Xalqın və qəlbin tarixini əks etdirən əsər

 

 

Hələ gənclik illərindən hikmətli sözlərə, qeyri-adi ifadələrə böyük maraq göstərərdim. Bu cür sözlər mənə güclü təsir edər, hafizəmdən silinməzdi. Onlardan biri də belə idi: "Bir qəlbin tarixi bir xalqın tarixi qədər zəngindir". Yadımdadır: ilk dəfə bu ifadəni oxuyanda heyrət etmişdim. Lakin sonralar çoxlu bədii əsər oxudum və həmin qəribə fikrin həqiqət olduğunu yəqin etdim. Bildim ki, bu cür əsərlərə psixoloji əsər, onun müəllifinə isə psixoloq-yazıçı deyirlər.

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Aqil Abbasın "Ən uzun dərdli hekayə" romanını oxuyanda məhz həmin hissləri keçirdim...

 

Romanın baş qəhrəmanı sənəti də müəllim olan Məllimdir. O, Şuşanın Malıbəyli kəndinin sakinidir. Kənd əhalisi erməni quldurlarının silahlı hücumuna müqavimət göstərsələr də, köməksiz olduqlarına görə doğma yurdu tərk etməyə məcbur olurlar. Düşmənin amansız hərəkətlərindən qaçıb canını qurtarmağa çalışan kənd sakinləri qışın qarlı-şaxtalı günündə yolda min bir əzab çəkirlər. Bu cür dəhşətli vəziyyətdə ailəsinin xilasına cəhd edən insanlardan biri də Məllimdir.

 

Əsərdə onun iki həyatı təsvir olunur. Birinci - çox yeknəsək olan zahiri həyatıdır ki, bunu hamı görür. İkinci - çox zəngin olan daxili həyatıdır ki, onu heç kəs görmür. Bu daxili yaşantı yalnız iki nəfərə: bir Məllimin özünə, bir də Aqil Abbasa bəllidir. Məhz buna görə də Aqil Abbas Məllimin qəlb aləmini psixoloq dəqiqliyi ilə ifadə edə bilib.

 

Malıbəyli kəndindən didərgin düşdüyü andan Məllimin ən uzun dərdli hekayəsi başlayır. Məllim arvadını və üç uşağını ölümdən qurtarmaq üçün qarın içində zülm çəkir. Düşmən gülləsi açılanda Məllim özünü uşaqlarının üstünə atır: "Kaş doğulduğum günə daş düşəydi. Balalarını xilas edə bilməyən bir atanın keçirdiyi bu dərdli ağrıları keçirməyəydim". Beləliklə, Məllimin iç dünyasında olduqca ağır bir Dərd yaranır.

 

Düşmən gülləsi Məllimin ayağını yaralayıb keçir. Bir qədər sonra isə arvadı yaralanır. Onun təkidi ilə böyük oğlu qardaşını da götürüb irəli qaçır. Yaralı arvad ərinə yalvarır ki, onu burda qoysun uşaqları çıxartsın. Məllim bunu kişiliyinə sığışdıra bilmir. Ancaq arvadının uşaq barədə yalvarışları və körpə uşağın ölüm qorxusu ona güc gəlir. Uşağı bağrına basıb irəli qaçır. Beləliklə, o, uşağı və özünü xilas edib bizimkilərə çatdırır. Lakin elə məhz bu anda onun qəlbindən fəryad qopur: "Uşaqların anası qaldı!" - deyib hönkür-hönkür ağlayır. Tüfəngi götürüb arvadını xilas etməyə gedir. Beş-altı nəfər cavan da ona qoşulur. Arvadını donmuş halda tapıb gətirir. Ağdamlı uşaqların köməyilə onu həkimə çatdırır. Arvadın donmuş əli kəsilir, çətinliklə sağaldılır. Bu epizodda İsrail adlı həkimin humanistliyi və millətsevərliyi adamı kövrəldir. Məllim həmkəndliləri ilə birlikdə Ağcabədinin isti çölündə tikilən Çadır şəhərciyində yaşamalı olur. "Əslində o yaşamır, için-için yanıb qovurulur. Öz vətənində qaçqın kimi yaşamaq qürurunu sındırır. İçindəki ən, lap, olduqca ağır Dərd onu daxilən üzür, taqətdən salır. Bu Dərdin adı Vətən dərdi, Şuşa dərdidir! Çadır şəhərciyində təkcə o öz çadırını üzü Şuşaya tikdirir. Qalan bütün çadırlar eyni səmtə - arxası Şuşaya tikilmişdir. Roman boyu tez-tez səslənən "Şuşanın dağları başı dumanlı" məşhur xalq mahnısı onun psixasına isterik təsir göstərir. "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" fikri daş kimi onun ürəyindən asılı qalır. Bir neçə dəfə Ağdama, Şuşaya getmək istəyir, lakin yolunu kəsib buraxmırlar. Oralarda keçirdiyi xoş günləri xatırlayıb nisgillənir. "Ağlaram xatirə gəldikcə gülüşdüklərimiz" melodiyası qəlbinə həzinlik gətirir. Tez-tez ondan-bundan soruşur: "Ə, bəs Şuşaya nə vax qayıdajayıx?"

 

Məllim didərgin olduqdan sonra müəllimliyi də tərk edir. O, düşkün ruhi vəziyyətdə şagirdlərin gözünün içinə dik baxa bilmir. Özünü mənən sınmış hiss edir. Odur ki, Çadır şəhərciyində Abbasın çayxanasında çay paylamaqla məşğul olur. Buna baxmayaraq, Məllim onu tanıyanların gözündə yenə də nüfuzlu müəllim olaraq qalır. Məhz buna görə də onu Prezidentin qaçqınlarla görüşünə göndərirlər və yığıncaqda çıxış etməyi ona tapşırırlar. Çıxış üçün rayon rəhbərləri ilə birlikdə mətn də hazırlanır. Lakin o çıxış edərkən həmin mətni oxumur. Cəsarətlə qaçqınların əsl ağır şəraitini, Vətən həsrətini Prezidentə çatdırır: "Qələbəyə inanıb dözürük, sizə inanıb dözürük. Amma day dözə də bilmirik, ürəyimiz partlayır". Ucadan bəyan edir ki, çadırda Üzeyir Hacıbəyov doğula bilməz!

 

Məllimin təbii çıxışı Prezidentin xoşuna gəlir. Prezident yığıncaqdan sonra onunla görüşüb səmimi söhbət edir, məsləhətlərini verir.

 

Qaçqınlıq dərdi, ayrılıq hissi Məllimin qəlbində elə bir sarı simdir ki, bu yaraya toxunanda Məllim amansız olur, əsl Qarabağ dəliqanlısına çevrilir. Belə ki, Məllim Prezidentin görüşünə gələndə sarayın qapısında bir nəfər zavod direktoru ilə sözləri çəpləşir. Məllim onun qaçqınlar haqqında kinayəli sözünə kəskin cavab verir. Həmin adam yanındakına deyir: "Düdüyün danışığını gördün? Torpaqlarını qoyub qaçıblar..." Məllim bu təhqirə dözmür və qəflətən onu söyüb üstünə cumur, lakin Məllimi tuturlar.

 

Məllimin qəlbindəki olduqca ağır Dərd, nəhayət, ona güc gəlir. O, ölməmişdən əvvə özünü Malıbəyliyə çatdırmaq, onu ziyarət etmək, daha sonra Xankəndiyə gedib Aşotdan intiqam almaq qərarına gəlir. Aşot Məllimin vaxtilə Xankəndidə olan Haykanuş adlı erməni aşnasının qardaşıdır. Məllim kefi istəyəndə onlara gedərdi. Bu xoşqeyrət erməni özü gedib bacısını evdən çağırardı. Məllim də Haykanuşu maşına qoyub aparardı. Ancaq erməni silahlıları Malıbəyliyə hücum edəndə Məllimin evini məhz Aşot yandırmış və özünü ermənilərin gözündə "qəhrəman" kimi göstərmişdi. Məllimin uzaqdan gördüyü bu hadisə onu sarsıtmışdı.

 

Məllim iqdam etdiyi işi yerinə yetirməyə başlayır. Bunun üçün qumbara əldə edib cibində gizlədir. Düz əlli yaşının tamamında - ad günündə evdən çıxır. Çayxanaya gəlib yeyib-içir, sonra Abbas üçün bir kağız yazıb qoyur və yola düzəlir. "Zil - 130" maşını ilə Əfətliyə gəlir. Sonra Qarqarın içi ilə keçib gizlənə-gizlənə yoluna davam edir. Erməni dilini bilməsi işinə yarayır. Nəhayət gəlib doğma Malıbəyliyə çatır. Bura qədər keçib gəldiyi Vətən torpağının hər qarışı onda kövrək hisslər oyadır. Bu hisslər romanda söz-söz, cümlə-cümlə ifadə olunub. Axı o bu günə gəlib çatmaq üçün daxilən altı illik yol gəlmişdi.

 

Malıbəyli kəndi uzaqdan görünəndə müdhiş mənzərə onun ürəyini şan-şan edir. Altı il əvvəlki kənddən əsər-əlamət qalmamışdı. Ermənilər onun gözəl kəndini tarmar etmişdi. Məllim keçmiş xatirələrinin təəssüratı altında məktəbə gəlib çatır. O, bu məktəbdə on il oxumuş, iyirmi il isə Azərbaycan dili və ədəbiyyatdan dərs demişdi. İkinci mərtəbəyə qalxıb müəllimlər otağına, daha sonra isə ədəbiyyat otağına daxil olur. Otağın dağılmış vəziyyəti onun içindəki ağır Dərdi daha da ağırlaşdırır. Üzünü məktəbin buz kimi soyuq daşlarına qoyub ağlamağa başlayır. Gördüyü mənzərələr Məllimi elə bir halətə salır ki, o, öz evlərinə getmək istəmir. Doğma evini, həyətini viranə, xaraba görməkdən çəkinir...

 

Ağlayıb ürəyini boşaltdıqdan sonra dərs dediyi sinfə daxil olur. Özünü həm zahirən, həm də daxilən nizamlayıb son dərsini keçməyə başlayır. Şagirdlərini bir-bir adı ilə çağırdıqca, onları xatırlayır və beləliklə, Məllim ötən günləri bir daha yaşayır. Şagirdlərin hamısının adlarını oxuyub qurtardıqdan sonra yeni dərsi danışır. Mövzusu: Şah İsmayıl Xətai olur.

 

Boş sinfə son dərsini keçdikdən sonra Malıbəyli bulağında əl-üzünü yuyub Ağdam-Şuşa yoluna çıxır. Bu hissədə Ağdam və Şuşa haqqında oxuduğumuz emosional sözlər vətəni sevən hər bir insanı riqqətə gətirir.

 

Məllim Xankəndidə Aşotun yaşadığı beşmərtəbəli binaya çatır. Yuxarı qalxıb Aşotu soruşur. Haykanuş qapıya çıxır. Məllimi görəndə özünü itirir. Aşot evdə olmur. Məllim gəlişinin əsl məqsədini bildirmir. Məllim Aşotun işlədiyi yeməkxanaya gəlir. Aşot Məllimi görəndə çaşıb qalır. Məllim: "Elə bildin o hayıfı səndə qoyajam?" - deyib qumbaranı partladır. Məllim özü və üç erməni parça-parça olub ölür. Aşotun ayaqları dizdən aşağı qopur, sol qolu parçalanır, amma ölmür, şikəst qalır.

 

Beləliklə, şərəfli ölümü üstün tutan Məllim öz arzusuna çatır. O, məslək və əqidə yolunda özünü fəda edir. Onun nəcib qəlbinin altı illik Dərd tarixi ölümlə  başa çatır.

 

Əsər Məllimin faciəsi ilə bitsə də, onun şəhidliyi mənəvi qələbə kimi səslənir. Çünki 1992-1999-cu illər arasında yazılmış bu qiymətli romanda azadlıq gününün gələcəyinə möhkəm inam ifadə olunub. Məhz bu inama görədir ki, əsərin sonunda nəğmə nəqarəti kimi təkrar-təkrar deyilir: "O gün uzaqda deyil! O gün uzaq deyil!"

 

Romanda Məllimdən başqa da orijinal surətlər var. Müəllif onların da real obrazını məharətlə yaradıb. Bu insanların özünəməxsus xarakteri elə dəqiq və maraqlı verilib ki, adam müəllifin müşahidə qabiliyyətinə, söz sərrafı olmasına heyran qalır. Müəllifin təhkiyəsində və surətlərin dialoqunda məişət dili üslubundan, Qarabağ dialektindən ustalıqla istifadə edilmişdir.

 

Romanda Məllimin fərdi yaşantıları ilə yanaşı onun mənsub olduğu xalqın da həyatı real təsvir olunub. O dövrün ictimai-siyasi hadisələri, ekstremal şərait əsərdə öz dolğun bədii əksini tapıb. Milli qeyrət hissi ilə qələmə sarılan müəllif millətin düçar olduğu fəlakətlərin səbəblərini də göstərərək qəzəblə yazır: "Ağsaqqallıq eləməli şəxslərin başları qarışmışdı kreslo davasına, vəzifə davasına. Vətən yaddan çıxmışdı... Bakıda kreslo davası çəkənlər üçün Vətənin haradan başlayıb harada qurtarması maraqsız idi".

 

Dərd-qəmlə yükləmiş bu əsər güclü bir nikbinliklə başa çatır. Mən romanın marş kimi səslənən - "O gün uzaqda deyil!" sözlərini bir də riqqətlə oxuyur, kitabı örtüb üz qabığını nəzərdən keçirirəm. Tutqun bir illüstrasiya fonunda Aqil Abbasın qəmgin şəklinə baxıram. Bu qəm mənə də sirayət edir. Gözlərim yaşla dolur... "Keçmiş olsun!" - deyib gözümü şəkildən çəkirəm, xəyala dalıram. Bu dəfə gözlərim önündə Qarabağ azad olunandan sonra Aqil Abbasın televiziyada gördüyüm gülər sifəti canlanır. Düşünürəm ki, Ulu Tanrı nə yaxşı ki, Ağdamla, Şuşayla, Qarabağla nəfəs alan bu insana doğma yerləri azad görmək səadəti nəsib etdi. Mən xoş bir həyəcan içərisində üzümü sevimli yazıçımıza tutub ürəkdən xeyir-dua verirəm: - Həyatın bundan sonra həmişə beləcə şən keçsin, əziz dostum! Qoy sənin öz ömrün ən uzun fərəhli hekayə olsun. Sən kitabın ilk səhifəsində oxuculara müraciətlə soruşursan ki, görəsən, içimdəki dərd-ağrını yaza bilmişəm, yoxsa yox? Mən çox mütaliəli bir şəxs kimi inamla bildirirəm ki, bəli, yaza bilmisən! Çünki dediyim qüdrətli qələm səndə də var! Biz hamımız səndən yeni-yeni dəyərli əsərlər gözləyirik.

 

Əli ŞİRİNOV

 

525-ci qəzet.- 2021.- 21 aprel.- S.19.