Qeyrətdən doğulan Vətən
sevgisi
Ramil
çağırış vərəqəsini alanda başqa
həmyaşıdları kimi təmkinini pozmadı. Ürəyində
intiqam, üzündə qürur hissi vardı.
Düşünürdü ki, axı nə qədər səbr
etmək olar? Azğın düşmən təxribatları,
dinc sakinlərin snayper güllələri nəticəsində
həyatını itirmələri nə vaxta qədər
cavabsız qalacaq?
Ramil hələ 9 yaşında olanda birinci
Qarabağ müharibəsi başlamışdı. O, vaxt
indiki güclü ordumuz da yox idi. Erməni faşistlərini
isə demək olar ki, bütün dünya müdafiə
edirdi. Xalqımız təpədən dırnağa qədər
silahlanan və havadarlarından dəstək alan düşmənlərin
qarşısında əliyalın dayanmışdı. Elə
buna görə də torpaqlarımızın 20 faizdən
çoxu itirildi. Soydaşlarımız öz dədə-baba
torpaqlarından qaçqın, köçkün vəziyyətinə
düşdülər. Xocalı əsrin soyqırımına
məruz qaldı…
O vaxtdan illər keçmişdi. Ramilin də
artıq 37 yaşı vardı. Ali təhsil
almışdı. Azərbaycan Silahlı Qüvvələrində
hərbi xidmət keçmiş, artileriya üzrə
müasir hərbi biliklərə mükəmməl yiyələnmişdi.
Bir də ki, suyu, duz çörəyi ilə
böyüdüyün, havasını gen-bol ciyərlərinə
çəkdiyin doğma vətəninin
çağrışına, harayına necə səs verməmək
olar? Vətən dar gündə, çətin zamanda
özünün qeyrətli övladlarına söykənir;
- Oğul - atası Cəfər kişinin səsi
Ramili düşüncələrdən ayırdı - olmaya,
qorxursan? - soruşdu.
- Yox, ay ata, - deyə cavab verdi - Bədnam
qonşuların başımıza gətirdiyi müsibətlər
barədə düşünürəm. Gec-tez hamımız
Vətən üçün əsgərik. Böyük
türk şairi Nazim Hikmət demişkən: «Mən yanmasam,
sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar
aydınlığa».
Ramil ailənin yeganə oğul övladı
idi. Onun dedikləri Cəfər kişinin ürəyini
kövrəltsə də qururunu gizlədə bilmədi: - Bax
səndən bunu gözləyirdim, - dedi.
...2020-ci il sentyabrın 21-də Lənkərandan
gedən gənclər N saylı hərbi hissənin tərkibində
Ağcabədi rayonunda qeydiyyatdan keçərək
döyüş paltarı geydilər. Hissə ayın 22-də
axşam qaranlığında Beyləqanın Haramı
düzünə gəldi. Üç gün ərzində
burada keçirilən döyüş təlim-məşqlərindən
sonra şəxsi heyət sentyabrın 26-da Füzuli rayonunun
Canquli kəndində döyüş mövqeyində yerləşdirildi.
Döyüş əmrini gözləyən şəxsi heyət
nəhayət günorta saat birin yarısında müharibəyə
qoşuldu. Alınan tapşırığa görə
mövqelər tez-tez dəyişilirdi. Təbii ki, bu da
azğın düşməni azdırmaq və onların zərbə
hədəfinə çevrilməməkdən ötrü irəli
gəlirdi.
Leytenant Ramil Cəfərov ağır artileriya
diviziyasının 2-ci batereyasının tərkibində
vuruşurdu.
- Mövqeyimizi Cəbrayıla dəyişdik, -
deyə Ramil iştirak etdiyi bütün döyüşləri,
şahidi olduğu döyüş səhnələrini təfərrüatı
ilə diqqətə çatdırmaq istəyirdi. - Cəbrayılda
dörd gün döyüşdük. Düşmən hədəflərini
susdurduqdan sonra Qubadlıya getmək barədə əmr
aldıq. Burada düşmənin xeyli sayda hərbi hissəsi,
döyüş texnikası cəmləşmişdi.
Güclü müdafiə istehkamları qurulmuşdu.
Basdırılan saysız-hesabsız minalar qəhrəmanlıqla
döyüşən əsgərlərimizin irəliləməsinə
mane ola bilmirdi. Qubadlı düzənliyində öncə bizi
güclü kaset mərmiləri ilə atəşə
tutdular. Mərmilər böyük dağıdıcı
qüvvəyə malik idi. Atılan kimi qəlpələr
geniş bir ərazini əhatə edir, çoxlu insan tələfatına
səbəb olurdu. Məcbur qalıb arxaya çəkildik.
Hamımız yerə yatdıq. Üstümüzdən mərmilər
uçurdu. Başımızı qaldıra bilmirdik. Təxminən
4 saata qədər bu vəziyyətdə qaldıq. Amma
sürünə-sürünə də olsa yerimizi dəyişdik.
Nəhayət məlumat gəldi ki, qarşıdakı təpənin
arxasına keçək. Çətinliklə də olsa deyilən
yerdə mövqe tutduq. Fasiləsiz beş gün burada
döyüşdük. Əsgərlərimizin irəliləməsinə
mane olan düşmənlərin zərbə hədəflərini
məhv etdik. Piyada qoşunlarımızı mühasirəyə
düşməkdən xilas elədik. Artıq verilən döyüş
tapşırıqları yerinə yetrilmişdi. Mövqeyimizi
yenidən dəyişdik. Qubadlıda Narlıq deyilən yerə
gəldik. Tapşırığa əsasən buradan
Laçın dəhlizində düşmən qüvvələrinə
zərbə endirməli idik. Bir neçə hədəfi məhv
etdik. Laçın dəhlizini daha yaxından vurmaq üçün
Qubadlının Sarıyataq kəndində yerləşdik.
Düşmən duyuq düşmüşdü.
Laçın dəhlizinə girişimizi bağlamaq
üçün Həkəri çayının
üstündəki körpü partladıldı. 9 gün
neytral sahədə ac-susuz qaldıq. Bizə yemək-azuqə
gətirən maşınımızı vurdular. Çətinliklə
də olsa sağ olduğumuz barədə məlumatı
ötürə bildik. Əvvəl köməkçi qrupa
göndərildik. Sonra bizə yardım gəldi və şəxsi
heyətimizi bərpa etdik.
Əslində biz Laçın dəhlizinə
daxil olmuşduq. Burada düşmənin ağır
artileriyasını sıradan çıxarmış, bir
neçə postunu ələ keçirmiş, çoxlu sayda
hərbi qənimət əldə etmişdik.
Tapşırığa əsasən yenidən Sarıyataq məntəqəsinə
- əvvəlki mövqeyimizə qayıtdıq. Kəşfiyyat
müşahidə məntəqəsindən yeni
tapşırıq aldıq. 4 şəxsi heyətlə 600
metr məsafədən düşməni müşahidə
etməli idik. Dörd nəfərdən biri Xaçmazdan olan
topçu Vüsal baş tuşlayıcı idi.
Dördümüz də ayrı-ayrı rayonlardan
olmağımıza baxmayaraq bizim üçün Azərbaycan
adlı bir Vətən vardı. Hamımız bu Vətən
uğrunda döyüşürdük. Təbii ki Şəhid
olanlarımız, yaralılarımız da olurdu. Bəzən
görürdük yaralı yaşaya bilər, köməyə
ehtiyacı var, dərhal onun köməyinə
çatırdıq. Şəhid olanları döyüş
zonasından uzaqlaşdırırdıq. Hamımızı Vətən
sevgisi birləşdirirdi. Ürəyimizdə aşıb
daşan qisas hissi vardı. Biz ölmək yox, öldürmək
üçün döyüşürdük. Döyüş
uğurlarımızın bir səbəbi də məhz bu
idi. Hələ Narlıqda olanda düşmənin 300 nəfərdən
ibarət şəxsi heyətini tamam məhv etdik. Bu
döyüş uğurlarımıza görə bizə
komandanlıq tərəfindən təşəkkür gəldi.
Mənə baş leytenant hərbi rütbəsi verildi...
Ramil danışdıqca iştirak
etdiyi, şahidi olduğu döyüş səhnələri,
ordumuzun döyüş qəhrəmanlığı,
müharibənin ağrı–acısı... gözlərimizin
önündə canlanırdı. Şəhidlərin qanı
tökülən, canları bahasına alınan bu torpaqlarda
döyüşdən-döyüşə atılan, göydən
başına od yağan Ramilin xəyalı
dolaşırdı. Bəzən təbii halından
çıxaraq söhbətinə ara verir, yanında şəhid
olan əsgər dostlarını xatırlayır, gözləri
yol çəkirdi…
- Qələbə xəbərini harada
eşitdin? - deyə ondan soruşduq.
-
Qubadlıda.
- Ordudan nə
vaxt tərxis olundun?
- Qələbədən
sonra bizi Şuşanın Çanaxlı kəndinə
apardılar - dedi – Çünki artileriya diviziyası orada yerləşirdi.
Şəxsi heyətdə olan dostlarım, o
cümlədən Vüsal indi də xidmətdədir. Məni
bir aydan sonra evə buraxdılar...
Ramil Cəfərov 1983-cü ildə Lənkəran
rayonunun Şilavar kəndində dünyaya göz
açıb.
Atası Cəfər kişi hazırda təqaüddə
olsa da, rayonun tanınmış ziyalılarındandır. Kənddə el ağsaqqalı kimi hörmət və
nüfuz sahibidir. Nəqliyyatın istismarı üzrə
ali təhsilli mütəxəssisdir. Uzun illər Bakıda yol polisində məsul vəzifə
daşıyıb. Həyat yoldaşı -
Akifə xanım da təqaüdçüdür. Ailədə bir oğlan, bir qız ərsəyə
çatıb.
Cəfərova
Ramilə Cəfər qızı, Riyaziyat və informatika
üzrə ali təhsil alıb. Ailəlidir, iki uşaq anasıdır. Uşaqları Nurlan və Aydan sağlam
böyüyürlər.
Ailənin yeganə oğlan övladı olan Ramil Lənkəran
Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin
Gömrük işinin təşkili və idarə olunması
ixtisası üzrə bitirib. Bir neçə dildə,
o cümlədən ingilis dilində sərbəst
danışır. İki uşaq atasıdır,
qızı Ruqayyə yeddi, oğlu Yusif beş
yaşındadır…
Ramil hərbi işin sirlərinə hələ Azərbaycan
Silahlı Qüvvələrində xidmət edərkən yiyələnib. Xidmətin son
üç ayında zabitlik təlim–məşqi keçib və
leytenant rütbəsi ilə Lənkərana qayıdıb.
İkinci Qarabağ müharibəsi başlayanda hərbi
meydanda Ramil Cəfərovun da yeri görünürdü. Axı o,
artileriya zabiti idi.
44 ğünlük Vətən müharibəsi 30 illik
Qarabağ həsrətinə son qoydu. Böyük qələbə
yolu şəhidlikdən, igid, cəsur və ölümün
gözünə dik baxan, səngərdən-səngərə,
döyüşdən-döyüşə atılan, müqəddəs
Vətən sevgisini öz qanları ilə torpağa yazan
oğulların qeyrət və hünərindən keçdi.
Analar, atalar döyüşlərə qatılan
övladları ilə qürur duysalar da, ürəklərindəki
yaralar sağalan deyil. Hələ də yollara baxan, ciyərparalarını
səbirsizliklə gözləyən valideynlər var. Onlara elə
gəlir ki, övladları getdiyi yolla da geri qayıdarlar.
Lakin...
- Qələbə
qurbansız əldə olunmur, – deyə Ramil Cəfərov
söhbətinə davam etdi. Müharibədə
ölüm lap qulağın dibində olur. Lakin bizi döyüşdən-döyüşə,
qələbədən–qələbəyə aparan bir qüvvə
var idisə, o da Vətən sevgisi idi. Bu
sevgini müharibədə sözdə yox, əməldə,
hünərinlə, ölümünlə yerinə yetirməli
olursan. Yanımda Şəhid olan döyüş
yoldaşlarımın son sözləri, arzuları indi də
qulağımda səslənir: “Kaş böyük qələbəni
görə biləydim, Vətən sağ olsun!”
Müsahibimizin
atası Cəfər kişi söhbətimizə
qoşulub dedi:
- Sağ
olsun müzəffər Ali Baş Komandanımız, bizi uzun
illərdən sonra Qarabağa qovuşdurdu – dedi – Qələbəmiz
məhz İlham Əliyevin böyük sərkərdə kimi
müdrik rəhbərliyi və ordumuzun qəhrəmanlığı
sayəsində qazanıldı. Müharibədən
sonra bütün şəhid ailələri, qazilər
dövlət qayğısı ilə əhatə olunublar.
Onlara hər cür yardım, köməklik
göstərilir. İndiyə qədər
yüzlərlə şəhid ailələrinə evlər, əlil
qazilərimizə isə avtomobil verilib, ehtiyacları ödənilib.
Təbii ki, bu son hədd deyil, diqqət və qayğı
davamlıdır...
Bəli,
Vətən, onun uğrunda döyüşənləri, qurban
gedənləri heç vaxt unutmur. Sevgiyə
sevgiylə cavab verir. Şəhidlərin
xatirəsi əbədiləşdirilir. Qarabağ
müharibəsinin şəhid və qazilərinə,
müharibə iştirakçılarına təkcə
dövlət qayğısı deyil, həm də böyük
ümumxalq məhəbbəti var. Başqaları kimi Ramil Cəfərov
da bunu yaxından duyur. Çünki böyük qələbədə
onun da payı var. O, “Füzulinin azad olunmasına görə”,
“Qubadlının azad olunmasına görə” və “Cəbrayılın
azad olunmasına görə görə” medalları ilə təltif
edilib. Bir Vətən övladı kimi öz
borcunu şərəflə yerinə yetirdiyinə görə
başını uca tutur, hamının üzünə dik
baxa bilir. Yəqin ki, vaxt gələr, indi
qayğı ilə böyüyən balaları balaca Ruqayyə
də, Yusif də ataları ilə fəxr edər, ürəyində
aşıb–daşan müqəddəs Vətən sevgisini həyatda
özlərinə meyar seçərlər.
Xudaverdi CAVADOV,
Qulaməli
HÜSEYNOV
Azad Azərbaycan.- 2021.- 15 aprel.-
S.5.