Kiçik rolların böyük ifaçısı

 

 

 

Milli teatr kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəst-xətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, yadda qalıb, sevilib.

 

AZƏRTAC xəbər verir ki, görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun dünən 127 illiyi tamam olub.

 

Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı "Səadət" məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.

 

Aktyorluğa maraq onda yeniyetmə yaşlarından yaranıb. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxır, vaxt tapan kimi gedib tamaşaları izləyirdi. Ağahüseynin bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Respublika Hərbi Komissarlığı Siyasi İdarəsinin yaratdığı teatrın tamaşalarında ("Bəxtsiz cavan", "Ac həriflər", "Xor-xor", "Dursunəli Ballıbadı", "Molla Cəbi" s.) oynadığı rollarla tamaşaçıların alqışını qazanıb, truppa rəhbəri Sidqi Ruhullanın diqqətini cəlb edib.

 

Çox keçməmiş Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır burada maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Giko ("Pepo"), Barxudar ("Namus"), Mintoyev ("Morqanın qohumu") kimi rolları ilə tanınıb.

 

Sonra yenidən Bakıya qayıdıb Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun yaratdığı çoxu öz dövrünün "hadisəsi" kimi qiymətləndirilmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər", "Nişanlı qız"), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə", "Od gəlini"), Cəlal, Soraq kişi ("Həyat", "Yaxşı adam"), Savalan ("Dağlar qızı"), Luka Lukiç ("Müfəttiş"), Brabansio, Qoca çoban ("Otello", "Qış nağılı"), Petruşin ("Canlı meyit"), Popoviç ("Nazirin xanımı"), Platon, Məzarçı ("Şeyx Sənan", "Xəyyam") onlarca digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.

 

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olunub. A.Cavadov bu teatra dəvət edilib. Zəngin yaradıcılıq imkanlarına malik aktyor həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova başqa sənətkarlarla çiyin-çiyinə işləyib.

 

1942-ci ildə A.Cavadov M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına daxil edildi. Ömrünün sonunadək bu teatrda çalışan canlı xarakterlər ustası həmin səhnədə bir sıra maraqlı rollar ifa edib.

 

A.Cavadov sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq, işinə məsuliyyətlə yanaşmış, zəngin aktyorluq imkanları nümayiş etdirmiş, tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanmışdı.

 

Sənətə, aktyor peşəsinə olan canıyananlığını biz A.Cavadovun kino fəaliyyətində görürük. Aktyor cəmi on filmdə çəkilib, əksəriyyəti epizodik rollardır. Bu rollar arasında nağıl qəhrəmanları da, inqilabdan əvvəl müharibə dövrünün personajları da, müasir dövrümüzün müxtəlif peşə sahibləri var. Zaman məkandan asılı olmayaraq, A.Cavadov personajlarından hər biri üçün orijinal oyun danışıq tərzi, hətta yeriş axtarıb tapırdı. "Görüş" kinokomediyasından tənbəl kolxozçu Əbülfəzi unutmaqmı olar? Özbəkistan pambıqçılarının nümayəndə heyəti tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc gözəl qız Lalaya vurulan bu yöndəmsiz qocanın bütün hərəkətləri gülüş doğurur.

 

Görkəmli kinorejissor Ə.Atakişiyev Ağahüseyn Cavadovu dörd filmində çəkmişdi. Bunlardan üçü - "Bir qalanın sirri", "Sehirli xalat" "Qərib cinlər diyarında" film-nağıllar, biri isə - "İstintaq davam edir" müasir macəra filmidir. Vaxtilə Əlisəttar müəllim bu böyük sənətkar barədə söhbətlərinin birində demişdi: "Ağahüseyn Cavadov ümumxalq aktyorudur. Hələ "Bir qalanın sirri" filmindən yaradıcı qrupu öz orijinallığı fəaliyyəti ilə heyran etmişdi. O, heç kimə oxşamırdı heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə cəzbediciliyi ona diqqəti artırırdı. Ağahüseyn filmdə tərəf-müqabillə dialoqa elə təbii şəkildə başlayırdı ki, onu saxlayıb nəyi isə düzəliş etməyə adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir etmir, təbii şəkildə personajın özünə çevrilirdi".

 

A.Cavadovun kino personajları epizodik rollar olsa da, yaddaşlarda yaşayırlar. "Qızmar günəş altında"kı anbardar Pirioğlu da, "Əhməd haradadır?" filmindəki usta Əhməd , "O olmasın, bu olsun"dakı masabəyi , "Şərikli çörək"dəki İsmayıl baba da, "Qərib cinlər diyarında"kı Qaraşad da tamaşaçılar tərəfindən sevilib.

 

Tale A.Cavadovu görkəmli rejissor Adil İsgəndərovla uzun illər səhnədə olduğu kimi, bir dəfə kinoda görüşdürüb. Böyük rejissor onu "Əhməd haradadır?" kinokomediyasında Usta Əhməd roluna çəkmişdir. Bu obraz tamaşaçıda xoş əhval-ruhiyyə yaradır. Usta Əhməd aktyorun ifasında çox təbii, səmimi alınmışdır.

 

Ağahüseyn Cavadovun yumoru ürəyəyatandır. O, olduqca realist aktyor idi. Görkəmli aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik ciddi rollar ifa etmişdir.

 

Böyük sənətkar Ağahüseyn Cavadov uzun mənalı ömür yaşayıb, 1981-ci ildə 87 yaşında vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq.

 

 

525-ci qəzet.- 2021.- 23 aprel.- S.16.