Türk
dünyası üçün ortaq dil - zamanın tələbi
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu Türk dilləri şöbəsinin müdiri
Elchinibrahimov85@mail.ru
XX əsrin əvvəllərində istər Azərbaycanda,
istərsə də türk xalqlarının
yaşadığı digər bölgələrdə milli
dirçəliş, milli oyanış prosesləri türk
xalqlarının birliyi ideyasını da
aktuallaşdırdı.
Türk xalqlarının birliyi ideyasında önəmli
məsələlərdən biri də ortaq dil məsələsi
idi. Uzun müddət Çar Rusiyasının əsarəti
altında yaşayan türk xalqları arasında ortaq
ünsiyyət dilinin yaradılması məsələsi
dövrün zəruri problemlərindən birinə
çevrilmişdi. İsmayıl bəy
Qaspıralının nəşr etdirdiyi "Tərcüman"
qəzeti, Cəlil Məmmədquluzadənin Azərbaycanda
çıxardığı "Molla Nəsrəddin"
jurnalı təkcə Rusiyanın əsarəti altında olan
türk xalqları tərəfindən deyil, həm də
imperiyanın sərhədlərindən çox-çox kənarda
sevilə-sevilə oxunurdu. Bundan əlavə, XX əsrin
əvvəllərində Türkiyə ilə əlaqələrin
güclənməsi də ortaq dil ideyasını gündəmə
gətirmişdi. Xüsusilə, Türkiyədə
təhsil almış Azərbaycan ziyalıları bu
ideyanın gerçəkləşməsi uğrunda
mübarizəsini qeyd etmək olar.
XX əsrin əvvəllərində həm Türkiyədə,
həm də Azərbaycanda milliyyətçi qüvvələr
türkçülüyü böyük bir hərəkata
çevirdilər. Bu hərəkatın ön-cülləri Yusuf
Akçura, Əhməd Ağaoğlu, Əli bəy
Hüseynzadə, Ziya Göyalp, İbrahim Şinasi, Namiq Kamal,
Bəkir Çobanzadə idi.
Əli bəy
Hüseynzadə "Həyat" qəzetinin 1905-ci il tarixli 7
saylı buraxılışında nəşr etdirdiyi "Qəzetəmizin
dili haqqında bir neçə söz" adlı məqaləsində
rus, ərəb və fars sözləri ilə Azərbaycan
dilini "çirkləndirənləri" kəskin tənqid
edərək bu yersiz alınmaların
qarşılığında türk sözlərinin işlənməsinin
ortaq dil birliyinə səbəb olacağını göstərirdi.
O, türk dilinin Avropa dilləri ilə rəqabət
gücündə olduğunu qeyd edirdi.
Ziya
Göyalp "Türkçülüyün əsasları"
əsərində "Dildə türkçülük"
adı altında yazırdı: "Türkiyənin ulusal dili
İstanbul türkcəsidir. İstanbulda iki cür türkcə
vardır: biri danışıldığı halda yazıla
bilməyən İstanbul ləhcəsi, digəri isə
yazıldığı halda danışıla bilməyən osmanlı dili... Osmanlı dilini
yoxmuş kimi bir kənara ataraq, xalq yazısının
qaynağını yaradan türk dilini ulusal dil hesab etmək
yetərlidir".
Ziya
Göyalp türklər üçün ortaq ədəbi dillə
bağlı qeyd edirdi: "Qısacası, İstanbul türkcəsinin
ulusal dil olaraq qəbul edilməsinə Avropa mədəniyyəti
içində bir türk mədəniyyəti
yaradılması üçün
çalışılması, bir türk ulusunun
doğması təməl olacaqdır. Beləcə,
osmanlı, özbək, qıpçaq, qırğız kimi
adlar bölgə adları kimi qalacaqdır".
XX yüzilin əvvəllərində ortaq dil birliyi
ideyasının tərəfdarlarından biri də Əhməd
Cavad idi. O,
İ.Qaspıralının Asiyada və Avropada
türk-tatarların "milli dilini, məktəbini, milli ədəbiyyatını"
anlatmaq arzusunu, bütün türk ləhcələrini birləşdirmək
üçün "Tərcüman" qəzeti (1883) nəşr
etdiyini, qəzetin "ümumi bir dil, həm də qa-yət
açıq bir dil qəbul etdiyini" ayrıca
vurğulayırdı. Əhməd Cavada görə,
"Tərcüman"ın qəbul etdiyi "Dildə, əməldə,
fikirdə birlik!" şüarı "bunun
üçündür ki, bu gün dünyadakı
bütün türklər yavaş-yavaş bir-birini
tanısınlar". Odur ki, şair
İ.Qaspıralının xidmətlərini belə qiymətləndirirdi:
"İsmayıl mirzə, Allahın əsirgədiyi və
sevdiyi millətlərə göndərmiş olduğu
peyğəmbərlərə bənzər iş
gördü".
Görkəmli
türkoloq alim Tofiq Hacıyev o dövrdə istifadə olunan
sözlərin əski Azərbaycan dilində də olduğunu
qeyd edərək yazır: "Türk dillərinin
diferensiasiyaya başladığı dövrlərdə
xatırlatdığımız qəbil sözlər həm
Azərbaycan, həm də türk-osmanlı dillərində
mövcud olmuşdur. Daha sonralar bu sözlər
Azərbaycan dilində arxaikləşmə yoluna
düşdüyü halda, türk-osmanlı dilində öz əvvəlki
leksik-semantik səlahiyyətlərini saxlayır. XIX əsrdə də, XX əsrin əvvəllərində
də bu sözlər türk ədəbi dilində fəal
şəkildə işlənirdi".
Ümumiyyətlə, ortaq ədəbi dil hər zaman bir
mübahisə mövzusu olmuşdur. Ona qarşı
çıxanlarla yanaşı, onu dəstəkləyənlər
də vardı. Bu məsələ
repressiya illərinin başladığı 1930-cu illərə
qədər davam etdirilmişdir.
Sovet
İttifaqının qurulmasından sonra bu ideyalar və
ideyalardan irəli gələn fəaliyyətlərə ara verilsə də, XX əsrin 90-cı illərində
bu hərəkat əvvəlki kimi yenidən geniş vüsət
aldı.
Sovet
İttifaqının süqutundan sonra İttifaqın tərkibindən
çıxan on beş respublika
ayrı-ayrı müstəqil dövlət olaraq dünya
elmində, siyasətində öz yerini aldı. Rusiya Federasiyası da daxil olmaqla, yeni yaranmış
respublikalar təhsildə, elmdə, incəsənətdə,
iqtisadiyyatda, ümumiyyətlə, bir çox sahələrdə
ümumdünya proseslərinə inteq-rasiya etməyə
başladılar. Bu proseslər türksoylu
xalqlar üçün yeni imkanların və əlaqələrin
yaranmasına səbəb oldu. Ölkələr
arasında elm, təhsil, iqtisadi əlaqələr sürətli
inkişaf yoluna çıxdı. Belə
ki, türk dünyasının mədəniyyət nazirlərinin,
incəsənət xadimlərinin, elm adamlarının və tədqiqatçıların,
univerisitet rektorlarının iştirakı ilə müxtəlif
mövzularda mütəmadi olaraq konfranslar, simpoziumlar təşkil
edildi. Bu tədbirlərdə gündəmdə
olan əsas məsələ türk xalqları-nın
anlaşa biləcəyi ortaq ünsiyyət dili ilə
bağlı idi. Keçirilən
konfranslarda türkdilli xalqlar arasında vahid əlifbanın,
ortaq ünsiyyət dilinin yaradılması mövzuları hər
zaman müzakirə obyekti olub.
Bu gün türk xalqları arasında iqtisadi, mədəni
və siyasi əlaqələr gündən-günə
yüksək səviyyəyə çatır. Türk
dünyasının önündə həll edilməli bir
çox problemlər dayanmaqdadır. Elm, mədəniyyət,
sənət, iqtisadiyyat, texnologiya və sair sahələrdə
qurulucaq əməkdaşlıqlar üçün əsas
şərtlərdən biri və birincisi ortaq ünsiyyət
dili və ortaq əlifba məsələsidir.
Ortaq ünsiyyət dili bütün türk xalqları
üçün anlaşılan vahid dil vasitəsinin tətbiqi
yolu ilə təmin edilə bilər. Eyni dildə
danışan insanlar ünsiyyəti, təbii ki, öz ana dillərində
qururlar. Ana dilləri fərqli olan və
bunun nəticəsində bir-birini başa düşməyən
insanlar isə ancaq bildikləri ortaq bir xarici dildə ünsiyyət
qurmaq məcbu-riyyəti qarşısında qalırlar.
Türk xalqların dilləri bir-birinə çox
yaxındır: Türkiyə türkcəsi Azərbaycan
türkcəsinə, qazax türkcəsi qırğız
türkcəsinə, özbək türkcəsi uyğur
türkcəsinə yaxındır. Lakin
Türkiyə türkcəsində qazax, türkmən, altay və
digər türkdilli xalqların bir-birini başa düşməsi
heç də asan deyil.
Türk xalqları arasında ortaq ünsiyyət dilinin
formalaşdırılması günümüzdə çox
böyük əhəmiyyət kəsb edir. Məhz bu
baxımdan türk xalqları arasında ümumi ünsiyyət
dilinin formalaşdırılması zəruridir. Bunun üçün isə ortaq əlifba,
lüğət tərkibi (sözlük), ortaq terminologiya
yaradılması, ortaq dərsliklərin hazırlanıb nəşr
edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Türk dünyasının dildə, fikirdə, əməldə
birliyinin təmin edilməsi zərurətini dilə gətirən
İsmayıl bəy Qaspıralının ideyaları bu
gün türk dövlətlərinin elmi, mədəni, siyasi
və iqtisadi əməkdaşlığı nəticəsində
gerçəkləşə bilər. Hazırda
bunun üçün olduqca əlverişli şərait
yaranmışdır.
Türk dünyasında, alimlər arasında ortaq
ünsiyyət dilinin hansı türkcə olacağı,
formalaşdırılması mövzularında bu gün
üçün bir vahid (qəbul edilən) bir fikir yoxdur. "ortaq türkcə",
"ortaq dil", "ortaq ədəbi dil", "ortaq
türk yazı dili", "ortaq ünsiyyət dili",
"ortaq türkcə" kimi terminlərlə ifadə edilən
və hər kəsin fərqli anlayışlar kimi qəbul etdiyi yanaşmaları
aşağıdakı şəkildə qruplaşdıra bilərik:
1.
Türk dillərinin bugünkü quruluşuna görə
ortaq bir ünsiyyət dilin yaradılmasının
mümkünsüzlüyü.
2.
Bütün türk dillərini əhatə edə biləcək,
hər dildən müəyyən ortaq xüsusiyyətlər
götürülməklə ortaq bir türkcənin
yaradılması.
3. Eyni
qrupa mənsub türk dillərinin öz daxilində ortaq bir
dil müəyyənləşdirmələri (Oğuz qrupunun
ortaq dili, qıpçaq qrupunun ortaq dili və s.).
4.
Türk dünyasında ortaq ünsiyyət dili kimi Türkiyə
türkcəsinin istifadə edilməsi.
Ortaq ünsiyyət məsələsi əlbəttə,
bu gün ən aktual məsələlərdən biridir. Ancaq
əfsuslar olsun, cəmiyyətimiz tərəfindən bu məsələ
bəzən yanlış ifadə olunduğu üçün
hətta bəzən elə yanlış fikirlər
eşidirik ki... Cəmiyyətdə belə bir
yanlış təsəvvür var ki, ortaq ünsiyyət dili,
ortaq türkcə dedikdə Türkiyə türkcəsini nəzərdə
tuturuq. Ümumiyyətlə, yaradılacaq ortaq dilə
hansısa bir türkdilli ölkənin dilinin hegemonluğu və
ya üstünlüyü aspektindən baxmaq olmaz.
Türk dünyasında ortaq ünsiyyəti həyata
keçirəcək bu dil (ortaq dil) bütün türk dillərinin
ortaq xüsusiyyətlərini özündə
daşıyacaq. Düşüncələrə
aşılanmalıdır ki, yaradılmasını istədiyimiz
ortaq ünsiyyət dili (Ortaq Türkcə) türkdilli ölkələr
arasında ancaq və ancaq ünsiyyətin təmin edilməsi
üçün nəzərdə tutulur. Burda müstəqil
qrammatikaya sahib bir dilin yaradılması nəzərdə
tutulmur.
Sevindirici haldır ki, bu gün türk
dünyasında ortaq ünsiyyəti dili funksiyasını
Türkiyə türkcəsi öz üzərinə
götürüb. Bunun isə bir çox səbəbləri
var: Türkiyə Cümhuriyyətinin əhalisinin sayı,
iqtisadi-siyasi gücü, türkdilli ölkələrlə
olan elmi, ədəbi, mədəni əlaqələri və
s.
Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə
türkcəsinin bu gün türk dünyasında ortaq dil
statusu qazanması digər türk dillərindən
üstün olması kimi qəbul edilməməlidir. Təmiz, saf türkcə prizmasından baxsaq, bu
gün Azərbaycan dili, Krım tatarcası, qazax türkcəsi
və digər türkcələr istər söz
ehtiyatının zənginliyi, istərsə də qrammatik
quruluşu və əlifbası baxımından ortaq dil olma
potensialına sahibdirlər. Burda əsas
diqqət edilməli məqam Türkiyənin bu gün türk
dövlət və topluluqları ilə bütün sahələrdə
olan əlaqələridir ki, Türkiyə Cümhuriyyəti
bu münasibətləri çox böyük həssaslıqla
və yüksək səviyyədə həyata keçirir.
Əslində, ortaq dil məsələsindəki
qarışıqlıqdan da uzaq durulmalıdır. Onsuz da bu
zamanla öz-özlüyündə həllini tapacaqdır.
Ortaq ünsiyyət dilinin
formalaşdırılması artıq günümüzün
türk dünyası üçün tələbədir. Bu,
bir zərurətdir. Türk dünyasının bir-biri ilə
ünsiyyəti üçün mütləq bir ortaq dilə
ehtiyacı var. Bu gün türk xalqları arasında iqtisadi,
mədəni və siyasi əlaqələr gündən-günə
daha da yüksək səviyyəyə çatır. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, bu əlaqələrin
daha da inkişaf etdirilməsi üçün türk
xalqları arasında əlçatan və səmərəli
ünsiyyət vasitəsinin yaradılaraq tətbiq edilməsi
olduqca zəruridir ki, bu da öz növbəsində,
türkdilli dövlətlərin və cəmiyyətlərin
bir-birinə daha da yaxınlaşmasına səbəb
olacaqdır.
Elçin İbrahimov
525-ci qəzet.- 2021.- 10 aprel.- S.9.