"O binanın
bircə fasadı
bütün ermənilərdən
dəyərlidi"
YAZIÇI Seyran Səxavət ONUN
ÜÇÜN ÇOX ƏZİZ MƏKAN OLAN,
ERMƏNİ VANDALİZMİNİN VİRAN QOYDUĞU
"ARAZ" QƏZETİNİN REDAKSİYASI BARƏDƏ
XATİRƏLƏRİNİ BÖLÜŞÜB
Ötən günlərin birində sosial şəbəkədə
Füzuli şəhərindəki
"Araz" qəzeti
redaksiyasının şəkilləri
paylaşıldı. Bina erməni
vandalizmi nəticəsində
dağılıb, tamam
yararsız hala düşüb, təkcə
fasadın bir hissəsi yerindədir.
Mədəniyyət naziri Anar Kərimov özünün
sosial şəbəkə
hesabında qeyd edib ki, həmin
bina yenidən bərpa olunacaq.
"Araz" qəzeti
1931-ci ildən fəaliyyətə
başlayıb. Bir çox yazıçı
və publisistin imzası məhz bu mətbu orqanda
tanınıb. Həmin yaradıcı
şəxsiyyətlərdən biri də görkəmli
nasir, şair və tərcüməçi
Seyran Səxavətdir.
Seyran müəllimlə "Araz"
qəzeti haqqında danışdıq, o illərin
xatirələri ilə
bağlı həmsöhbət
olduq.
Yaddaşını vərəqləyən yazıçı, "Araz"
redaksiyasına gəlişini
xatırladı, həmin
illərin şirin xatirələrini dilə gətirdi: "Mən, hardasa 13 yaşımdan,
7-ci sinifdə oxuyandan
o redaksiyaya ayaq döymüşəm. Kəndimizdən ora 7 kilometr məsafə vardı.
Bəzən elə olurdu
ki, uzunqulağa minib gəlirdim. Öz yaşıdım olan qızlar məni uzunqulağın üstündə
görəndə utanırdım.
"Araz" qəzetinin
redaksiyasına gəlib-gedəndən
bir neçə il sonra ilk şeirim o qəzetdə çap olundu. Balaca bir şeir idi.
"Seyran Xanlarov, Yağlıvənd kənd
orta məktəbinin
8-ci sinif şagirdi"
- şeirin
altına belə bir imza da
qoymuşdular. Uşaqlıqda ən çox getdiyim yer "Araz" qəzetinin redaksiyası olub. Sonra böyüdüm, yekə kişi
oldum, xaricdə işlədim, şahın
vaxtında İranda,
SSRİ Müdafiə Nazirliyi
üçün tərcüməçi
işlədim, yazıçı
oldum, kitablarım nəşr olundu, tanındım, amma ta son günlərə qədər həmişə
birinci ora gedərdim, sonra da qəbiristanlığa.
İkisi
də təxminən bir yolun üstündəydi.
Mən ora təzə ayaq açanda oranın redaktoru Fehruz Atakişiyev idi. Çox məzəli, yumorla, istehza ilə danışan bir adam idi.
Bizim məktəbdə bir rus qızı vardı, azərbaycanca oxuyurdu, anası da bizdə rus
dili müəllimi işləyirdi. Qəşəng
qız idi, saçını sığallayırdı,
lent vururdu, qəşəng
görünürdü, fərqlənirdi.
O yaşda olanda bizim qızların ağlına gəlmirdi ki, sən də
bir saçını
sığalla, bir lent
vur. Bizim yaşda olan
oğlanların əksəriyyətinin
ondan xoşu gəlirdi, o cümlədən,
mənim. Bir dəfə
o qızın qarşısını
kəsdim. Məhəbbətin əsl təmiz çağı, ifadəsinin
şablon vaxtı idi. Dedim ki, bəs mən
səni sevirəm, mənə bir cavab ver. Dedi ki, "Net!" Ondan sonra mən bir şeir yazdım:
Sizdən
bir cavab istədim,
Rusca mənə
"net" dediniz.
Saf eşqimi lağa qoyub
Hərdən
"privet" dediniz.
Amma düşünmədin, gözəl,
Gördüyün iş necə işdi.
Mən biləni anan sənə
Rusca lay-lay deməmişdi.
Bu şeiri
redaksiyaya apardım. Fehruz
Atakişiyev daha mənə
demədi ki, bu, rus xalqına qarşıdır. Dedi ki, sən hələlik
belə şeylər yazma. Mən də kənd
uşağının səmimiyyəti və codluğu
ilə sual verdim ki, bəs nədən yazım? Dedi ki, Şamama
Həsənovadan yaz, iki
dəfə Sosialist Əməyi Qəhrəmanı
olub. Vətəndən, Moskvadan,
Qızıl meydandan yaz.
Dedim ki, axı mən
onu görməmişəm. Dedi, nə olsun görməmisən,
elə oğul odu ki, görməyə-görməyə yaza da. Amma bir neçə ildən sonra dediyim kimi, ilk şeirim orada çap olundu. Sonra redaksiyada
baş redaktor Məcnun Namazəliyev var idi. Çox gözəl jurnalist idi. "Araz"da
yaxşı, işıqlı
oğlanlar işləyirdi.
Orada dərnək də var idi, məsələn,
şair Mətləb Misir o dərnəkdə yetişmişdi. "Araz" qəzetində bir Nemət Hüseynov da vardı, əslən naxçıvanlı idi, Füzulidən evlənmişdi.
Şeirlərə o baxırdı, özü
də qəzəl yazırdı. Ciddi adam idi.
Məsələn, bir şeirdə
"şair" sözü
işlətmişdim, özü
də çox vacib idi ki,
o söz orada işlənsin, sevdiyim qız görsün, mən şairəm.
Nemət
Hüseynov "şair"
sözünü pozub
"oğlan" elədi.
Mənə qəddar insan
təəssüratı bağışladı.
Yaxşı kişi
idi, savadlıydı. Sonra mən onu daha
yaxşı tanıdım".
Seyran Səxavət həmin illərdə böyük sənətkar, görkəmli aktyor Rza Əfqanlı ilə tanış olmağını belə xatırladı: "Araz"ın binasının arxasında raykomun qonaq evi var idi. Mən orada Xalq artisti Rza Əfqanlı ilə tanış olmuşam. Uşaq idim, 12-13 yaşım olardı, eşitdim ki, belə bir aktyor gəlib. Kənddən gəldim, qapısını döydüm, açdı. Dedim ki, bəs mən gəlmişəm sizlə tanış olmağa. Onun da çox xoşuna gəldi ki, bir uşaq kənddən gəlib mənlə tanış olmağa. Xeyli söhbətləşdik. Mənə dedi ki, neçə gündü burdayam, gilənar ağacı mən gələndə tumurcuqlayırdı. Sonra gözümün qabağında çiçək açdı. Amma o çiçəyin meyvəyə çeviriləcəyini yəqin ki, görə bilməyəcəyəm, Bakıya qayıdıram... Allah ona rəhmət eləsin".
Yazıçı deyir ki, yaddaşında "Araz" qəzetinin binası ilə bağlı bir-birindən gözəl çoxlu xatirələri var: "O redaksiyaya kənddən-kəsəkdən çoxlu şeirlər gəlirdi. O şeirləri mənə verirdilər ki, xülasə yazım, halbuki o binaya vaxtilə əsə-əsə daxil olurdum. Elə bil ki, Füzuli mənim böyük Vətənimdi, Azərbaycan daha böyük Vətənimdi, o redaksiya da mənim üçün mini vətən idi. Bəlkə də, o iki Vətənin nüvəsi "Araz" qəzeti idi. Özü də o zaman adı "Qızıl Araz" idi. Mən ora ayaq açanda iki səhifə çap olunurdu. Rayon partiya komitəsinin orqanı idi".
Seyran Səxavət erməni faşizmi, işğalçı düşmənin vəhşiliyi barədə fikirlərini bildirərək qeyd etdi ki, onların bu əməllərinə qarşı heç bir humanist addımdan söhbət gedə bilməz: "Araz"ın binası o qədər gözəl idi ki... İndi oraları dağıdıblar. Bir az fasadı qalıb, yəqin ki, görmüsünüz. Məsələn, mənim aləmimdə "Araz" qəzetinin binasının fasadı bütün ermənilərdən dəyərlidi. Mən müsahibələrin birində dedim ki, zoologiya dərsində "ziyanvericilər" fəsli var idi. Bax ermənilər də onlardandı. Sübuta heç bir ehtiyac yoxdu. Bax indi o minaların xəritəsini vermirlər. Yersiz humanizm, özünü doğrultmayan, bəraəti olmayan hunanizm elə bizə qalıb?! İşğaldan azad olunandan sonra Füzuliyə getdim. Bilirsən, hərdən mənə elə gəlir ki, ora getməmişəm. Amma getmişəm axı, yanımda şahidim də var idi. Mənə sərf eləyir ki, Füzuliyə getməmiş olum. Hələ istəmirəm inanım ki, kəndimiz o vəziyyətdədi. Kəndimizdə böyük Köndələn gölü var. Mən oraları həmin göldən tanıdım. Sonra dostuma yalvardım ki, məni tez buradan çıxart. O hissi Allah heç kimə yaşatmasın!"
Nadir RZALI
525-ci qəzet.- 2021.- 17 aprel.- S.12.