Azərbaycan
dilçiliyində seçilən imza - professor
Məsud Mahmudov
Azərbaycan
dilçiliyinin görkəmli nümayəndələrindən
biri, ömrünün 45 ilini Nəsimi adına Dilçilik
İnstitutuna həsr etmiş, uzun müddət İnstitutun
elmi katibi, daha sonra isə elmi işlər üzrə direktor
müavini olmuş filologiya üzrə elmlər doktoru,
professor Məsud Mahmudovun 70 illik yubileyidir. O, 1951-ci il may ayının 3-də Azərbaycanın səfalı
güşələrindən birində - Lənkəran
rayonunun Boladi kəndində anadan olub.
Dilçiliyimizdə çox nadir ixtisas sahiblərindən
biri olan Məsud müəllim təkcə Azərbaycanda deyil,
MDB məkanında da riyazi və kompüter dilçiliyi
ixtisası üzrə tanınmış mütəxəssislərdən
biri hesab edilir.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirdikdən sonra öz gələcəyini Nəsimi
adına Dilçilik İnstitutu ilə
bağlayan Məsud müəllim Sankt-Peterburq Dövlət
Universitetinin "Riyazi dilçilik" kafedrasının
aspirantı olub və riyazi dilçilik üzrə
tanınmış mütəxəssis, dünya şöhrətli
R.Piotrovskinin rəhbərliyi altında namizədlik
dissertasiyası müdafiə edib. Məsud müəllimin "Azərbaycan mətnlərinin
avtomatik işlənməsi sistemi" adlı doktorluq
dissertasiyası də dilçiliyimiz üçün hadisə
ola biləcək nadir əsərlərdəndir.
Məsud
müəllim çox az rast gəlinən
insanlardandır ki, onun şəxsiyyəti və elmi
üst-üstə düşür. O, öz sahəsini
çox gözəl bilən alim olmaqla yanaşı, həm də
gözəl ailə başçısı və gözəl
həmkardır. Uzun müddət ərzində (25 il) böyük bir elmi-tədqiqat institutunda
direktor müavini olmasına rəğmən, heç vaxt
özünü başqalarından fərqləndirməyən,
hamıya qayğı ilə yanaşan, sözün əsl mənasında
uşaqla uşaq, böyüklə böyük kimi davranan Məsud
müəllim əsl şəxsiyyət kimi formalaşıb.
O, çox nadir şəxsiyyətlərdən olub ki, vəzifəyə
xalqa xidmət kimi yanaşıb və öz vəzifəsini
heç vaxt başqaları üzərində
üstünlük kimi qələmə verməyib. Həmişə sadə, səmimi və təvazökarlığı
ilə seçilən Məsud müəllimdə bu
xüsusiyyətlərin olması heç də təəccüblü
deyil. Çünki ot kökü
üstə bitər deyiblər. Məsud müəllim
ziyalı, müəllim ailəsində
böyüdüyündən başqa cür ola
da bilməzdi. Atası Mirəhməd müəllim
də Lənkəranda ilk maarif işığı
yandıranlardan, zəhmətkeş balalarına savad öyrədənlərdən
biri olmuşdur. Mirəhməd müəllimin
özü də Lənkəranın adlı-sanlı
ziyalı nəsli, Talış xanı Seyid Cəmaləddin
(Qara xanın) nəslindəndir və Talışxanov
soyadını daşımışdır. 1937-ci ildə böyük qardaşı Mirəsgər
bəy - bəy titulu daşıdığına və
Talışxanovlar nəslindən olduğuna görə
Qazaxıstana, kiçik qardaşı Mirfəttah bəy isə
Sibirə sürgün olunur. O vaxt alitəhsilli müəllimlərə
çox ehtiyac duyulduğundan, təhsili, istedadı, xalq
arasında dərin nüfuzu və ölkə
üçün qiymətli kadr olduğu üçün Mirəhməd
müəllim sürgün olunmur, Talışxanov
soyadını daşımaqdan və seyidlik titulundan məhrum edilir və ona Mahmudov
familiyası verilir.
Belə
bir ailədə böyüyən və əsl Azərbaycan
ziyalısı adına tam uyğun gələn
Məsud müəllim gözəl alim və şəxsiyyət
olmaqla yanaşı, həm də gözəl ailə
başçısıdır. Onun özünəməxsusluğu
məhz əsl ziyalı olmasındadır. Məsud müəllim heç
vaxt kiminsə səviyyəsinə enmir, həmişə kimisə
öz səviyyəsinə qaldırmağı xoşlayan bir
ziyalıdır. Məhz bu səbəbdəndir ki, uzun müddət
Azərbaycan elminin ən görkəmli nümayəndələri
Məmmədağa Şirəliyev, Bəkir Nəbiyev və
Ağamusa Axundov kimi onunla bir yerdə, çiyin-çiyinə
işləmiş görkəmli elm xadiməri, akademiklər
onun işindən, səmərəli fəaliyyətindən,
yüksək insani keyfiyyətlərindən həmişə
razılıq etmişlər. Məsud müəllimin
bu qədər sevilməsinin əsas səbəblərindən
biri də onun həssaslığı və həssas
olduğu qədər də işinə ciddi
yanaşmasından irəli gəlir. Dilçilik
İnstitutunda direktor müavini işlədiyi illərdə
bir gün də olsun işindən kənarda
qalmamışdır. Hamı gözəl bilir ki, uzun illər
Məsud müəllim yay tətillərində də iş
başında olmuşdur və heç vaxt məzuniyyətə çıxmamışdır.
Bu isə onun öz işinə və
özünə nə qədər tələbkar
yanaşmasından irəli gəlir. Bu tələbkarlıq
onun elmi əsərlərində də özünü
göstərir. Onun maşın tərcüməsi,
avtomatik lüğətlərin tərtibi və kompüter
dilçiliyi sahəsində xeyli sayda elmi işi çap
olunmuşdur. "Kitabi-Dədə Qorqud"
dastanının və Məhəmməd Füzulinin əsərlərinin statistik cəhətdən öyrənilməsi,
"Azərbaycan dilinin tezlik lüğəti", "Azərbaycanca-rusca,
rusca-azərbaycanca lüğət", "Bitişik, yoxsa
ayrı? (sorğu kitabı)", "Azərbaycan
dilinin əks əlifba lüğəti" və digər
lüğətləri alimin lüğətçilik sahəsində
gördüyü dəyərli işlərdən hesab edilir.
Məsud müəllimin həmmüəllifi olduğu
"Bitişik, yoxsa ayrı?" sorğu kitabı və "Azərbaycanca-rusca,
rusca-azərbaycanca lüğət" "Azərnəşr"
tərəfindən çox böyük tirajla (50 min və 70
min) nəşr olunmasına baxmayaraq, sonralar da bir neçə
dəfə çap olunmuşdur.
Həmtərtibçisi
olduğu "Rumınca-azərbaycanca, azərbaycanca-rumınca
lüğət" (V.Qərənfillə birlikdə) Azərbaycan
və Rumıniya arasında dostluq əlaqələrinin
möhkəmlənməsinə və inkişafına xidmət
edən bir kitab kimi səciyyələndirilir.
1999-cu ildə çapdan çıxmış "Heydər
Əliyev Dil haqqında və Heydər Əliyevin Dili"
monoqrafiyası (A.Axundov və M.Məmmədovla şərikli)
elmi ictimaiyyətin dərin rəğbətini
qazanmışdır.
Alimin
2002-ci ildə nəşr olunmuş "Mətnin formal təhlili
sistemi" adlı monoqrafiyası dilçilərlə
yanaşı, süni intellekt və informatika sahəsində çalışan
alimlər tərəfindən yüksək qiymətləndirilmiş
və maşın tərcüməsi sistemlərində
uğurla tətbiq olunmaqdadır.
Artıq qeyd etdiyimiz kimi, Məsud Mahmudov müasir
dilçiliyimizdə dünya dilçiliyinin yeni sahələrindən
olan kompüter dilçiliyi istiqamətini yaradan alimlərdən
biridir. Alimin son illər bununla bağlı iki fundamental
monoqrafiyası çap edilmişdir. 2013-cü
ildə nəşr edilən "Kompüter dilçiliyi"
monoqrafiyası bu mənada daha çox fərqlənir.
Monoqrafiyada kompüter dilçiliyi, dil korpusu və milli korpus
anlayışı, kompüter lüğətçiliyi və
mətnin formal təhlili ilə bağlı geniş məlumat
verilir. Bu əsər alimin maşın tərcüməsi və
formal linqvistik təhlil sistemləri haqqında
araşdırmalarının davamı səciyyəsi daşıyır. Müxtəlif elm sahələrinin
qovşağında formalaşan kompüter dilçiliyi sahəsi
dilçiliyin riyaziyyat, statistika, kibernetika elmləri ilə qovuşma
nöqtəsində yarandığından müasir
multidissiplinar sahələrdən hesab edilir və müasir
dilçilik elminin inkişaf tendensiyalarını özündə
ehtiva edir.
Təsadüfi deyil ki, süni intellektin
yaradılmasında dilçilik təcrübəsindən
yararlanmadan bu sahəni inkişaf etdirmək mümkün deyil. Kompüter
dilçiliyi sahəsi həm də müasir elektron
lüğətlərin yaranması, korpus dilçiliyi, dilin
formal və semantik təhlili sistemlərini özündə
ehtiva etdiyindən süni intellektin yaranmasında da bu sahənin
özünəməxsus yeri vardır.
Məsud müəllimin ən son yazdığı və
sanballı əsərlərindən biri də "Türk
dillərinin milli korpusları" monoqrafiyasıdır. Monoqrafiya
müasir dilçiliyin ən sürətlə inkişaf edən
sahələrindən biri olan korpus dilçiliyinə həsr
olunmuşdur. Məlumdur ki, korpus
dilçiliyi hər hansı bir konkret dili təmsil edən mətnlərin
qabaqcadan müəyyənləşdirilmiş qaydalar üzrə
sistemli şəkildə elektron formatda toplanmasına istiqamətlənmiş
məlumat axtarışı sistemlərinin yaradılması və
onların tədqiqat prosesində istifadəsi məsələlərini
öyrənir. Korpus dilçiliyi XXI əsrin
dilçiliyi hesab edilir. Bu sahənin
yaranması dilçiliyə münasibəti dəyişməklə
yanaşı, ənənəvi dilçiliyin
inkişafında yeni bir dövrün açılmasına gətirib
çıxardı.
Monoqrafiya dil korpuslarının qurulması, mətnlərin
toplanması və yerləşdirilməsi, eləcə də
korpus materialından tədqiqat prosesində müxtəlif məqsədlərlə
istifadə olunmasından bəhs edir. Türk dillərinin
milli korpuslarının yaranması haqqında ilk ciddi elmi əsərlərdən
olan bu monoqrafiya gələcəkdə bu sahədə
aparılacaq tədqiqatlar üçün bir əsas rolunu
oynaya bilər.
Məsud müəllim bu sahənin yalnız nəzəriyyəsini
bilmir, eyni zamanda, Azərbaycan dilinin milli korpusunun
yaradılmasında əvəzsiz xidmətləri olan alimlərimizdən
biridir. Məhz onun rəhbərliyi və Azərbaycan
Respublikasının Prezidenti Yanında Elmin İnkişafı
Fondunun dəstəyi ilə Azərbaycan dilinin ilk elektron
lüğətlər korpusu hazırlanmışdır ki, bu
da dilimizin milli korpusunun yaranmasında irəliyə doğru atılmış
böyük bir addımdır. Bununla yanaşı, Məsud
müəllimin rəhbərliyi ilə hazırda işlədiyi
şöbənin işçiləri Azərbaycan dilinin
ümumi informasiya bazasını hazırlamışlar ki, bu da
dilimizin inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Məsud müəllim bu gün də bu sahədə
görülən işlərə rəhbərlik edir və
daim xarici ölkələrdə keçirilən konfranslarda
ölkəmizi layiqincə təmsil edir.
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında "23 may 2012-ci il və
"Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin
təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında" 17 iyul 2018-ci il tarixli sərəncamlarında
Azərbaycan dilinin informasiya-kommunikasiya texnologiyaları,
müasir kompüterlərlə
tədqiqi və öyrənilməsi məsələlərinə
xüsusi önəm verilmişdir. Hər iki sərəncamla
bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunda
müəyyən işlər görülmüş,
azerbaycandili.az və korpus.azerbaycandili.az saytları
yaradılmışdır Həmin saytların
yaradılması, yeni materiallarla zənginləşdirilməsi,
genişləndirilməsi və onlara texniki qulluq məsələlərinə
Məsud Mahmudov rəhbərlik etmiş və etməkdədir.
Hər iki saytın yaradılması və praktik istifadəsi Məsud
müəllimin böyük uğuru kimi səciyyələndirilə
bilər.
Kadr hazırlığı sahəsində də Məsud
müəllimin xidmətləri danılmazdır. Onun rəhbərliyi
altında onlarla elmlər doktoru və elmlər namizədi (fəlsəfə
doktoru) yetişmişdir.
Məsud müəllim eyni zamanda, məktəb yaradan
dilçilərdən hesab edilir. O, son illər məhz kompüter
dilçiliyi sahəsində birneçə mütəxəssis
hazırlamış və bu istiqamətdə işlərini
indi də uğurla davam etdirir. Ümid edirik ki, professor
Məsud Mahmudovun yaratdığı məktəb bu sahədə
dünya dilçiliyinin ön sıralarında öz layiqli
yerini tutacaq və onun rəhbərliyi ilə daha böyük
uğurlara imza atacaq.
Azərbaycanın
görkəmli dilçisi, professor Məsud Mahmudovu 70 illik
yubileyi ilə bağlı təbrik edir və ona uzun
ömür, cansağlığı arzulayırıq!
Rasim HEYDƏROV
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.- 22 aprel.- S.10.