Dil avtomatizmi

 

Terminoloji açıqlama

 

"Avtomatizm" özü edən, özü törədən anlamını verir. İnsanın nəyisə avtomatik etməsi, deməsi odur ki, bu davranışlarında bilinc, istəm (iradə, yəni istəyib etmək təpəri) iştirak etmir. İnsanın qeyri-ixtiyari, yəni bilməzə, bilincsiz olaraq nəyisə etməsinə "avtomatik etmək" deyirlər.

 

Onu da söyləyim ki, insanın iş-gücündə avtomatizmə çatması böyük yetənəkdir. Bütün rəqqaslar, çalğıçılar, Konq-fu döyüşçüləri və başqa döyüşçülər eyləmlərində avtomatizmə çatanda ustad olurlar.

 

Çalğını necə avtomatizmə çevirmək olur? Öncə öyrənəndə barmaqlarını bilincdən gələn komandalar idarə edir: filan barmağını filan dilə bas, indi o birsinə. Öyrənən min dəfə bunu edəndən sonra avtomatizmə yetişir. Yəni işini şüur, bilinc yox, bədənin, barmaqların özü və ya əzələ yaddaşı idarə edir. Bilinc edəndə bilincdən dolanıb gəlmək, yəni dolayısılıq yaranır. Deməli, məsafə uzanır. Konq-fu ustası isə o kəsdir ki, üstünə gələn yumruqlara, təpiklərə bədənin özü cavab verir. Yəni reaksiya bilincdən başlamır, şüuru bədənə demir ki, yumruq gəlir, onu qolunla yayındır. Qol özü avtomatik olaraq yayındırır.

 

Oyunun önəmi haqqında yeni söz

 

Avtomatizmin əldə edilməsində məşqlərin rolu əvəzsizdir. Məşqlər elə edir ki, adam yumruq, təpik atmağı, barmaqları dillərdə gəzdirməyi min dəfə edir ki, avtomatizmə çatsın. Bax, bu məsələ mənə oyunların mədəniyyətdə bir önəmini açdı. Oyunların dünya olaylarının modeli olmasını bütün savadlı adamlar bilir. Şahmat savaşın modelidir, kart, nərd təsadüflərlə baş verən proseslərdə necə udmağın modelidir. 1938-ci ildə holland düşünəri Yohan Hayzinqa belə modellərdən itələnərək ünlü kitabını, - "Oynayan insan" ("Homo ludens") kitabını çap etmişdi. Ancaq oyunlarla ilgili indi söyləyəcəyim düşüncəni heç yerdə oxumamışam:

 

OYUNLARIN BİR BÖYÜK ÖNƏMİ ODUR Kİ. NƏDƏSƏ AVTOMATİZMƏ ÇATMAQ ÜÇÜN MİN DƏFƏ ETMƏLİ OLACAĞIN HƏRƏKƏTLƏRİ DARIXA-DARIXA YOX, LƏZZƏT ALA-ALA EDİRSƏN.

 

Belə yanaşanda mədəniyyətləri avtomatizmə çatmaq üçün necə oyunlar qurmaq baxımından tutuşdurub geriyə, irəliyə qoymaq olar. Çin kültürü və onun etgisi ilə yapon kültürü döyüş avtomatizmini əldə etmək üçün məşqləri oyuna çevirməkdə bizdən qat-qat irəlidə olub. Düzdür, bəziləri araşdırıb ki, Konq-fuda müsəlman uyğurların böyük payı var. Ancaq mən məşqlər və oyunlar instruksiyası olan əlyazmaları bizim tariximizdə görməmişəm. Necə çomağı vurmağın, necə qılıncla çapmağın yazılı instruksiyasını görməmişəm. Ancaq hər halda necə çertyojla tikmək əlyazması Ortaçağ milli memarlığımızda olub.

 

Şairlərin deyişməsi, hətta dodaqdəyməz şeirlər üzrə yarış Azərbaycanda geniş yayılmışdı. Meyxana yarışları isə bədahətən söz demək ustalığını avtomatizmə çatdırmaq üçün çox təsirli oyun icadı olmuşdu.

 

Sənətdə avtomatizm və deavtomtizasiya

 

Estetikada bu iki termini işə Yuri Lotman adında ünlü alim salıb. O göstərirdi ki, incəsənətdə bir çox ardıcıllıqlar, məsələn, sevəndə hansı duyğularla duyğulanmaq, qorxanda hansı himlə, mimikalarla niqablanmaq avtomatizmə gətirir. Detektiv janrının belə bir avtomatizmi var: axırda qatil ən az quşqulandığın adam çıxır. Beləcə, bədii tekstdə avtomatizm gözlənməzliyin minimuma, alışqanlığın maksimuma çatmasından törənir. Teksti yapan alışqanlığı pozan gedişlər edən kimi deavtomatizm yaranır və alışqanlıq azalır. Türkiyədə qaradənzlilərin ləhcəsi, Azərbaycanda şəkililərin danışığı doğma dilin avtomatizmini deavtomatlaşdırır.

 

Deməli, doğma dillə ilgili ciddi bir problem var: avtomatizmə görə biz danışığımızın səsini eşitmirik. Ona görə də dilimizin fonetik, səs ləzzətini duymuruq. Nədən azərilər Anadolu türkcəsinin səslənməsindən həzz alırlar? Ona görə ki, tələffüz fərqi deavtomatizm yaradır və türkcənin səs musiqisini eşidirsən. Güman ki, Anadolu türkləri də bizim dilimizdən ləzzət alırlar

 

Bəs nə zaman öz dilimizin səsini eşidib dəyərləndirə bilirik? Bunu bizim üçün şeirlər edir. Şairlərin, özəlliklə, istedadlı şairlərin mədəniyyət qarşısında qulluğu odur ki, poetik vasitələrlə deavtomatizasiya yaradıb dilimizin musiqisini özümüzə eşitdirə bilirlər. Öz dilinə sevginin yaranması üçünsə bu, çox vacibdir.    

 

Yanlış söz tərcümələri tarixindən

 

Dil səhvlərinin yaxşı və pis sonucları

 

Yabançı sözlərin yanlış tərcümələri mədəniyyətdə bəzən gülməli, bəzənsə faydalı hallar törədir. Yanlış tərcümə aranı qarışdırar da, aranı düzəldər də. Bütün dünyada "Ok" qədər yayılan söz yoxdur. Onun necə yaraması isə dumanlarda it-batdadır. Hətta bəzən deyirlər ki, bu sözün soykökü haqqında versiyaların sayı işlənmə variantlarından çoxdur. Bu gün azərilər ötən yüzillərdən fərqli olaraq yabançı sözləri yabançıların özü kimi söyləyə bilirlər. Ancaq işə bax ki, "o key"də "k"nı "kolxoz" sözündəki kimi yox, "kənd" sözündəki kimi deməklə milli aksenti sezdirirlər (rus aksenti ingiliscədəki "həv"in yerinə "xev"i söyləyən kimi). Amma demək istədiyim əsas nəsnə bu deyil. Odur ki, bir versiyaya görə, "o key" hansısa yabançı mühacirin səhvindən yaranıb. Belədirsə, bu səhv geniş yayılmaqla Amerikanizmə "Ford" maşınlarından az qulluq etməyib.

 

Bertran Rasselin bir kitabında "aprikos" (ərik) sözünün yanlışlıqdan doğmuş etimolojisi ilə bağlı ilginc açım var. O yazmışdı ki, qabaqlar mən bu meyvəni elə-belə yeyirdim. Sonra isə oxudum ki, ərik Avropaya Çindən gəlib. Latınlar həmin meyvəni yaxşı bilmədikləri üçün onu tez yetişməyən anlamını verən "apirkos" ("prikos" tez yetişəndir) sözü ilə adlandırıblar. Daha sonra Bertran Rassel davam edir: bu yanlış etimolojini biləndən sonra həmin meyvəni indi mən alayı ləzzətlə yeyirəm. Rasselin demək istədiyi o idi ki, informasiya, bilgi bizim ləzzət duyğularımızı dəyişdirə bilər, hətta dadsızı dadlı edə bilər.

 

Ancaq yanlış tərcümənin ən dəhşətli örnəyini Maks Veber verib. O yazıb ki, almanlar möminlik missiyası anlamında "çağırış" ("beruf") sözünü ilk dəfə Bibliyadan, - "Sirahın oğlu İsus" kitabından biliblər. Martin Lüter o kitabı almancaya çevirəndə orijinalda olmayan mənanı verən "beruf" ("çağırış", yəni Allah səni nəyə çağırıb) söz variantını seçib. Bundan sonra bütün Protestant dünyasında çağırış başlıca dini ideyalardan birinə çevrilib.

 

Faydası olmayan yanlış tərcümə

 

İstərdim bir sözün yanlış tərcüməsinə görə suçumu boynuma alım. 70-ci illərdə Struktur dilçiliklə Azərbaycanda tanışlıq təzə-təzə başlayanda mən diplom işimdə onun bir qolu olan "Aktual üzvlənmə"dən yazmışdım. Elmin adını ruscanın "aktualnoye çlenenie" sözündən götürmüşdüm. Yanlış çevirimə səbəb "çlen" sözünün gözümə üfürdüyü kül idi. Əslində, bu sözün adi anlamı bölüm, parça, hissədir. Ancaq Sovet dönəmində "partiya üzvü", "həmkarlar üzvü" kimi deyimlər "üzv" sözünün bu adi anlamlarını arxa plana çəkib siyasi çalarını qabartmışdı. Partiyanın üzvü, əslində, partiyanın bir parçası demək idi. Siyasi gerçəklik isə üzvlüyü nəsə adi parçadan yuxarı siyasi termin ranqına qaldırmışdı. Ona görə də, artıq, 60-cı illərdə "çlenenie" sözünü parçalanma, bölünmə kimi yox, üzvlənmə kimi çevirirdilər. Halbuki kökündən yanlış çevirim idi. Əgər tərcümədə "üzv" sözünü saxlamaq belə vacib idisə, o zaman gərək "üzvlərə bölünmək" deyiləydi. Bax, 70-ci illərin erkənində diplom işində "aktualnoye çlenenie" nəzəriyyəsini dilimizə çevirmək gərəkəndə mən yanlışa yol verib "aktual üzvlənmə" yazmışdım. Azərbaycanda həmin nəzəriyyə haqqında ilk dəfə bəndəniz yazmışdı. Sonralar gördüm ki, diplom səhvim Akademik elmdə dövriyyəyə düşüb və hətta indi də qalmaqdadır (belə düşünməyimə o əsas verir ki, Kamil Vəli Nərimanoğlu diplom rəhbərim idi və sonralar həmin nəzəriyyədən ilk istifadə edənlərdən idi).

 

Səhra komandirləri

 

Mən Çeçen savaşı başlayanda tez-tez "səhra komandirləri" deyiminə rast gəlirdim. Bu sözlə Basayevi, Salman Raduyevi, Arbi Barayevi bildirirdilər. Beləcə, Çeçen savaşı dilimizi yeni sözü mənimsəməyə zorunlamışdı. Ancaq, axı, səhra rusca "pustınə"dır. "Pole" isə çöl, düzən və s.,-dir. Ona görə də "polevoy komandir"i "səhra komandir"i kimi çevirmək yanlışdır. Hələ onu demirəm ki, Çeçenistanda savaşanlar səhrada yox, çöldə, meşədə vuruşurdular.

 

Rus dilində "aolevoy komandir" deyimi etnoqrafik araşdırmalardakı "polevoe issledovanie" sözünün biçimində yaradılıb. "Polevoe issledovanie" səhrada aparılmır, elmin, araşdırmanın iç məkanı olan institutlardan, kabinetlərdən dişarıda, çöldə aparılır. "Çol komandirləri" də elədir: onlar kazarmada, cəbhə xəttində yerləşən hərbi güclərdən çöldə, yəni düzənlərdə, meşələrdə, dağlarda döyüş aparırlar. Ona görə də bizim jurnalistlərə, araşdırıcılara bir məsləhət: "səhra komandiri" yox, "çöl komandiri", "səhra tədqiqatları" yox, "çöl araşdırmaları" yazmaq düz olar.

 

Niyazi Mehdi

525-ci qəzet.- 2021.- 21 aprel.- S.16