Əbədiyyətdəki əziz ünvanlarımız

 

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

 

***

 

Rüfət Qabil oğlu Əsgərov 1997-ci il yanvarın 29-da Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2004-2015-ci illərdə S.Bəhlulzadə adına Qaraçuxur qəsəbəsi Xarici Dillər Təmayüllü Gimnaziyasında, 2015-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Menecment" ixtisası üzrə təhsil alıb.

 

Rüfət Əsgərov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib.

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Bakı şəhərinin Binə qəsəbəsində torpağa tapşırılıb.

 

Şəhidimizin anası Aynur xanım oğlu ilə bağlı xatirələrini bölüşüb, Rüfətin çox mehriban, qayğıkeş olduğundan, vətənini, ailəsini çox sevdiyindən danışıb.

 

Onun sözlərinə görə, Vətən müharibəsində igidlik nümayiş etdirən Rüfət erməni snayperinin hədəfinə tuş gəlib. Aynur Əsgərova oğlu ilə sonuncu dəfə oktyabrın 28-də telefon əlaqəsi saxlayıb: "Axırıncı dəfə zəng edəndə dedi ki, ana, ürəyin nə qədər istəyir danış. Onunla həmin gün çox danışdıq, hər şeydən söhbət etdik. Bilməzdim ki, bu, bizim son danışığımız olacaq. Elə hey narahat olmamağımı deyirdi. Səhəri gün şəhidlik xəbəri gəldi. Evin tək oğlu idi. Ərköyün böyümüşdü. Həmişə deyirdim ki, həyatında olacaq hadisələrə özün qərar ver. Universiteti bitirəndən sonra hərbi xidmətə tələsirdi. İstəyirdi ki, əsgərliyini bitirib, yeni həyata atılsın, işləsin. 2020-ci il iyun ayında da Dövlət imtahanını uğurla verib, məzun oldu və hərbi xidmətə yollandı. İlk əsgər maaşına bir dəftər almışdı, qalan pulunu da mənə göndərmişdi. Bir il əsgər olub qayıdacaqdı, amma şəhid oldu, qayıtmadı".

 

Rüfət Əsgərov Bakının Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Anası deyir: "Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Onların sayəsində bizim Binə qəsəbəsində şəhidlərin abidəsini çox gözəl düzəldiblər, demək olar ki, muzeydir. Bütün şəhid anaları tərəfindən onlara təşəkkür edirəm.

 

Eyni zamanda, Rüfətin bəzi əşyalarını Zəfər Muzeyinin Fonduna təqdim etdim. Onun ən sevimli köynəyini, qol saatını, xoşbəxt anını əks etdirən şəklini, hərbi formada olan fotosunu təhvil verdim. O şəkillərdə çox xoşbəxtdir, gözləri gülür. Onun əsgərlikdəki dəftərçəsini mənə verdilər, orada yazmışdı ki, "kişi kimi yaşa, kişi kimi öl". Oğlum bilirdi ki, şəhid olacaq. Sonuncu döyüşü isə oktyabrın 25-də Qubadlı uğrunda oldu. Həmin döyüşlərdə oğlum şəhidlik zirvəsinə ucaldı. Rüfət getdi, amma özündən sonra onu sevən həqiqi dostlar qoydu".

 

Rüfət Əsgərov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Hər iki Qarabağ müharibəsinin iştirakçısı, şəhid baş leytenant Samir Təyyub oğlu Şükürov 7 noyabr 1974-cü ildə Lerik rayonun Kəlvəz kəndində anadan olub. 6 qardaş 5 bacı olmaqla ailədə 13 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 1981-ci ildə Lerik rayon şəhid Fəxrəddin Şahbazov adına Kəlvəz kənd tam orta məktəbin 1-ci sinfinə gedib. Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Xidmətini başa vurduqdan sonra Ali Hərbi məktəbə daxil olub və 1 il müddətində təhsil alıb. I Qarabağ müharibəsi başladığı zaman Samirə zabit rütbəsi verilərək müharibəyə yola salınır. I Qarabağ müharibəsində fəal iştirak edib, müxtəlif istiqamətlərdə yüksək şücaət və qəhrəmanlıqlar göstərib. 1996-cı ilədək müharibədə iştirak edən leytenant Şükürov Samir hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə görə baş leytenant rütbəsi alır və 1997-ci ildə ehtiyata buraxılır. 2006-cı ildə ailə həyatı qurur və Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaşıllaşdırma sahəsində baş usta vəzifəsində işləməyə başlayır. 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman baş leytenant Samir Şükürov oktyabr ayının 25-də könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Bir sıra yaşayış məntəqələrin, strateji yüksəkliklərin, düşmən postlarının alınmasında fəal işirak edir və yüksək qəhrəmanlıqlar göstərir. Düşmənə sinə gərərək xeyli sayda canlı qüvvəsini məhv edən baş leytenant Samir Şükürov noyabr ayının 8-də Şuşa şəhərinin azad olunması uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi həmin ayın 10-u Bakı şəhərinə gətirilir və Xəzər rayonu Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılır. Şəhidimiz ailəli idi. 3 azyaşlı övladını xalqımıza əmanət qoydu.

 

Baş leytenant Samir Təyyub oğlu Şükürov şəhadətindən sonra "Vətən müharibəsi iştirakçısı", "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

***

 

Əliheydər Səlahəddin oğlu Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2000-2011-ci illərdə Qırılı kənd tam orta məktəbində, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2017-ci ildən etibarən "Azərişıq ASC"nin Nərimanov rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışırdı.

 

Əliheydər Hüseynli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əliheydər Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb, noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

 

Əliheydər Hüseynli şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib. Qarabağ uğrunda Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə yollanan Səxavət Füzuli, Cəbrayıl, Xocavənd, Hadrud istiqamətində gedən qızğın döyüşlərdə igidliklə iştirak edib. Qəhrəmanlıqla savaşan əsgər Səxavət Ərgünəş dağı yaxınlığındakı döyüşlərdə şəhidlik məqamına yüksəlib.

 

Şəhidimizin anası Maisa xanım oğlu haqqında deyir: "Səxavət 11-ci sinfi bitirdikdən sonra hərbi xidmətə yollandı, Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərirdi. Səxavətin əsgərliyini bitirib evə gəlməyinin 1 ili tamam olmamış Vətən müharibəsi başladı. Sentyabrın 27-si müharibə başlayanda evə gəlib dedi ki, döyüşə getmək istəyir. Mən ailədə tək övlad olduğuna görə ona dedim ki, sən heç bizi fikirləşmirsən, sən getsən biz necə olacağıq? Dedi ki, o nə deməkdi, ana, getməliyik, hamımız getməliyik. Mən getməyim, o getməsin, bəs kim getməlidi? Sentyabrın 29-u könüllü olaraq döyüşlərə yollandı. Mən sonuncu dəfə Səxavətlə oktyabrın 3-ü danışdım. Ondan sonra onunla heç bir əlaqə saxlaya bilmədim. Səxavət barədə heç nə bilmədik. Axırıncı dəfə onunla danışanda soruşduq ki, hansı istiqamətdəsiniz, heç nə demədi. Elə ancaq deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın, tezliklə qayıdacağıq. Oktyabrın 22-si axşam evimizə gəlib qapıda dedilər ki, sizi hərbi komissarlığa çağırırlar. Mənə demişdilər ki, yaralıdır. Fikirləşdim ki, yaralı olsa, bizi ora çağırmazlar axı. Anam bizdə idi, ona dedim ki, Səxavəti gətirdilər. Anam dedi ki, yox, elə şey ola bilməz. İnanırsınız, yolu necə getdiyimi bilmədim. Bir də gördüm ki, hərbi komissarlığın həyətindəyəm. Şəhid xəbərini alanda həmin an heç nə fikirləşə bilmədim, dünya heç oldu. Səxavət mənim yaşama səbəbim idi, tək övladım idi, hər şeyim idi. Həmin dəqiqəni heç bir ana yaşamasın. Səxavət o qədər yaxşı, ağıllı oğlan idi ki. Bir dəfə belə mən ona deməmişəm ki, bu olmaz, bunu eləmə. Həmişə nəsə olanda o, mənə təsəlli verirdi. Amma indi mən onunla fəxr edirəm. O, ən uca zirvədədir. Mənim balam cənnətdədir".

 

Maisə xanım Səxavətin babasının onsuz yaşaya bilmədiyini dedi: "Səxavətin şəhid olmasının 3 ayı tamam olmamış atam dözmədi, oğlumun ardınca atamı da itirdim. Babası Səxavəti o qədər çox istəyirdi ki. Səxavət güləşlə də məşğul olurdu, babası aparırdı. Onsuz qala bilmədi. Oğlum şəhid olan gündən atam heç nə yemirdi, heç kəslə də danışmırdı. Beləcə bu dünyadan köçdü".

 

Abbasov Səxavət şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

***

 

Zamin Vahid oğlu Rəhimov  21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. O, doğulduğu torpaqları uşaq olanda - 5 yaşında tərk etmək məcburiyyətində qalmışdı. Zamin bir də o yerlərə 32 yaşında cəsur əsgər kimi qayıtdı. 1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə, Zaminin ailəsi doğma yurd-yuvasından didərgin düşüb. Ailə Biləsuvar rayonu ərazisində salınmış çadır düşərgəsində məskunlaşıb. 1995-ci ildə Zamin 2 saylı çadır düşərgəsində 1-ci sinfə qədəm qoyub.

 

Bir müddət sonra ailə başçısı Vahid Rəhimov işi ilə əlaqədar yaşayış yerini dəyişməli olub. Beləcə, Rəhimovlar ailəsi Biləsuvardakı çadır düşərgəsindən Bakıətrafı əraziyə köçüb. Zamin də orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbində davam etdirib.

 

2006-cı ildə orta məktəbi bitirəndən sonra Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

 

Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumuna daxil olub, qarmon müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayıb. Məktəbdə çalışdığı müddətdə uşaqlarla qurduğu səmimi ünsiyyət sayəsində onların sevimli müəlliminə çevrilib. İkinci Qarabağ döyüşləri başlayan kimi Zamin Rəhimov döyüşlərə könüllü olaraq qoşulub. Zamin Rəhimov son dəfə ailəsiylə oktyabrın 6-da danışıb. Dayısına "Cəbrayılı gördüm, ölsəm də, gözüm arxada qalmaz" - deyib və oktyabrın 8-də doğulduğu Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

 

Zamin Rəhimov 9 oktyabrda Binəqədi  məzarlığında dəfn edilib. Ailəli idi, İnci adlı bir azyaşlı qız övladı Vətənə əmanət qalıb. Şəhid Zamin Rəhimov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

***

 

Nurəddin İlqar oğlu Hümbətov 26 dekabr 1998-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində anadan olub. 2004-2016-cı illərdə M.Ə.Sabir adına 1 saylı məktəbdə orta təhsil alıb. 2017-ci ildə hərbi xidmətə yollanıb, 2018-ci ildə Beyləqanda hərbi xidmət müddətini bitirmişdir. Bir çox sahələrdə çalışdıqdan sonra 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Murovdağ istiqamətində xidmət edib.

 

Azərbaycan Ordusunun əsgəri olan Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın, Suqovuşanın, Füzulinin, Hadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə Şuşa-Xocavənd istqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılıb.

 

Nurəddin Hümbətov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Nazir Xasay oğlu Allahverdiyev və Tacir Xasay oğlu Allahverdiyev Vətən müharibəmizin əkiz şəhidləridir. Onlar 20 aprel 2001-ci ildə Ağdam rayonunun Çullu kəndində dünyaya gəliblər. Ailədə 10 uşaq olublar. Əkizlər sonbeşikdirlər. Orta məktəbdə bir yerdə təhsil alıblar. Heç zaman bir-birindən ayrılmazdılar. Uşaqlıqdan çox vətənpərvər olublar. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərdə bir yerdə iştirak ediblər. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıblar. Qardaşlar topçu olub, düşmən qüvvələrini darmadağın ediblər. Əkiz qardaşlar dünyaya eyni gündə gəldikləri kimi şəhidlik məqamında da bir-birilərindən ayrılmayıblar. Eyni gündə, eyni ərazidə şəhid olublar. Onların hər ikisi oktyabr ayının 24-ü Füzuli döyüşləri zamanı canlarını Vətənə fəda ediblər. Hər iki qardaş Ağdam rayonunun Çullu kəndində canlarını uğrunda qurban verdikləri Vətən  torpağına əmanət ediliblər. Nazir və Tacir Allahverdiyevlər şəhadətlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər.

 

***

 

Hüseyn Qədir oğlu Qəribzadə 2001-ci il sentyabrın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Çinarlı qəsəbəsinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi.

 

O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

 

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn edilib.

 

Hüseyn Qəribzadə şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

Murad Nadir oğlu Babayev 1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Murad Babayev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

 

Azərbaycan Ordusunun baş giziri olan Murad Babayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Babayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub. Ailəli idi. Samir adlı oğlu, Zəhra və Fatimə adlı isə qızları yadigar qaldı.

 

Murad Babayev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Cəmaləddin Türbəndə oğlu Məmmədov 1988-ci il aprelin 21-də Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub.

 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Cəmaləddin Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunun Kürdlər kəndində dəfn olunub.

 

Cəmaləddin Məmmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

Amid Eldar oğlu İsmayılov 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Amid İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub. Ailəli idi. Bir övladı yadigar qaldı.

 

Amid İsmayılov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Bağır Əsəd oğlu Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001-2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb.

 

Bağır Ələkbərov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində gizir hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib.

 

Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib.

 

Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub. Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 15 yaşayış məntəqəsinin işğaldan azad edilməsində vuruşub. Bağır Ələkbərov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

 

Bağır Ələkbərov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 22 aprel.- S.14-15.