Sabir Rüstəmxanlının
"Qarabağa dönüş"ü
Vətənpərvərlik
mövzusu yaradıcılığının bütün
dönəmlərində ana xətt kimi keçən,
yaradıcılığının əsas qayəsini Vətənin
bütövlüyü, müstəqilliyi, azadlığı
təşkil edən Xalq şairi Sabir Rüstəmxanlının
milli müstəqillik dövrü ədəbiyyatımızın
yaranmasında və inkişafında özünəməxsus
yeri, danılmaz rolu vardır.
90-cı illərdə meydan hərəkatlarında
xalqı birliyə, bütövlüyə çağıran
şair, həm publisistik çıxışları, həm
də poetik nümunələri ilə xalqın etibar etdiyi,
inandığı ziyalı etalonuna çevrilib. Sabir Rüstəmxanlı
Vətən müharibəsinin ilk poemasını -
"Qarabağa dönüş"ü yaradaraq adını
bir daha böyük hərflərlə ədəbiyyat tariximizə
yazdı."Qarabağa dönüş" poemasını
onun yaradıcılığının şah əsərlərindən
biri hesab etmək olar. Vətən müharibəsindən
sonra Qarabağ mövzusunda yazılmış ilk əsər
olan poemada 44 günlük Vətən müharibəmiz və
bu müharibədə igid oğullarımızın qəhrəmanlığı,
xalqımızın müstəqillik və vətən
torpaqlarının bütövlüyü uğrunda
apardığı mübarizəsi və birliyi yüksək
poetik sənətkarlıqla təsvir edilir. Poemada
Vətən müharibəsində qazandığımız Zəfəri
türkün bayramı, işğalçının isə
yası adlandıran şair, 30 illik həsrətin, Xocalı
soyqırımının qisasının
alındığını vurğulayır.
Qan yaddaşımıza həsr olunan şeirlərlə
minlərlə oxucu qəlbinə yol tapan şair bu poemada da
oxucusunu heyrətləndirə bilir. "Qarabağa
dönüş" poemasını oxuyan oxucu Vətən
müharibəsinin ilk gündən son günədək
gedişini və nəticələrini izləyir. Azərbaycan əsgərinin Qarabağda 44 gün ərzində
qanı, canı bahasına necə şanlı bir dastan
yazdığının şahidi olur. Poemanı
həyəcansız oxumaq mümkün deyil, lakin oxucunu təsirləndirən
və qürurlandıran ən təsirli səhnə
Şuşanın - Azərbaycanın mədəniyyət
incisinin alınmasında Azərbaycan əsgərinin göstərdiyi
misilsiz, dillərə dastan olan qəhrəmanlığıdır.
Şuşa qalasının alınması
uğrunda gerçək əlbəyaxa döyüş səhnəsi
poetik şəkildə ilk dəfə olaraq bu poemada təsvir
edilir. Yüksək sənətkarlıq baxımından
orijinal bədii sənət nümunəsi olan "Qarabağa
dönüş" lirik poemadır və 15 hissədən
ibarətdir.
Şair, poemanın 1-ci hissəsində yaxın
keçmişimizə, 1990-cı illərdə
başımıza gətirilən faciələrə nəzər
salır. 20 Yanvar və Xocalı faciələrimizin
ağrı-acısını bir daha xatırladır. Azərbaycan xalqının əzminin, ruhunun
sarsılmazlığını qeyd edir. Meydan
hərəkatlarında xalqın necə birlik göstərdiyini,
zülmə, haqsızlığa boyun əymədiyini, yurdumuzun
hər qarışına matəm havası hopsa da, səsimiz
uca kürsülərdə boğulsa da bu xalqın heç
vaxt sınmadığını, öz milli ruhunu qoruduğunu
misralarda özünəməxsus, poetik bir dillə ifadə
edir. 30 illik torpaq həsrətiylə yanıb-qovrulan
xalqın bu itki ilə barışmadığını,
içində Xarı bülbülün vətəninə
dönəcəyinə bir ümid, inam bəslədiyini, nəhayət
Ali Baş Komandanın bir əmriylə ayağa
qalxdığını qürurla vurğulayır,
Xalq-Dövlət birliyini alqışlayır.
Poemanın
3-cü hissəsində Sabir Rüstəmxanlı oxucunu
Qarabağ ədəbi mühiti ilə tanış
edir. Qarabağ şairləri ilə xəyali
söhbət edərək onları vətənə
qovuşdurur. Bu zaman yurd nisgili ilə bu dünyadan nigaran
köçən Məmməd Aslanı, Ağa
Laçınlını, Hüseyn Kürdoğlunu, Eldar
Baxışı unutmur, onların poetik obrazını
yaradır.
Ali
Baş Komandanın "Vur" əmriylə şanlı Azərbaycan
əsgərinin son damla qanınadək döyüşərək
yurdunu azad edəcəyinə əminliyini ifadə edərkən
bu əmrin ilk vətəninin Çanaqqala olduğunu, yüz il sonra Şuşada səsləndiyini
vurğulayır. Dahi Mustafa Kamal Atatürkün Çanaqqala
savaşında "Mən sizə bu savaşda ölməyi əmr
edirəm", - sözünü rəhbər tutan şair,
yüz il sonra bu sözləri Azərbaycan
əsgərinə ünvanlayır. Xocalıda
öldürülən körpə ruhunun 30 il
sonra qisas eşqiylə dolaşdığını poetikləşdirir:
Düşmən
gözünü açıb görür bir körpə
ruhu,
30 yaşa dolaraq gəlibdir Xocalıdan.
Və bütün bunlar gerçəkliyin rəsmidir. Həqiqətən də,
biz Vətən müharibəsi gedişində 1992-ci ildə
qucaqda və qundaqda çıxan, öz doğma
torpağından qovulan körpə uşaqların 28 il sonra
tank belində öz yurdunu azad etmək, Xocalının
qisasını almaq, qanına qəltan edilən
soydaşlarımızın qanı üçün gəldiyinin şahidi olduq.
Qarabağa
Dönüş Sabir Rüstəmxanlı 2021
Poemada, Sabir Rüstəmxanlı
yaradıcılığı üçün xas olan
türkçülük, azərbaycançılıq məfkurəsinin
qabarıq şəkildə ifadə olunduğunu hiss etməmək
mümkün deyil. Poemanın 5-ci hissəsində şair, türk sərkərdələrinin;
Oğuz, Bayandır, Alpaslan, Qızıl Arslan,
Çağrı bəy, Çingiz, Teymur və
Ərtoğrulun adını
çəkməklə bizlərə tarixi
keçmişimizi, türklüyümüzü,
türkün heç vaxt torpaq itkisiylə
barışmayacağını, qisası qiyamətə
qoymayacağını xatırladır, Azərbaycan əsgərinin
qəhrəman sələflərinin ruhlarından mənəvi
güc-qüvvət aldığını vurğulayır:
Gəlir
Oğuz, Bayandır, Alparslan, Qızıl Arslan,
Çağrı bəyin yoluna düzülüb
neçə oğul.
Siz bu
günün Çingizi, siz bu günün Timuru,
Sizlərin simasında dirilibdir Ərtoğrul.
Poemanın 6-cı hissəsində şair, erməni həyasızlığının,
özünə aid olmayan torpağın üstündə necə
rahatca gəzməyin utancverici hərəkət olduğunu,
vaxtilə Şuşada - Cıdır düzündə yallı
gedən mənfurların, bir gün
dönüb-dolaşıb o şənliklərin, o rəqslərin
gözlərindən gələcəyinin əminliyini qeyd
edir. O,
Şuşanın tarixinə nəzər salaraq Pənah
xanın dövründə Şuşada erməni izinin
olmadığını, onların saxta tarix uyduraraq qədim
şəhərimizə sahiblənmək istədiklərini də
xatırlatmadan keçmir:
Şuşada şırmandıqca sanırdın yenilməzsən.
Hələ Yallı da getdin qutsal Cıdır
düzündə.
Ayaq
qoyduğun torpaq bilmədin sənin deyil
O şənliklər,
o rəqslər gələcəkdir gözündən.
Vaqifin
gözəlləri bu düzdə gəzən zaman
Sənin xalqın hardaydı? Sən özün
harda idin?
Bu qala
qayalarda bir qala da ucaldan
Pənah xanın dövründə sən hansı gorda
idin?
Poemanın 8-ci hissəsində Şuşanın azad
edilməsi təsvir edilir. Döyüş səhnələrinin poetik təsvirini
oxuduqca, Azərbaycan əsgərinin
ürəyindəki yurd eşqini hiss etdikcə bir oxucu kimi, həm
qürurlanırıq, həm də təsirlənirik. Şair, Şuşanı Azərbaycan əsgəri
üçün bir sevgili kimi qiymətləndirir. Hər
bir əsgərin Şuşanın həsrətiylə
alışıb-yandığını, yaralı-yaralı Şuşa uğrunda
döyüşdüyünü, döyüş meydanında
əsgərin son arzusunun Şuşada şəhid olmaq arzusunu
oxuduqca duyğulanmamaq əldə deyil:
Ancaq əsgər
dayanmır,
Yolu sözündən keçir.
Dumanın
qanadından,
İynə gözündən keçir.
Nə
ordu vecinədir,
Nə
Qacar deyən "şüşə".
Bir həsrətli
tələsir
Aşiqiylə görüşə.
Azərbaycan
əsgərinin Şuşa qayalarına bir
qartal kimi qalxmağını, hər daşa bir kəpənək
kimi qonmağını onun ürəyində olan sönməz
vətən sevgisi ilə, damarlarında dolaşan Xocalı
qanı və intiqamı ilə əlaqələndirir:
Gözündə
Xocalının, Gəncənin körpələri,
Tərtəmiz gözlərindən yaş yerinə qan
axır.
Çox
sevinmə bu yasa, dayan, uşaq qatili,
Barmağım gözlərini deşmək
üçün darıxır.
Poemada Azərbaycan
xalqının milli qürurunu yenidən özünə
qaytaran, ölümüylə ölümsüzləşən,
şəhidliyi ilə dastan yazan, bizləri silkələyib
yuxudan oyadan general Polad Həşimovun, Azərbaycan şəhidlərinin
sərdarı Mübariz İbrahimovun poetik obrazlarını
yaradan şair, onların ruhunun qayalara dırmaşan əsgərə
bələdçilik etdiyini, xeyir-dua verdiyini ifadə edir.
Şair poemada əsgər yoldaşını döyüş
meydanında tək qoymayan, özü yaralı olsa da, onu
çiynində daşıyan, "ölsək də bərabər
öləcəyik", - deyən şanlı Azərbaycan əsgərinin
şanlı obrazını yaradır. "Şuşanı fəth
etmədən geriyə dönmək olmaz", - deyən qəhrəman
əsgərlərimiz 44 günün sonunda öz müqəddəs
borcunu yerinə yetirir.
Azərbaycan
xalqının tarixinə qızıl hərflərlə 8
noyabr 2020-ci il - Zəfər tarixi
yazılır. "Əziz Şuşa"mız 28 il 6 aydan sonra düşmən
işğalından azad edilir. Şuşanın
işğaldan azad edilməyini böyük qürur və
sevinc hissi ilə türkün bayramı,
işğalçının yası adlandıran şair,
Xocalı soyqırımının, Daşaltı əməliyyatının,
şəhid olan minlərlə oğulların qisasının
alındığını fəxarətlə qeyd edir.
Şair Ali Baş Komandanın qələbə tvitlərinin
Azərbaycan əsgərini və xalqını necə
ruhlandırdığını, bayram havası gətirdiyini
poetikləşdərərək yazır:
Otuz il ümid verib bizi susduran susur,
Ümidini qırdıqca Azərbaycan ordusu.
Bayram
havası gəzir şəhərləri, kəndləri,
Paylandıqca hər axşam qələbə tvitləri.
Azərbaycanın bu haqq davasına, haqq işinə dəstək
verən, Vətən savaşının ilk günlərindən
daima yanımızda olan qardaş Türkiyə və
Pakistanın poemada adının qeyd edilməsi də
qürurvericidir. Şair Azərbaycanın hər bir bölgəsində
dalğalanan 3 ölkənin bayrağına Azərbaycan
xalqının necə rəğbət, məhəbbət bəslədiyini
vurğulayır, onlara Vətən savaşımızda səsimizə
səs verdiyi üçün minnətdarlıq və xeyir-dua
edir. Poemanın son hissəsində
şair 25 il öncə yazdığı nəticəyə gələrək
doğma torpaqlara qayıdacağımızın ümidi ilə
yaşadığına, bunu hər bir azərbaycanlının,
hər bir türkün gözlədiyinə, 40 milyon, 50 milyon
soydaşımızın bir gün belinin dikələcəyinə,
məğlubiyyət damğasının üstümüzdən
götürüləcəyi zamanın, Qarabağlı
xoşbəxt çağlarımızın bir gün gələcəyinə
inamını dilə gətirir. Bu inamın,
ümidin xalqın ruhunun bütöv olmasında
görür.Xalqın ruhu bütövsə, gələcəyinin
də bütöv olacağını yazan şair,
türkün şərəfli tarixinin yazıldığı
Zəfərlə qürur duyur.
"Qarabağa dönüş" poeması
Azərbaycan əsgərinin öz qanı, canı ilə
yazdığı şanlı Zəfərimizin poetik ifadəsidir.
"Qarabağa dönüş"
poeması eyni zamanda, şairin milli ruha
bağlılığının, yüksək vətəndaşlıq
mövqeyinin, vətəndaş-şair nümunəsinin ən
yüksək göstəricisidir.
Tural ADIŞİRİN
525-ci qəzet.- 2021.-
23 aprel.- S.12.