaşın boyda, Zəhra...
Ürək
boyda kəfəni - Zəhra...
İki
yaşlı VƏTƏNİM - ZƏHRAM!
Azərbaycan
həqiqətlərini dünyaya bəyan edən şairin bu məşhur
şeiri rus, türk, ingilis, fars, özbək
dillərinə çevrilib. Qarabağ
iztirabımızı çatdıran, bizi doğma yurd yerlərimizə
kökləyən, illərin aşırımında
qalmış ağrılı xatirələrimizi dilləndirən
"Evsiz qapı" adlı bir şeiri də var Xəyal
Rzanın. Şair ictimai-siyasi lirikanın gözəl
nümunəsi kimi diqqəti çəkən həmin
şeirində həyatda gördüyümüz
qapıların fərqli ovqatlara, əhval-ruhiyyəyə yol
açdığını söyləyir:
Salam,
yaşıl qapı,
Salam, ağ qapı...
Hələ
qırmızısı,
Sarısı
da var,
Yarını gözləyən yarısı da var.
Sökülmüş,
uçulmuş köhnə evlərdə
Xəstə,
əldən düşmüş qarısı da var...
Müəllif
"evli qapı", "dul qapı", "ağa
qapı", "qul qapı" ifadələrini işlətməklə
həmin qapıların arxasında kimlərin
yaşadığını, "qara nal qapı" deməklə
nəzərdən, fitnədən uzaq olsunlar deyə, boynundan
qara nal sallanan qapıları nəzərə
çatdırır. Bizi düşəncələrə
sövq edən "köçkün qapı"nı yada salır:
Salam,
köçkün qapı...
Tərtəmiz qapı.
Salam,
evsiz qapı,
Ən əziz
qapı!
Düşmən
təcavüzünə, min cür bəlaya məruz qalıb
doğma el-obasından didərgin düşən
yurddaşlarımızın, tərk etidiyi, talan olunmuş,
söndürülmüş ocaqların qapısıdır
"evsiz qapı"lar. Uzun
illərdən bəri həsrət qaldığımız,
açarını bir sevimli tutyatək, əvəzsiz
nişanə kimi saxladığımız bu qapılar yurd
yerlərimizdəki ən əziz, arzulanan qapılardır.
Adıçəkilən şeirin son misraları iç
dünyamızda xoş ovqat, təlatüm yaradır. Bu, həmin nəzm əsərinin poetik
gücünün göstəricisidir.
Şükürlər
olsun ki, Zəfərlə bitən 44 günlük Vətən
müharibəmiz xalqımıza böyük sevinc, fərəh
hissi
yaşatdı. Bu möhtəşəm
Qələbəyə imza atan müdrik Sərkərdəmizə,
rəşadətli əsgər və zabitlərimizə minnətdarlıq
duyğumuz sonsuzdur. İntizarını
çəkdiyimiz, uzun illər bağlı qalmış,
şairin dediyi kimi, "ən əziz" qapılar indi
taybatay açılır, əsl sahiblərinin gəlişindən
isinir, dirçəlir. Qarabağ
savaşından yazılan əsərlərin ruhuna qalibiyyət
sevinci hopur. Son vaxtlarda nəsr əsərləri ilə
oxucularının görüşünə gələn Xəyal
Rzanın "Ulduz" ədəbiyyat dərgisinin
"Qarabağ buraxılışı"nda dərc
edilmiş "Kötük baba" hekayəsində 30 ildən
bəri üz-üzə qaldığımız dərdlərimizdən
bəhs olunsa da, bəri başdan deyim ki, əsər xoşbəxt
sonluqla bitir. Bu hekayə Qarabağ zəfəri
mövzusunda qələmə alınmış gözəl nəsr
nümunələrindən biri kimi dəyərlidir.
Kötük
baba adlı qocaman ağacın dibindən pöhrələmiş
cavan budağın dilindən nəql olunan hekayə qeyri-adi, bənzərsiz
işlənmə üslubu ilə fərqlidir, canlı ifadə
vasitələri ilə zəngindir. Uzun illər öncə
Qarabağ savaşı alovlananda qana susamış düşmənin
yağmaladığı əzəli torpaqlarımızda
baş verən qanlı hadisələr inandırıcı tərzdə,
rəvan dillə, aydın təhkiyə ilə təsvir
olunur: "Biz uca bir dağın ətəyində
yaşayırdıq. Aşağılarda bir
neçə kənd vardı. Amma kəndlər viran
qalmış xarabalıqlara oxşayırdı... Babam deyirdi ki, əvvəllər o evlərin
işığı var imiş, orada yaşayanlar var imiş, hətta
ayrı-ayrı kəndlərdən, uzaq rayonlardan biz tərəflərə
istirahətə gələn ailələr olurmuş. Bəs hanı o insanlar? Hanı o
uşaqlar? Niyə gəlmirlər?"
Təbiətin canlı varlıqları olan
ağacların söhbəti ilə, alleqorik tərzdə
çatdırılan Qarabağ hekayəti maraqla, həm də
həyəcanla oxunur. Cavan budaq gözlərini dünyaya
açanda artıq "ata-anasını" itirmişdi,
"qohumlarının" çoxu
qırılmışdı. Vaxtilə sıx çətirli
kölgəsindən nə qədər insanın bəhrələndiyi
qocaman ağacın şah budağını
amansızcasına baltalayıb aparmışdılar, əlil vəziyyətində idi - əsl
müharibə əlili. Yenicə göyərmiş budaq
"müharibə" və "əlil" sözlərinin
mənasını soruşanda hər dəfə Kötük baba:
"Sən hələ balacasan, böyüyəndə bilərsən" - deyirdi. Babasının
dağların ətəyində hər dəfə əlisilahlı
əsgərləri görəndə əsəbiləşməsinin
səbəbini Çinar dayısından və Bənövşə
xalasından
öyrənmişdi. Artıq bilirdi
ki, bunlar düşmənlərdir. Bu yerlərin
o əlisilahlılara qətiyyən aid
olmadığını da babasından eşitmişdi. Ata-anasının, qardaşlarının
yoxluğunun onların ucbatından olduğunu da bilirdi. Qəlbi qubar eləmişdi, qisas almaq, şəhid olmaq
keçirdi könlündən.
Yazıçı
Birinci Qarabağ savaşından üzü bəri
yaşadıqlarımızı bu bədii nümunədə
maraqlı təhkiyəsi ilə çatdırırsa, bir qədər
öncə yazdığı "Meşəbəyinin canavar
qonaqlığı" hekayəsi, novellalarda olduğu kimi,
gözlənilməz sonluqla bitərək, oxucuya müharibə
kabusunun başımız üzərində olduğunu
anladır. X.Rzanın söylədiyi kimi, bu avtobioqrafik nəsr
əsəri uşaqlığı Ağdamda keçən,
sonradan doğma şəhərini otuz il
görməyən müəllifin unudulmaz,
acılı-şirinli xatirələri ilə
bağlıdır.
Qəhrəmanının dilindən nəql olunan, ipə-sapa
yatmayan məhəllə uşaqlarıyla birgə baməzə
sərgüzəştlərin, macəraların yer
aldığı nağılabənzər hekayə birnəfəsə
oxunur. O zaman
uşaqların yay tətilini keçirdiyi pioner düşərgəsində
azyaşlı qardaşı ilə birlikdə dincələn
bu nadinc oğlan ilk günlər xoş anlar yaşayır. Axar-baxarlı Abdal-Gülablıda, sıx
yaşıllığın əhatə etdiyi çəmənlikdə
qərar tutan çadırlarda sakitliyin ömrü uzun çəkmir.
Meşədən yayılan güllə səsinin
qorxutduğu uşaqlara "Meşəbəyi canavar vurub,
sabah sizi kababa qonaq edəcək" söyləsələr də,
atışma ucbatından düşərgənin kiçik
sakinlərini evlərinə göndərirlər.
Evdə isə təşviş, təlaş içində
olan valideynlərinin əndişəsindən
anlaşılır ki, xain qonşularımız meşəbəyini
öldürüblər. Hekayə vahimə doğuran sonluqla bitir: "Anam elə
hey qonşuları qarğıyırdı. Söz-söhbət
getdikcə qızışırdı... Söhbət
o qədər böyüdü ki, sanki evdən... ölkəyə
yayıldı bir anda. Söhbətdən əməlli-başlı
qan iyi gəlirdi. Lap müharibəyə
oxşayırdı... Sən demə, o düşərgəni
də, o kəndi də, sonradan o şəhəri də,
uşaqları da, hətta uşaqlığımızı da
bir daha görməmək varmış qismətimizdə"...
"Kötük baba" hekayəsi isə, əvvəldə
qeyd etdiyim kimi, oxuculara tamam başqa bir əhval-ruhiyyə
aşılayır. Nəhayət, bir payız günü atəş
səsləri eşidilir, düşmən göz
açmağa fürsət tapmamış ardı-arası kəsilməyən
raket yağışına düşür. Ah-nalələri aləmi başına
götürür. Müəllif əsgərlərimizin
zəfər yürüşünü belə təsvir edir:
"Babam dayanmadan "Gəldilərrr! Gəldilər! Bilirdim
gələcəklər!.." deyib
bağırırdı... Əsgərlər üçrəngli
bayrağı hündür binanın damına sancanda babam
hönkür-hönkür ağlamağa başladı... Hiss
elədim ki, göz yaşlarımı saxlaya bilmirəm... Mən çox xoşbəxt idim. Hər kəs
xoşbəxt idi... Yer də, göy də, uçurulmuş,
viran qoyulmuş, işıqsız evlər də, müharibə
əlilləri də"...
Kötük baba obrazını
yaratmaqla müəllif demək istəyir ki, kökü,
rişələri doğma torpağın dərin qatlarına
işləmiş, ev sahiblərinin
nə vaxtsa mütləq qayıdacağına inanan, həmin
xoşbəxt anı intizarla gözləyən bu qosqoca
ağac, nisgilini yaşadığımız,
düşmən əsarətində qalan yurd yerimizdir, Vətənin,
Qarabağımızın ayrılmaz hissəsi, bir
parçasıdır. Canımız,
varlığımızdır. Hekayə nikbin ovqatla,
düşməndən təmizlənmiş bölgələrimizə
gələn, doğma torpaqda
azad-asudə gəzib-dolaşan insanların sevinci,
coşğusu ilə bitir. Gənc ananın
atılıb-düşən, kötüyün üstünə
çıxan balaca oğlunu "Üzeyir, Üzeyir!" deyə
səsləməsi də müəllifin daha bir
tapıntısı, əsərin, necə deyərlər,
naxışı, uğurudur. Qarabağa, Şuşamıza
Üzeyirlərin qayıdır, Vətən! Gözün
aydın olsun!
Zemfira Məhərrəmlidən
525-ci qəzet.- 2021.- 17 aprel.- S.21