Acı taleli qız
(Əvvəli ötən
şənbə sayımızda)
Kişi var gücü ilə onu çarpayının
üstünə atdı və paltarını soyundurmağa
başladı.
Hərəkətlərindən nəşəli
adama oxşayırdı. Öz işini görüb
qurtardıqdan sonra dedi ki, təsəvvürümdə tamamilə
yanılmışdım, səndən nə qədər
xoşum gəlmişdisə, indi də o qədər
acığım gəldi. Qızın gözlərini
döyməyi onun heç xoşuna gəlmədi və
üzünə ağır bir yumruq vurdu. Qızın
burnundan qan axmağa başladı, deyəsən, burun çəpəri
sınmışdı. Sonra
paltarını geyinib, qızın alt paltarını,
telefonunu və pul qabı daxil olmaqla hər şeyini bir salafan
zənbilə qoyub götürdü, qapını
çırpıb otaqdan çıxdı. Qız mələfəni qana
bulaşdırmışdı, durmaq istəyəndə səndələyib
yıxıldı, yorğan ağını üstünə
çəkdi. Bir qədər sonra otelin
xidmətçisi qapını döyüb, vaxtın
qurtardığını deməyə gəlmişdi.
Heç kəs cavab verməyəndə, qapını
açıb içəri girdi, çılpaq qızın
qanlı mələfəyə sarıldığını
gördükdə, təəccüb qaldı və otelin
meneceri olan köhnə karateçi xanıma xəbər verdi.
Menecer gəlib içəri girdi, nə soruşdusa
qız cavab vermədi. Məlum oldu ki, qız bu yaxınlarda
Tacikistandan gəlmişdir. Bir az əvvəl
restorana girmiş farsca yaxşı bilən ziyalı
qadından xahiş etdi ki, onunla tacik qızın pis vəziyyətdə
uzandığı otağa getsin. Tərcüməçi
qadın ondan nə soruşdusa, cavab gəlmirdi. Oxşayır ki, qız ağır zərbədən
sonra özünə gələ bilməmişdir. Nəhayət, farsca sözləri eşidib, səsini
çıxartmağa başladı. Xidmətçi
vanna otağından xalatı və yüngül çustu gətirdi.
Tacik qızı ayağa qaldırıb
geyindirdilər və menecer onu öz otağına apardı.
Orada ehtiyat üçün saxladığı donu və
köhnə bir tuflini ona verdi. Qız qonşu otaqda onları geyindi. Sonra
menecerin sualına cavab olaraq sutenyorun telefon nömrəsini verdi. Zəngə bir adam
çox əda ilə cavab verdi və tabeliyində olan
qızın başına gələnləri eşitdikdən
sonra otelə gələcəyini dedi.
Cavan,
idmançı bədəninə və şişmiş qol əzələlərinə
malik bir oğlan gəlib, ona zəng edənin kim
olduğunu soruşdu. Menecer xanım onu süzüb, bənzər
qaydada əda ilə dedi:
-
Müştəri qızı döyüb, hər şeyini də
götürüb, çıxıb getmişdir. Otelin də pulunu və sifariş etdiyi içkinin, konfetin,
meyvənin pulunu verməmişdir. Bizə
250 manat borcunuz vardır, onu ödəməlisiniz.
Cavan
oğlan artıq söz demədən üç dənə
yüzlük çıxarıb qadına verdi
və xırdasını aldıqdan sonra qızı
maşınına oturdub getdi.
Tacik qızını döyən və oteldə
özünü vəhşi kimi aparan adamdan bir xəbər
çıxmadı. Sutenyordan soruşulduqda dedi ki, polis də, bizim öz
xidmətimiz də onu axtarır, tapanda xəbər verəcəyik.
Lakin heç bir zəng olmadı, menecer
qadın təcrübəsinə əsaslanaraq, belə qərara
gəldi ki, sutenyor onu tanıyır və yəqin ki, müəyyən
haqq müqabilində indi onun ələ keçirilməsini
istəmir.
Ruhiyyə tacik qızın əhvalatından hali olduqda,
şükür etmişdi ki, nə yaxşı elə quduz əclafa
rast gəlməmişdir. Onun
qarşısına çıxanlar söyüşə, təhqirə
keçsə də, ona əl qaldırmamışdılar.
Bu məsələdə həlim xasiyyəti də
daim onun köməyinə gəlmişdi. Kobud
müştəri ilə o, qorxa-qorxa danışır, onun
hirslənməsinə, həddi aşmasına imkan verməməyə
çalışırdı və əsasən buna nail olurdu.
Ona görə də heç kəs güman etməsin
ki, əxlaqsız qadınla yapon geyşaları ilə olan
kimi nəzakətlə davranılır. O
eşitmişdi ki, voleybolçular daha çox zədə
alırlar. Bu məsələdə onlar hətta
boksçulardan da xeyli irəlidədirlər. "Gecə kəpənəkləri" də
kişi-qadın münasibətlərinin voleybolçuları
idi, onlar yıxıldıqda, daha doğrusu, banditə rast gəldikdə,
daha ağır zərbəyə məruz qalırlar. Ev zorakılığını öz üzərində
təcrübədən keçirmiş qadınlar, yəqin
ki, əxlaqsız qızların hansı işgəncələrə
dözdüklərini başqalarına nisbətən daha
yaxşı bilirlər.
Son vaxtlarda isə körpəsi onun yuxusuna girirdi. Bir dəfə
yuxuda gördü ki, oğlu artıq məktəbə gedir və
ilk zəng tədbirində iştirak edir. Ruhiyyə
bunu eşidən kimi özünü həmin məktəbin həyətinə
yetirdi. Kənarda valideynlərin arasında
dayanmışdı ki, onu görən olmasın. Qara cipdən onu icarəyə götürən
qadınla məktəbli paltarında olan bir qəşəng
uşaq düşdü. Bu kiçik
oğlan olduqca yaxşı təsir
bağışlayırdı, yanındakı anası kimi əda
ilə yeriyirdi. Ruhiyyənin ürəyi
sürətlə döyünməyə başladı, istədi
cumub uşağı bağrına bassın, doyunca
öpsün. Özünü saxladı, çünki
uşağın anası onu uşaq oğrusu - "kidnap"
kimi qələmə verib, tutdura bilərdi. Tədbir
başlandı, həmin oğlan uşağı məktəb
direktoruna yaxın durmuşdu, anası bir az
aralıda idi. Qadın ora-bura döyükürdü, birdən
gözü Ruhiyyəyə sataşdı, məktəbin
texniki işçisi olan mühafizəçiyə nə
dedisə, həmin kişi ona
yaxınlaşıb, tədbiri tərk etməyi tələb
etdi. Amiranə qaydada bildirdi ki, burada yalnız
valideynlər iştirak edir, kənar şəxsin olması
qadağandır. Əgər getməsəniz,
polisə zəng edəcək, sizi cinayətkar kimi tutub
aparacaqlar.
Ruhiyyə
mübahisənin əbəs olduğunu hiss edib, kütlədən
aralandı, ona öz doğma oğluna baxmağa da imkan verməmişdilər.
Dünyaya gətirdiyin uşaq sənin
üçün yad olmalıdır, bunu fikirləşdikcə,
gedə-gedə səssizcə ağlamağa başladı.
Səhər açılanda qəribə yuxusunu
anasına danışdı. Anası ona qeyzlə dedi ki, deyəsən,
sənin başın xarab olub, uşaq hələ iki həftəlikdir,
necə oldu ki, belə qısa müddətdə o, məktəb
yaşına çatdı. Sən o qədər
ağılsız şeylər barədə
düşünürsən ki, yuxuda da fantastik şeylər
görürsən. Bunu heç kəsə
danışma, o arvadın qulağına çatar, bir də
sənin zənginə cavab verməz.
Anasının uzaqgörənliyi düz
çıxdı. Ruhiyyə qadının mobil və ev
telefonuna zəng vurdusa da, cavab verən olmadı. Hər iki telefon stansiyasından bildirdilər ki, həmin
nömrələr dəyişilmişdir, yenilərini isə
sahibinin icazəsi olmadan heç kəsə vermək olmaz.
Beləliklə, Ruhiyyənin öz oğlu ilə əlaqəsinə,
daha doğrusu, onun necə olmasını öyrənmək
istəyinə birdəfəlik keçilməz sədd qoyuldu. O, uşağı görə
bilməyəcəyini özlüyündə yəqin
etmişdi, lakin onun necə olması, böyüməsi barədə
marağının da cavabsız qalacağını heç ağlına
da gəlməmişdi. Elə bil ki,
uşağın ögey anası ondan verdiyi müəyyən
məbləğ pula görə qisas alırdı. Onun sərt xasiyyətinə bələd idi, ancaq bu
dərəcədə qəddar olacağını güman
etməmişdi. Ruhiyyə heç
onların təzə evinin ünvanını da bilmirdi, lap
bilsə də, onu darvazadan qovardılar.
Südabə
xanımın vida məktubu
Evə
qayıdandan sonra Südabənin matəmində iştirak etmək
istədiyini bildirəndə, anası dedi ki, indi ancaq bir dəfə
yas keçirilir, sonra isə ölünün qırxı məsciddə
yad edilir. Sən belə vəziyyətdə heç
hara gedə bilməzsən, onun ərinə də zəng eləməyin
düz çıxmaz, çünki onun başı matəm mərasiminə
qatışmışdır.
Ruhiyyə normal qaydada doğa bilmədiyindən,
uşağı kesir kəsimi ilə
doğuşdurmuşdular, cərrahiyyə əməliyyatı
ilə açılan yarıq hələ də çox əziyyət
verirdi, bəzən ağrıya dözə bilməyib
ağlayırdı. On-on beş gün keçəndən
sonra səhhəti xeyli yaxşılaşdı,
yarığın ağrısı da azalmışdı. Bu vaxt onun mobil telefonuna bir zəng gəldi,
tanımadığı bir qızın səsini eşitdi.
O, Südabə xanımın tələbəsi olduğunu
dedi və bildirdi ki, professorun ona ünvanlanmış məktubunu
çatdırmalıdır. Onlar şəhərdəki
Cəfər Cabbarlının heykəlinin yanında bazar
günü saat 2-də görüşmək barədə
razılaşdılar.
Tələbə
qız məktubu ona verən kimi, tələsik zərfi
açıb, Südabə xanımın öz əli ilə
yazdıqlarını oxudu:
"Əzizim Ruhiyyə! Biz bir-birimizdən
ayrılırıq, lakin mən sənin gözəlliyinin
hansısa bir cəngəllikdə itməsindən çox
ehtiyat edirəm və buna heç cür razı ola bilmərəm. Bilirəm ki, sən
məni çox sevirdin və bunun qarşılıqlı
olmasına, yəqin ki, sən şübhə etməməlisən.
Mən səni xoşbəxt görmək istərdim,
lakin bu, mənə qismət olmadı. Sən yalnız
ailə qurmaqla xoşbəxt ola bilərsən,
ölümümdən sonra Hüseynlə ailə
qurmağını çox arzulayıram. Bu barədə
səninlə geniş söhbətimiz olub, yəqin ki, yaddan
çıxarmamısan. Məni
düzgün başa düş, bunu hansısa bir ianə hesab
etmə. Sənə olan məhəbbətimin
özümün yoxluğunda da davam etməsini çox istəyirəm.
Hüseynlə sən xoşbəxt ola bilərsən,
o, gözəlliyə heç də biganə olan adam deyildir. İzdivacınız baş tutsa, övlad da
dünyaya gətirərsiniz. Hər şey
sənin özünü cəsarətli aparmağından
asılıdır, vacib anda qorxaqlığa, tərəddüdə
yol vermə. Əlverişli imkandan istifadə et, bil ki, bu imkan səni ağ günə
çıxaracaqdır. Bunu isə mən
çox istəyirəm. Ruhum daim səni
seyr edəcəkdir, çalış ki, onu incitməyəsən.
Əlvida!
Səni anadan artıq sevən Südabə".
Aşağıda titrək əllə
yazılmış tarixi gördükdə, Ruhiyyənin
halı daha da pisləşdi.
Məktub ölümündan iki həftə əvvəl
yazılmış və onu Ruhiyyəyə
çatdırmağı sevimli tələbəsinə həvalə
etmişdi. Tələbə qız onun
tapşırığına vicdanla əməl etmişdi.
Məktubu oxuyub qurtaranda Ruhiyyə ağladı,
tələbə qız da özünü saxlaya bilməyib, səssiz-səssiz
göz yaşlarını axıtdı. Öz
ölümündən azacıq əvvəl onun belə alicənab
və fədakar hərəkətini heç cür başa
düşə bilmirdi. Elə bil ki, bu adam
Yer üzündə yaşamır, başqa planetdən gəlmişdir
və bir neçə ay əvvəl tanıdığı
qıza xoşbəxtlik qapısını açmağa
çalışır və onu da inandırır ki, cəsarətsizlik
etməsin, xeyriyyəçisinin vəsiyyətinə hökmən
əməl etsin.
Ruhiyyə bu səmimiyyət ilahəsi olan qadının
vəsiyyətinə etinasızlıq edə bilməzdi. Məsələnin
müsbət həllinə də elə bir gümanı yox
idi. Hüseyn müəllimlə o, bir dəfə
də olsun təklikdə söhbət etməmişdi. Düzdür, ana saydığı qadının əri
daim onu heyranlıq bildirən baxışlarla
süzmüşdü. İndi isə o,
sevimli arvadını itirmişdir. Ona bu
sözləri çatdırmaq, yasda məhəbbət barədə
şən oynaq mahnını oxumağa bərabər
olardı. O, yenə də müəmmalar içərisində
qalmışdı, nə etməli olduğunu ayırd edə
bilmirdi.
Yadına Yusif müəllim düşdü. Bu
məsələdə də yenə o, ən ağıllı
məsləhət verən ola bilərdi. Hamiləliyinin son mərhələsində
Yusif müəllim xəstəxanadan çıxandan sonra ona zəng
edib, səhhətinin necə olduğunu soruşmuşdu. Xəstəlikdən
sonra onunla görüşmək istəməmişdi ki,
narahat etməsin. Yenə onun məsləhəti
bu qız üçün çox vacib idi. Çünki həlledici
bir fürsət zamanı, həqiqət anı gəlib
çıxmışdı. Utancaqlıq etsə, rədd
cavabı veriləcəyindən qorxub çəkinsə, həm
Südabə xanımın vəsiyyətinə əməl
etməyəcək, həm də özünün, bəlkə
də, xoşbəxt olmaq şansını birdəfəlik itirəcəkdi.
Görən, Yusif müəllim buna necə baxacaqdır, bunu
qızın yeni həyasızlıq nümunəsi kimi qəbul
etməyəcəkdi ki? Bütün bunları yüz dəfələrlə
götür-qoy etdikdən sonra Yusif müəllimə zəng
vurdu və onun evində bazar günü günorta
görüş baş tutdu.
Yusif müəllimlə Ruhiyyənin yeni
görüşü
Yusif müəllim həmişə olduğu
kimi, Ruhiyyəni mehribanlıqla qarşıladı, hamiləlikdən
uğurlu qaydada azad olduğuna görə onu təbrik etdi.
Qız ona məlumat verdi ki, doğuş o qədər də
asan keçmədi, lakin uşaq normal doğuldu, çəkisi
və boyu da ginekoloqları razı saldı. Sonra o, Südabə
xanımın ölümündən çox məyus
olduğunu söylədi. Dedi ki, o qadın mənə əsl
ana münasibəti göstərirdi, hər dərdimə
yanırdı.
Yusif müəllim onun sözünü kəsdi:
- Sən Südabə xanımın vəfatına
çox heyifsilənir, hüznlü hallar keçirirsən.
Bu, olduqca yaxşı haldır, görünür, sənə
olan münasibətilə o, bunu qazana bilmişdir. Onun pərəstişkarları bu qadının
itkisinə çox yanırlar, indi məlum olur ki, onların
sayı heç də az deyilmiş. Lakin mən istəyirəm,
sən onu da biləsən ki, o, dünyaya
köçmüş dostlarımız yerin altında deyil,
bizim qəlbimizin içində uyuyurlar. Allah da bunu təqdir edir ki,
onlar daim bizimlə qalsınlar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.-
17 aprel.- S.22.