Zərifə Əliyeva dünyası
Azərbaycanın
müasir tarixində və dünya oftalmologiya elmi sahəsində
parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük
alim, akademik Zərifə xanım Əliyeva aprel ayında
dünyaya gəldiyi kimi, bu ayda da dünyasını dəyişib.
Lakin cahana həyat bəxş edən Günəş bir damla
suda əks olunduğu kimi, Zərifə xanım Əliyevanın
da uca adı, təkrarsız şəxsiyyəti, ali
insanlığı onun yadigar sözlərində,
işıqlı əməllərində öz əksini
taparaq yaşayır.
Bir insanın, qadına, anaya, ömür-gün yoldaşına, alim və vətəndaşa xas olan bütün mükəmməl cizgiləri özündə cəmləməsi, yalnız, Tanrı vergisi ola bilər. Əllərinin şəfası, dərin savadı, xüsusilə də, incə qəlbi, şəfqət, sevgi dolu rəftarı ilə minlərlə gözə nur verən Zərifə xanım Əliyeva, sözün əsl mənasında, Tanrı vergisinə sahib insan idi.
Zərifə xanım 98 il əvvəl, Azərbaycan dünyasının naxışı sayılan Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açanda kimsənin ağlına gəlməzdi ki, o, dünya tibb elmində yeni səhifə açan görkəmli həkim, akademik olacaq, qadın oftalmoloqlar arasında ilk dəfə akademik M.İ.Averbax adına Tibb Elmləri Akademiyasının mükafatına layiq görüləcək. Və ən əsası isə, Azərbaycan tarixinin möhtəşəm səhifələrinin yazılmasında xüsusi rol oynayacaq.
Orta məktəb illərindən başlayaraq özünün sonsuz çalışqanlığı və məsuliyyətli ilə seçilən Zərifə Əliyeva həm müəllimlərinin, həm də məktəb yoldaşlarının dərin rəğbətini qazanmışdı. Ailəsindəki mehriban münasibət, bir-birinə qayğı hissi özünü sinifdə də gözəl təcəssüm etdirirdi.
Tələbəlik illərində də Zərifə xanım öz qeyri-adi istedadı, yüksək intellekti və qabiliyyəti ilə seçilib. Tələbə yoldaşları onu çox sadə, nəzakətli, gülərüzlü, qayğıkeş bir insan kimi dərin hörmətlə xatırlayıblar hər zaman.
Tibb İnstitutunu bitirdikdən sonra çalışmaqla yanaşı, aspiranturada oxuyub və sonralar həmin institutda elmi işçi kimi fəaliyyətə başlayıb. Bu illərdə də Zərifə xanım öz ali, nəcib missiyasına sadiq qalaraq ordinatorlara da təmənnasız diqqət və qayğı göstərib, onların problemlərinin həllinə dəstək olub. Tələbə yoldaşı X.A.Rəcəbli qeyd edirdi ki: "Zərifə xanımın müasir cəmiyyətdə həkimin rolu və yeri ilə bağlı ideyaların öyrənilməsi, işlənib hazırlanması, inkişaf etdirilməsi və təbliği sahəsində apardığı böyük işi qeyd etməmək mümkün deyil. 1979-cu ildə Oftalmoloqlar Cəmiyyətinin Moskvada keçirilmiş iclasında Zərifə xanımın möhtəşəm çıxışını xatırlayıram. O, parlaq bir natiq kimi həkimin mənəvi tərbiyəsi, müasir tibb etikası və mənəviyyatı məsələləri haqqında çox maraqlı məruzə ilə çıxış etdi. Çıxışdan sonra Sovet oftalmologiyasının patriarxı, akademik M.M.Krasnov ona yaxınlaşaraq qarşısında baş əydi və əlindən öpüb: "Sözüm yoxdur! Heyranam!" - dedi.
Zərifə xanım Əliyevanın çalışdığı Qelmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu SSRİ-nin tanınmış elm mərkəzlərindən biri idi, orada ölkənin ən yaxşı oftalmoloqları toplaşmışdılar. Zərifə xanımın gələcək elmi fəaliyyəti üçün buradakı elmi mühit çox əhəmiyyətli idi. Bu mühitdə o, öz orijinal elmi yolunu tapmış və mühüm axtarışların istiqamətinə yönəlmişdi.
Rusiyalı məşhur oftalmoloq, tibb elmləri doktoru, professor Z.M.Skripçenko Zərifə xanım Əliyeva haqqında xatirələrində onu "Qoruyucu mələk" adlandıraraq deyir: "Bir dəfə Zərifə xanımla birlikdə həmkarlarımızın evində qonaq idik. O, yüksək intellektli adamların əhatəsində öz cəlbedici sadəliyi və həyat eşqi ilə seçilirdi: fortepianoda musiqiyə xüsusi rəng verərək populyar melodiyalar, rəqslər ifa edirdi... Zərifə xanım dinləyiciyə əsərin varlığını, mahiyyətini çatdırmağı bacarırdı.
Zərifə Əliyevanın tələbələri ona professionallığın və müdrikliyin canlı nümunəsi olan professor kimi baxırdılar. O, həmişə məntiqli və eyni zamanda, səmimi danışırdı, yüksək nitq mədəniyyəti ilə seçilir və tələbələrində xüsusi həvəs yaradırdı".
Zərifə xanım əsl azərbaycanlı qızı kimi milli mühitdə, xalqımıza xas ən ülvi dəyərlərlə zəngin əhatədə böyümüşdü. Atası - görkəmli alim və ictimai-siyasi xadim Əziz Əliyev ailəsi ilə birlikdə, İrəvanda yaşayan əksər azərbaycanlılar kimi, qaçqınlıq taleyilə üzləşərək Naxçıvana köçmüşdü. Hamının rəğbət və hörmət bəslədiyi Əliyevlər ailəsi bütün qohum-əqrəbanın, dost-tanışın ümid ünvanı, pənah yeri idi. Zərifə xanımın xarakterində olan qayğıkeşliyi, mehriban münasibəti, imkansızlara yardım əli uzatmağı irsi və fitri keyfiyyət olmaqla bərabər, həm də belə mühitdə böyüdüyü üçün formalaşmışdı. Anası Leyla xanım bəy qızı olmağına baxmayaraq, vaxtsız gələn qonaqları belə, gülərüzlə qarşılayar, zəhmətlərinə qatlaşar, ümidsiz yola salmazmış. Zərifə xanım da anası Leyla xanımda olan bütün bu kimi müsbət keyfiyyətləri ondan miras alaraq layiqincə yaşadıb.
Tale gənc həkim Zərifə xanımı o zaman Təhlükəsizlik sistemində zabit kimi xidmət edən Heydər Əliyevlə qarşılaşdırdı. Bu ülvi münasibət əslində, Azərbaycanın müasir mənəvi və ictimai-siyasi tarixində böyük dönüş nöqtəsi oldu. Zərifə Əliyevanın taleyinə daha bir ali missiya - Heydər Əliyev kimi dahi şəxsiyyətin, müdrik dövlət başçısının həyat yoldaşı, əqidədaşı olmaq yazıldı. Və o, bu möhtəşəm missiyanı öz zərif, ancaq dəyanətli çiyinlərində ömrü boyu sonsuz qürurla, tükənməz fərəhlə daşıdı. Çağdaş müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lideri mövqeyinə yüksəlmiş Heydər Əliyevin bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı.
Analıq kimi ali missiya da Zərifə xanımın şəxsində özünün yeni bir parlaq nümunəsini qazandı. Onunla Heydər Əliyevin müqəddəs ailə ocağında dünyaya gələn Sevil xanım Əliyevanın şəxsində çağdaş Azərbaycan qadınlığının son dərəcə nəcib, dəyərli obrazını görürük. Bu möhtəşəm ailənin ikinci övladı olan cənab İlham Əliyev isə Azərbaycanı yeni yüksəliş mərhələsinə yüksəldən görkəmli siyasi lider, müdrik dövlət xadimi, torpaqlarımızı işğaldan qurtaran müzəffər Ali Baş Komandanımızdır.
Çox təəssüf ki, amansız ölümün bizdən erkən qopardığı Zərifə xanım Əliyeva onun dahi ömür-gün yoldaşı Heydər Əliyevin və əziz oğlu İlham Əliyevin rəhbərliyilə müasir Azərbaycanda baş verən misilsiz dəyişikliklərin, yüksək inkişafın canlı şahidi ola bilmədi. Lakin heç şübhəsiz, onun işıqlı ruhuna əyan oldu ki, Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edərək dövlətçiliyimizin möhkəm təməlini qoydu, ölkəmizi geniş, davamlı inkişaf yoluna çıxardı. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu aydın yolu böyük uğurla davam etdirərək tariximizin ən parlaq səhifələrinə fateh sərkərdə, qalib rəhbər kimi imza atdı. Heç şübhəsiz, Zərifə xanımın saf ruhu sonsuz bir sevinc duyur ki, onun qəlbən bağlı olduğu, bütün varlığı ilə sevdiyi Azərbaycan indi dünyanın ən güclü dövlətlərindən biri, doğma xalqı isə azad edilmiş torpaqlarında yaşayan, öz müdrik rəhbərinə ürəkdən inanan xoşbəxt xalqdır. Sözsüz ki, unudulmaz Zərifə xanım Əliyevanın pak ruhunu sevindirən çox mühüm bir cəhət də var: Ulu öndər Heydər Əliyevlə Zərifə xanımın müqəddəs ocağının işığı, hərarəti Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində bütün Azərbaycana yayılıb.
Mehriban ABDULLAYEVA
Pedaqogika elmləri namizədi
525-ci qəzet.- 2021.-21 aprel.- S.12.