Ermənilərin ürəyinə çəkilən qənimətlər dağı

 

 

Azərbaycan ordusunun Ermənistanın işğalçı qüvvələrinə qarşı 2020-ci ilin 44 günündə apardığı müharibə böyük qələbə ilə nəticələndi, özünün məğlubedilməzlik illüziyası ilə öyünən və orta əsrlər ordasını yada salan bu hərbi qüvvə tarmar edildi, işğal etdiyi ərazilərdən qovuldu.

 

Hərbdə məğlubiyyət qalibin düşməni alçaltmasının ən ali əlamətidir. Sonradan ona vurulan zərbənin xatırladılması heç də insan ləyaqətinin tapdanması olmayıb, sadəcə düşmənə edilən xəbərdarlıqdır ki, bir də ağılsız ideyalara, özünü məhvə aparan istəklərə həvəs göstərməsin.Vəziyyəti yenə də düzgün qiymətləndirməyi bacarmasa, özünə daha dərin fəlakət quyusu qazacaqdır. Həm də qalib xalqa  onun oğullarının fədakarlığını, döyüşlərdəki igidliklərinin əyani nəticəsini nümayiş etdirmək, yəqin ki, şərəfli bir iş sayılmalıdır.

 

Bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkının açılması təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına qazanılmış qələbənin əhəmiyyətini göstərməklə yanaşı, onu reallığa çevirənlərin gələcəkdə ən uca yerdə möhtəşəm abidəsinin qoyulacağına yönəldilmiş ilk addım sayılmalıdır. Qələbə bu günün işi, mərd vətəndaşlarımızın gerçəkliyə bəxş etdikləri töhfə xarakteri daşımaqla, həm də gələcək nəsilləri də düşmənə qarşı ayıq dayanmağa və onun istənilən təhlükə yaratmaq həvəsinə tutarlı cavab verməyə hazır olmağa səsləyir. Xalqın öz ordusunun çaldığı qələbə ilə, uzun illər ərzində həsrətlə gözlədiyinin baş tutması ilə öyünməyə, sevinc hissləri keçirməyə tam haqqı vardır. Heç kəs qalibə bayram etməyi qəbahət saymadığı kimi, məğlub olan tərəfə də ağı deməyi, matəm saxlamağı qadağan etmir.

 

Ordumuz hərbi qüdrəti hesabına haqq işi gördü, işğalçı düşməni öz torpaqlarından qovdu, dövlətinin ərazi bütövlüyünü bərpa etdi. Uzun illər ərzində bizə hüznümüzü bölüşdürmək, dərdimizə şərik olmaq ifadələri ilə yanaşı, həm də səbirli olmaq, məsələni yalnız dinc yolla həll etmək barədə çağırışlar edilirdi, bu nəsihətlər işğalı əbədiləşdirmək cəhdi olmasa da, ən azı ona orta insan ömrü qədər uzatmağa nail olmaq istəyi ilə yanaşı, düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Həm də çoxları Azərbaycanın iqtisadi və maliyyə yüksəlişlərinin şahidi olduqları halda, onun düşməni əzəcək hərbi qüdrətə yiyələnəcəyinə şübhə ilə baxırdı, xüsusən xaricdəki erməni diasporları elə güman edirdilər ki, işğal olunmuş ərazilər Suriyanın Qolan yüksəkliyi qaydasında hələ uzun illər düşmən tapdağı altında qalacaqdır və fikirləşirdilər ki, nə vaxtsa fövqəldövlətdə yeni bir Tramp da meydana gəlib, həmin ərazilərin Ermənistana mənsub olduğu barədə beynəlxalq qanunlara tam zidd bir sərəncam imzalayacaqdır.

 

Lakin Ermənistanın və onun havadarlarının belə xəyalları puç oldu, 2016-cı ilin bir neçə gün davam edən aprel döyüşlərindən sonra işğalçını qaçılmaz fəlakət gözlədiyini anlamağa başladılar. 2020-ci il sentyabrın 27-də isə atəşkəs xəttində ermənilərin aramsız həmlələrinə cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduya hücum əmrini verdi. Döyüşlərin gedişi, bütövlükdə müharibənin nəticəsi göstərdi ki, həmin addımı atmaq üçün hərtərəfli hazırlıq görülmüş, düşməni darmadağın etməyin yolları və vasitələri iti ağılla, tam dəqiqliklə hesablanmışdır. Əgər 1990-cı illərin əvvəllərində siyasi başıpozuqluq, anarxiya meyilləri, hakimiyyəti qəsb etmək istəyi çox güclü idisə və bunlar da məğlubiyyətə yol göstərən nişan dirəyi rolunu oynayırdısa, son illərdə Azərbaycanda siyasi sabitlik bərqərar olmuş, hakimiyyətin hərəkət vektoruna, siyasi və hərbi məsələləri həll etməyə mane olmağa qadir olan neqativ hallar bütünlüklə sıradan çıxmışdı. Əgər 1992-ci ilin fevralında Xocalı soyqırımının xalqdan gizlədilməsi cəhdi edilmişdisə və bu ağılsızlıqdan hakimiyyəti dəyişməyin əlverişli vaxtının gəldiyi ilə əlaqədar olan fürsət heç də əldən verilməmişdi. 2020-ci ildə isə Azərbaycandakı möhkəm dayaqlara söykənən prezidenti idarəetmə üsulu öz üstünlüyünü bütünlüklə göstərdi.

 

Digər mühüm bir cəhət isə xalqın birliyi, torpaqların işğaldan azad olunması üçün hər cür əziyyətlərə qatlaşmağa və qurbanlar verməyə hazır olmağın olduqca güclü siyasi və sosial faktora çevrilməsi idi.

 

Müharibəyə heç də kor-koranə deyil, qüvvələr nisbətinin və iqtisadi-hərbi potensialın düzgün qiymətləndirilməsi əsasında başlanmışdı. İlk günlər gedən döyüşlər göstərdi ki, Azərbaycan ordusu hərtərəfli böyük üstünlüklərə malikdir və düşmən təzyiqə davam gətirməyib, geri çəkilməyə, qaçmağa üz tutur. Bibliyadakı İerixonun məğlub edilməsi səhnəsi yada düşürdü. İosif Navinin çaldığı trubanın səsi şəhərin divarlarını uçurtmuşdu. İndi isə Azərbaycan oğullarının nərəsi və hərbi ustalığı düşmən ordusunun canına vəlvələ salmışdı. Ermənilər ilk dəfə idi ki, onun üstünə gələn aslan dəstələrini görürdülər.

 

Vaxtilə, 1960-cı illərin əvvəllərində Xankəndinə (o vaxtkı Stepanakertə) gedən yolda pəncəsində donuz balasını boğan aslanı təsvir edən bir heykəl var idi. Sonralar onu postamentdən götürdülər. Səbəb də o olmuşdu ki, guya iki millətin  bir-birinə pis münasibəti heykəldə öz əksini tapmışdır. Altı onillikdən sonra Azərbaycan ordusunu təşkil edən şir ürəkli oğlanlar işğalçılara divan tutub, onun sağ qalmış cılız qalıqlarını doğma ərazilərdən qovdular.

 

Ermənistan rəhbərliyi işğalın ömrünü uzatmaq üçün hər cür hiyləgərliklərə əl atır, torpaqlarımızı azad etmək istəmirdilər. Onlar Madrid prinsipinə, mahiyyətcə onun təkrarı olan sonrakı Kazan formuluna məhəl qoymadılar, bu sənədlərdə isə əvvəlcə beş rayonun ərazilərinin erməni qoşunlarından azad olunması nəzərdə tutulurdu. 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın vuruşda qələbə çalmasının real təhlükəyə çevrilə biləcəyini nəzərə alıb, ermənilər təşvişə düşdülər. Bu, əslində təbil səsi siqnalı idi. Onlar anlamırdılar ki, ölkələrində çalınacaq növbəti musiqi rekviyem olacaqdır.

 

2020-ci ilin 27 sentyabrında başlanan müharibədə isə ağır vəziyyətə düşən Ermənistan rəhbərliyi Rusiya vasitəsi ilə Kazan formuluna qayıtmağa razılaşdığını bildirdikdə, Azərbaycan Prezidenti mərhələli planı nəzərdə tutan həmin təklifi rədd etməklə yeddi rayonun hamısının azad olunmasını tələb etdi, lakin əks tərəf yenə kar qalmaqda davam etdi. Yalnız Ermənistan ordusu məhv olmaq təhlükəsi ilə üzləşdikdə, diz üstə çöküb, bütün şərtləri qəbul etdiyini bildirməklə Azərbaycandan müharibəni dayandırmağı yalvardı.

 

Uzağı görməyi bacarmayan Ermənistan rəhbərliyindən fərqli olaraq, Prezident İlham Əliyev öz ölkəsində gedən iqtisadi-hərbi inkişafın dinamikasına yaxşı bələd olduğundan müharibəni dəqiq müəyyən edilmiş bir vaxtda başlamaq barədə əmr vermişdi. O, çox sayda və müxtəlif çalarda olan cəhətləri nəzərə alaraq, bu addımı atmışdı və nəticənin uğuru ilə bütün xalqı sevindirdi.

 

Ermənilərin gecikmiş təklifi rədd edilərkən, yəqin ki, tarixə də nəzər salınıb, onlara belə kəskin cavab verilmişdi. Bizim eradan əvvəl 333-cü ildə İss döyüşündən əvvəl Persiya  çarı III Dara Makedoniyalı Aleksandrın hücumundan qorxub, ona çoxlu qızıl təklif etdi ki, ölkəsinə toxunmasın. Böyük Aleksandr təklifi aldıqda, təcrübəli general, atasının yanında da xidmət etmiş Parmeniondan nə etmək lazım olduğunu soruşduqda, bu təcrübəli adam məsləhət gördü ki, təklif olunan böyük miqdarda qızılı qəbul etmək və vuruşa girməkdən imtina etmək lazımdır. Ona  Aleksandr belə cavab verdi:

 

- Mən Parmenion olsaydım, qızılı qəbul edərdim, ancaq mən Makedoniyalı Aleksandram, vuruşu seçirəm.

 

İss döyüşü Aleksandrın böyük qələbəsi ilə nəticələndi. III Dara var-dövlətini atıb qaçdı, arvadı və qızları Makedoniya sərkərdəsinə əsir düşdü.

 

Azərbaycanın siyasi rəhbərliyi həm də güclü şahmatçı kimi bütün gedişləri nəzərdən keçirmiş, ev tapşırıqlarını ustalıqla yerinə yetirmişdi. Şəraitə təsir göstərə biləcək qüvvələrin də işə qarışmaq imkanları hərtərəfli götür-qoy edilmişdi. Rusiya Azərbaycanın ərazi bütövlüyünü təkcə sözdə deyil, Ermənistan rəhbərliyinə göstərdiyi təsir məqamlarında da daim müdafiə etmişdi və öz mövqeyindən heç də geri çəkilməyəcəkdi. ABŞ-ın isə başı prezident seçkiləri kampaniyasına qarışmışdı. Minsk Qrupunun digər həmsədri olan Fransanın ermənipərəst mövqeyi onsuz da hansısa bir deformasiyaya uğramayacaqdı. Ona görə də əlverişli vaxtı əldən vermək olmazdı və düzgün qərar verməyə ölkə liderinin cəsarəti və iradəsi bütünlüklə çatdı.

 

 

 

Ermənistan rəhbərliyi isə daim xülyalarla yaşamağa üstünlük verir, başqa dövlətin ərazisinə olan iddialarından əl çəkmirdi. Özgə torpaqlarının virtual qaydada onun olması illüziyası ermənilərin çoxdankı hallüsinasiyasının bəhrəsi idi. Ermənistan Türkiyə ərazisində olan Ararat dağını özününkü hesab edib, lap çoxdan dövlət gerbində onun təsvirini vermişdi.Bu dağla da ermənilər daim olduğu tək özlərini qədimiləşdirməyə can atırlar, axı Bibliyaya görə, dünyanın üzünü su alanda Nuhun xilasedici gəmisi Ararata gəlib çıxmışdı və orada quru yerin olduğunu bilmişdi. Ermənilər hətta Nuhun (Noyun) şərəfinə yüksək markalı brendlərini "Noyak" adlandırmışlar. Türkiyə isə öz adətinə sadiq qalaraq, Araratı Ağrı dağ adlandırmışdı. Türklər Aralıq dənizini də Ağ dəniz adlandırırlar və dünya buna etiraz etmir. Dağın təsvirini gerbə salmaqla özgə ərazisini ələ keçirmək qeyri-mümkündür.

 

Yaxşı haldır ki, bəzi vicdanlı müasir erməni tarixçiləri keçmiş saxtakarlıqlarla razılaşmayıb, onları ifşa edirlər. Filipp Ekzoyants orta əsir erməni tarixçisinin Dərbəndin Ermənistan ərazisi olması barədəki yalanını üzə çıxarmışdır, o, XIV əsrdə yazdığı kitabda bu saxtakarlığa yol vermiş, özü də guya Mark Poloya istinad etmişdi. Farsca  "bağlı qapı" mənasını verən Dərbəndin Ermənistana heç bir aidiyyəti  olmamış, daim azərbaycanlıların qədim şəhəri kimi tanınmışdır. Müasir erməni tarixçisi bunu qeyd etməklə yanaşı, həm də məsləhət görmüşdür ki, gəlin bu səfehliklərdən imtina edək.

 

Ermənilər daim Ararat dərdi ilə yaşayırdılar, indi də onun üstünə Bakıdakı Hərbi Qənimətlər Parkından irəli gələn hüzn əlavə olundu. Dərd çəkməyi sevən xalq kimi, buna səbəb tapmaqla özünə problem yaratdığından, ermənilərin bu xüsusiyyətini tərgitməsi də mümkün deyildir.

 

Qələbədən bir ay sonra, 2020-ci ilin 10 dekabrında paytaxt Bakıda Zəfər paradı keçirildi, təntənəli mərasimdə Prezident İlham Əliyev və Azərbaycanın sədaqətli dostu, beynəlxalq aləmdəki cəsarətli siyasi addımları ilə seçilən Türkiyənin Cümhur başqanı Rəcəb Tayyib Ərdoğan təbrik nitqi ilə çıxış etdi. Yarım ilə yaxın vaxtın keçməsinə baxmayaraq Qələbə ruhu yaşamaqda davam edir.

 

Prezidentin sərəncamı ilə bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkı açıldı və Vətən müharibəsi Memorial Kompleksinin, həmçinin Zəfər muzeyinin yaradılması qərara alındı. Qələbə müzəffər ordumuzun böyük döyüş hazırlığı, əsgər və zabitlərin igidliyi, həm də çox sayda qurbanlar verilməsi və yaralıların meydana gəlməsi hesabına əmələ gəldiyindən, gələcək nəsillərin bunu bilməsi üçün onun əbədiləşdirilməsi tədbirləri olduqca düzgün işdir. Persiyanın məşhur çarı I Dara öz ölkəsi üçün, həqiqətən, böyük işlər gördüyünə görə, onun xidmətləri Bisütun dağında qayaya həkk olunmuşdu. I Dara özündən əvvəlki Persiya çarı Böyük Kirin işini böyük ustalıqla davam etdirmişdi. Azərbaycanın da Vətən müharibəsindəki qələbəsi bu tədbirlərin köməyi ilə yaddan çıxmayacaq, digər maddi və bədii abidələrdə də hökmən öz əksini tapacaqdır.

 

Hərbi Qənimətlər Parkında nümayiş etdirilən eksponatların çoxluğu və qiymətliliyi onların belə kütləvi nümayişinə haqq qazandırır. Bu silahlar döyüş cəbhəsində düşmən ordusunu darmadağın etməklə əldə edilmişdir. Qənimətlər sayca olduqca çoxdur və məhv edilənlərin isə onlardan ən azı 3-4 dəfə, bəzən hətta 10 dəfə çox olması ordumuzun hərb salnaməsini daha da zənginləşdirir. Onların birlikdə dəyəri 5 milyard dollara bərabərdir. Növlərin adlarını sadaladıqda, onların nə qədər çox olduğu daha aydın nəzərə çarpır. Burada düşməndən götürülmüş "qrad"lar, toplar, tanklar və digər adlarda olan hərbi texnika vardır. Həm də artilleriya qurğuları, minaatanlar, qumbaraatanlar, zenit qurğuları, minlərlə atıcı silah götürülmüşdür. Çox sayda komanda məntəqəsi və sursat anbarı dağıdılmışdır. Erməni generallarının çox güvəndiyi "Su-25" təyyarəsinin beşi məhv edilmişdir. Qənimət kimi götürülən hərbi avtomobillərin sayı isə hesaba gəlmir.

 

Texnikadan əlavə, erməni əsgərlərinin geyimləri, qumqumaları nümayiş etdirilir. Parkın açılışında iştirak edən Prezident düşmən əsgər və zabitlərinin kaskalarından qurulmuş uzun iki divarın arası ilə addımlayıb, keçmişdir. Bu bədbəxt kaskaların yiyələri Ermənistanın azğın rəhbərliyinin günahı üzündən, başqa torpaqları tutub, onları qorumaq naminə öz həyatlarını qurban vermişlər.

 

Parkda həmçinin erməni raketlərinin zərbəsi ilə döyüş səhnəsindən uzaqda olan şəhərlərimizdəki mülki yaşayış evlərinin dağıdılması nümayiş etdirilir.

 

Ermənistanın baş naziri Nikol Paşinyan parkın açılışını narazılıqla qarşılamış, onu qələbədən eyforiyaya qapılmaq əlaməti kimi qiymətləndirmişdir. Onun bəyanatları havada uçan yarpaqları xatırladır. Vaxtilə, Qarabağ məsələsinin güc vasitəsilə həlli yoxdur deyə, özündən razı qaydada bu diletant ideyanı irəli sürmüşdü. Azərbaycan rəhbərliyi isə otuz ilə qədər səbir nümayiş etdirdikdən sonra məhz güc tətbiq etməklə, hərbi yolla problemi birdəfəlik həll etdi.

 

Park kiçik bir sahədə- 5 hektarda yerləşdirilmişdir. Lakin mahiyyətcə ərazilərin bütünlüklə necə azad olunması barədə əyani təsəvvür yaradır. Özü də yaxşı haldır ki, Xocalı qətliamına həsr olunmuş abidənin yaxınlığındadır və işğal niyyətinə düşənlərə xəbərdarlıq edir ki, nəticə etibarilə aqibətiniz belə olacaqdır.

 

Digər tərəfdən, belə təcrübələr az deyildir.1812-ci il Vətən müharibəsi, Napoleonun ölkədən qovulması Moskvadakı böyük Panoramada, Sevastopoldakı diaramada isə 1853-1856-cı il Krım müharibəsində şəhərin müdafiəsində dənizçilərin və rus əsgərlərinin qəhrəmanlığı təsvir olunur və heç kəs onu qələbədən eyforiyaya düşmək kimi qiymətləndirmir. Krım müharibəsində isə, əslində, ruslar məğlub olmuşdular.

 

Paşinyanı hiddətləndirən, xüsusən əsgər və zabitlərin hərbi geyimdəki manekenlərinin Madam Tyusso muzeyindəki kimi dəqiqliklə nümayiş etdirilməsidir. Onlar 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında cəzasız gəzirdilər, lakin axır ki, layiq olduqları cəzaya çatdılar və Qənimətlər Parkının biabırçı eksponatına çevrildilər.

 

Qoy ermənilər bu sərgidən deyil, özlərinin başabəla liderlərindən incisinlər, onlardan cavabdehlik tələb etsinlər. Azərbaycan ordusu qənimətləri götürmüşdür və bu, yəqin ki, erməni generallarının heysiyyətinə toxunur. Ancaq bu azdır, onlar və siyasi liderlər layiqli cəzalarına çatdırılmalıdırlar.

 

Ermənistan rəhbərliyi, qatı millətçiləri və ordusu son 30 ildə ən ağır cinayətlərə əl atmış, azərbaycanlıları kütləvi faciə səhnələrini yaşamağa  məcbur etmişdilər. Onlar döyüşdə çox sayda gəncləri qırmış, mülki əhaliyə - qocalara, qadınlara və uşaqlara da aman verməmişdilər. Öz xalqının gənc övladlarını da hərb qəssabxanasına göndərməkdən çəkinməmişlər. Qətlə yetirilən və həlak olan azərbaycanlıların, həmçinin məhv edilmiş erməni gənclərinin ruhları onları bağışlamayacaqdır. Günahsız qətliam qurbanları olan insanların ruhu isə, nə qədər ki, onlar sağdır, daim onlara lənətlər yağdıracaqdır. Bəlkə də, bu, bir qədər mistik görünür, lakin ermənilərin törətdikləri qırğınların dəhşəti hətta mistikaya da müraciət etmək lüzumunu yada salır. Lənətlər sözün sehrli gücünə inamdan yaranır və qarğışın həyata keçməsi üçün həm də Tanrıdan kömək diləməkdə ifadə olunur. Lənətlər vasitəsilə cəzaya layiq olan cinayətkara qisas şəklində cavab verilməsi arzulanır. İnsanlar antik dövrlərdən lənətlərdən çox istifadə edirdi, indi də Göylərə inamı olanlar qətl nəticəsində həyatdan gedən ərəfədə bu vasitəyə əl atmalı olurlar. Və qəribə görünsə də, lənət də öz işini görür, qisas alınması ünvanının cəzaya məhkum edilməsi isə çox hallarda ən azı məntiqi qaydada onun nəticəsi kimi qəbul edilir.

 

Qədim yunan mifologiyasına görə, Fiva çara Layın, onun arvadı İokastanın oğlu olan Edipin gələcəkdə atasının qatili və anasının əri olacağını orakul xəbər vermişdi. Ona görə də atası körpəni məhv etmək üçün vəhşi heyvanlara yem olmağa atdı, çobanlar körpəni tapıb, övladsız olan Korinf çarına verdilər və burada o, çarın oğlu kimi tərbiyə edildi. Gənc Edip arabada gedərkən yol ayrıcında digər arabadakı bioloji atası Layla rastlaşdıqda yol vermək üstündəki sözləşmədə öz atası olduğunu bilmədən onu vurub öldürdü. Sonra onun yerinə burada çar oldu və heç nədən şübhələnmədən çarın dul arvadı olan öz anasına evləndi. Həqiqət aşkar olduqda Edip özünü kor etdi. Anasından olan oğlanları onu təhqir edəndə onları lənətləyərək, özü sürgünə yollandı.

 

Erməni qatı millətçiləri çar Edipi andırırlar, onlar öz iyrənc niyyətləri naminə bilərəkdən bütün cinayətlərə hazırdırlar, mif qəhrəmanı isə öz cinayətləri baş verməmişdən əvvəl onlardan hali deyildi. Onlar öz çirkin ideyalarına və əməllərinə görə lənətə layiq olduqları halda, onların iç üzünü açanları lənətləyirlər. Əslində isə ən ağır cəzaya layiqdirlər. Çünki daim başqa qonşu xalqlara quyu qazmaq istəyirlər, çox hallarda isə ilk növbədə öz xalqını fəlakətə sürükləyirlər. Onlar onsuz da yarasa kimi kordurlar, ağıllarında dəyişiklik baş verməsə, buna isə ümid çox azdır, daha böyük cinayətlərə yol verə bilərlər.

 

Günahsız insanlar həyatdan məhrum olduqlarına görə onları lənətləmiş, cəzaya çatdırılmaları barədə Allaha yalvarmışdılar. Lənətlər də bəzən arzu etdiyinə çatır. Buna faktiki misallar da vardır. XIV əsrin əvvəllərində Fransada Tampliyer ordeninin üzvləri təqib edilməyə, zindanlara atılmağa, dinsizlikdə ittiham edilməyə başlanıldı. Onların əmlakları müsadirə edildi, şeytan ordenlərinin ibadətlərini icra etməkdə ittiham edildilər. Kral Qəşəng IV Filipp Tampliyer ordenini darmadağın etdi. İnkvizisiya  məhkəmə prosesinə başlayıb, iddia edilən saxta cinayətləri işgəncələr yolu ilə etiraf etməyə onları məcbur etdi. Roma papası V Kliment nəinki ordeni ədalətsizlikdən müdafiə etmədi, əksinə, kralın təzyiqi ilə ordeni ləğv etdi.

 

Fransada Tampliyer ordeninin qrossmeysteri Jak de Mole işgəncə altında iddia edilən saxta günahını etiraf etmişdi, lakin sonra öz etirafından imtina etdi və 1312-ci ildə tonqalda yandırıldıqdan əvvəl Allaha müraciət edib, günahsız olduğunu deyib, ədalətsizlik edənlərin cəzalandırılmasını xahiş etdi və bu, onun lənəti hesab olunurdu. Lənət heç də yerdə qalmadı, iki il sonra Roma Papası öldü. Elə həmin il Fransa kralı da ovda həlak oldu. Tampliyer Ordeninin Fransadakı liderinin lənəti az sonra gerçəkliyə çevrildi.

 

Günahsız qırğına məruz qalan azərbaycanlı qocaların, qadınların, uşaqların lənət müraciətləri də təsirsiz qalmadı, 2020-ci ilin payızının 44 günü ərzində Ermənistan ordusu darmadağın edilməklə, bu dövlətin siyasi, iqtisadi, hərbi və sosial həyatına ağır zərbə vuruldu. Ermənistan rəhbərliyini və qatı millətçilərini bu layiqli cəzaya məhz Azərbaycan ordusu çatdırdı.

 

İndiyədək Bakının Qız Qalası və müasir Alov qüllələri kimi xalqın yaradıcı istedadından xəbər verən rəmzləri var idi, indi isə onlara Hərbi Qənimətlər Parkı timsalında qəhrəmanlıq rəmzi əlavə olundu. Burada nümayiş etdirilən qənimət götürülmüş hərbi texnika və düşmən hərbçilərinin manekenləri və kaskaları sərgisi Azərbaycan əsgərlərinin, (ingilislər sərkərdəni də əsgər adlandırırlar), ağlı, iradəsi, şücaəti və döyüş igidlikləri hesabına əldə edilmişdir. Qəhrəmanlarımız, indi hətta torpağa gömülənlər də daxil olmaqla göz önündədirlər. Parkı ziyarət edənlərin onların rəşadətinə baş əyməsi, düşməni diz çökdürənlərin hamısına ehtiram əlaməti olacaqdır. Xalq iftixarla deyəcəkdir ki, bizim də Əl-Alameynimiz, Stalinqradımız vardır. Şuşa əməliyyatı isə XXI əsr döyüşünün təkrarolunmaz nümunəsi kimi tanınacaqdır. Gələcək nəsillər qəhrəmanları rəvayətlərdə axtarmayacaq, Qarabağ döyüş səhnəsində igidlik göstərənlərin, düşməni mərdliklə əzənlərin şəxsində görəcək, onların nəslindən olmaları ilə fəxr edəcəklər. Vətən müharibəsindəki ordumuzun, xalqımızın zəfəri sönməz günəş kimi gələcək tariximizə də daim işıq salacaqdır.rası münasibətlərin inkişaf etdirilməsində ədəbi-mədəni təcrübə mübadiləsinin xüsusi yer tutduğunu vurğulayıb. Səfir Q.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairlə bağlı fikirlərindən sitat gətirərək, Nizami Gəncəvinin zəngin yaradıcılığının bəşər mədəniyyətinin böyük nailiyyəti kimi müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb, ölməz sənətkarın ədəbi irsinin malayziyalı geniş oxucu kütləsi tərəfindən yad edilməsinin vacibliyini qeyd edib. Səfir bildirib ki, məqalənin dərc olunduğu qəzet nüsxələrinin "Utusan Malaysia" redaksiyası tərəfindən Kuala Lumpur Universiteti, Malayziya Beynəlxalq İslam Universiteti, Malayziya Beynəlxalq Müdafiə Universiteti, Beynəlxalq İslam Kolleci kimi aparıcı təhsil müəssisələrinin kitabxanalarına göndərilməsi təşəbbüsü xüsusilə təqdirəlayiqdir.

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 21 aprel.- S.14-15