"Filologiya sənətşünaslıq" çapdan çıxıb

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi jurnalı olan "Filologiya və sənətşünaslıq" dərgisinin 2020-ci ilə aid ikinci sayı nəşr edilib.

 

Jurnalın təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasıdır və 2019-cu ilə qədər "Xəbərlər" (Humanitar elmlər seriyası) adı ilə çap olunub. "Filologiya və sənətşünaslıq" elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. "Elm" nəşriyyatında çap olunan jurnalın baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Nəşrin məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubovadır. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir. "Filologiya və sənətşünaslıq" jurnalının beynəlxalq redaksiya heyətində Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri yer alıblar.

 

Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.

 

Akademik İsa Həbibbəylinin "Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri" məqaləsi ilə açılan bu say "Ədəbiyyatşünaslıq", "Dilçilik", "Sənətşünaslıq", "Resenziyalar", "Yubileylər" və "Xronika" bölmələrindən ibarətdir. "Bələdçi" Azərbaycan, ingilis və rus dillərindədir.

 

Nadir Rzalı

 

525-ci qəzet.- 2021.- 21 aprel.-S.13.