Biz Ağdama
qayıdacağıq... Yaşamağa!
..."Evimizə gedirik" yazmışdım,
Bakıdan çıxarkən Feysbuk hesabımda. Yox, bu, hələ o
gediş deyildi... Hələ gedib evimizdə
qalmağa imkan, şərait olmadığını bilirdim.
Amma ağlıma gələn bu fikir qəlbimi və ruhumu elə
isitmişdi ki, yol boyu özümü evimizdə hiss edir,
yan-yörəmdə indi yalnız əziz və unudulmaz xatirələrini
Ağdama aparmağa gücüm çatan valideynlərimin,
qohum-əqrəbamın, dost-tanışlarımın hənirtisini
duyurdum...
İşğaldan azad edilmiş Ağdam şəhərinə
səfərimizi Azərbaycan Respublikasının Medianın
İnkişaf Agentliyi - MEDİA təşkil etmişdi. Ömrümün
29 ilini keçirdiyim, nəslimin-kökümün məskəni
və mədfəni olan doğma yerlərə təhlükəsiz
gediş-gəlişin yalnız müvafiq dövlət
qurumlarının dəstəyi ilə gerçəkləşdiyi
bir vaxtda səfər heyətinə daxil edilməyimə təşəbbüs
göstərən hər kəsə və səfərin təşkilatçılarına
bəri başdan minnətdarlığımı bildirirəm.
Səfərdən qayıtdıqdan sonra Ağdam təəssüratlarını
isti-isti yazıb sosial şəbəkədə paylaşan,
dövri nəşrlərdə dərc etdirən, bu zaman mənim
adımı çəkən, yaşantılarımı qeydə
alan hər bir həmkarıma da təşəkkür
borcum var...
Və əlbəttə,
xəyallarımızın gerçəyə çevrilməsi,
bu səfərin də, onun təəssüratlarının da
yaranması xalqımızın birliyi, dövlətimizin
qüdrəti, Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin hərbi-siyasi müdrikliyi, şanlı
ordumuzun rəşadəti, ölməz şəhidlərimizin
qəhrəmanlığı, minlərlə əsgər,
gizir və zabitimizin hünəri sayəsində
mümkünləşdi... Bunu hədsiz ehtiram, sevgi və
eşqlərlə vurğulayıram!
Mən
bir az gec toparlandım, altı üstünə çevrilən
şəhərimizdə, yol-irizini tanımağa çətinlik
çəkdiyim kəndimizdə, uçuq divarlarına
sığal çəkə bilmədiyim evimizin ətrafında,
doğmalarımın, əzizlərimin əbədi məkanı
olan Qarağacıda gördüklərimin
ağlımda-huşumda yaratdığı qarışıq
düşüncə və təəssüratı sahmana
salıb, nəhayət ki, indi yazıya çevirməyi
bacardım.
"Uzundərəynən
gəlirik..."
...Ağdam
şəhərinə Uzundərədən keçib gedəcəyik.
Təzəkənd kəndinin ərazisində minatəmizləmə
əməliyyatı ilə tanışlıqdan sonra yolboyu
gördüklərimiz yalnız kədər, qəzəb, hiddət doğuran
mənzərələrdir: düşmənin uzun illər ərzində
yaratdığı hərbi istehkamlar, keçilməzlik mifi
çürük çıxan "Ohanyan səddi"nin
tikanlı məftillər çəkilmiş çoxcərgəli
beton dirəkləri, hündürlüyü üç metrə
çatan uzun torpaq bənd... Daha sonra dağıdılıb
məhv edilmiş yurd yerlərimizin - Qərvəndin, Cəvahirlinin,
Göytəpənin, Eyvazxanbəylinin xarabalıqları... Vəhşi
tayfa bütün yaşayış məntəqələrimizi
tanınmaz hala salıb - bizim izimizi, irsimizi itirmək
üçün hər cür vəhşiliyə əl
atıb... Amma təsəllimiz budur ki, indi qalib
ölkənin sakinləri kimi qayıdırıq, sevincimiz kədərimizi
üstələyir, gələcəyə nikbin
baxırıq, Qarabağın hər guşəsini
abadlaşdıracağımıza əminik.
"Sevincdən
ağlımız çaşıb,
yüz
min dəliynən gəlirik...
Bir
"Uzundərə" havası çal,
Çıx
Bərdə yoluna -
Uzundərəynən gəlirik" (Qulu Ağsəs).
Qarabağa,
Ağdama qayıdış, bax, belə də olmalıdı və
olacaq da: yüz minlərlə... Özü gələnlər,
xatirəsini gətirəcəklərimiz...
Amma hələ ki, tək-tək gedirik. Üç-beş
nəfərlə gedirik. Sadəcə, görüb... qayıtmağa gedirik.
Yeri gəlmişkən, avtobusumuz Uzundərəyə
çataçatda Qulunun adı çəkildi. Deyəsən, "Azərbaycan"
qəzetinin əməkdaşı Ramilə xanım idi...
Ağdama həsr etdiyi möhtəşəm şeirin
mükafatı kimi ona bu yerdə heykəl qoymağı təklif
edən də oldu... Təbii, zarafatyana... Ən çətin
məqamlarda belə nikbinliyini itirməyən
ağdamlıların xarakterinə uyğun bu söhbət
qarşıda gedən bələdçi
avtomaşının dayanması ilə yekunlaşdı.
Uzundərədəyik...
Erməni
vəhşiliyi
...Sovet
hakimiyyəti dövründə burada, Bərdə-Ağdam
yolunun sol tərəfində böyük hərbi baza yerləşirdi.
Ətrafına tikanlı məftil çəkilmiş
ərazidə, üstü torpaq örtüklü iri anqarlarda
saxlanılan hərbi texnika və silah-sursatın bir hissəsini,
Sovet qoşunları Azərbaycandan çıxarılarkən,
ağdamlı igidlər ələ keçirə bilmişdilər.
İndi həmin ərazidə
işğalçıların tank və artilleriya
qurğuları üçün qazdığı xəndəklər
qalıb. Belə xəndəklər yolun
sağında, vaxtilə Ağdamın üçüncü
şəhər qəbiristanlığı olan yerdə də
gözə dəyir. Jurnalistlərin bir çoxu
buranı üçüncü Şəhidlər Xiyabanı
kimi təqdim edir... Amma 1990-cı illərin əvvəllərində,
təcavüzkar ermənilər şəhərin əsas qəbiristanlığını
- "Qarağacı"nı atəş
altında saxlayarkən rayon rəhbərliyi təkcə
döyüşlərdə həlak olanların deyil, həm də
dünyasını dəyişən sakinlərin dəfn edilməsi
üçün Uzundərədə yeni bir qəbiristanlıq
salınmasına qərar vermişdi. Yüzlərlə insanın son məkanı
olan bu ərazidə indi bir qəbir belə qalmayıb. Erməni
vəhşiliyinin qurbanı olub hamısı...
Bir azdan bu vəhşiliyin izlərini Qarabağ
xanlarının dəfn edildiyi İmarət məqbərələr
kompleksində görəcəkdik.
...Növbəti
dayanacağımız 1990-cı illərin əvvəllərində
şəhərin girişində, ikitərəfli gediş-gəlişi olan Tofiq
İsmayılov küçəsinin ortasında
salınmış Gənclər parkının
qarşısıdır (Parkın adını Bakıya
qayıtdıqdan sonra səfər təəssüratlarımı
bölüşdüyüm ağdamlı ziyalı, uzun
müddət rayonda gənclərlə iş sahəsində -
o vaxtkı komsomol komitəsində işləmiş, doğma
yurda qayıtmağa hər an hazır olan dostum Sabit
Əzimovdan öyrəndim. "Hələ Sovet dövründə
Ağdam respublikada bir sıra yeniliklərin ilk ünvanı
olub, Gənclər
parkı da belə ilklərdən idi". Düz
deyir Sabit müəllim).
Qiyaslı
kəndinin üstündən, Seyidli kəndinin ortasından
çəkilmiş 68 kilometrlik Xaçın magistral
kanalı Tofiq İsmayılov küçəsinin altında tuneldən
keçir. Kanal susuzdur, içərisini kol-kos
basıb.
Ətrafa
göz gəzdirirəm: mənim tanıdığım şəhər
deyil bu... Atom bombası düşmüş Xirosimadır,
1941-45-də daşı-daş üstə qalmayan
Stalinqraddır, Köniqsberqdir, Minskdir, Brest qalasıdır...
Ağdamın da, Qarabağın digər iri şəhərlərinin
də adlarının faşizmin qurbanlarının bu
siyahısına düşəcəyi otuz il
əvvəl ağlımıza gələrdimi?
Ağlımıza gəlməyəni erməni faşizmi
öz himayədarlarının dəstəyi ilə
başımıza gətirdi...
Uzun müddətdir Ağdam xarabalıqları "ruhlar
şəhəri" kimi təqdim olunur. Özümün
də nə vaxtsa istifadə etdiyim bu obrazlı ifadənin
müəllifi həmyerlim, yazıçı-jurnalist Vahid Qazi
səfər yoldaşım olsaydı, yəqin ki, "belə
xarabalıqda ruh qalarmı" deyə qulağına
pıçıldayardım. Ağdama ruhların
qayıdan vaxtı indidir - Qələbəmizdən sonra,
işğaldan qurtarıldıqdan sonra...
Abidələr...
xatirələr...
Növbəti
dayanacağın İmarət olduğunu avtobusdakı biz ağdamlı
jurnalistdən heç birimiz unamadıq. Şəxsən
mənim yaddaşımda bu yerin rəmzləri uca boylu
çinar ağacları idi. Yaşı bir əsri
üstələyən o ağacların kölgəsində adam hüzur və dinclik tapırdı...
Qarabağ xanlarının yay sarayından və məqbərlərindən
ibarət kompleksin indi hansı vəziyyətdə olduğunu
təsvir etmirəm. Tam bir vandalizm nümunəsi... Tariximizə
bu cür həqarət edənlərin tarixini başlarına
uçurmağa bizim tam haqqımız var.
Buradakı
tikililərdə heyvan saxladıqları məlum... Öz
heyvanlıqları da göz qabağında: bizim evlərdən
yığıb gətirdikləri köhnə-kürüş
qabaq-qacaq və müxəlləfat, yataq yeri "it
günündə" yaşayışdan xəbər verir.
Zəngin
və şərəfli
tarixi olan İmarət həm də
rayonun kütləvi idman-bayram tədbirlərinin
keçirildiyi bir məkan idi. Burada
"Qarabağ" komandasının təlim-məşq
bazası və üç minlik tamaşaçı yeri olan
stadionu vardı.
Hər şey darmadağın edilib, viran qoyulub.
Qalan xatirələrimizdir...
"Qarabağ"ın oyunlarından, "Xarı
bülbül" festivalından o vaxt əməkdaşı
olduğum "Lenin yolu" qəzetinə reportajlar
yazmışam. Bir anlığa o qələbəliyi, həmyerlilərimin
buradakı sevincli, çoşğulu anlarını
xatırlayıram.
Səhv
etmirəmsə, Ağdamın ilk döyüşçü dəstələri
də burada yaradılmışdı: daim saymazyana yanaşdıqları,
hər imkanda ələ salıb, gözüqıpıq etdikləri
ermənilərin qəfil "qoçaqlaşmasından"
hiddətlənən yerli cavanlar ilk dəfə məhz İmarətdə
toplaşaraq, təşkilatlanmağı qərarlaşdırmışdılar...
O cavanların əksəriyyəti Ağdam uğrunda
canını qurban verdi... Hamısını
rəhmətlə anırıq...
İmarəti ziyarət zamanı şahidi olduğum ən
hüznlü an Ağdamdan 15 yaşında
çıxmış Nicat Novruzoğlunun Bakıya, anasına
zəng edərkən hönkürüb ağlaması idi. 42 yaşlı kişinin
simasında bir uşaq məsumluğu vardı həmin anda...
Bakıdan gətirdiyi alma tingini bir qədər sonra məscidin
qarşısında torpağa basdırıb, bu barədə
telefonla müxbiri olduğu "Ədalət" qəzetinin
sahibinə - hörmətli Aqil Abbasa məlumat
çatdıranda da uşaq kimi sevinirdi. Ağdamdan
qayıtdığımızın ertəsi günü isə
çox təsirli səfər təəssüratını
oxudum...
Çörək
muzeyindən Şəhidlər Xiyabanınadək...
Ağdama
səfər marşrutunun İmarətdən sonrakı
növbəti dayanacağı olan, vaxtilə köhnə un dəyirmanının
yerində yaradılmış Çörək muzeyinin
qarşısındayıq. Neçə illərdir şəkillərinə
baxıb təəssüflənmişik... Elə indi də, əlimizdən
başqa nə gəlir ki?.. Muzeyin
divarındakı mozaikanın salamat qalan hissəsi
Ağdamın çal-çağırlı günlərinin
xiffətini ifadə edir sanki... Muzeyə söykənən
birmərtəbəli keçmiş karvansara tikilisi sonralar
"Dəyirman həyəti" adlanan, kiçik
"kommunalka"lardan - evlərdən ibarət bir məhəllə
olmuşdu. İndi o məhəllə, o
evlər yetim uşaqlar kimi bir-birinə qısılıblar.
Çörək muzeyindən sonra üzü
Qarağacıya doğru gedirik.
..."Dostluq" kinoteatrının yeri və onun
qarşısındakı həm bekar, həm də elə
işi-gücü olan ağdamlıların
toplaşdığı meydança şəhər
xarabalığının bir hissəsidir. Daş-çınqıl
qalaqları arxadakı Üzümçülər
sarayının hansı vəziyyətdə olduğunu
görməyə imkan vermir. Amma Üzeyir Hacıbəyov
adına mədəniyyət və istirahət
parkının ərazisi açıqlıqdır:
yaşıllığı ilboyu solmayan boylu-buxunlu
küknarların heç kökü də qalmayıb. Ermənilərin
ekoloji terroru buranı boş sahəyə çevirib...
Uzun illər "Dostluq" kinoteatrının direktoru
işləmiş Fazil müəllimi, parkın direktoru -
işğaldan sonra ömrünü Ağdamın qibləgah
kimi vəsfinə həsr edən Surxay Əlibəylini
ehtiramla xatırlayıram. Allahdan hər ikisinə və yurd həsrəti
ilə dünyasını dəyişən şəhər
sakinlərinə rəhmət diləyirəm...
Ağdam Mədəniyyət Sarayının möhtəşəm
binasının, onun yanındakı çoxmərtəbəli
yaşayış evlərininin yeri boşdur. Bünövrəsinə
kimi söküblər... Rayon xəstəxanasının yerində
də xırda daş qalaqlarından başqa heç nə
görünmür... Keçdiyimiz küçələrdə
yalnız pud daşdan tikilmiş binaların
uçuq-sökük divarları səhifələri
çırılıb saralmış tarix kitabı kimi "vərəqlənir"...
Ağdam xarabalıqlarını görməyə gələnlərin
hər biri kimi biz də Şəhidlər Xiyabanını
ziyarət edirik. Mən 1992-ci ildə burada Xocalı şəhidlərinin
dəfninin şahidi olmuşam. Ermənilərin qətlə
yetirdiyi dinc, günahsız insanların cəsədləri
Qarqar çayının yan-yörəsindən, Qaraqaya
yüksəkliyi ətrafından yığılıb məscidə
gətirildi, burada yuyulub-kəfənlənib tabutlara qoyularaq,
şəhərin cənub çıxışında yerləşən,
Böyük Vətən müharibəsi qurbanlarının
xatirəsinə ucaldımış abidənin
qarşısında parkın ərazisində dəfn edildi... Böyük bir insan izdihamı Xocalı şəhidlərini
məsciddən iki kilometrlik məsafədəki parka piyada,
çiyinlərdə gətirirdi. Əzizlərini
itirmiş xocalıların ahı-harayı ərşə
dayanırdı...
Dəhşətli mənzərə idi.
İndi burda sakitlikdir. Məzar
çuxurları ermənilərin goreşənliyini göstərir.
Öz şəhidlərinin dəfn edildiyi yeri
tapmaq istəyənlər üçün yeganə
yöngöstərici isə Milli Qəhrəman Allahverdi
Bağırovun məzarıdır. Ağdamın
bu mərd və igid oğlunun məzarını belə
düşmən "təslim almağa" ürək eləməyib.
İndi onun da, digər ağdamlı Milli Qəhrəman
Əlabbas İsgəndərovun da və yaxınlıqdakı
yeri bəlirlənmiş bir neçə şəhidin də
məzarları üstündə müvəqqəti məlumat
lövhələri yerləşdirilib.
Şəhidlərimizin
ruhuna Fatihə oxuyuruq...
Qarağacı
qəbiristanlığı
Şəhidlər
Xiyabanından, təxminən, üç-dörd kilometrlik məsafədədir
Qarağacı qəbiristanlığı... Amma yol çox
uzun, getdiyimiz yer çox uzaq görünür, nədənsə...
Ətraf başdan-başa xarabalıqdır,
salamat tikili yoxdur. Əhmədavardan Yeddi xırman
dağınacan hər yer, necə deyərlər, əlimizin
içindədir: Xıdırlını, Çullunu,
Sarıhacılını sanki yer üzündən silmək
istəyiblər və bəzi hissələrində bunu ediblər
də...
Qarşıda
Əsgərandır, sağ tərəfdə Fərrux
dağının ətəyində Xramort... Ermənilər
yaşayırlar, hələ ki...
Sol tərəfdə - Şelli kəndi ərazisində,
Qara qaya yüksəkliyinin ətəyində vaxtilə
salınmış sanatoriyanın Çin üslublu tikililərinin
qalıqları var. Sanatoriyaya getmək üçün Qarqar
çayının üstündə inşa edilmiş
körpü salamatdır və o körpüdən bizim
betonqarışdan maşınların keçdiyini
gördüm.
Bu mənzərə xoş hisslər doğurdu: deməli,
ordumuzun buradakı bölmələri üçün şərait
yaradılır. Qara qayanın zirvəsində
Azərbaycan bayrağının dalğalanması və bayraq
dirəyinin yanında əsgərlərimizin görünməsi
isə, sadəcə, qürurvericidir. Bu mənzərə
rus sülhməramlılarının müvəqqəti nəzarətindəki
ərazinin bir hissəsindən - Əsgərandan Xankəndinə
qədər ermənilərin olduğu yerlərdən apaydın
görünür. O yerlərdəkilər bu zirvədəki
gücün, qüvvənin ayağı altında
olduqlarını qanmamış deyillər,
düşünürəm. Kim nə deyir-desin, arayiklərin,
vitaliklərin boşboğazlığı və
sarsaqlığı boğulanın saman çöpündən
yapışması kimi bir şeydir...
Fikrim
Qarağacıdan uzağa getsə də, avtobusumuz "nigaran ruhların məkanı"na
- qədim qəbiristanlığa yaxınlaşır... "Dəli bir ağlamaq keçir könlümdən". Ziyarət etməyə
məzar qalmayıb. Burada ən əziz
adamlarım, qohumlarım dəfn edilib. Hətta 1989-cu ildə,
körpəykən xəstəlikdən tələf olan
öz Azərimin qəbri vardı burda... Lənətə gəlmişlər,
nəinki torpağımıza, hətta yaddaşımıza,
ruhumuza təcavüz ediblər! Bizə bu yerləri unutdurmaq
olub qəsdləri... Hektarlarla ərazi düzlənib.
Min illərin qəbiristanlığını
silib-süpürüblər... Yerində taxıl əkiblər,
nar bağı salıblar...
Necə
yeyiblər halal torpağın haram məhsulunu?..
Tanrı
bu vəhşiliyi onlara bağışlamasın gərək!
Məncə, bağışlamadı da... Qarabağın
dağında-dərəsində yalnız külü qalan
minlərlə dığanın timsalında...
Biz isə erməni vandalizminin qurbanlarından olan
Qarağacını, oradakı on minlərlə
ağdamlının xatirəsini tarixin arxivinə təhvil
verməməliyik. Əvvəl də yazmışam və
yenə hesab edirəm ki, onun yerində bir abidə kompleksi
olmalıdır. Bu işi ictimai təşəbbüslə,
bir az da dövlətin dəstəyi ilə
görmək mümkündür.
Mərkəzi
meydan - yan-yörə viran
Şəhərin mərkəzi meydanına
qayıdırıq - səfər marşrutunun ən
uzunmüddətli dayanacağına. "Respublika"nın
əməkdaşı Salman Alıoğlu ilə, az qala, əl-ələ
tutub düşürük gəncliyimizin ən xoş günlərinin
keçdiyi, rayon qəzetinin redaksiyası ilə mətbəə
arasında, necə deyərlər, hər gün yol
ölçdüyümüz, qaçaraq gedib-gəldiyimiz
meydana...
Genişliyini, möhtəşəmliyini düz 27 ildi xəyalımda
yaşatdığım meydan da, elə şəhərin
özü də balacalaşıb, büzüşüb,
cılızlaşıb. Qollarını sinəsində çarpaz edib,
başını da hüznlə aşağı dikmiş
çarəsiz insan siluetinə bənzəyir Ağdam... Qarşısında xəcalətliyəm. Rəhmətlik həmkarım
və həmyerlim Adil Qaçayoğlunun
"Bağışla, Ağdam! Bağışla ki, sənin
uğrunda ölə bilmədik" etirafını təkrarlayıram...
Redaksiyanın ikimərtəbəli binasından əsər-əlamət
yoxdur. Amma mətbəənin yerləşdiyi ikimərtəbəli
qədim binanın üstü-başı soyulub-sökülsə
də, divarları yerindədir. Köhnə
mehmanxanın da daşı-divarı işlərinə
yaramayıb yağıların... Meydanın ətrafındakı
icra hakimiyyəti, rayon soveti binalarını bünövrəsinə
kimi söküb daşıyıblar. Binası
dağıdılmış teatrın yeganə memarlıq
nişanəsi kimi qalan tağlı fasadı isə
önündəki xarabalığa hüznlə baxır
sanki...
Bu məhzun
mənzərənin tək və yalnız təsəllisi -
Cümə məscidi... İşğaldan azad
edildikdən sonra yan-yörəsi bir qədər təmzilənsə
də, erməni vandalizminin izləri bu müqəddəs
ünvanda da açıq-aşkardır. "Təzadlar"ın
baş redaktoru, Ağdam həsrətli həmkarım Asif Mərzili
ilə birlikdə məscidin minbərində etdiyimiz
duaları Allah-təalanın eşidəcəyinə
inanırıq: "İlahi, xalqımız bir də belə
faciələrlə üzləşməsin! Yurd-yuvasından
perik düşmüş həmvətənlərimiz tezliklə
doğma el-obaya qayıtsınlar". Dövlətimiz,
ordumuz, Ali Baş Komandanımız üçün də
dualarımız tükənməzdir...
Evimizi
tapmışam...
Cümə
məscidini ziyarət edib qayıdarkən öz-özümə
pıçıldayıram: "Görəsən, aradan
çıxıb Seyidliyə, evimizə getsəm, nə təhər
olar?.."
Yaxınlığımdakı
polis əməkdaşı sanki xəbərdarlıq
edirmiş kimi deyir: "Beş dəqiqədən sonra, yəqin
ki, partlayış səsi eşidərik".
Həqiqət
belədir... Hiyləgər düşmənin
mina "sürprizləri"nə hər addımda rast gəlinir,
bunlardan zərər çəkənlərin, şikəst
olanların, həyatını itirənlərin sayı
artmaqdadır.
...Təbii
ki, qrupdan icazəsiz ayrılmaq, səfərimizə məsuliyyət
daşıyan hörmətli həmkarım, MEDİA-da
departament rəhbəri vəzifəsində ilk iş
günü, öz sözü ilə desəm, müqəddəs
torpağa ziyarətlə başlayan Rüstəm Əbülfətoğlunu
peşman etmək niyyətim yoxdur... Sadəcə, Ağdama gəlib,
məsciddən piyada 15 dəqiqlik məsafədəki evimizə,
həyətimizə, heç olmasa, asfalt yoldan boylanmasam, yəqin
ki, özüm peşman olacaqdım... Düz 27 il
həsrətini çəkmişdim bu
"görüş"ün...
Ötən
il noyabrın 20-dən, qalib ordumuz
Ağdama daxil olub rayonun bütün ərazisini tam nəzarətə
götürdükdən sonra sosial şəbəkələrdə
paylaşılan o yerlərə aid foto-videoların heç
birində öz evimizi, məhləmizi görə bilməmişdim.
Hətta belə videolardan birində çəkilişi həyətimizdən
on-on beş metr aralıda apan, amma
kameranın obyektivini, ani də olsa, biz tərəfə
çevirməyən cavan kəndçimin qarasına xeyli
danışmışdım... Bir az irəli
gedib deyim ki, mən də o yerdə telefonumun
videokamerasını işə salanda yalnız öz məhləmizi
çəkə bildim, arxaya, yan-yörəyə nəzər
salmağa fürsətim olmadı və yəqin ki, həmin
birdəqiqəlik çəkilişi sosial şəbəkədə
görəndə həyət-bacası obyektivin arxasında
qalan qonşularımız da məni qınayacaqlar...
...Avtobusumuz
Musavi küçəsinə burulandan ayağa durub evimizi-həyətimizi
görməyə hazırlaşsam da, 20 ildən çox hər
gün gedib-gəldiyim küçənin çox az nişanələrini tanıya bilirdim. Sarıtəpəni keçdiyimizi bələdçimiz
Zülfü müəllimdən, bu küçənin sonunda
Kötəl arxının körpüsünü
keçdiyimizi Salmandan eşitdim. Yüz
metrdən sonra yolun sağında bizim həyətimizdir.
Tanıdım... Avtobus saxlayana, mən özümü
hövlnak yerə atana qədər evimizdən yüz metr
aralanmışdıq... Telefonun videokamerasını
açıb sürətlə geriyə addımlamağa
başladım. Sonra evə getmək cəhdimin indi bir mənasının
olmadığını anlayıb dayandım... Arxamca
gələn Rüstəm müəllimə tərəf
çevrildim. Bu yazıdakı fotoşəklimi
də o çəkdi. Məhləmizdəyəm! 27 il əvvəl
çıxdığımız məhlədə...
Xoşbəxtəm, həm də... kədərli. "Nə
ölüb qalardım burda!" - həmin
məqamda ağlıma gələn yeganə fikir bu olsun gərək.
Amma Bakıdan çıxarkən nəvəm Əlixana
söz vermişəm: biz Ağdama qayıdacağıq...
Yaşamağa!
Ağdamın
abad yeri - Şahbulaq
Son dayanacağımız Şahbulaqdır -
işğaldan azad edilmiş ərazidəki bəlkə də
yeganə abad yer. Ermənilər Pənahəli xanın
qalasına nəinki zərər vurmayıblar, hətta onun ətrafında
müəyyən işlər də görüblər. Məsələn, bir qədər aralıdakı dərədə,
təbii su mənbəyinin yaxınlığında, vaxtilə
Ağdam Atçılıq Turizmi Mərkəzinin qalanın
memarlıq üslubuna uyğun tikilmiş yığcam
binasının qarşısında rəqs meydançası
düzəldiblər. Burda nə oyun
çıxarırmışlar, Allah bilir, amma Şahbulaqda
guya Tiqranakertin qalıqlarını tapmaqları məzhəkədən
başqa bir şey deyildi. Qalanın otaqlarında bu
"məzhəkə"dən qalan sənəd-sünəd
isə tapdağımız altındadır indi...
Ağdamın məhzun görkəminin
yaratdığı qüssəni Şahbulağın suyundan
içib, yaxınlıqdakı çəmənlikdə dincəlməklə
qəlbimizdən çıxarmağa
çalışdıq. Buradan ayrılmamışdan qabaq bələdçimiz,
uzun illər Ağdamda məsul vəzifələrdə
çalışmış Zülfü Qasımov 40 nəfərlik
jurnalist heyəti qarşısında rayon haqqında xüsusi
bir nitq söylədi. Onun şərəfli
keçmişindən də, gələcəyinə başğlı
böyük ümidlərdən də elə maraqlı,
elə təfərrüatlı danışdı ki... Həmkarlarım Zülfü müəllimi
sidq-ürəklə alqışlamaqla təşəkkürlərini
bildirdlər.
Və son
olaraq...
...Bakıya qayıdışımız da Uzundərədəndir.
Qiyaslının üstündən keçən yolla gəldik
ora... Ağdam-Bərdə yoluna çıxanadək
gördüyümüz boş torpaqlarımızın tezliklə
əkin-biçin üçün öz sahiblərinin
ixtiyarına veriləcəyini, dağıdılmış kəndlərimizin,
Ağdam şəhərimizin bərpa edilib yenidən
yaşayış yerlərimizə çevriləcəyini
düşündükcə, elə bilirdim qüruba enməkdə
olan günəş də göy qübbəsinə
qayıdır, yenidən öz parlaq şüalarını ətrafa
yayır...
Bərpa işləri necə
aparılmalıdır və necə aparılacaq?
Öz dədə-baba yurduna qayıtmağı
qarşıya məqsəd qoymuş adi bir vətəndaş
kimi bu səfərdə gəldiyim qənaət belədir:
Ağdam şəhərini əvvəlki görkəmində bərpa
etmək olar. Düşmən küçələri
qazıb, su, kanalizasiya borularını çıxarıb
aparıb. Xəndəklər boşdur; boruları düz,
üstünü ört - iş tamamdır. Bünövrəsinədək
sökülmüş binaların yerində təzələrini
tikmək mümkündür. Sakinlərə öz həyətlərində
evlərini bərpa etmək imkanı yaradıla bilər. Kəndlərdə
də o cümlədən... Şəxsən mən
ata-anamın yadigarı olan, daşı-divarı
kürsüsünədək sökülmüş evi əvvəlki
görkəmində bərpa etmək istərdim. Həyətimizdə
kəsilib çıxarılmış ağacların yerinə
eynisinin tingini əkərdim yenidən...
İşğal dövründə
yaranmış ailə təsərrüfatlarına gəldikdə
isə, gəlin keçmişə qayıdaq: biz Ağdamda
yaşayanda necə edirdik? Gənc ailələr,
yeni yaranan təsərrüfatlar üçün həyətyanı
torpaq sahələri ayrılırdı, gənclər ya
öz güclərinə, ya da valideynlərin yardımı ilə
özlərinə ev tikirdilər. İndiki bərpa
dövründə köməyimiz, yardımçımız
isə məcburi köçkünlüyün mərhumiyyətlərini
nəzərə alan dövlətimiz olacaq, təbii ki...
Biz ata-baba ocağımıza qayıtmalıyıq və qayıdacağıq. Mütləq!
Elşən ƏLİYEV
525-ci qəzet.- 2021.- 22 aprel.- S.6-7.